Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnklüziv ali təhsil
Tarix: 14.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ölkəmizdə fəaliyyət göstərən universitetlər təhsilin bu modelinin inkişafına töhfə verməyə çalışırlar

Bu gün Azərbaycanda təhsilin əsas prioritetlərindən biri də inklüziv təhsildir. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilə çıxış imkanları genişlənib. Artıq ölkəmizdə fəaliyyət göstərən ali məktəblər də inklüziv təhsilin inkişafına töhfə verməyə çalışırlar.

Azərbaycan Dövlət İqtisad Universitetində “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransda UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi, onların təhsili üçün maneəsiz mühitin yaradılması və bütün dünyada aktual olan inklüziv təhsil vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin edən bütün amillər nəzərə alınıb.
Rektor UNEC-də inklüziv təhsil sahəsində görülən işlərdən bəhs edərək, 2015-ci ildən universitetdə əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət göstərdiyini deyib: “2016-cı ildə sosial şəbəkələr vasitəsilə iqtisadçı olmaq istəyən fiziki məhdudiyyətli gəncləri universitetimizə dəvət etdim. Orada açıq şəkildə bəyan etdim ki, onların fiziki məhdudiyyəti bizim universitetdə təhsil almaları üçün, o cümlədən yaxşı iqtisadçı olaraq yetişmələrində əngəl deyil. Bundan başqa, inşa olunan yeni tədris korpusunda fiziki məhdudiyyəti olan gənclərin təhsil alması üçün zəruri olan dünya standartlarına uyğun şərait yaradılacaq”.

Ə.Muradov UNEC-in inklüziv təhsil sahəsində də dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, UNEC, sadəcə, təhsil verməklə də kifayətlənməyəcək. Yeni qərara əsasən, Startap layihələri olan tələbələrə dəstək veriləcək: “Fiziki məhdudiyyəti olan tələbələrimizin ortaya qoyacağı 3 startap layihəsini UNEC tamamilə maliyyələşdirəcək. Layihənin icrası, reallaşdırılması üçün nə lazımdırsa, təmin ediləcək. Bundan başqa, tələbərin işlə təmin olunması məqsədi ilə də müvafiq tədbirlər düşünülüb. Belə ki, onlar məzun olduqdan sonra elə universitetdəcə işlə təmin olunacaqlar”.
O, Azərbaycanda inklüziv ali təhsildə ikili diplom proqramının ilk dəfə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında həyata keçirildiyini qeyd edib. UNEC-də 26 fiziki məhdudiyyətli tələbənin təhsil aldığına diqqət çəkən Ə.Muradov onlara universitetin ictimai və sosial həyatında da fəal iştirak etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə UNEC-in fiziki məhdudiyyəti olan gənclərə münasibətini xüsusi qiymətləndirib: “İnklüziv təhsil dedikdə, ağla ilk gələn orta məktəblər olurdusa, ilk dəfə ali təhsil məkanında əlillərə doğru addım atan UNEC bu stereotipi dağıtdı”.
H.Rəcəbli ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışaraq, bu sahədə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb. Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunduğunu deyən komitə sədri bununla bağlı hüquqi bazanın yaradıldığını və qanunlarda bu məsələnin təsbit edildiyini bildirib.
Dünya Əngəllilər Vəqfinin (WDU) vitse-prezidenti Necdet Öztürk dünya əhalisinin 15 faizinin fiziki məhdudiyyətli olduğunu diqqətə çatdıraraq, onların təhsil hüququnun qorunmasının vacibliyini qeyd edib. İnklüziv təhsilin xüsusiyyətlərindən danışan N.Öztürk bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmağı tövsiyə edib. O, inklüziv təhsildə UNEC modelinin çox uğurlu olacağına əminliyini ifadə edib.
Məlumat üçün vurğulayaq ki, ötən ilin oktyabrında UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb. Həmin razılaşmaya görə, Azərbaycanda ilk dəfə olaraq UNEC-də həyata keçirilən razılaşmaya əsasən, hər iki universitetin tələbələri UNEC və MDHİU-nun diplomunu əldə etmək imkanı qazanacaqlar. Müqavilənin əsas üstünlüyü UNEC-də təhsil alan fiziki məhdudiyyətli tələbələrin bu proqramda iştirak edə bilməsidir. Onlar təhsillərini MDHİU-da davam etdirərək 4 il ərzində hər iki universitetin diplomunu qazana biləcəklər.

Yeri gəlmişkən, hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub. 2004-cü ildən başlayaraq isə Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülməyə başlayıb. Belə ki, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində inklüziv təhsilin həyata keçirilməsi üçün UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına start verilib. Layihələrin icrası olaraq, 15 ümumtəhsil məktəb, 13 məktəbəqədər təhsil müəssisəsindən 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə də start verilib. İbtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması üçün fəaliyyət planı və yol xəritəsi hazırlanıb. Bu məqsədlə Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçilib.

Bundan başqa, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunma səviyyəsini yüksəltmək məqsədilə ötən ilin sonunda ölkə prezidenti İlham Əliyev tərəfindən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib. Sənəddə Təhsil Nazirliyinə həvalə olunub ki, sözügedən qurum 2018–2020-ci illər ərzində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasını yaratmalıdır. Bundan başqa proqramda nəzərdə tutulub ki, Təhsil Nazirliyi mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasını və nəşr edilməsini təmin etməlidir.
Dövlət Proqramında o da qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb.

Mövzu ilə bağlı fikirlərini açıqlayan Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli də hesab edir ki, əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında ali təhsilin olması vacib şərtlərdən biridir. Onun sözlərinə görə, bu məsələdə ali məktəblərin üzərinə böyük məsuliyyət düşür: “Hazırda inklüziv təhsildə problemlərin aradan qaldırılması ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Təbii ki, bu layihələr təqdir olunmalıdır. Artıq UNEC də daxil olmaqla, ölkənin 6 ali təhsil müəssisəsində beynəlxalq təcrübəyə əsaslanan inklüziv təhsil mərkəzləri yaradılıb. Sözsüz ki, bu kimi addımlar ali təhsil almaq istəyən saglamlıq imkanları məhdud şəxslərin təhsilə çıxış imkanlarını genişləndirir. Gələcəkdə belə mərkəzlərin sayının artırılması əlil vətəndaşlarımızın məşğulluğunun təmin olunmasına müsbət təsir göstərəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018