Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mütəxəssislər vergi sistemində dönüş olacağına inanırlar
Tarix: 14.02.2018 | Saat: 19:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Xəbər verdiyimiz kimi, “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfransda vergilər naziri Mikayıl Cabbarov maraqlı açıqlamalar verib, vergi sisemində ediləcək dəyişikliklər, sahibkarlarla münasibətlərin yeni xətt üzrə inkişaf etdiriləcəyini deyib.

Vergilər naziri vergi sistemində şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması istiqamətində aparılan işlər barədə danışıb.
Əksər ekspertlər nazirin açıqlamalarından çıxış edərək bu sahədə həqiqətən vəziyyətin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırırlar.

İqtisadçı və iş adamı Nazim Bəydəmirli deyir ki, bir dəfə tapşırmaqla vergi orqanlarında korrupsiyanın kökünün kəsilməsi çətin görünür, bu yöndə kompleks addımlar atılmalıdır.
Nazim Bəydəmirli nazirin sahibkarların yoxlanılması zamanı “artıq tələblərin qoyulması” ilə bağlı faktların bir daha olmaması tələbini dəstəklədiyini bildirir: “Ancaq bu halın aradan qaldırılmasının yolları fərqlidir. Hər bir vergi ödəyicisinin yanına bir vergi müfəttişi qoymaq olmaz. Ciddi maarifləndirmə aparmaq lazımdır, sahibkarlığa ciddi dəstək olmaq lazımdır. Sahibkarlığın ən böyük problemi vergiyə qədər olan problemlərdir. 15-16 dövlət qurumunun onlardan haqsız ödənişlər tələb etməsidir”.
Nazim Bəydəmirli iş adamı olaraq nazirin çağırışını normal dəyərləndiyini deyir. Ancaq əlavə edir ki, problem təkcə Vergilər Nazirliyində deyil: “Problem ümumi inhisarçılıqdır, məmur sahibkarlığıdır. Ölkədə 570 mindən yuxarı vergi ödəyicisi var. Hamısına eyni gözlə baxılsa, eyni münasibət göstərilsə, vəziyyət dəyişə bilər”.
O, ilk növbədə məmur sahibkarlığının ləğvinin vacib olduğunu qeyd edir: “Sahibkar onun ödədiyi verginin səmərəsiz xərcləndiyini və ya məmur sahibkarlara məxsus şirkətlərin vergidən yayındığını, inhisarla məşğul olduğunu gördükdə doğru-dürüst işləməyəcək”.
Nazim Bəydəmirli vergi sistemində çalışanların maaşların artırılmasını da xüsusi qeyd edir: “Vergi sistemində rəsmi maaş ölkədəki orta aylıq əməkhaqqından ciddi fərqlənmir. O baxımdan maddi təminat yaxşılaşdırılmalıdır”.

İqtisadçı Qadir İbrahimli: “Açığı, hiss etdim ki, nazirin bu istəyi ciddidir, vergi sisteminin normallaşması, əlavə ödənişlərə ehtiyacların aradan qaldırılması, sahibkarların təqib edilməsinə son verilməsi ilə bağlı müəyyən iradə var. Ancaq bəribaşdan bu istəyin, iradənin necə icra ediləcəyi ilə bağlı hökm vermək də olmaz. Hər halda ümid edək ki, bu icra uğurlu olacaq”.
İqtisadçı nazirin çıxışını həm problemlərin, real vəziyyətin analizi baxımından, həm də nazirliyin atacağı addımlar baxımından yüksək səviyyəli adlandırır. Ancaq bir daha qeyd edir ki, konsepsiyanın necə icra ediləcəyi artıq başqa məsələdir: “Problemlərin yoluna qoyulmasından ötrü nazirin dediyi kimi, ilk növbədə, sahibkarlarla partnyorluq münasibətləri qurulmalıdır. Qazaxıstanda, Türkiyədə, Avropa ölkələrində belə bir mühit var. Yəni sahibkar nəyisə səhv də edə bilər. Bu, məqsədli səhv deyilsə, sanksiya tətbiqi doğru deyil. Çalışmaq lazımdır ki, həmin səhv aradan qaldırılsın. Vergi ödəyiciləri vergi ödəməkdə davam etsinlər. İkinci xoşagələn bir cəhət də var. Nazir çıxışında bir neçə dəfə vurğuladı ki, məqsəd, hədəf vergi ödəyicilərinin sayını artırmaqdır. Bununla da vergi dövriyyəsini genişləndirməkdir. Bu da konseptual olaraq düzgün yanaşmadır. Dünyanın heç bir ölkəsində sahibkarı daha çox yükləməklə effektiv vergi sistemi yaratmaq mümkün deyil. Orada bir çox yanaşmalar ortaya qoyuldu, məsələn, əsassız yoxlamaların ləğvi və s. Bunlar tətbiq edilsə, effektiv nəticələr əldə etmək olar”.
Mikayıl Cabbarov nazirliyin vergi sistemi üçün yeni strategiya hazırladığını açıqlayıb. Nazir deyib ki, vergi işçiləri ilə vergiödəyiciləri arasında sağlam münasibətlərin inkişafı əsas hədəflərdən biri kimi nəzərdə tutulur. Beləliklə, ölkədə gizli iqtisadiyyat ləğv edilir, leqal iqtisadiyyata keçilir. Yoxlamalar azalacaq, qara mühasibatlıq ləğv olunacaq, bir sözlə kölgə iqtisadiyyatı aradan qaldırılacaq.

