Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İmtahan həyəcanı nə vaxt başlayacaq?
Tarix: 17.01.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Dövlət İmtahan Mərkəzi bu il nəzərdə tutulan imtahanların tarixlərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.
DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də olacaq. Yanvarın 19 və 27-də isə rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək. Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də olacaq.
Məlumatda o da bildirilir ki, DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək.
Qeyd edək ki, ötən il Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları"nın təsdiqi barədə qərar qəbul edlib. Bu qaydalara əsasən, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna ümumi orta, tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Qaydalara əsasən, ümumi orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.
Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na əsasən isə ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər.
Qruplar üzrə imtahan fənlərinə gəlincə, I ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil daxildir. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
II ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil daxildir. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
III ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiy­yat, riyaziyyat, tarix və xarici dil daxildir. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
IV ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya daxildir.
V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil aiddir. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsinə gəlincə, I ixtisas qrupu - riyaziyyat, fizika, kimya, Azərbaycan (rus) dili, xarici dil daxildir. Riyaziyyat və fizika əsas fənlər hesab olunurlar.
II ixtisas qrupu - riyaziyyat, coğrafiya, Azərbaycan (rus) dili, xarici dil, Azərbaycan tarixi daxildir. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunurlar.
III ixtisas qrupu - Azərbaycan (rus) dili, tarix, ədəbiy­yat, xarici dil, riyaziyyat daxildir. Azərbaycan (rus) dili və tarix əsas fənlər hesab olunurlar.
IV ixtisas qrupu - biologiya, kimya, fizika, Azərbaycan (rus) dili, riyaziyyat daxildir. Biologiya və kimya əsas fənlər hesab olunurlar.
Bundan başqa qaydalara əsasən, qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Dövlət İmtahan Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.
Sözügedən qaydalara görə, ötən ildən ilk dəfə olaraq abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilib. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edirlər.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018