Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
Tarix: 26.01.2018 | Saat: 16:03:00
Bölmə:Müsahibə | çapa göndər

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür. Faciə və ya ağır məğlubiyyət geriyə qaytarılması mümkün olmayan hadisədir. Yəni, üstündən illər keçəcək, amma məğlubiyyətin səbəbləri açıqlanmadığı üçün zaman–zaman mediada “iplər çözələnəcək”.

Təkcə bilinən odur ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Əməliyyat 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

Daşaltı əməliyyatlarında həmin dövrdə iqtidarda və müxalifətdə olanlar, o zamankı özünü müdafiə batalyonlarının rəhbərləri bir-birini ittiham edir. Biz isə həmin vaxt tamamilə bitərəf olan bir şəxslə - Daşaltı hadisələri zamanı Şuşada “Qarabağ” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərən və sonradan Şuşa Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Kərim Kərimli ilə Daşaltı məğlubiyyətinə işıq tutmağa çalışdıq. Şuşa Rayon İcra Hakimiyyətinin keçmiş birinci müavini Kərimli Kərimli hafta.az-a müsahibəsində deyib ki, o bu əməliyyatın keçirilməsinin əleyhinə olub.

- Kərim bəy, Daşaltı əməliyyatının uğursuzluğa düçar olmasının səbəbi nə idi?

- Əvvəlcə onu deyim ki, şəxsən Daşaltı əməliyyatında iştirak etməmişəm. Ona görə də əməliyyatın təfərrüatı barədə danışmaqda çətinlik çəkirəm. Onu qeyd edə bilərəm ki, Daşaltı əməliyyatının keçirilməsinin əleyhinə idim. Zənnimcə, Daşaltı əməliyyatının uğursuzluğa düçar olmasının başlıca səbəbi o zamankı müdafiə naziri Tacəddin Mehdiyevdir. Bu əməliyyatın planı onun rəhbərliyi ilə cızılsa da, sadəcə olaraq lazımı səviyyədə hazırlanmayıb. Ona görə də, məğlubiyyətin təfərrüatlarının geniş izahına ehtiyac yoxdur. Ermənilər bizdən güclü deyildi. Sayaca da bizdən çox olmayıblar. Qüvvələr nisbətini nəzərdə tuturam. Daşaltı faciəsi ilə bağlı bir çox məsələlər söz xatirinə deyilir. Bir daha qeyd edirəm ki, əməliyyat lazımı şəkildə hazırlanmamışdı. Ona görə də uğursuzluğa düçar oldu.

- Dediniz ki, əməliyyatın keçirilməsinin əleyhinə idiniz. Səbəbi nə idi?

- Ona görə ki, əməliyyat keçirilməmişdən qabaq bütün Qarabağ camaatı bilirdi ki, Daşaltıya hücum olacaq. Artıq belə bir hərbi əməliyyatın heç bir gizliliyi, məxfiliyi qalmamışdı. Əgər mən – müdafiə nazirinə yaxın olmayan birisi, Tacəddin Mehdiyevi həyatda heç vaxt görməyən bir adam bunu bilirdimsə, deməli ermənilərin kəşfiyyatı bunu çoxdan bilirdi. Çünki hər kəs belə bir hücumun olacağından danışırdılar. Bundan başqa Tacəddin Mehdiyev əməliyyatdan iki gün qabaq Daşaltıya hücum ediləcəyini bəyan etmişdi. Artıq gizlilik qalmamışdı. Bölgədə olan rus qoşunları da, ermənilər də bilirdi ki, belə bir hücum planlaşdırılır. Yəni, əməliyyat keçirilməmişdən uğursuzluğa düçar olmuşdu. Ona görə də Daşaltı əməliyyatının keçirilməsinin heç bir əhəmiyyəti yox idi.

- Bir çox keçmiş döyüşçülər düşünür ki, Daşaltı əməliyyatının uğursuzluğu Şuşanın işğalını da sürətləndirdi. Ümumiyyətlə, Daşaltı yaşayış məntəqəsi Şuşa və ətraf kəndlər üçün hansı strateji əhəmiyyətə malik idi? Yəni, 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatının keçirilməsini labüd edən səbəblər nə idi?

