Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Keçmişlə müasirliyi özündə birləşdirən Konstantin Brankuzi
Tarix: 15.01.2018 | Saat: 12:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Hər il yanvar ayının 15-də qeyd edilən Rumıniya Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında məşhur rumın heykəltaraşı Konstantin Brankuzinin yaradıcılığını əks etdirən “Konstantin Brankuzi – zaman üzərində tağ” adlı foto-sərgi təşkil olunub. Rumıniyanın ölkəmizdəki səfirliyi və Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirməkdir. 

Rumıniya ilə yanaşı Moldova, Yunanıstan, Argentina, Belçika, Niderland, Litva və sair Azərbaycandakı səfirlərinin də qatıldığı tədbirdə çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku bildirib ki, hər il məhz bugünki tarixdə - yanvarın 15-də rumın xalqı milli mədəniyyət gününü qeyd edir. O, rumınyalı dahi şair Mihay Emineskunun yanvarın 15-də doğulduğunu qeyd edərək, ona görə də Mədəniyyət Gününün bu tarixdə keçirildiyini bildirib.



Səfir daha sonra heykəltəraşın həyat və yaradıcılığına toxunaraq, tədbir iştirakçılarına qısaca məlumat verib. Deyib ki, sərgidə Konstantin Brankuzinin ən məşhur yaradıcılıq işləri arasından seçilmiş 25-ə yaxın əsər nümayiş olunur. Bu əsərlərdə isə keçmişlə müasirliyin sintezini görmək mümküdür.

Onu da qeyd edək ki, heykəltəraşın işləri hazırda Nyu Yorkdakı Müasir İncəsənət və Quggenheym muzeylərində, Paris Müasir İncəsənət Milli Muzeyi, eləcə də Buxarestdəki Rumıniya Milli İncəsənət Muzeyində sərgilənməkdədir.

Daha sonra çıxış edən Moldovanın ölkəmizdəki səfiri George Leuka deyib ki, bu günün onlar üçün də əhəmiyyəti çox böyükdür. Çünki 15 yanvarda Moldovada da Mədəniyyət Günü kimi qeyd olunur.

Ümumiyyətlə, Konstantin Brankuzu kimdir? Ailədə dörd uşaqdan ikincisi olan Bankuzi 1876-cı ildə Rumıniyanın güneyində yerləşən balaca Hobitza kəndində doğulub. On bir yaşı olarkən Krayova şəhərinə gələn Konstantin orada işə düzəlib. Daha sonra İncəsənət və Sənətkarlıq məktəbinə daxil olan yeniyetmə 1898-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Amma Brankuzi təhsilini bu məktəblə yekunlaşdırmır – 1898-1902-ci illər arasında Buxarest Dövlət İncəsənət Məktəbində modelləşmə və heykəltəraşlıq üzrə ikinci təhsilini alıb. 1904-cü ildə o, yolunun çox hissəsini piyada getməklə Parisə köçüb.

O illərdə Brankuzi haqqında az qala nağıllara çevrilmiş söhbətlər dolaşıb. Deyilənə görə, Brankuzi rəsmi tədbirlərə belə adi kəndli geyimində gedər, evindəki bütün mebelləri rumın milli ornamentləri ilə bəzəyərmiş. Beləliklə, o, həm də tipik rumın kəndlisinin obrazını yaradıbmış.

Konstantin 1905-1907-ci illər arasında Parisdəki incəsənət məktəbində Antonin Mersiyenin heykəltəraşlıq studiyasında heykəltəraşlıq və modelləşmə üzrə təlim keçib. 1907-ci ildə Auquste Rodinin yanında köməkçi olaraq çalışıb, amma bir ay sonra oranı da tərk edib. O, işdən çıxarkən belə deyib: “Böyük ağacların kölgəsində heç nə böyümür”.

O, Rodinin emalatxanasında çalışdığı bir ay ərzində fərqli incəsənət növünü inkişaf etdirib. Belə ki, Brankuzi gips və gil materiallarla işləmək əvəzinə, oyma texnikasında başqa materiallardan istifadə etməklə adını ilklər sırasına yazdırıb. O, hər zaman deyirdi ki, sitat: Sənətkar nəzərdə tutduğu varlığı necə canlandıracağını bilməlidir. Brankuzi öz predmetlərini – insan, heyvan, əşya – son dərəcə sadələşdirilmiş və naxışsız formada təqdim eləməklə, onların əsl mahiyyətini çatdırmağa səy göstərib.

Brankuzi Amerika debütünü 1913-cü ildə beş heykəltəraşlıq əsərinin Nyu Yorkda Armoni Şouda meydanına çıxması ilə edib. Bu sərgi əksəriyyəti bir-birinə zidd olan yerli və avanqard Avropa və Amerika incəsənət nümunələrini bir araya gətirib.

Brankuzinin əsərləri üzərində çox tənqidçilər baş sındırdığı halda, xeyli sayda rəssam ona axın edib, çoxları isə onun əsərlərini toplamağa başlayıb. XX əsr heykəltəraşlığının əsas xadimi və abstrakt formanın yaradıcısı olan Konstantin Brankuzi hazırda müasir heykəltaraşlığın atası hesab edilir. Heykəltaraşlıq, rəsm əsəri və qrafika sahəsinə müasir forma anlayışının gətirilməsində onun yaradıcılığının geniş təsiri olub. Onun əsərləri rumın xalq sənətinin sadələyi ilə Parisin bədii avanqard atmosferinin zərifliyini özündə birləşdirən formaların eleqantlığı və materiallardan həssaslıqla istifadə edilməsi ilə seçilib. Brankuzi hər zaman materialların vertikallığı, horizontallığı, çəki və sıxlığı, eləcə də işıq və məkanın düzgün balanslaşdırılmasına əməl eləməklə xarakterizə olunan əsərlər yaradıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018