Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ƏƏSMN və BDU arasında anlaşma memorandumu imzalanıb - FOTO
Tarix: 17.01.2018 | Saat: 15:29:00
Bölmə:Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə xidmət edir.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, ölkəmizin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirməsinin əhəmiyyətindən, Azərbaycan prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial müdafiə sisteminin möhkəmləndirilməsindən bəhs edib. 2004-cü ildə ölkəmizin Avropa Sosial Xartiyasına qoşulduğunu deyən rektor Bakı Dövlət Universitetində sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı istiqamətində görülən işləri diqqətə çatdırıb.

O bildirib ki, 2005-ci ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetində təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb, mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial işi elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə Sosial iş kafedrası və sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. A.Məhərrəmov onu da vurğulayıb ki, BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də məhz qeyd edilən məqsədlərə xidmət edir.

Tədbirdə nazir Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına imkan yaratdığını, bu sistemin mühüm komponentlərindən birinin də çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərin göstərilməsi olduğunu vurğulayıb: “Bu sahədə tədbirlərin davamı kimi, ötən il 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə evlərində sosial xidmətlərin göstərilməsi, nazirliyin sosial sifarişlər üzrə 29 qeyri-hökumət təşkilatının icra etdiyi 61 layihə üzrə 4,1 min nəfər çətin həyat şəraitində olan uşağın, habelə müvafiq hallarda onların ailələrinin reabilitasiyayönümlü sosial xidmətlərə cəlb olunmaları təmin edilib”.

S.Müslümov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətindən də bəhs edib, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş 209 nəfər məzununun mənzillə təmin edildiyi müəssisədə xalça və tikiş sexlərinin açıldığını, burada yaşayanların məşğulluğunun təminatı üçün müvafiq işlərin aparıldığını bildirib. Nazir ötən il yeni sosial xidmət müəssisələrinin - ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun Sosial Sığınacaqların fəaliyyətə başladığını, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzinin yaradıldığını, nazirlik tərəfindən 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərildiyini qeyd edib.

“Ölkədə sosial müdafiə sisteminin müasir və səmərəli təşkili, bu sistemin əhatəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlər sosial iş sahəsini də əhatə edir. Sosial iş sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə köklü islahatlar aparılmaqla, keyfiyyətli sosial xidmətlərin təşkili üçün zəruri tədbirlər görülür”, deyə bildirən S.Müslümov bütün dünyada geniş yayılmış sosial işin çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyət olduğunu diqqətə çatdırıb: “Qabaqcıl beynəlxalq praktikada sosial işçilər bələdçi, məsləhətçi və bəzən də hüquq müdafiəçisi kimi çıxış edirlər. Həmin işçilər sosial xidmətlərə ehtiyac duyan şəxslərin bu xidmətlərə tələbatını qiymətləndirir, müəyyən edir, qarşılaşdıqları və təkbaşına bacarmadıqları problemlərinin həllində, cəmiyyətə inteqrasiyasında mühüm rol oynayırlar. Sosial işin uğurlu təşkilində bu sahədə çalışanların yüksək məsuliyyət hissi, işə peşəkar yanaşması və digər bu kimi keyfiyyətləri həlledici amillərdəndir. Bu baxımdan sosial işçilərin peşə hazırlığı səviyyəsi mühüm önəm kəsb edir”.

S.Müslümov bildirib ki, yeni hazırlanan və 2018-2022-ci illəri əhatə edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası”nda da sosial xidmət sistemində insan resurslarının inkişafı, kadr potensialının beynəlxalq standartlara uyğunlaşdırılması əsas fəaliyyət istiqamətləri sırasında yer alıb: “2015-2017-ci illərdə icra olunmuş “Sosial xidmətin inkişafı” tvinninq layihəsi çərçivəsində də sosial xidmətlərlə təminatın modernləşdirilərək Avropa ölkələrinin ən yaxşı təcrübələrinə uyğun qurulması üçün müvafiq işlər aparılıb. Bu sahədə insan resurslarının inkişafı üçün strateji çərçivə, zəruri normativ-hüquqi sənədlərin layihələri, mütərəqqi dünya təcrübəsindən irəli gələn yeni “Sosial iş” modelinin ölkəmizdə tətbiqinə hazırlıqla əlaqədar bu model üzrə vəzifə təlimatı hazırlanıb. Həmin modelin tətbiqi ilə əlaqədar 4 pilot ərazi üzrə sosial işçiləri, ali təhsil müəssisələrinin aidiyyəti sahə üzrə müəllim heyəti üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib, onlara sosial xidmətlər sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrədilib”.

S.Müslümov sosial iş sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması üçün müvafiq ixtisasa yiyələnən tələbə və magistrantların təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: “Hazırda imzalanma tədbiri keçirilən Memorandum “Sosial iş” ixtisası üzrə tədris prosesinin praktik sosial iş sahəsi, sosial xidmət müəssisələri ilə əlaqəli şəkildə səmərəliliyinin yüksəldilməsində yeni imkanlar açır. Bu sənəd eyni zamanda, sosial işçilərin ixtisasartırma və ya təlim keçməklə biliklərini artırmaları, ümumən bu sahədə təlim və təcrübə sektorlarının qarşılıqlı əlaqəsini təmin edən birgə və sistemli fəaliyyətin təşkili baxımından çox əhəmiyyətlidir”.

Sonra S.Müslümov və A.Məhərrəmov əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar. Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə nazirliyin müvafiq əməkdaşlarının universitetin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur.

Memorandumda həmçinin universitetin “Sosial iş” kafedrası və onun tabeliyində olan “Sosioloji tədqiqatlar laboratoriyası”nın əməkdaşlarına sosial xidmət müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılması, nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşlarının universitetdə müvafiq ixtisasartırma və ya təlim keçməsinin təşkili, nazirliyin bu sahədə ehtiyaclarının müəyyən olunmasına yardım göstərilməsi, sosial iş üzrə beynəlxalq və milli səviyyədə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin, ümumən hər iki Tərəf üçün maraq doğuran digər sahələrdə birgə işlərin təşkili və həyata keçirilməsi əksini tapır. Sənəddə əməkdaşlıq formaları da qeyd olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018