Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əcnəbi müəllimlər Azərbaycan universitetlərində
Tarix: 09.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ölkəmizin ali məktəblərində ustad dərslərinə cəlb olunan əcnəbi mütəxəssislərin sayı ilbəil artır

Bu gün Azərbaycanda fəaliyyət göstərən ali məktəblər beynəlxalq əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi ilə yanaşı, xarici ölkələrin nüfuzlu universitetlərindən peşəkar mütəxəssislərin ustad dərslərinə dəvət olunmasına da önəm verirlər. Sevindirici haldır ki, artıq bu sahədə atılan addımlar öz bəhrəsini verməkdədir.

Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə daha keyfiyyətli nəticələr əldə olunması istiqamətində bir sıra əhəmiyyətli işlər görülür. Bu məqsədlə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fullbright proqramı çərçivəsində Lehigh Universitetinin professoru, təhsil üzrə ekspert xanım Jill Sperandio ADPU-ya səfər edib.
Səfər müddətində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorlar, tələbə təşkilatları ilə görüşlər keçirib, Kitabxana-İnformasiya Mərkəzi, Oxu zalı, kompüter və elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuş, fəaliyyətləri ilə maraqlanıb. Görüşlər zamanı ADPU-da aparılan islahatlar, tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər, ali təhsil müəssisəsi kimi qarşıya qoyulan məqsədlər, təhsilin keyfiyyətinin təmin edilməsi məqsədilə istifadə edilən mexanizmlər, eyni zamanda yeni yaradılmış şöbələrin fəaliyyətlərini necə təşkil edəcəkləri istiqamətlərində müzakirələr aparılıb, ADPU tələbələri haqqında müfəssəl məlumatlar verilib. Bunlarla yanaşı, xanım Jill Sperandionun ADPU-da olduğu müddətdə hədəf qruplarda keçirəcəyi nəzərdə tutulmuş səmərəli öyrətmənin ən yaxşı təcrübələrinə dair təqdimatlar və silsilə seminarlar müzakirə olunub.
Qeyd edək ki, Fullbright proqramı çərçivəsində ölkəmizdə səfərdə olan professor xanım Jill Sperandio 4 ay müddətində ADPU-da fəaliyyət göstərəcək.
Fullbright proqramı tədqiqat aparmaq, mühazirələr oxumaq və yaxud birgə mühazirə-tədqiqat aparmaq istəyən müxtəlif elmi dərəcəli tədqiqatçılar, təhsil müəssisələrindən ekspertlər və universitet mühazirəçiləri üçün nəzərdə tutulmuş qeyri-dərəcə, doktorantura sonrası təqaüd proqramıdır. Təqdim olunan mühazirə və ya tədqiqat layihələrinin müddəti 6 aydan çox olmamalıdır. Onu da qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi hər il 5 nəfərə qədər namizəd seçir. Proqram Azərbaycanda oktyabr ayında elan olunur.

Yeri gəlmişkən vurğulayaq ki, bu gün ölkəmizdə fəaliyyət göstərən ali məktəblər müxtəlif mübadilə proqramlarına qoşulmaqla uğurlu beynəlxalq əməkdaşlıq qurublar. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti qoşulduğu Avropa Birliyinin Erasmus+, Türkiyə universitetlərinin Mövlanə mübadilə proqramları üzrə Avropanın müxtəlif ölkələrindən, Türkiyədən, Yaponiyadan mütəxəssislər, xarici universitetlərin və elmi-tədqiqat müəssisələrinin əməkdaşlarını ustad dərslərinə dəvət edib. Belə ki, AzMİU 2013-cü ildən başlayaraq Erasmus- Mundus, 2014-cü ildən Erasmus+ universitetlərarası bağlantısı əsasında Avropanın 10-a yaxın universiteti ilə sıx əlaqədədir. Onlar arasında Fransanın Montpellier, İtaliyanın Pavia, Politecnico Di Milano, Litvanın Vilnüs Gediminas Texniki, Polşanın University Technologiczno Przyrodniczy və Türkiyənin Middle East Texniki universitetlərinin xüsusi yeri var. Mövlanə mübadilə proqramı çərçivəsində isə universitet Türkiyə universitetləri arasında İstanbul, Orta Doğu Texnik, Qazi, Hacettepe, Sakarya, Atatürk, Yıldız Texnik, Qaziantep və digər universitetləri ilə əməkdaşlıq edir.
Azərbaycan Dövlət İqtisad Universiteti isə professor-müəllim heyətinin də beynəlxalq təcrübədən faydalanması üçün imkanlar yaradır. Belə ki, UNEC-də professor-müəllim heyəti üçün növbəti qış məktəbinə start verilib.
UNEC-in akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər il təşkil edilən qış məktəbi bu dəfə “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr olunub. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan qış məktəbində dünyanın nüfuzlu universitetlərinin alimləri – ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio, Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Murat təlimlər keçirlər.