- Birincisi, bu hadisələrdən bir qədər əvvələ getmək lazımdır. Şuşa rayonunun Daşaltıdan başqa Qala dərəsi, Böyük Qala dərəsi, Orvest və Salatın Əsgərova həlak olandan sonra Salatınkənd adlandırılan dörd kəndi var idi ki, həmin yaşayış məntəqələrində ermənilər məskunlaşmışdı. Beşinci kənd də Daşaltı idi. Yuxarıda sadaladığım dörd kənd əvvəlcədən köçürülmüşdü. Daşaltının isə Moskva ilə Bakının qarşılıqlı razılığı əsasında köçürülməsinin qarşısı alınmışdı. Həmin kənddən ermənilərin vaxtında köçürülməsinə imkan verməmişdilər. İkincisi, Daşaltıya təhlükəsizlik təmin olunmadan, əvvəlcədən hər şey götür-qoy edilmədən, böyük bir dəstə ilə açıq şəkildə hücum edib əməliyyat keçirəyə ehtiyac yox idi. Digər tərəfdən, yanvarın 26-da Daşaltı əməliyyatı başa çatandan sonra 47 nəfəri Ağdamdan Şuşaya aparan təyyarə vuruldu. Ermənilər Xankəndindən atdıqları raketlə həmin təyyarəni vurdular. Vertalyotda həlak olanların əksəriyyəti Şuşa şəhər sakinləri idi.  Mən onların 30-a yaxınının şəkilini və tərcümeyi-halını toplamışam. Yəni zərbələr ard-arda gəldi. Daşaltı uğursuzluğu, ardınca vertalyot terroru... Əməliyyatdan xeyli sonra Daşaltıda həlak olan döyüşçülərin və şuşalıların meydlərinin alınması istiqamətində ermənilərlə danışıqlara başlanıldı. Bir tərəfdən bir gecənin içində Şuşada 39-40 məzar qazılır. Üstəlik Bakıdan və digər yerlərdən gələn döyüşçülərin cəsədi Daşaltında qalmışdı. Meyidləri almaq mümkün deyildi. Ermənilər vermək istəmirdi. Müdafiə naziri isə əməliyyatdan sonra camaatı ümidsiz, köməksiz şəkildə qoyub qaçmışdı. Ölkə də Şuşaya dəstək vermirdi. Yaranmış çətin vəziyyətdən çıxmaq üçün Bakıdan Şuşaya heç bir dəstək gəlmirdi. Dövlət və hökümət rəhbərləri adi sözlə də şuşalılara dəstək olmurdu. Daşaltıda 90 nəfərin şəhid olması, o cümlədən, bu əməliyyatda iştirak edən Şuşanın bir neçə döyüşkən oğlanlarının həlak olması Şuşanın da süqutuna zəmin yaratdı. Azərbaycan Ordusunun bacarıqsızlığını, gücsüzlüyünü sübut etmək istəyən qüvvələrin əlinə şans verdi. Nəticədə Daşaltıdan sonra digər faciələr baş verdi. Azərbaycan üçün uğursuzluqlar zənciri davam etdi; Malıbəyli, Quşçular, ardınca Xocalı soyqırımı və s. Bütün bunlardan sonra Şuşa tək qaldı. Mühasirəyə düşdü. Sonra da işğal olundu. Bir məsələyə də münasibət bildirmək istəyirəm. Bir qədər əvvəl deyəcəyim məsələyə görə çox əsəbiləşmişdim. Deməli, Daşaltı faciəsi 1992-ci ilin yanvar ayında baş verib. Heyf ki, 26 il ərzində bizim mətbuat orqanları Daşaltı kəndini Əsgəran rayona tabe olan yaşayış məntəqəsi kimi verirlər. Əgər 26 ildir Azərbaycan jurnalisti Daşaltının Əsgəranın yox Şuşanın tabeliyində olan kənd olduğunu bilmirsə, onun harada yerləşdiyindən, hansı inzibati ərazi vahidinə tabe olduğundan, həmin vaxt kənddə kimlərin yaşadığından xəbəri yoxdursa, həmin media nümayəndələri Daşaltı faciəsini necə işıqlandıra bilər?! Halbuki Daşaltı Şuşanın kəndi olmaqla bərabər, aralarındakı məsafə də 1,5 kilometr idi. Əsgərandan Şuşaya olan məsafə isə 20 kilometrdən də artıqdır. Yəni, Daşaltı kəndi heç vaxt, tarix boyu Əsgəran rayonunun tabeliyində olmayıb. Bu gün işğal olunan rayonların xəritəsinə baxdıqda da görürük ki, Daşaltı Şuşanın kəndi kimi göstərilir. Ümumiyyətlə bu gün Əsgəran adlı rayon yoxdur. 1991-ci ilin 26 noyabrında Əsgəran rayonu ləğv edilib. Həmin rayonun kəndləri və Əsgəran qəsəbəsi Xocalı rayonun ərazisindədir.

