Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qırmızı dənizdə yaradılan hərbi bazalar
Tarix: 10.01.2018 | Saat: 16:01:00
Bölmə:Araşdırma | çapa göndər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sudana səfəri bu bölgədə siyasi-hərbi vəziyyəti əməlli-başlı dəyişib. Xüsusilə, Sudanaməxsus Sevakin adasının Türkiyə tərəfindən, necə deyərlər, icarəyə götürülməsi, orada müasir iqtisadi infrastrukturla yanaşı hərbi dəniz bazasının da yaradılmasına dair sazişin imzalanması dünyanın diqqətini bura yönəldib. Bu da təsadüfi deyil: 1869-cu ildə Süveyş kanalı açılandan sonra Qırmızı dəniz Qərblə Şərqi bir-birinə bağlayan ən qısa və sərfəli dəniz yoluna çevrilib. 

Heç kimə sirr deyil ki, ilk başdan Qırmızı dənizdən Hindistanın, Çinin və Cənub-Şərqi Asiyanın gözqamaşdıran sərvəti Avropaya daşınıb. Fars körfəzində neft aşkarlanandan sonra isə Qərbin yanacaq bazarına gəmilər məhz bu su yolu vasitəsilə daxil olub. Bütövlükdə bu gün dünya dəniz ticarətinin 10 faizi Qırmızı dəniz vasitəsilə həyata keçirilir.

Qırmızı dəniz ancaq iqtisadi-ticarət donanmaları üçün vasitədirmi, xeyr. Ötən əsrdən Amerika və Avropanın döyüş gəmiləri də bu dənizə daxil olub. Elə problem də bundan sonra başlayıb. Bir vaxtlar Fransa və İngiltərə Ərəbistan yarımadası və şimal-şərqi Afrikanı nəzarətdə saxlayanda dəniz suları da onların az qala mülkiyyətinə çevrilib. Daha sonra bir neçə ölkə də burada hərbi qüvvə yerləşdirməyi bacarıb. Amma maraqlıdır ki, həmişə də bu hallar sakit qarşılanıb, beynəlxalq mətbuat da məsələnin üzərindən sükutla keçib. Elə isə indi nə oldu ki, Qırmızı dənizin hərbi-siyasi-iqtisadi əhəmiyyəti qabardılır? Bəlkə Türkiyənin bölgəyə yerləşməyə başlaması bu səsküyü yaradır - ola bilər.

Məsələ ondadır ki, bir zamanlar Sudan ərazisi Osmanlı dövlətinin tərkibində olanda da Sevakin adası, əlbəttə, türklərin hərbi bazası rolunu oynayıb. Bu gün Ərdoğan Sudan prezidenti Əl-Bəşirdən, sadəcə, bu adanın əhəmiyyətini özünə qaytarmaq, turistlər üçün cəlbedici məkana, eləcə də bölgənin mülki hava yolu mərkəzinə çevirmək məqsədilə istəyib. Təbii ki, prezident əl-Bəşir də iqtisadi mənfəətləri nəzərə alaraq müsbət qərar verib. Çünki o, dövlətinin və xalqının milli maraqlarını çox ciddi qoruyan lider olduğu üçün, düşünmürəm adanı Ankaraya peşkəş eləsin.

Sevakin adası barədə konkret məlumatlara nəzər yetirək:

Ada Sudanın şimal-şərqində - Qırmızı dənizin sahilə yaxın hissəsində yerləşir. Ərazisi təxminən 20 kvadratkilometrdir. Sudanın ən böyük dəniz limanı olan Port-Sudan şəhərindən 70 kilometr cənubda yerləşən ada, eləcə paytaxt Xartumdan 560 kilometr məsafədədir.

Adının mənası ərəbcədən “Seyahu-cin” (cinlərin tikdiyi) və ya “Saba cin” (yeddi cin) olan Sevakin adasında 370-dən artıq yaşayış binası, sosial və dövlət ofisləri mövcuddur. Əhalisinin sayı təxminən 50 min nəfərdir. Bu ada ilə Səudiyyə Ərəbistanının Ciddə şəhəri arasında bərə gəmiləri işləyir.

