Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
Tarix: 07.02.2018 | Saat: 12:55:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx dostluq əlaqələri mövcuddur. Son vaxtlar ölkələrimizin xalqları arasında gediş-gəliş də artıb. Bütün bunlar iki dost dövlət arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyini göstərir. Amma bu da bir faktdır ki, dostluq əlaqələrinin özülünü mütləq kimlərsə qoymalı və sonra da davam etdirməlidir. Əlbəttə, bu mənada Azərbaycanın BƏƏ-də səfiri, böyük diplomat, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətləri olan Daşqın Şikarovun əməyi müqayisəsizdir. Fikirləşdim ki, 2017-ci ili yola salıb, bu ilə yenicə qədəm qoymuşuq, Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrə elə hörmətli səfirimizlə müsahibə edib, onun fikirləri ilə aydınlıq gətirək. Sağ olsun, bu da nəticəsi... 

Öncə "Həftə içi" qəzetinin oxuyucularını salamlayıb, onlara ən xoş arzularımı çatdıran Azərbaycan səfirinin dediklərini gəlin misralara çevrilmiş müsahibədən birlikdən oxuyub, öyrənək:

- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan genişmiqyaslı işlər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin fəaliyyətində də öz əksini tapıb. Bununla əlaqədar, səfirliyin BƏƏ-də diplomatik, siyasi, iqtisadi və humanitar sahələrdə fəaliyyətində yeni dinamika müşahidə olunur. İqtisadi inkişafında böyük nailiyyətlər əldə etmiş və Azərbaycanla dostluq münasibətlərdə olan BƏƏ-də iş mühiti rahat və məmnunedicidir. Şübhəsiz, hər bir ölkənin tarix, adət-ənənə, din, mövcud dövlət quruluşu sistemi və digər amillərdən irəli gələn xüsusiyyətləri var. Diplomatın vəzifəsi sözügedən xüsusiyyətlərə hörmət və ehtiramla yanaşmaqla ölkələr arasında əməkdaşlıq körpülərinin qurulmasından ibarətdir.

- Ölkələrimiz arasında münasibətlərin səviyyəsi, geridə buraxdığımız 2017-ci ilə baxsaq, sizi qane edirmi? Ötənilki fəaliyyətə nəzər salanda “kaş ki, onu etmiş olaydıq” dediyiniz, amma reallaşması bu ilə qalan hansı layihələr var və bu istiqamətdə planlarınız nədir?

- Səfirliyin fəaliyyəti müəyyən edilmiş plan və iş əsnasında meydana çıxan imkanlar əsasında aparılır. 2017-ci il istər siyasi, istər iqtisadi, istərsə də humanitar və təbliğat sahəsində kifayət qədər zəngin olub. Ölkələrimiz arasında diplomatik, iqtisadi və humanitar sahələrdə həyata keçirilməsi nəzərdə tutulmuş bütün işlər həyata keçirilib. Bununla belə, həyata keçirilməsi 2018-ci ilə nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə də müəyyən işlərə məhz 2017-ci ildə start verilib ki, bu tədbirlər həyata keçirildikcə mətbuata məlumat veriləcək.

- Rəsmi və biznes mühitini bir kənara qoysaq, bu gün BƏƏ cəmiyyətində Azərbaycan necə tanınır, sadə xalq barəmizdə nələri bilir?

- Çox müsbət haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir. Azərbaycanlılar və ərəblərin islam dininə itaət etməsi, aralarında adət-ənənə, mədəniyyət, mətbəx oxşarlıqları xalqları biri birinə yaxınlaşdıran amilərdir. Eyni zamanda, son illərdə ölkələrimiz arasında turist mübadiləsinin artması Azərbaycanın BƏƏ-də və BƏƏ-nin Azərbaycanda tanınmasına xidmət edir. Bu ölkədə demək olar hər 5 nəfərdən birinin Azərbaycanda olduğu, yenidən getməyi planlaşdırdığı kimi xoş təəssüratları eşitmək həqiqətən də çox xoşdur və bu istiqamətdə fəaliyyətimizi daha da artırmaq üçün ilham mənbəyidir.