İqtisadçı-ekspert Əli Əhmədov isə deyir ki, əslində kölgə iqtisadiyyatı bütün ölkələrdə var: “Sadəcə, söhbət onun həcmindən gedir ki, nə qədər azdır və çoxdur. Kölgə iqtisadiyyatının aradan qaldırılmasının əsas üsulu vergi və gömrük nəzarətinin artırılmasıdır. Əslində nazir çıxışında bəzi məsələlərə müəyyən qədər aydınlıq gətirib. Bu günə qədər sahibkarların incidilməməsi üçün bəzi məsələlər arxa plana keçmişdi. Bəzi hallarda kassa çeklərinin vurulmamasına göz yumulurdu. Bu addım bütün potensial vergiödəyiciləri ki, var onlardan lazım olan vergini tutmağa yönəlib. Hətta çörəyə görə kassa çeki də vurulmalıdır. Bu düz yanaşmadır və praktikadır. Başda mətbuat olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində vergidən yayınmalar var. Nəzarət ona yönələcək ki, bunlar olmasın. Bununla bağlı aidiyyatı qurumlar stimullaşdırıcı tədbirlər planlaşdırırlar”.
Ekspertin sözlərinə görə, vergidənyayınma hallarından biri də alqı-satqılar zamanı malların qiymətinin artıq və aşağı göstərilməsidir: “Onların rəsmiləşdirilməsi üçün aidiyyatı işçilərin də iştirakı olmalıdır. Əsas məsələ vergidə baş verənlərin gömrükdə də baş verməsidir. Əgər mən xaricdən 100 mal gətirirəm və onun yarısı qeydiyyata düşür, yarısı düşmürsə, bu da vergidən yayınmadır. Bütün bu yayınmaların qarşısını almaq üçün sistem çox yüksək səviyyədə əlaqələndirilməlidir. Ümumiyyətlə, bütün bu tədbirlər kölkə iqtisadiyyatının qarşısını almalıdır. Azərbaycanda qanunsuz sahibkarlıq halları var. Bunlar qeydiyyata düşməyən, amma istehsal olan sahibkarlıqdır. Elə müəssisə var ki, rəsmi göstərişdə 10 malın istehsal edildiyi göstərilir, amma 100 mal buraxır. Bunlara artıq nəzarət artmalıdır. Son vaxtlar bu məsələyə nəzarət azaldığından xeyli problemlər yaranmışdı. Hesab edirəm ki, bu sahədə ciddi dəyişikliklər baş verəcək. Əsas odur ki, mübahisələr ədalətlə həll olunsun və bu yanaşma bütün şirkətlərə şamil olunsun. Yəni bu sahədə ayrı-seçkilik olsa, məsələnin əhəmiyyəti və səmərəsi olmayacaq”.

İqtisadçı Qalib Toğrul nazirin çıxışını və təklifini tarixi bir çıxış kimi qiymətləndirir: “Fikrimcə, nazirin çıxışının ən inqilabi yeri vergi orqanlarının əməkdaşları ilə bağlı oldu. O dedi ki, biz vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda vətəndaş və partnyor görsünlər, hansının ki, vəzifələri ilə yanaşı hüquqları da vardır, hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır.
Nazirin bu bircə cümləsi vergi orqanları ilə vergi ödəyiciləri arasındakı problemlərin mahiyyətini ortaya qoyur. Əslində, bu gələcəklə bağlı vəd olmaqdan çox, mövcud vəziyyətə, öz sələfinin işinə verilən qiymətdir, böyük bir etirafdır. Bugünədək vergi ödəyicilərinə nəinki vətəndaş, hətta deyərdim ki, əksər hallarda insan kimi yanaşılmayıb.
Əgər yeni nazir Mikayıl Cabbarov bu iki tərəf arasında vəd verdiyi kimi sağlam münasibəti qura bilsə, bu, vergi sistemində böyük islahatlara yol açacaq, əksər problemlər avtomatik həll olunacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018