Ada 1517-ci ildə Yavuz Sultan Səlimin Misiri işğal etməsi ilə Osmanlı dövlətinin nəzarətinə keçən ada 1862-ci ildə İngiltərə tərəfindən işğal edilən Misirə birləşdirilib və 1882-ci ildə Osmanlı dövləti adadan birdəfəlik üzülüşüb. Sevakin adası 1956-cı ildə müstəqilliyini elan edən Sudana birləşdirilib...

Sevakin adası Qırmızı dənizin ən vacib limanları sayılan Süveyşdən 720, Ciddədən 200 və Musavva limanından 285 mil məsafədə qərarlaşıb.

Amma yuxarıda qeyd etdiyim kimi, Qırmızı dənizdən Sevakin sazişindən əvvəllər də hərbi-siyasi-iqtisadi mahiyyətli sazişlər bağlanıb, bazalar yaradılıb və sair, amma heç biri bunun kimi səsküy salmayıb. Onlara da ayrı-ayrılıqda nəzər yetirək:

Dənizin ucqar cənubu və Ədən körfəzinə çıxan Somalidə Türkiyənin xaricdə ən böyük hərbi bazası mövcuddur. Paytaxt Moqadişonun ətrafında yerləşən hərbi baza 2017-ci il sentyabrın 30-da rəsmən fəaliyyətə başlayıb və burada Somali ordusuna hərbi təlimlər keçilir, somalili əsgərlərin döyüş hazırlığı yüksəldilir.

Qırmızı dənizin cənub-şərq sahillərini əhatə edən Yəmən ərazisində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus hərbi baza mövcuddur. Baza Yəmənin Mion adasında yerləşir. Ən strateji nöqtə sayılan Babül Məndəb boğazının lap yaxınlığında yerləşən Mion adasından həm də Yəməndə xeyli müddətdir davam edən hərbi əməliyyatları nəzarətdə saxlamaq mümkündür. 

BƏƏ-nin başqa bir hərbi bazası Qırmızı dənizin cənub-qərb hissəsində böyük bir məsafədə sahil xətti olan Eritreyada yerləşir. BƏƏ Eritreyadakı Asab limanında hərbi baza yaratmaq üçün 2015-ci ildə 30 illik razılaşma imzalayıb. Babül Məndəb boğazının 106 kilometr şimalında və Yəmənin Muha limanının qarşısında yerləşən həmin hərbi baza BƏƏ-nin xaricdəki ilk hərbi bazası hesab edilir.

Yeri gəlmişkən, Eritreyada İsrail və İrana məxsus hərbi bazaların olduğu da zaman-zaman gündəmə gətirilsə də, bu ölkənin XİN-i həmin iddiaları təkzib edib.

BƏƏ-nin daha bir hərbi bazası Somalidədir. Baza əslində dünya birliyi tərəfindən tanınan Somali hökumətinin nəzarətindəki ərazilərdə deyil, 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən və heç bir ölkə tərəfindən tanınmayan “Somaliland Respublikasının nəzarətindəki torpaqlardadır. Hətta bu “ölkənin” dırnaqarası parlamenti ərazidə BƏƏ hərbi bazası yaratmaq üçün “razılığı təsdiqləyib” də.

Qırmızı dəniz sahillərində ən çox hərbi bazanı öz ərazisində yerləşdirən ölkə Cibutidir. Sanki bütün ölkələr 830 min əhalisi və 23 min kvadratkilometr ərazisi olan Cibutidə hərbi baza yaradaraq Qırmızı dəniz sularına nəzarət eləmək üçün yarışa girib. Amma deysəən baza açmaq təklifi Cibuti hökumətini sevindirir. Axı hər il onlardan yüksək gəlir (ildə təxminən 160-200 milyon dollar) götürərək kasıb camaatını dolandırır.
Cibutidəki ən son hərbi baza yaradan ölkə Çindir. Pekin burada əsgəri bazasını 2017-ci ilin avqustunda qurub. Təxminən 10 minlik hərbi kontingent saxlamaq qədər geniş olan baza fəaliyyətə başladıqdan sonra Pekin Cibutiyə ildə 20 milyon dollar ödəməyi nəzərdə tutub.

