Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəblərdə tədris olunan hüquq ədəbiyyatları...
Tarix: 20.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Son illər Azərbaycanda ciddi şəkildə hüquqi islahatlar aparılır. Düzdür, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində müəyyən addımlar atılsa da, bu sahədə nöqsanlar mövcuddur. Bəzi ekspertlərin qənaətincə, problemin aradan qaldırılmaması mütəxəssislərin savadsızlığı ilə bağlıdır. Onların savadsızlığı isə hüquq fakültələrində ədəbiyyatların çatışmaması, tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqələndirilir. Eyni zamanda hüquq fakültələrində dərsliklərin baha qiymətə satılmasının da tələbələr üçün müəyyən çətinliklər yaratdığı bildirilir.
Kitablarda təkrarçılıq var
Hüquq Maarifçilik Cəmiyyətinin hüquqşünası Ruslan Əliyev 2005-ci ildə Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsini bitirdiyini deyir. Onun sözlərinə görə, tələbəlik illərində ixtisası üzrə dərs vəsaitlərinin çatışmaması ən böyük çətinliyi olub. Həmçinin əldə etdiyi ədəbiyyatların müasir standartlara cavab verməməsi də müəyyən problemlər yaradıb: “Düzdür, mən ali təhsilimi 5 ildir başa vurmuşam. Amma hüquq fakültəsində təhsil alan tələbələrlə mütəmadi əlaqələrim var. Onlar hələ də hüquq ədəbiyyatlarının çatışmadığından şikayətlənirlər. Məsələn, bizə tələbəlik dövründə bir dəfə də olsun pulsuz kitab paylanılmadı, hansı müəllif kitab yazırdısa, dəhral bizə satırdılar. Əgər həmin ədəbiyyatlar tədris üçün yararlı olsaydı, şikayətlənməzdim. Xarici ədəbiyyatlarda kitabın yarısı nəzəriyyə, yarısı praktikadır. Bizdə isə başdan-başa ancaq nəzəriyyədir, özü də qəliz cümlələrdən ibarətdir. Dərsliyi açan kimi hiss olunur ki, rus dilindən tərcümədir. Təbii ki, biz də ədəbiyyatı rus dilində oxuduğumuzdan dəhral tərcümələrin hansı dərsliklərdən götürüldüyünü anlayırdıq. Bundan başqa, hüquq ədəbiyyatlarında digər problemlərdən biri şablon və mürəkkəb cümlələrdən istifadə edilməsidir. Onsuz da hüquq çətin elmdir və bu elmin qavranılması üçün sadə, başadüşülən cümlələrdən istifadə olunmalıdır. Hüquq ədəbiyyatlarında hansısa predmetə 30 səhifə həsr edilir. Sabir Allahverdiyev adlı müəllifin yazdığı kitablar adətən 4 cilddən ibarət olur. Bunun səbəbi müəllifin təkrarçılığa yol verməsidir. Lakin hüquq yazarları arasında sanballı materiallar ortaya qoyanlar da var. Vəfaddin İbayevin işgəncələrlə bağlı kitabını qənaətbəxş saymaq mümkündür. Onun yazdığı ədəbiyyatları xarici ekspertlər də bəyənirlər. Çünki V.İbayevin hazırladığı kitablarda beynəlxalq qanunvericilik praktiki olaraq izah edilir. Digər tərəfdən bu müəllifin Ali Məhkəmənin hakimi olması dərsliklərində nəzəriyyə ilə praktikanın balanslaşdırılmasına imkan verib“.
Məhdud seçim imkanları problem yaradıb
Hazırda hansı hüquqi istiqamətlər üzrə ədəbiyyatların çatışmadığına da aydınlıq gətirən R.Əliyev Azərbaycanda ümumiyyətlə sosial təminat qanunvericiliyi sahəsinin işlənilmədiyini vurğuladı: “Bizdə başlıca problemlərdən biri də ekspert çatışmazlığıdır. Çünki sanballı dərslik ortaya qoymaq üçün ilk növbədə yaxşı ekspert olmaq lazımdır. Yəni hüquq elmini sırf nəzəriyyə üzərində tədris etmək effektli deyil. Məsələn, Azərbaycanda əmək hüququnu Alış Qasımov işləyib. Bu müəllifdən sonra bununla bağlı hansısa ədəbiyyat hazırlayan olmayıb. Təbii ki, seçim olmayanda müqayisə etmək imkanları da məhdudlaşır. Bundan başqa, Dövlət hüquq nəzəriyyəsi barədə ədəbiyyat çatışmır. Sözügedən dərslik Xrapanyov adlı alimə məxsusdur. Düzdür, onun kitabı pis deyil. Amma çox köhnədir. Çünki ondan sonra kifayət qədər mükəmməl ədəbiyyatlar hazırlanıb, lakin həmin dərsliklərdən biri də Azərbaycan dilinə tərcümə edilməyib“.
Hüquq ədəbiyyatlarının qalınlığının sirri nədir?
Kitabların baha satılmasının da tələbələr üçün çətinliklər yaratdığını önə çəkən həmsöhbətimiz dərsliklər arasında ən ucuz Seçki Məcəlləsinin olduğunu dedi: “Bu kitabın dəyəri 7 manatdır. Digər ədəbiyyatların qiyməti isə 10 - 25 manat arasında dəyişir. Cinayət Prosessual Məcəllənin qiyməti 15 manatdan başlayır. Təbii ki, kitabın qalınlığı artdıqca qiymət də bahalaşır. Bu baxımdan müəlliflər kitabların qalınlığına üstünlük verirlər“.