- Azərbaycanla BƏƏ arasında siyasi əlaqələr yüksək səviyyədədir, bu məlumdur. Amma yenə də soruşmaq istərdim: irəlidən Xocalı soyqırımının ildönümü gəlir, onun tanınması və ya bu kimi digər addımların atılması üçün BƏƏ hökuməti ilə hər hansı görüş və danışıqlarınız olubmu? Olubsa gözləntiləriniz necədir?

- Birləşmiş Ərəb Əmirlikləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsində, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən ölkədir. Tərəf müqabillərimizlə müxtəlif səviyyələrdə keçirilən bütün görüşlərdə, BƏƏ-nin münaqişəyə dair beynəlxalq hüquqa əsaslanan mövqeyinə görə minnətdarlıq bildirilməklə yanaşı, bir daha Azərbaycan həqiqətləri, ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırım haqqında, eyni zamanda, sözügedən soyqırıma bir sıra ölkələr tərəfindən hüquqi qiymət verilməsi barədə məlumatlar verilir. Bu münaqişənin həlli üçün müsəlman ölkələrinin vahid mövqedən çıxış etməsinin son dərəcə vacib olduğu vurğulanır.

- İqtisadi əlaqələrimizin səviyyəsini necə dəyərləndirərsiniz? 2017-ci ilə nəzər salsaq iki ölkə arasında ticarətin həcmi təxminən nə qədərdir və ticarətdə üstünlük tərəflərdən hansındadır?

- Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan - BƏƏ iqtisadi əlaqələri 2017-ci il ərzində sürətlə inkişaf edib. Belə ki, Dubay Ticarət Palatası 2017-ci ilin natamam göstəricilərinə görə iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon dollar təşkil etdiyini açıqlayıb ki, bu da 2016-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur. Sözügedən rəqəm təkcə Dubayla olan ticarəti əks etdirir və nəzərə alsaq ki, ölkəmiz digər əmirliklərlə, o cümlədən Əbu Dabi əmiriliyi ilə də ticarət əlaqələrindədir, bu rəqəmin daha çox olduğunu deməyə əsas verir. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi Azərbaycan Prezidentinin qeyri neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, beynəlxalq sərgi, tədbir və festivallarda iştirak, həmçinin böyük turist axınını göstərmək olar. Azərbaycanın xaricdəki bir neçə ticarət nümayəndəliyindən birinin də BƏƏ-də açılması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas yaradır.

- Məlumdur ki, quraq təbii şəraitə malik regionun bir parçası olan BƏƏ-də kənd təsərrüfatı məhsullarına ciddi ehtiyac duyulur və həmin məhsullarla zəngin olan respublikamız BƏƏ bazarında söz sahibi ola bilər. Lütfən bu xüsusda fikir və görüşlərinizi yazın: indiyədək BƏƏ bazarına Azərbaycan nə çıxarır və 2018-ci ildə daha yeni məhsullar çıxaracağı gözlənilirmi? Son illər BƏƏ-də keçiirlən sərgilərdə Azərbaycan ortalama 25-30 qeyri-neft sahəsinin şirkətləri ilə təmsil olunur. Bunlar ən çox kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları ilə məşğul olan şirkətlərdir. Belə sərgidə təmsil olunmaq ikitərəfli ticarətin artmasına nə kimi təsir etməkdədir?

- Birləşmiş Ərəb Əmirliklərinin ən tanınmış hipermarketlərində Azərbaycanda istehsal olunmuş meyvə, tərəvəz və ət məhsullarına rast gəlmək olar. Öz yüksək keyfiyyəti ilə seçilən bu məhsullar yerli əhali arasında çox məşhurdur. Hətta BƏƏ-də fəaliyyət göstərən bəzi restoranlar Azərbaycandan gündəlik olaraq ət və meyvə-tərəvəz məhsulları ilə təchiz olunur. Təbii ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı mallarının həm çeşid, həm də kəmiyyət baxımından artırılması üzərində hərtərəfli iş aparılır. Deyə bilərəm ki, BƏƏ bazarında Azərbaycanın meyvə-tərəvəz və meyvə şirələri, mineral sular və digər sərinləşdirici içkilər, ət və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş məhsullar və digər kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub. Lakin BƏƏ-nin qida məhsullarının demək olar hamısını idxal etdiyini və bu məhsulun böyük hissəsini olduğu kimi və ya emal olunmuş şəkildə regionun digər ölkələrinə təkrar ixrac edildiyini nəzərə alaraq, ölkəmizin məhsularının bu bazarda mövqelərinin genişləndirilməsi üçün daha böyük imkanlar var. Vurğuladığımız kimi, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı ticarət mübadiləsinin artmasına təsirli təkan verən amillərdəndir. Qeyd olunmalıdır ki, 2017-ci ildə Azərbaycan Gulfood 2017, Arabian Travel Market, Əbu Dabidə keçirilmiş "İslam Həmrəyliyi ili-istiqamət Azərbaycan" sərgilərdinə, Şeyx Zahid İrsi Festivalında təmsil olunub. Həmçinin Əmirliklərdən olan sənaye şirkətləri Bakıda keçirilmiş REC Expo daşınmaz əmlak sərgisində də iştirak ediblər.

