Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Keşlədəki sökülən “Şanxay” massivindən son görüntülər – FOTO-VİDEO
Tarix: 09.02.2018 | Saat: 15:39:00
Bölmə:Reportaj Video | çapa göndər

Keşlə qəsəbəsindəki “Şanxay” massivi adlanan ərazidə dəmiryolu xəttinə yaxın ərazidə yerləşən evlərin sökülməsi prosesi davam edir. Bu dəfə hafta.az-ın obyektivini sökülən evlərə yönəltdik.

Bir tərəfdə sakinlər və sökülmüş evlər, digər tərəfdə ekskavator və buldozerlər, iş icraçıları...

Sakinlərlə söhbətləşdik. Söylədilər ki, söküntü işlərinə iki aydır ki, başlanılıb. Söküntü əmrinin “yuxarıdan” verildiyini bildirdilər. Elçin Baburov adlı Keşlə sakinin sözlərinə görə, sökülənlərin hamısı qeyri-qanuni tikilmiş və sənədləri olmayan evlərdir. Elçin Baburov həmçinin qeyd etdi ki, evlərin sökülməsinin tərəfdarıdır:

“Bilirsiniz, burada evlərin salınması 1993-cü ildən başlanıldı. Kim harada gəldi özünə yer-yurd elədi. Heç birinin nəinki “kupçası”, heç bələdiyyə sənədi də yox idi. Burada ilk məskunlaşanlar qaçqınlar və məcburi köçkünlər oldu. Sonra hökumət onlara ev verdi. Burada tikdikləri isə boş qaldı. Sonra işsizlik səbəbi ilə rayonlardan gələnlər həmin komalarda məskunlaşdılar. Nə qədər uşaq, yaşlı, gənc adamlar dünyasını dəyişdi. Qatar ikiyə bölənlərin sayı onlarladır. Hər dəfə eşidirdik ki, filan evin yanında bir nəfər paralanıb, ikiyə bölünüb. Yaxşı ki, söküldü”.

Başqa bir “gecəqondu” sakini ilə söhbətləşirik. Hələ ki, evinin sökülmədiyini, amma plana düşdüyünü deyir. 27 yaşlı bu gənc hələ körpə yaşlarından burada yaşadığını bildirir:

“Anam bu ikiotaqlı daxmada üç uşaq böyüdüb. Bacım köçüb, qardaşım evləndikdən sonra kirayəyə köçdü. İndi anamla mən qalmışam. Gəldilər, ölçdülər-biçdilər, 17 min manat pul verəcəklərini dedilər. Kvadratını min manatdan hesabladılar. Bizim ev bir az dəmir yolundan aralıdadır deyə bələdiyyə icazəsi var. Bələdiyyə sənədi olmayan evlərdə isə kvadratını müxtəlif qiymətlərdən hesabladılar. 300, 500, 750 manata kimi qiymətlər dəyişdi”.

İş icraçısı ilə söhbətləşirik. Deyir ki, noyabrın ayının sonlarından söküntülərə başlanılıb. Oktyabrın sonlarından isə sakinlərin pulları verilib və həmin ayın sonuna qədər əşyaları ilə birlikdə evlərindən çıxmaları tövsiyə olunub:

“Hər kəs razılaşdı. Pul verməsələr də, heç nə edə bilməyəcəkdilər. Çünki sənədləri yox idi. Əksəriyyəti razılıq elədi. Buranı uçurmaqda əsas məqsəd dəmir yollarının hərəkətini stimullaşdırmaqdır. Əvvəl burada beş dəmiryolu xətti olub. Onların hamısı bərpa ediləcək. Həm də ölüm halları aradan qaldırılacaq. İnsanlar burada təhlükəli şəraitdə yaşayırdılar. İndi onlara verilən pulla özlərinə daha münasib ev ala biləcəklər. Hökumət sağ olsun ki, evləri sökülənləri buradan narazı yola salmadı”.

Ekskavatorlar uçurulmuş evlərin qalıqlarını bir tərəfə toplayır, fəhlələrsə istifadəyə yararlı və ya yararsız inşaat materiallarını saf çürük edirdilər. Fəhlələrlə söhbətləşirik. Deyirlər ki, əksər insanlar onlara verilən pullarla razılaşsalar da, razılaşmadıqlarını başqa yollarla ifadə edən sakinlər də az olmayıb:

“Gecə ikən sökülən evlərinin taxtalarını, dəmirlərini, “kubik”lərini gəlib aparanlar da olmuşdu. Halbuki onların evləri satın alınmışdı. Daşa, taxtaya sahiblik iddialarını itirmişdilər. Gecə ikən gəlib aparanlar oldu. Nə deyəsən, biz beləyik də. Onları da qınamaq olmur, əksəriyyəti kasıb adamlar idi. İmkanları olsaydı daha burada yaşamazdılar. Özləri üçün başqa yerdən ev alardılar. Çoxları evlərinə görə pul alacaqlarını eşidəndə sevindilər. Ağzıbir hərəkət etdilər, pul verilməsini tələb etdilər. Ona görə də söküntünü aparanlar onlarla razılaşmağa məcbur oldular”.

Yaxın vaxtda evlərinin söküləcəyini deyən və adının açıqlanmasını istəməyən bir xanım isə indiyə kimi 600-dən çox evin söküldüyünü qeyd etdi. Bundan sonra da təxminən iki kilometrlik ərazidə söküntü işlərinin aparılacağını söylədi.

Ərazidə yaşamağın dözülməz olduğunu söyləyən Əli adlı “Şanxay” sakini bildirdi ki,  "gecəqondular" qurunt sularının olduğu ərazidə yerləşirdi:

“Yuxarı yarğanlardan süzülən qurunt suları təpəliklərdə yerləşən evləri qəzalı vəziyyətə salmışdı. Onlara da pul verdilər. Kvadrata görə sakinlər müxtəlif qiymətlərlə razılaşmalı oldu. Burada ikimərtəbəli evlər tikənlər də olmuşdu. Ağıllı işi onlar görmüşdülər. İndi də yaxşı pul aldılar. Həmin qiymətə “Radiozvod” tərəfdə iki-üç otaqlı ev alanlar oldu. Bu cür evlərə 1000 yox 1200 manat verdilər. Çünki bələdiyyə sənədləri vardı”.

Fəhlələrlə söhbətimizə davam edirik. Deyirlər ki, pulları vaxtlı-vaxtında verilir. Amma günorta yeməyini öz ciblərindən alırlar. Bu isə onlara sərf etmir.

Sökülən evlərə baxırıq. Elə evlər var ki, iki dəmir yolu relsinin arasında tikilib. Köməkçi dəmir yolu xətləri ilə cəmi bir metr məsafədə yerləşən və daxmalarının çıxışı dəmiryolu xətlərinin üzərinə çıxan evlər də az deyil.

İş icraçıları isə bizə "Şanxay"da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev olduğunu deyir:

“800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. "Şanxay"dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir. Bu da insan həyatı üçün təhlükəlidir”.

Fəhlələr, iş icraçıları söküntü işlərinin konkret nə zaman yekunlaşacağını isə indidən söyləməkdə çətinlik çəkdiklərini söylədilər.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018