Mütəxəssis hüquq ədəbiyyatlarının keyfiyyətinin artırılması üçün beynəlxalq əməkdaşlığı zəruri sayır. Onun sözlərinə istinadən, ölkədə hüquqi islahatların səmərəliliyinin yüksəldilməsi bu sahədə tədrisin keyfiyyətinin artırılması ilə bağlıdır: “Əgər universitetlərarası beynəlxalq təcrübə mübadiləsi aparılsa, müsbət nəticələr əldə edilə bilər. Bu baxımdan sözügedən məsələ istiqamətində əməkdaşlığın artırılması zəruridir“.
“Peşəyə həvəs hər şeyi həll edir“
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məhəmməd İmanlı isə son dövrlər mövcud problemin tamamilə aradan qaldırıldığını bildirir. Onun sözlərinə görə, həyata keçirilən işlər nəticəsində Azərbaycan dilində 50 adda dərslik dərc edilib: “Etiraf etmək lazımdır ki, bizim təhsil aldığımız dövrlərdə ciddi dərslik çatışmazlığı var idi. Yəni hansısa sahəyə aid materialları əldə etmək üçün günlərimizi itirirdik. Belə şərait təhsilin keyfiyyətində də müəyyən problemlər yaradırdı. Çünki savadlı kadr yetişdirməyin əsas faktorlarından biri də lazımi dərsliklərin olmasıdır. Təbii ki, bu məsələdə istedad və peşəyə maraq da mühüm rol oynayır. Bəzən elə situasiyalar olur ki, bir tələbəyə həm universitetdə, həm də ailədə hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, ondan istədiyin nəticəni ala bilmirsən. Yəni əgər tələbədə seçdiyi peşəyə həvəs və maraq varsa, onda şəraitdən asılı olmayaraq özünü doğruldacaq“.
M.İmanlı öz açıqlamasında habelə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun hüquq fakültəsinə xüsusi qayğısının olduğunu da vurğuladı: “Hazırda Azərbaycan dilində dərsliklərin sayının artırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Eyni zamanda fakültənin özünün kriminologiya laboratoriyaları və məhkəmə zalları yaradılıb. Bundan başqa, fakültəmizdə dünya standartlarına cavab verən kitabxana formalaşdırılıb. Həmçinin internet vasitəsilə dünyanın aparıcı universitetlərinin tələbə və müəllim heyəti ilə videokonfranslar təşkil olunur. Digər tərəfdən aparılan islahatlar nəticəsində artıq yerli hakimlər bizim məhkəmə zallarında mühazirələr keçirlər. Təbii ki, fakültəmizin məhkəmə zalları tam olaraq müvafiq standartlara cavab verir. Bununla yanaşı, biz demirik ki, həyata keçirdiyimiz islahatlar dünyanın aparıcı universitetlərinin iş metodunu qabaqlayır. Sadəcə, bildirmək istəyirik ki, bu gün biz dünya universitetlərinə inteqrasiya yolunda uğurla addımlayırıq. Düşünürük ki, yaxın gələcəkdə hər kəs bu uğurların real nəticəsinin şahidi olacaq“.
Əgər kimsə kitab satırsa...
Hüquq ədəbiyyatlarının baha qiymətə satılmasına gəlincə, fakültə dekanı bunu inkar etdi. Onun sözlərinə görə, hazırda hüquq ədəbiyyatlarının qiyməti ilə bağlı hansısa problem yoxdur və dərsliklər tələbələrin ciblərinə uyğundur: “Əslində tədris olunan bütün hüquqi sahələr üzrə dərsliklər bizim kitabxanada mövcuddur. Bundan başqa, hazırda bazar iqtisadiyyatıdır. Əgər kimsə hansısa hüquq ədəbiyyatı hazırlayıb ürəyi istədiyi qiymətə satırsa, bunun bizə nə aidiyyəti var. Yəni oxumaq istəyən tələbə üçün kitabxanada bütün dərsliklərin elektron variantı mövcuddur. Bizim hüquq fakültəsində ümumiyyətlə kitab satılmır. Digər tərəfdən oxuyan tələbəyə müəllim şəxsən özü kitabını bağışlayır. Belə tələbələr üçün hansısa dərslik problemi olmur“.
Hüquq ədəbiyyatlarının çatışmaması barədə irəli sürülən iddialara da aydınlıq gətirən M.İmanlı bu fikirlərin həqiqəti əks etdirmədiyini vurğuladı: “Bizdə elə bir sahə yoxdur ki, ona aid dərslik olmasın. Hətta biz rus dilində də dərslik hazırlayırıq. Demək olar ki, kitab yekunlaşmaq üzrədir. Bu kitabın 4 müəllifi olacaq, onlardan biri də mənəm. Həmin dərsliyin hazırlanmasında Moskva Dövlət Universitetinin hüquq fakültəsinin kafedra müdiri Vladimir Sergeyeviç, Azərbaycanın tanınmış hüquqşünası Firudin Səməndərov kimi müəlliflər iştirak edib. Bu alimlərlə birgə “Azərbaycan cinayət hüququnun ümumi hissəsi“nin sxemlərini hazırlamışıq. Həmin kitabın gələn ilin əvvəllərində nəşr olunması planlaşdırılır“.
Sevinc


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019