- Hazırda dövlətimiz turizmin inkişafı müstəvisində ciddi layihələr həyata keçirir və bu məqsədlərə ərəb, ö cümlədən BƏƏ turistini ölkəmizə cəlb etmək də daxildir. O da məlumdur ki, son illər konkret olaraq BƏƏ-dən Azərbaycana gələnlərin sayı sürətlə artır. Lütfən bu müstəvidə fikirlərinizi alaq... Yola saldığımız il BƏƏ-dən Azərbaycana nə qədər turist gəlib və builki gözləntiləriniz nə qədərdir? Ö cümlədən, Azərbaycandan da BƏƏ-yə gedən turistlərin illik sayı barədə, imkan varsa, məlumat açıqlayardınız...

- Turizmin inkişafına dair Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi daha da artmaqdadır və bu gün on minlərlə BƏƏ turisti Azərbaycana səfər edir. BƏƏ-dən olan böyük turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, ikitərəfli əlaqələrə də təsir edir. Rəsmi statistikaya görə 2017-ci ildə BƏƏ-dən Azərbaycana 106500 nəfər turist gedib. Lakin, statistik göstəricilərə yalnız BƏƏ vətəndaşlarının daxil olmasını, BƏƏ əhalisinin 85 faizdən çoxunun isə digər ölkə vətəndaşlarının təşkil etdiyini nəzərə alsaq, bu rəqəmin daha çox olmasını əminliklə demək olar. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 2500, 2016-ci ildə isə 68500 nəfər olub. BƏƏ mətbuatında yayılmış məlumata əsasən, Google şirkətinin rəsmi açıqlamasında Azərbaycan xaricə səfər etmək üçün BƏƏ-dən axtarışa verilən ölkələr sırasında 5-ci yeri tutub.

- İkitərəfli gediş-gəlişi artırmaq üçün rahat nəqliyyata ehtiyac var. Bilirik ki, Azərbaycanla BƏƏ arasında Bakıdan Dubaya və Qəbələdən Dubaya hava yolu müntəzəm fəaliyyət göstərir və son vaxtlar Şarjaya da hava reysləri açıldı. Amma Bakı ilə Əbu Dabi arasında hələ də birbaşa reyslər yoxdur. Bu barədə danışıqlar gedirdi, nəticəsi nə oldu və 2018-ci ildə bu yönümdə sevindirici xəbər ala biləcəyikmi?

