Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əcnəbi tələbələrin ali məktəblərimizə marağı artacaq
Tarix: 11.01.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu ildən etibarən, Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarına təhsil qrantı verəcək

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərinin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilib.
Müəyyən edilib ki, təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır. Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Nazirlər Kabinetinə təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidir.
Təhsil Nazirliyi bu sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən edərək onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etməlidir. Maliyyə Nazirliyi isə təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını diqqətdə saxlamalıdır.
Xatırladaq ki, ölkə prezidenti ötən ay "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" da sərəncam imzalayıb. Həmin sərəncamda qeyd olunub ki, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilir. Təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılacaq.
Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidirlər.
Qeyd edək ki, hazırda ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 63 xarici ölkənin 4 238 nəfər vətəndaşı təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər.
Statistikaya görə, 2015/2016-cı tədris ilində yerli ali məktəblərdə Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 3 932 nəfər vətəndaşı təhsil alıb. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edib. 2014/2015-ci tədris ilində isə Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə birgə 58 xarici ölkənin 4 189 nəfər vətəndaşı təhsil alıb. Dövlət Statistika Komitəsinin (DSK) hesabatında qeyd olunur ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikasının vətəndaşları üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atıblar. 1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakültəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyət göstərən 55 hazırlıq fakültəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra üçüncü yeri tuturdu. İldə 500 nəfərdən artıq əcnəbi vətəndaş qəbul edən bu fakültənin məzunlarının çoxu ölkəmizin ali məktəblərinin müxtəlif fakültələrində təhsillərini davam etdirmək hüququ qazanırdı. Keçid dövründə isə əcnəbilərin təhsili müxtəlif əmr və sərəncamlarla tənzimlənirdi. Daha sonra isə 1994-cü ildə əcnəbi tələbələrin təhsili ilə bağlı bir neçə sənəd hazırlandı və təsdiqləndikdən sonra ali məktəblərə göndərildi. HazırdaAzərbaycanda əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.
Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir.
Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər dil biliklərinin yüksəldilməsi məqsədilə hazırlıq kurslarına qəbul edilirlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verir və imtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər ali təhsil müəssisələrində əsas təhsil səviyyələri üzrə təhsil ala bilərlər.
Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali təhsil müəssisələrin bakalavr səviyyəsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra, yaxud təlim dilini əvvəlcədən bildiyi halda eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verərək magistr səviyyəsinə qəbul oluna bilərlər. Magistratura səviyyəsinə qəbul olunmaq istəyən əcnəbi vətəndaş xarici ölkədə aldığı bakalavriat üzrə diplomunu mövcud qanunvericiliyinə əsasən, nostrifikasiya etdirməlidirlər.
Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələrilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Hindistan, Argentina və bir çox ərəb ölkələrinin vətəndaşları da var. Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar əsasən daha çox tibb, iqtisadiyyat, humanitar və texniki ixtisaslara üstünlük verirlər.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.06.2018
22.06.2018