Qış məktəbində UNEC-in yüzdən çox müəlliminə dərs vəsaitləri və mühazirə standartlarının hazırlanması, sillabusların təkmilləşdirilməsi, tədris və iş etikası, dərs prosesində simulyasiya (case study) və nümunəvi təhlil metodlarından istifadə qaydaları barədə ətraflı məlumat veriləcək, bu istiqamətdə Avropa təcrübəsi paylaşılacaq. Alimlərin keyfiyyətli tədqiqat apara bilmələri üçün onlara keyfiyyət, kəmiyyət və kompleks metodlar arasındakı fərqlər göstəriləcək, tədqiqat zamanı hədəf auditoriyaların nəzərə alınması, nüfuzlu beynəlxalq elmi mətbuatda məqalələrin dərc edilməsi prosesi, onlayn məlumat bazaları və vizual təqdimat imkanlarından istifadə qaydaları açıqlanacaq. Qış məktəbini uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.
Bakı Slavyan Universiteti də auditoriyasını xarici mütəxəssislərə açan ali nəktəblərdəndir. Belə ki, bir neçə ay öncə Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri professor Donuta Pleçka, Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman hazırda BSU-da dil, ədəbiyyat, mədəniyyət, tarix, etnoqrafiya və s. fənlər üzrə mühazirələr oxuyublar.
Yeri gəlmişkən, yaxın gələcəkdə ölkəmizin ali məktəblərində ustad dərslərinə dəvət olunan xarici mütəxəssislərinin sayının artacağı gözlənilir. Çünki xeyli vaxtdır ki, Azərbaycanda həyata keçirilən Xaricdə Təhsil üzrə Dövlət Proqramının yeni formatda hazırlanması barədə məlumatlar verilir. Yeni proqrama uyğun olaraq, xaricə əsasən PhD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclərin göndəriləcəyi bildirilir. Amma maraqlı məqamlardan biri də ondan ibarətdir ki, yeni proqram çərçivəsində ölkəmizin ali məktəblərinə dünyanın aparıcı universitetlərindən professor-müəllim heyətinin cəlb edilməsi gözlənilir.

Məsələyə münasibət bildirən təhsil eksperti, professor Şahlar Əsgərov deyib ki, əslində bu cür dəvətlər həmişə olub: “Belə ki, hər gələn alim özü ilə tarixi təcrübə, dünyagörüşü gətirir. Bu baxımdan, bu cür dəvətlər çox əhəmiyyətlidir. Müşahidələr isə onu göstərir ki, bu gün bizdə idarəetmə, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin dəvət olunmasına ehtiyac var. Yəni, inanmıram ki, Azərbaycan tarixini xaricdə gedib daha yaxşı öyrənmək olsun. Heç Azərbaycan dilinin də xaricdə yaxşı öyrənə bilinəcəyinə inanmıram. Yaxşı olar ki, texniki fənlərə üstünlük verilsin. Bundan başqa bizim müəllimlərin xaricdə ixtisaslaşmaya göndərilməsi də çox vacibdir. Düzdür, bizdə həmişə bu təcrübədən istifadə olunub .Yəni, əvvəllər bu cür təcrübə var idi. Həmin təcrübənin təzədən bərpasına ehtiyac var. Məsələn, mən Finlandiya, Danimarka, Moskvada təkmilləşmə kurslarında olmuşam. O cümlədən fizika fakültəsində bu cür təcrübə çox populyardır. Mütəxəssislər bu fürsətdən çox yaxşı istifadə edirlər. Xaricdən müəllim dəvət etməkdən əlavə, bizim müəllimlərin də xaricdə təcrübə kursları keçməsi çox əhəmiyyətli olar. Xaricdən bura alimlərin dəvət olunmasından daha çox bizim alimlərin xaricə getməsinə ehtiyac var. Çünki onlar yenidən Vətənə qayıdacaq və həmin təcrübəni daimi burada bölüşəcəklər. Bu baxımdan bizim alimlərin davamlı olaraq xarici universitetlərin təcrübəsini öyrənməyə göndərilməsi effektiv nəticələr verə bilər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2018
27.05.2018
26.05.2018