- Bir vaxtlar Daşaltı əməliyyatının faciə ilə nəticələnməsində bələdçilərin xəyanəti qabardılırdı. Buna münasibətiniz necədir?

- Bəli, televiziyaya çıxan, mətbuata açıqlama verənlərin əksəriyyəti bələdçilərin satqın olduqlarını deyirlər. Hətta keçmiş müdafiə naziri, əməliyyatın hazırlanmasına rəhbərlik etmiş Tacəddin Mehdiyev də bildirirdi ki, Daşaltıda bölmələrimizin məğlubiyyətinə əsas səbəb bələdçilər olub. Eyni zamanda həmin bələdçilərin sayının 12 nəfər olduğunu vurğulayır.  Həmin hadisələrdən bu gün 26 il ötür. Amma bu 26 ildə həmin 12 nəfərdən birinin adını tapıb çıxara bilmirlər. O zaman hansı haqla deyirlər ki, bələdçilər satqın olub?! Məsələn, tutalım ki, mən Kərim Kərimli bələdçi olmuşam və satqınlıq etmişəm. Necə olur ki, bu 26 il ərzində mənim adımı tapıb çıxara bilmirlər?! Niyə bir dəfə də olsun həmin satqın bələdçilərin adları çəkilmir?! Ancaq bircə cümlə deyirlər ki, bələdçilər satqın idi. Yalandan, boş-boş danışmağa heç bir ehtiyac yoxdur. Bunların hamısı yalandır. Sadəcə olaraq Tacəddin Mehdiyev bu əməliyyatı niyə hazırladığını, kimin göstərişini həyata keçirdiyini açıb deməlidir. Hansı zərürətdən Daşaltı əməliyyatına ehtiyac yarandığını ictimaiyyətə açıqlamalıdır. Həmin Tacəddin Mehdiyev Daşaltı əməliyyatından bir həftə əvvəl Füzuli rayonunda olmuşdu. Orada camaata demişdi ki, Şuşaya gedirəm, Daşaltıdan erməniləri köçürəcəyəm. Bu əməliyyatı uğursuzluğa düçar etmək üçün görülən tədbirlərdən başqa bir şey deyildi.

- Bayaq vurğuladınız ki, Daşaltıda şəhid olan hərbçilərin və şuşalıların meyidlərini almaq mümkün deyildi. Sonradan cəsədlərin alınması ilə bağlı hansı tədbirlər görüldü. Ermənilərin şərtləri nələr idi? Əvəzində nə istəyirdilər? Təxminən neçə meyid ala bildiniz?

