Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Sovetski” – qiymətsiz quş damı, kino üçün dörd küçə... – Söküntünün ikinci mərhələsi
Tarix: 08.02.2018 | Saat: 17:14:00
Bölmə:Reportaj | çapa göndər

Bu dəfə yolumuzu Bakının köhnə məhəllələrinin birindən – “Sovetski”dən saldıq. Eşitdik ki, artıq tarixə qovuşmaqda olan bu ərazilərin sökülməsinin ikinci mərhələsinə başlanılıb. Biz də hafta.az-ın obyektivini adıçəkilən ünvana çevirdik.

Sakinlərlə söhbətləşdik. Dedilər ki, növbəti mərhələdə köçürülməsi nəzərdə tutulan ərazidə ölçmə və inventarlaşma işləri başa çatdırılıb. Növbəti mərhələdə Nabat Aşurbəyova, Süleyman Tağızadə, eləcə də Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında bütün evləri siyahıya alıblar. Sakinlərin sözlərinə görə, ikinci mərhələdə sökülməsi nəzərdə tutulan ərazilərdə ümumilikdə 2000-dən artıq tikili qeydiyyata alınıb. Aşur adlı həmsöhbətimiz deyir ki, bunların hamısı ev deyil:

“Hardasa 1600 ev söküləcək. Qalanı isə iaşə obyektləridir. Qaraj, “moyka”, bərbərxana, hamısı siyahıya alınıb. Evlərin kvadratına gəldikdə, qiymət dəyişməyib. Kvadratını 1500 manatdan hesablayacaqlar”.

 Söhbətimizə qoşulan Atobba adlı yaşlı bir kişi isə deyir ki, deyilən qiymətlə razılaşa bilmir. Çünki Yasamal Rayon İcra Hakimiyyətinin onun evinə təyin etdiyi qiymət olduqca azdır:

“46 kvadrat yerim var. 1500 manatdan hesablasaq, heç əlli min manata gəlib çıxmır. Mən buna indiki zamanda haradan ev alım? Burada doğulub, burada böyümüşük. Öyrəşmişik. Bu bir tərəfə, gərək elə pul versinlər ki, özümüzə münasib yerdən ev ala bilək”.

Sakinlərin sözlərinə görə, artıq Təzəpir məscidinə yaxın ərazidəki mənzillərin sənədləşdirilməsi aparılıb. Bəzi hissələrdə birinci mərhələdə sökülən binalara yaxın ərazilərdə yerləşən evlərin kiçik bir hissəsi isə sökülüb. Əraziyə baxış keçirdikdə gördük ki, artıq ikinci mərhələdə söküləcək yerlərə yaxın ərazilərdə buldozerlər və kranlar “lövbər salıb”. Ümumi söküntü ərazisi isə hasarlanıb. Artıq bəzi sökülmüş ərazilərdə yeni binaların tikintisi üçün beton bərkitmə işləri də aparılıb. Əraziyə müxtəlif tikinti materialları gətirilib.

Əldə etdiyimiz məlumata görə, “Sovetski” adlanan ərazidə söküntü işləri dörd mərhələdə aparılacaq. Birinci mərhələnin sökülməsi artıq tam başa çatdırılıb. İkinci mərhələ isə Təzəpir məscidinin şərq tərəfidir ki, buradakı son vəziyyət barədə yuxarıda məlumat verdik.

İkinci mərhələdə sökülən ərazi isə 14,7 hektarı əhatə edəcək. Söküntüdən sonra burada nələrin tikiləcəyi isə hələlik məlum deyil. Sakinlər də bu haqda məlumatsız qaldıqlarını bildirdilər.

Sakinlərdən Əlibaba Qurbanov bildirdi ki, ikinci mərhələdə onun əmisinin evi də söküləcək. Amma əmisinin 75 kvadrat metr evinə qoyulan qiymət olduqca azdır:

“Əmimin binanın həyətində quş damı var. Hələ sovet dövründə tikilmiş bir damdır. Əmim özü cavanlığında tikib. Dedilər ki, quş damının sənədi olmadığı üçün həmin tikili siyahıya alınmayacaq. Belə şey olar? Hamı bilir ki, oranı əmim tikib. Qonşular da bunu təsdiqləyə bilər. Heç olmasa tikiliyə çəkilən xərcin pulunu ödəsinlər”.

Yaşlı sakinlərlə söhbətləşdik. Onların bir qismi sökülən evlərə hər kvadratına ödənilən qiymətlərlə razılaşdıqlarını söylədilər. Amma onların başqa yerə köçürülməsinin heç də ürəklərincə olmadıqlarını bildirdilər:

“Burada göz açmışıq. Tut ağaclarımız, hasarlarımızdan asılan tənəklər... Bunları o dövrün kişiləri salıb e. Heç yerdə belə bir mənzərə tapa bilməzsiniz. Köçdüyümüz yerdə belə bir yer düzəltmək çətindir. Bəlkə də heç mümkün olmayacaq”.

Rejissor Eldar Quliyevin "Bir cənub şəhərində" bədii filminin çəkildiyi məhəllə

Özünü rejissor kimi təqdim edən Rafiq adlı gəncdən isə maraqlı təklif gəlir. Deyir ki, “Sovetski”nin tamamilə sökülməsinin əleyhinədirlər:

“Ən azından üç-dörd küçə saxlamaq lazımdır. Bura bir tarixdir. Bəlkə tarixi filmlər çəkildi, heç olmaya bir neçə küçəni olduğu kimi saxlasınlar. Kino çəkilişləri üçün... Sabah rejissorlar, kino adamları çətin vəziyyətə düşəcəklər. Burada 30-40-cı illər dövrü ilə bağlı xeyli bədii və sənədli filmlər çəkilib. Orijinal da alınıb. "Bir cənub şəhərində" filminin orijinal alınmasının yarısında "Sovetski" amili var.  Sabah da həmin mövzulara müraciət oluna bilər. “Sovetski” kimi unikal bir yeri tamamilə silmək olmaz”.

Gələk üçüncü və dördüncü mərhələdə sökülən ərazilərə. Buraya “Zərgərpalan” məhəlləsinin arxasındakı küçələr və bu küçə ilə kəsişmələrdə yerləsən tikililər, eləcə də “Nizami” metro stansiyasından 150-200 metr məsafədə yerləşən İsmayıl bəy Qutqaşınlı, Süleyman Tağızadə, Abdulla Şaiq küçələrinin bir qismini əhatə edəcək ərazilər aiddir. Nəriman Nərimanovun heykəlindən üzü aşağı bütün köhnə məhəllələrin, tikililərin söküləcəyi bildirilib.

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300 yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018