- 2016-cı ildə başladılmış və 2017-ci ildə davam etdirilmiş işlər nəticəsində ötən ilin mart ayından “Air Arabia” şirkətinin Şarja-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Öncə həftədə iki dəfə uçuş həyata keçirən şirkət daha sonra uçuşların sayını artırıb və bu gün şirkətin qeyd olunan marşrut üzrə, hətta gündə iki dəfə təyyarə uçuşu olur. Bununla yanaşı “Air Arabia” şirkəti ilə aparılan işlər nəticəsində şirkətin bu ilin iyun ayından Şarja-Qəbələ marşrutu üzrə də reyslərin başlanılması barədə iki ölkə arasında qərar qəbul edilib. Əbu Dabi-Bakı birbaşa uçuşları ilə bağlı sualınıza cavab olaraq bildirmək istərdim ki, dünyanın ən yaxşı hava yolları beşliyinə daxil olan “Etihad Airways” şirkəti 2018-ci il mart ayının 2-dən başlayaraq qeyd olunan marşrut üzrə uçuşlara başlayacaq. Qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı da iş 2016-cı ildən başladılıb, ancaq səfirlik tərəfindən qaldırılmış təşəbbüs və keçirilən görüşlər nəticə verməmişdi. Lakin şirkətin rəhbərliyi dəyişildikdən və səfirliyin BƏƏ-nin yüksək rütbəli rəsmi şəxsləri ilə təmaslarda məsələni müzakirə etməsi nəticəsində ötən ilin avqust ayında şirkətin nümayəndə heyətinin Bakıya səfəri təşkil edildi və uçuşların başlanılması barədə razılıq əldə olundu. Səfirlik “Etihad” hava yolları şirkəti ilə birgə 2 mart tarixində baş tutacaq ilk uçuşla bağlı Əbu Dabi və Bakı şəhərlərində mərasim tədbirlərinin keçirilməsi üzərində işləyir. Ölkənin paytaxtı və siyasi mərkəzi olan Əbu Dabi Əmirliyinin turizm baxımdan çox cəlbedici olduğunu, burada yerləşən möhtəşəm Şeyx Zayed məscidi, Luvr muzeyi, Ferrari World, Yas Water World, Warner Brothers kimi əyləncə şəhərcikləri, çimərliklər və müxtəlif seqmentlərdə mehmanxanalar, formula 1 və digər avtomobil idman yarışları, müxtəlif dünya şöhrətli ulduzların konsertləri və sair kimi tədbirlər Əbu Dabinin turistik nöqteyi nəzərindən Dubayla rəqabət aparmasına imkan yaradır. Həmçinin Əbu Dabinin BƏƏ iqtisadiyyatında böyük rolu var. Yerli ərəblərin əksəriyyəti bu əmirlik ərazisində yaşayır və əmirliyin investisiya imkanları olduqca yüksək qiymətləndirilir. Bunları nəzərə alaraq sözügedən reysin açılmasının iki ölkə arasında turizm əlaqələri ilə yanaşı ticarət mübadiləsinə də təkan verəcəyini ehtimal etməyə əsas var. Qeyd olunanlarla yanaşı onu da diqqətinizə çatdırmaq istəyirəm ki, səfirlik əməkdaşlq etdiyi BƏƏ-nin hava yolları şirkətlərinə Azərbaycanın digər səfalı və turist potensialı olan yerləri barədə məlumatlar verir, onları başqa istiqamətlərdə uçuşlar həyata keçirməyə təşviq edir. “Air Arabia” və “Etihad” hava yollarına BƏƏ ilə Naxçıvan arasında birbaşa uçuşların nəzərdən keçirilməsi də təklif edilib və bu istiqamətdə iş gedir.

- Son olaraq, bu il iki ölkə arasında rəsmi müstəvidə hansı qarşılıqlı səfərlər nəzərdə tutulur? Xüsusilə də BƏƏ prezidentinin Bakıya, Azərbaycan dövlət başçısının da BƏƏ-yə səfəri nəzərdə tutulurmu?

- 2017-ci il əməkdaşlığın qarşılıqlı səfərlər müstəvisində də çox məhsuldar olub. Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığında Əbu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanla görüşü, Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovun, xarici işlər naziri Elmar Məmmədyarovun, daxili işlər naziri Ramil Usubovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Sərhəd Xidmətinin rəsi Elçin Quliyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin, AZAL-ın Prezidenti Cahangir Əsgərovun və digər rəsmi şəxslərin BƏƏ-yə, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Bin Zayed Bin Nəhyanın, Prezidentin hüquq və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli bin əl-Sayidin, Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd əl-Bavardinin, Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaşın və digər yüksək rütbəli məmurların Azərbaycana səfərləri ölkələr arasında əməkdaşlıq üçün vacib olub. 2018-ci il ərzində Əbu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanın Azərbaycana səfərinin təşkil olunması üçün iş davam etdirilir. Eyni zamanda Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, energetika naziri Pərviz Şahbazovun, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Milli Məclis nümayəndə heyətinin BƏƏ-yə səfərləri, həmçinin iki ölkə xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulub. İl ərzində iqtisadi sahəyə aid bir sıra tədbirlərin də həyata keçirilməsi planlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018