Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sosial şəbəkələrdə insan hüquqlarının müdafiəsi ciddi problemə çevrilib
Tarix: 14.02.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Azərbaycan həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi demokraik ölkələrdən biridir. Qeyd edək ki, demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyi, bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır.

Bu baxımdan insanların hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, həmçinin onların sosial və siyasi fəallığının artırılması dövlətimizin ən ümdə siyasi xəttinə çevrilib və Azərbaycanın ən ali məqsədi elan edilib. Dünya birliyinin tamhüquqlu üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət yolu seçmiş, insan hüquqları üzrə əsas beynəlxalq konvensiyalara qoşulmuş ölkəmizdə insan haqlarının təmin edilməsi sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Bunun nəticəsidir ki, bu gün dövlətimizdə insan haqları bütün sahələrdə qorunur. Milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşlarımızın hüquqları Konstitusiya çərçivəsində bərabər şəkildə müdafiə edilir.

 

Sosial şəbəkələrdə təhqir və böhtan... Ölümə gedən yolun başlanğıcı

 

Vurğulamaq yerinə düşər ki, fikir azadlığı demokratik cəmiyyətin müüm əsaslarından birini təşkil etməklə onun tərəqqisinin və inkişafının ən zəruri şərtidir. Çünki demokratiya şəraitində fikir azadlığı öz-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan virtual aləmdə fikir azadlığının təminatı önəmli rol oynayır.
Məlimdur ki, son illərdə respublikamızda rabitə və informasiya texnologiyaları sahəsinin yüksək templi inkişafı, mobil rabitəyə əlçatanlığın asanlaşdırılması, yüksək sürətli və keyfiyyətli internetlə təchizatın səviyyəsinin ilbəil yüksəldilməsi, həmçinin internet azadlığının təminatı ölkəmizdə vətəndaşların virtual aləmə marağını artırır və sosial şəbəkələrin istifadəçiləri sırasına qoşulan azərbaycanlıların sayı ilbəil çoxalır. Düzdür, social şəbəkələr və virtual aləm uzaq məsafələrin “yaxınlaşdırılması”, yeni dostların və tanışların qazanılması, dünyagörüşün formalaşması, intellektual səviyyənin təkmilləşdirilməsi və digər məsələlər baxımından müsbət rol oynayır. Ancaq bununla belə son illərdə ölkəmizdə ciddi narahatlıq və narazılıq döğuran məsələlərdən biri də məhz sosial şəbəkələrdə insanların hüquq və azadlıqlarının layqincə qorunmasına əngəl törədən, süni maneələr yaradan çoxsaylı problemlərin mövcudluğu ilə əlaqədardır. Belə ki, sosial şəbəkələrdən cinayət xarakterli əməllərin törədilməsi məqsədilə də istifadə olunması halları mövcuddur və belə hallar durmadan artmaqdadır.
Xüsusilə də sosial şəbəkələrdə müxtəlif təbəqədən olan insanların, o cümlədən ali dövlət qurumlarında vəzifələr tutan şəxslərin hüqüq və azadlıqlarına xələl gətirilən, onların şərəf və ləyaqətini alçaldan təhqiramiz və şər-böhtan xarakterli yazılar, statuslar və rəylər yazılır, fotoşəkillər, kollaj şəkillər və videolar paylaşılır. Üstəlik, son dövlərdə sosial şəbəkələrdə artmaqda olan bu cür neqativ halların bir sıra mənəvi, əxlaqi və fiziki olmaqla, mənfi təsirlər yaratması halları da müşahidə edilir. Hətta ölümlə nəticələnən halların ilkin olaraq sosial şəbəkələrdə təhqir və böhtan səbəbindən başlaması, daha sonra böyüyərək qanlı hadisə ilə nəticələnməsi faktları barədə mətbuatda və televiziyada dəfələrlə məlumatlar yayılıb.
Məsələn, Formula-1 könüllülərinin “My way” (Mənim yolum) adlı tədbirində Formula-1 könüllüsü Nailə Axundzadənin jestləri və çıxışı sosial şəbəkələrdəki bəzi istifadəçilərin kəskin iradına məruz qalıb. Sözüəedən könüllülərin rəsmi səhifəsində paylaşılan videoya o qədər çox tənqid və təhqirdolu şərh gəlib ki, səhifə adminləri videonu siliblər. Bütün şərhlərə cavab yazan Nailəyə o qədər çox tənqid və təhqir gəlib ki, sonda o özünün “Facebook” profilini dondurub. Barəsində yazılan şərhləri oxuyandan sonra halı pisləşən gənc qız üçün təcilli tibbi yardım çağırılıb və o, xəstəxanaya aparılıb. Video da məhz bu səbəbdən silinib.
Digər bir fakta da nəzər salaq. Bakıdakı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə ərizə ilə müraciət edən 1961-ci il təvəllüdlü Nina Nazim qızı İbrahimova bildirib ki, Coşqun adlı şəxs sosial şəbəkələrdə nalayiq sözlərlə təhqir edib, onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Nina İbrahimova intihar edəcəyini deyib. Polis bölməsində onunla profilaktik söhbətlər aparılıb və qadın intihar etmək fikrindən yayındırılıb.