- Şahidi olduğum məqamları tam şəkildə mətbuata açıqlamaq istəmirəm. Şuşada olan bütün birliklər bütün şəhidlərin meyidlərini almaq istəyirdik. Allah buna şahiddir. Ermənilər isə meyidlərin hamısının qaytarılması məsələsində razılaşmırdılar. İmtina edirdilər. Onlar deyirdilər ki, müəyyən şərtlər daxilində ancaq şuşalıların meyidlərini ala bilərsiniz. Bizim dostlar, Şuşada olan birliklər ermənilərə qarşı əməliyyatlar həyata keçirdik. Məcbur etdik ki, heç bir şərt irəli sürmədən ermənilər şuşalıların meyidlərini qaytarsın. Bu zaman onlar başqa bir şərt irəli sürdülər. Bildirdilər ki, biz şuşalıları tanımırıq, sizdən bir nəfər gəlsin, şuşalıların meyidlərini Daşaltıda həlak olan döyüşçülərin arasından seçib götürsün. Biz buna getmədik. Bilirdik ki, bizdən gedən həmin adamı ermənilər girov götürəcək və başqa şərtlər irəli sürəcəklər. Ona görə də ermənilərin qoyduqları şərtlərlə razılaşmadıq. Amma bizim həyata keçirdiyimiz əməliyyat nəticəsində Daşaltıda şəhid olmuş yerli şuşalı cavanların meyidlərini qaytardılar. Hələ onda da ermənilər bizdən benzin, yanacaq istəmişdilər ki, meyidləri götürüb çıxarmağa yanacağımız yoxdur, texnikamız işləmir-deyirdilər. Ona görə də bizim dostlarımız ermənilərə müəyyən qədər yanacaq da apardı ki, ermənilər meyidləri oradan çıxarıb bizə təhvil versin. Meyidləri alandan sonra biz həmin cəsədlərin içərisində bir nəfər şuşalı olmayan adamın da meyidinin olduğunu gördük. O zaman mən “Qarabağ” qəzetinin zona müxbiri idim. Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbir vəzifəsində çalışırdım. O zaman həmin qəzetdə elan da vermişdik ki, belə bir adam var. Daşaltıda şəhid olub. Meyitini almışıq. Əgər dostlarından, qohumlarından kimsə varsa, həmin nəşi ailəsinə təhvil verməkdə bizə yardımçı olsunlar. Ancaq o zaman səsimizə səs verən olmadı. Biz də məcbur qalıb həmin şəhidimizi də Şuşada, Cıdır düzündəki Şəhidlər Xiyabanında dəfn etdik. Ermənilər Daşaltıda şəhid olan şuşalıların – yerli uşaqların meyidlərini qaytarsa da, Bakıdan və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş xeyli sayda döyüşçülərin meyidini ala bilmədik. Bu hadisələrin ardınca da müharibə qızşdı. Malıbəyli, Quşçular, vertolyot hadisələri baş verdi. Sonra Xocalı facisəsi törədildi. Ardınca Şuşa işğal olundu. Bizim hökumətimiz də bu məsələyə “baş qoşmadı”. Şuşanın işğalından sonra Daşaltıda şəhid olmuş adamların meyitlərinin alınıb-alınmaması haqda məndə məlumat yoxdur. Məncə alınmayıb. Daşaltıda həm yüksək rütbəli zabitlərimiz, həm siravi əsgərlərimiz, həm də könüllülər şəhid oldu. Mənə elə gəlir ki, orada xeyli azərbaycanlının meyiti qaldı.  

- Ermənilərdən neçə şuşalının meyitini almışdınız?

- 16 nəfərin. Onlardan 15-i şuşalı idi. Bir nəfəri isə tanımadıq. Şuşalıların hamısı döyüşüb ölmüşdü. Heç də qayadan yıxılmamışdı. Hər birinin güllə yarası var idi. Biz onların yarasına da baxdıq. Bizim keçirdiyimiz əməliyyatın başqa məqsədi var idi. Biz sağ qalan varsa, onları ermənilərdən geri almaq istəyirdik. Adlarını açıqlamaq istəmirəm. Mediada getməsi düzgün deyil. Uğurlu əməliyyat keçirmişdik. Amma əvəzində əməliyyata qatılan Şuşalıların cəsədlərini çətinliklə də olsa ala bildik.  Onlar həmin  əməliyyatdan sonra məcbur olub şuşalıların – şəhidlərimizin nəşini qaytardılar.

- Şuşa işğal olunandan sonra Şuşaya səfər etmisinizmi?

- Bir dəfə - 1998-ci ildə səfər etmişəm. Gördüklərim məni sarsıtdı. Bir gecənin içərisində saçım ağardı. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2018
23.06.2018
22.06.2018