Səudiyyə Ərəbistanı isə Cibutidə hərbi baza yaratmağa dair razılığa 2016-cı ildə gəlsə də, bu barədə strateji müqaviləyə Cibuti hökuməti ilkin imzanı həmin ilin sonunda atıb. Amma nədənsə bu haqda məlumat ictimaiyyətə açıqlanmayıb.

Cibutidə ən böyük hərbi baza ABŞ-a məxsusdur. “Camp Lemonnier” adlanan həmin baza 2011-ci ildə qurulub və orada 4 min amerikalı hərbçi var. Hazırda bazadan Somali və Yəməndə aparılan hərbi əməliyyatlarda istifadə edilir. Vaşinqton hər il Cibutiyə 60 milyon dollar icarəhaqqı ödəyir.
Bu kiçik ölkədə ən yaşlı xarici hərbi baza Fransaya məxsusdur. Cibutidə ikinci böyük baza olan 100 yaşlı bu hərbi düşərgədə 900 fransız hərbçi saxlanılır. Paris Cibutiyə hərbi bazanın müqabilində ildə 34 milyon dollar verir.

Maraqlıdır ki, Yaponiya da xaricdə ilk hərbi bazasını məhz Cibutidə açıb. 2011-ci ildə açılan bu yapon bazasında 600 hərbçi mövcuddur. Yapon hökuməti icarəhaqqı olaraq hər il Cibutinin hesabına 30 milyon dollar keçirir.

İtaliya Cibutidəki hərbi bazasını 2013-cü ildə təsis edib. Təxminən 300 əsgərlik bazada hazırda 90 hərbçi yerləşdirilib. Bunun qarşılığında rəsmi Roma Cibutiyə ildə 34 milyon dollar verməkdədir.

Bu arada qeyd edək ki, Cibuti ərazisində İngiltərə və NATO-ya məxsus hərbi bazalar da mövcuddur.

Məsələ yalnız hərbi bazalarla bitmir, Qırmızı dənizin sahillərinə maraq həm də iqtisadi-ticarət müstəvisində mövcuddur. Məsələn, Qırmızı dənizin şimalında-şərqində yerləşən Tiran və Sanafir adaları əvvəl Misirin nəzarətində olsalar da, 8 aprel 2016-cı ildə kral Salman bin Əbdüləzizin Qahirəyə səfəri zamanı bağlanan sazişlə Səudiyyə Ərəbistanına verilib.

Qırmızı dəniz sularının Akaba limanına qovuşduğu yerdə yerləşən Tiran və Sanafir adaları çılpaq qayalardan ibarət olsa da, strateji əhəmiyyəti çox böyükdür. Elə bu səbəbdəndir ki, İsraillə Misir arasında imzalanmış sazişə bu adaların statusuna dair müddəa salınıb. Səudiyyə Ərəbistanı Tiran və

Sanafir adalarında turizm kompleksi yaratmağı nəzərdə tutur.

Qırmızı dənizin şimal-şərqində daha bir xüsusi bölgə “NEOM layihəsi” adıyla Səudiyyə ərəbistanı tərəfindən tikilib-qurulacaq. Səudiyyə Ərəbistanı, İordaniya və Misir torpaqlarında 500 milyard dollarlıq sərmayə bahasına tikiləcək bölgənin ərazisi 26,5 min kvadratkilometrdir. Akaba körfəzi və Qırmızı dəniz sahillərini əhatə edəcək, 2025-ci ildə ilk açılışı həyata keçiriləcək “NEOM” bölgəsi Ərəbistan yarımadasını Afrika ölkələrinə bağlayacaq əvəzsiz turizm, eləcə də iqtisadi-ticarət mərkəzi rolunu oynayacaq.

Səudiyyə Ərəbistanı, eyni zamanda, Amləc və Əl-Vəch şəhərləri arasındadakı 50-dən artıq ada üzərində 2030-cu ilədək tikintisi başa çatacaq, Qırmızı dəniz sahili boyu 200 kilometr məsafədə uzanacaq turizm bölgəsi inşaa edəcək. Layihənin icrasına gələn il başlanılacaq, 2022-ci ilin sonundan etibarən kompleks hissə-hissə istifadəyə açılacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018