Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“O zaman Dağlıq Qarabağda müəyyən proseslərin qarşısını ala biləcək gücümüz var idi” – Əvəz Həsənov
Tarix: 19.02.2018 | Saat: 17:42:00
Bölmə:Siyasət Müsahibə | çapa göndər

Fevralın 20-də Dağlıq Qarabağda münaqişənin “rəsmi” şəkildə başlanmasından 30 il ötür. 1988-ci il 13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir. 1988-ci il 19 fevralda İrəvanda anti-türk mövqeli mitinq keçirilir. Mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" tələbləri irəli sürülür. 1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilir. 1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Beləcə 30 ildən artıq davam edəcək münaqişənin başlanğıcı qoyulur.

Konfliktoloq Əvəz Həsənov hafta.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində keçdiyi yola nəzər salıb. Ekspert bildirib ki, o zaman bizim Dağlıq Qarabağdakı müəyyən proseslərin qarşısını ala biləcək gücümüz var idi. Lakin o vaxtkı rəhbərliyimiz bunu etmədi:

-Əvəz bəy, o vaxt yenicə alovlanan münaqişənin vaxtında qarşısını almaq imkanlarımız nə dərəcədə idi? Alovlanan münaqişəni yerindəcə söndürmək mümkün idi yoxsa ...?

- Dağlıq Qarabağ ictimaiyyətinin, xüsusən də Dağlıq Qarabağ Partiya İcrayə Komitəsinin belə bir qərarının qarşısının alınmaması o vaxtkı Azərbaycan rəhbərliyinin zəifliyindən və hadisələri düzgün qiymətləndirə bilməməsindən irəli gəlir. Yəni, həmin tarixi sənədlərə yenidən baxanda qənaətim budur ki, Dağlıq Qarabağda yaşayan əhali və Dağlıq Qarabağ Partiya İcrayə Komitəsi ilə Azərbaycan Mərkəzi Komitəsinin o vaxtkı ölkə rəhbərliyi ilə daimi təmaslarda olmayıb. Onlarla epizodik təmaslar olub. Ona görə də Dağlıq Qarabağda hadisələr bizim gözləmədiyimiz vəziyyətə gəlib çatıb. Təsəvvür edin ki, 140 nəfər Dağlıq Qarabağ Muxtar Vilayətinin Rəyasət Heyətinin üvzündən cəmi 30-u azərbaycanlı, türk idi. 110 nəfəri erməni idi. Deməzdim ki, biz həlledici səsə malik idik. Ancaq o zaman bizim Dağlıq Qarabağdakı müəyyən proseslərin qarşısını ala biləcək gücümüz var idi. Bizim o vaxtkı rəhbərliyimiz bunu etmədi. Vəziyyət o haddə gəlib çatdı ki, hətta Dağlıq Qarabağa səfər edən Mərkəzi Komitənin baş katibi Kamran Bağırov belə partiya fəallarının iclasından çox biabırçı şəkildə çıxaraq Xankəndini tərk etdi. Bütün bunların hamısı baş verəndən sonra demək olar ki, erməni silahlıları daha da aqressivləşdi. O vaxt bütün proseslər erməni diasporası tərəfindən qızışdırılırdı. Erməni diasporu çalışırdı ki, Dağlıq Qarabağ türklərə qarşı yeni təhdid forması olsun. Onlar da Dağlıq Qarabağı zəif bir yer kimi seçmişdilər.

- Niyə məhz Dağlıq Qarabağ?