 

Sosial şəbəkələrdə hüquqları pozulanlar məhkəmələrə müraciət etməlidirlər

 

Onu da bildirək ki, son zamanlar “Facebook” sosial şəbəkəsinin bəzi azərbaycanlı istifadəçiləri tərəfindən Azərbaycan hakimiyyətinin əleyhinə bir sıra qruplar yaradılıb. Üstəlik, üzvlərin sayının artırılması üçün həmin qruplara nəinki Azərbaycan, hətta xarici ölkələrin vətəndaşları belə daxil edilirlər. Sözügedən qruplara onlardan xəbərsiz daxil edilənlər sonradan oranı tərk etsələr belə, onların adları yenidən həmin qruplara təkrarən daxil edilir. Bundan əlavə, başqa istifadəçilərin adlarından və profillərindən istifadə etməklə, müxtəlif məlumatlar, linklər, şəkillər və kliplər yayanlar da var. Hətta bəzi istifadəçilər digər istifadəçilərin məlumatlarına, şəkillərinə və kliplərinə münasibət bildirərkən təhqiramiz ifadələr, küçə söyüşləri yazmaqdan belə çəkinmirlər. Təbii ki, bütün bunlar ölkə ictimaiyyətində ciddi narahatlığa və narazılığa rəvac verməyə bilməz. Çünki haqqında bəhs etdiyimiz xoşagəlməz ədalətsizliklərin qurbanları olan “Facebook” istifadəçiləri özlərinin hüquqlarının kobud şəkildə pozulmalarından və bu qanunsuzluq üzündən onlara ciddi zərərlərin dəyəcəyindən narahatdırlar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edir ki, “Facebook”un qoyduğu qayda-qanundan kənara çıxma halları baş verərsə, məsələn, pornoqrafik materiallar yayılarsa, dövlət, eləcə də hər hansı bir vətəndaş təhqir edilərsə, yaxud digər qanunsuzluqlara yol verilərsə, bu, artıq istifadəçinin hüquqlarının pozulması deməkdir: “Bunun üçün iki çıxış yolu var. Birincisi, hüquqları pozulmuş vətəndaşlar mütləq məhkəmə instansiyalarına müraciət etməlidirlər. İkincisi, həmin istifadəçilər üzləşdikləri problemlərlə bağlı “Facebook”un administrasiyasına, yəni, yaradıcılarına məktub yazıb göndərə bilərlər ki, bu şəbəkənin rəhbərliyi də ciddi tədbirlər görsünlər”.
Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri isə bildirirlər ki, “Facebook”da və digər sosial şəbəkələrdə hər hansı bir istifadəçinin hüquqları pozulubsa, o, mütləq hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməklə, öz hüquqlarını bərpa edə bilər: “Qanun pozuntuları ilə bağlı həmin şəbəkələrin yaradıcılarının məlumatlandırılması mütləq vacibdir ki, hər hansı bir istifadəçinin hüquqları pozulmasın».

 

Sosial şəbəkələrdə kimlərisə təhqir və şantaj etmək cinayət əməlidir

 

Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev KİV-ə açıqlamasında bildirib ki, istər həqiqi, istərsə də saxta profillər vasitəsilə sosial şəbəkələrdə kimlərisə təhqir etmək, onların işgüzar nüfuzuna xələl gətirmək, şantaj və böhtan yolu ilə nəyəsə nail olmağa cəhd etmək yolverilməzdir:

“Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda biz görürük ki, sosial şəbəkələrdə müəyyən diniekstremist, separatçı çağırışlar da edilir. Ona görə də Azərbaycan qanunvericiliyində bu cür əməllərin aradan qaldırılması məqsədilə dəyişikliklərin edilməsi, tənzimlənmə mexanizminin işə salınması vacibdir”.
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Natiq Abdullayev isə deyir ki, Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə əsasən, şəxsin şərəf və ləyaqətinin alşaldılması, şəxsin şərəf və ya ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, eləcə də şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinayət əməli sayılır və bu əməli törətmiş şəxs cinayət mühakiməsi qaydasında cəzalandırılır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə böhtan, həmin Məcəllənin 148-ci maddəsi ilə təhqir əməli cinayət əməli kimi təsbit edərək bu cinayət əməllərini sanksiyalaşdırıb: “Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinin tələblərinə görə, bu əməllər kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində, eləcə də kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmaqla törədilə bilər. Mövcud Cinayət Məcəlləsində və digər aidiyyatı qanunlarda şəxsiyyətin şərəf, ləyaqət və işgüzar nüfuzunun qorunması üçün dəqiq mexanizmlər nəzərdə tutulub. Şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi mülki məsuliyyətə səbəb olmaqla yanaşı, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələr də nəzərdə tutulur) yayıldıqda böhtan cinayətinin, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə təhqir cinayətinin tərkibini də yaradır. Sosial şəbəkələrdə hər hansı şəxsin şəxsiyyəti nalayiq formada alçaldıqda, eləcə də ona böhtan atıldıqda həmin şəxsin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilən qaydada xüsusi ittihamçı qismində xüsusi ittiham şikayəti ilə barəsində şikayət edilən şəxsə qarşı onun cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət mühakiməsi qaydasında cəzalandırılması üçün bilavasitə aidiyyatı məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını təmin etdirə bilər.
Göründüyü kimi, qanunla, həmçinin, sosial şəbəkələrdə şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmış, eləcə də böhtana məruz qalmış hər hansı bir şəxsin öz hüquqlarını qorumaq üçün dəqiq üsul və qaydalar müəyyən edilib. Yuxarıda göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, bəzi hallarda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə böhtan atma və təhqir etmə əməllərinin törədildiyini nəzərə alan qanunverici orqan 2016-cı ildə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə etməklə bu cür əməlləri də cinayət hesab edərək sanksiyalaşdırıb. Sözügedən maddənin tələbinə görə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür”.

Təbriz Vəfalı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018