Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“20 Yanvar Xocalı günüdür” – Məktəblilərin yanvar faicəsinə baxışı... FOTO-VİDEO
Tarix: 18.01.2018 | Saat: 16:47:00
Bölmə:Siyasət | çapa göndər

İki gün sonra Azərbaycanda ümumxalq hüzn günüdür. 1990-cı ilin 20 Yanvar faciəsindən 28 il ötür. Hafta.az-ın obyektivini Şəhidlər Xiyabanına çevirdik. Ənənəvi hüzn törəninə hazırlıqlarla tanış olmaq istəyirdik.

Ənənələr pozulmamışdı. Artıq təzə-tər qərənfilləri 28 il əvvəlki faciənin tablolarına çevrilmişdi. Qərənfillər “20”, “28” yazaraq xalqın yaddaşındakı qərənfil mifini – totalitarizmin qaysaqlamayan yarasını yenidən “süzgəcə” çevirirdi...

 

Divarlarda qərənfillər, şamlar düzlmüşdü. Hasarlara bərkidilmiş səkkizguşəli ulduzun qara-qırmızı lentləri şərəfli-şanlı ölüm günün simgəsi idi. Bir sözlə, dizayn möhtəşəm idi.

 

Həmişəki kimi Şəhidlər Xiyabanını törən gününə hazırlayıb çatdırmaq Bakı meriyasına tapşırılmışdı. İcra hakimiyyəti əməkdaşlarından əldə etdiyimiz məlumata görə, xiyabanın qərənfillərlə bəzədilməsi işi ötən gecə tam başa çatdırılıb. Təxminən 3 milyona yaxın qərənfil istifadə olunub. O da vurğulandı ki, mer – Hacıbala Abutalıbov mütəmadi olaraq Şəhidlər Xiyabanına baş çəkir. Göstərişlərini verir.

Xiyabanın dövrəsi boyu, hər on – on beş metrdən bir Bakı Şəhər İcra Hakimiyyətinin işçilərinə rast gəlmək olur. Bildirdilər ki, onların əsas işi küləyin təsirindən qopan qərənfil başlıqlarını qaytarıb yerinə taxmaqdır. Bir də kim qərənfillərə toxunmaq, qoparmaq  istəsə ona imkan verməməkdir.

Şəhidlər Xiyabanı 20 Yanvar faciəsinə iki gün qalmış məktəbli izdihamına bürünmüşdü. Şagirdlər sıra-sıra, dağınıq şəkildə ora-bura qaçır, onların üstündə nəzarətçilik edən müəllimlər isə həmkarları ilə selfi çəkdirirdilər. Şagirdlərdən bayrağa bürünəni də vardı, üçrəngli ay-ulduzlu atributumuzu daha yüksəkdə dalğalandırmaq eşqiylə ayaq barmaqlarının ucunda yellədəni də...

Müəllimlərdən niyə belə tez – 2 gün əvvəldən ziyarətə gəldiklərini soruşduq. Dedilər ki, nazirliyin əmridir. 20 Yanvar günü ziyarətçilər çox olduğu üçün məktəblər daha əvvəl gəlib buraya baş çəkirlər. Müəllimlər ora-bura qaçan şagirdlərini bir yerə dəstələyib sıra ilə məzarlığa doğru irəliləyirlər. Mən də onları müşayiət edirəm. Qarşımdan bir dəstə keçir. Müəllim uşaqlara bərk-bərk tapşırır:

- Uşaqlar, qərənfilləri İlham və Fərizənin üstünə qoyarsınız. Bizim yerlimizdir.

Müəllimin bu sözündən sonra qulağım cingildədi. İbtidai sinif şagirdləri də bir ağızdan “yaxşı, müəllimə” - dedilər.

Sonra Əbədi Məşəl Kompleksinə doğru irəlilədik. Göz işlədikcə şagirdlər şeir deyir,  müəllimləri şəkillərini çəkir, sonra “sovet üsulu” – kollektiv xatirə fotosu...

Müəllimlər şeirin bir yerində “ilişib qalan” şagirdləri bataqlıqdan çıxarırmış kimi unutduqları sətirləri yadına salır, “hələ dedim ki, gecə də təkrarla” – deyə tənbehləyirdilər.  

Məktəblilər Əbədi Məşəl Kompleksinin qarşısından dövrə vurub Qarabağ müharibəsi şəhidlərinin də qəbirlərini ziyarət edir, burada da şəkil çəkdirirdilər. Şeir deyən, 2010-cu ildə şəhid olmuş Mübariz İbrahimovu Qarabağ müharibəsinə “aparıb çıxaran” şagirdlər bu dəfə müəllimlərin tənbehi ilə üzləşmədilər.

Şəhidlər Xiyabanının çıxışında paytaxtın 19 saylı məktəbin ibtidai sinif şagirdlərinə yaxınlaşdıq. Əvvəlcə müəllimlərindən icazə istədik. 20 Yanvar hadisələri ilə bağlı yetirmələrinin nə bildikləri ilə bağlı sorğu etmək istədiyimizi söylədik.  Neçənci sinifdə oxuduqlarını soruşduq. Müəllimləri – 3-cü sinif şagirdləridir - söylədi. Onların yaş dövrünə uyğun suallar verməyə başladıq:

- Uşaqlar, kim deyər, 20 Yanvar nə günüdür?

Biz – Ümumxalq hüzn günü cavabını gözləyirdik - Sinan adlı bir şagirdin istəkli olduğunu görüb kameramızı ona sarı tuşladıq:

- 20 Yanvar Xocalı Soyqırımı günüdür.

Başqa bir şagird dillənir:

- Ümumxalq hüzn günüdür.

Sonrakı sualımızı ünvanlayırıq:

- 20 Yanvar günü şəhid olanlar kimlər idi?

Eynəkli qızcığaz sinifdəymişik kimi əlini qaldırır:

- Bir qədər fikrə gedir.

Müəllim müdaxilə edir:

- Dərsdə nədən danışmışdıq? Deyin...

Eynəkli qızcığaz tələsik cavab verməyə başlayır:

- İlqar Rəşidoğlu, Natiq... (yenə yaddaşını qurdalayıb şəhidlərin adlarını axtarıb tapmağa çalışır).

Onun sinif yoldaşı əlavə edir:

- Larisa... - şəhid olmuşdular – kənardan kimsə dillənir.

Samir adlı bir şagird isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da 1990-cı ilin 20 Yanvar hadisələri zamanı şəhid olduğunu deyir. Sonra növbəti sualımıza əlavə olaraq cavab verir ki, 20 Yanvar hadisələri zamanı vətəndaşlarımızı, soydaşlarımızı “Rusiya vətədaşları öldürdü”. Başqa bir qızcığazdan 20 Yanvar hadisələrinin üzərindən neçə il keçdiyini soruşuruq. Susur. Bayaq – 20 Yanvar Xocalı günüdür- deyən Sinan “günahını yuyurmuş” kimi cavab verir:

- 28 il.

Üzümüzü bu uşaqların sinif müəllimlərinə tuturuq, 20 Yanvar hadisələri ilə bağlı neçə saat dərs ayrıldığını, dərsdə yanvar faciəsinin ibtidai sinif şagirdlərinə hansı formada aşıladıqlarını soruşuruq:

“İki saat dərs ayrılıb. Bu gün və sabah keçəcəyik. 20 Yanvar haqqında məlumat vermişəm. Başqa dərsləri də həmin hadisələrlə əlaqələndirməyə çalışırıq. Müstəqilliyimizdə şəhidlərimizin rolundan danışmışıq. Uşaqlar bunların hamısını bilirdilər. Sadəcə olaraq, burada duruxdular”.

İbtidai sinif şagirdlərinin cavablarını özünüz də eşitdiniz. Cavabların sizi qane edib-etmədiyinə özünüz qərar verin.  Tək onu hiss edirəm ki, illər ötüşdükcə şəhidlər bizdən daha çox uzaqlaşır. Təkcə şəhidlər yox, elə həmin dövr hadisələrinin şahidləri də...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018