- Çünki erməni diasporu Türkiyəyə qarşı açıq mübarizədə çox zəif idi. Çünki hələ 1967-ci ildə “genosidlə” bağlı söz-söhbət başlamışdı. Ancaq türklərə qarşı onların təzyiqləri çox zəif idi. O qədər də təzyiq göstərə bilmirdilər.Məhz bu səbəbə görə, Azərbaycanı zəif nöqtə kimi tapmışdılar. Demək olar ki, diasporanın böyük dəstəyi ilə, Dağlıq Qarabağdakı ermənilərin özlərinin bir o qədər həvəsi olmadan bu proses başladıldı. Ermənistandan Dağlıq Qarabağa silahlı dəstələr cəlb olunur, xaricdən hərbi komandirlər dəvət edilirdi. Ermənistanda təlim keçdikdən sonra onlar Dağlıq Qarabağa göndərilirdilər. Hətta bəzən elə olurdu ki, Dağlıq Qarabağın kəndlərində həmin o dəstələri dəstəkləməyənlər də olurdu. Sonrada həmin sadə insanlarla erməni hərbçiləri öz haqq-hesablarını “çürüdürdülər”. Ancaq Dağlıq Qarabağda həmin silahlı dəstələrə yerli əhali bir o qədər də dəstək olmayıb. Bütün bunların hamısı həmin bölgələrdə ermənilərdən ibarət silahlı qruplaşmaların formalaşmasına gətirib çıxardı. Ermənilərin əllərində avtomat və pulemyotlar olduğu halda, Azərbaycan əhalisindən ov tüfənglərini də yığdılar. O zamankı Azərbaycan Kommunist Partiyası rəhbərliyinin qorxaqlığı və demək olar ki, hadisələri düzgün dəyərləndirə bilməməsi erməni silahlılarının azərbaycanlıları Şuşada və ətraf rayonlarda, kəndlərdə, Dağlıq Qarabağın müxtəlif nöqtələrində öldürməsinə, yaralamasına gətirib çıxardı. Dağlıq Qarabağda 47 minlik azərbaycanlı əhali var idi. Bu qədər əhali ermənilərin qarşısında əliyalın vəziyyətdə qaldı. 1988-ci ildən başlayaraq, Ermənistandan olan qaçqınların çoxalması, sonra baş verən hadisələr, 1989-cu ilin sonları, 1990-cı ilin əvvəllərində Bakıda baş verənlərin hamısı imkan verdi ki, Dağlıq Qarabağdakı silahlı birləşmələr oradakı Azərbaycan türklərini sıxışdırsınlar.

- Nəticədə biz nə itirdik?

- Baş verənlər 47 minlik azərbaycanlı əhalinin Dağlıq Qarabağdan qovulmasına gətirib çıxardı. Faktiki olaraq biz Dağlıq Qarabağı əldən verdik, itirdik. Eyni zamanda, beynəlxalq aləmdə ermənilərin informasiya təbliğatı böyük olduğu halda, biz həm zəif, həm də dünya görüşümüzün yüksək olmadığı bir dövrdə onlarla döyüşə girdik. Onlar Dağlıq Qarabağ münaqişəsinə bizdən çox – çox əvvəl hazırlaşmışdılar. Ermənilərin güclü informasiya dəstəyi, güclü lobbiləri var idi. Misal üçün, Xankəndində baş verən hər hansı bir hadisə səhəri gün  Parisdə, Nyu-Yorkda – bütün beynəlxalq qəzetlərdə, agentliklərdə dərc olunurdu. Yəni, ermənilər bu müharibəyə çox güclü şəkildə hazırlaşmışdılar.

- Bizim o dövrdə münaqişə çevrəsində hərətərfli itkilərimiz nədən qaynaqlanırdı?

- Bizim hərtərəfli itkilərimiz hazırlığımızın olmamasından qaynaqlanırdı. Sonralar isə Bakıda hakimiyyət davası vəziyyəti bizim əleyhimizə daha da qəlizləşdirdi. Faktiki olaraq, Azərbaycan Mərkəzi Komitəsi Ayaz Mütəllibov hakimiyyətə gələndən sonra müəyyən qədər özünü toparlamışdı. Yəni, əvvəlki katiblər Kamran Bağırovun, Əbdürrəhman Vəzirovun Dağlıq Qarabağda cərəyan edən hadisələrdən xəbərləri yetərincə deyildi. Çünki Bağırov “kadrovik” partiya işçisi, Vəzirov isə diplomat idi. Bu baxımdan, onların proseslərə bir o qədər təsiri yox idi. Mütəllibov gələndən sonra Azərbaycan müəyyən qədər özünü toparlaya bilmişdi. Rəsmi Bakı müəyyən qədər ermənilərə cavab verirdi. Yaxud, Mütəllibovun ermənilərlə danışıqlara getməyini misal gətirmək olar. Mütəllibov Moskva ilə də danışıqlar aparırdı. Çalışırdı ki, vəziyyəti normallaşdırsın. Hətta Mütəllibovun ən böyük işi “Həlqə” adlı əməliyyatı keçirmək oldu. Bildiyimiz kimi, 1991-ci ildə ermənilər SSRİ-nin saxlanmasına “yox” dedilər. Azərbaycan isə “hə” demişdi. Bu baxımdan da Azərbaycan demək olar ki, tam mənada Moskvanın dəstəyini aldı. Bundan istifadə edən Ayaz Mütəllibov Moskva “OMON”unu, milisini cəlb etməklə, bütün silahlı qruplaşmaları Dağlıq Qarabağdan çıxardı. O, çox qısa müddətdə Dağlıq Qarabağın bütün nöqtələrində silahlı qüvvələrin azaldılmasına nail olmuşdu.

- Bəs sonra nə baş verdi?

- Sonra Bakıda hakimiyyət davası başladı. Konteksi başa düşmədən Azərbaycan Xalq Cəbhəsi ölkəmiz üçün taleyüklü bir dövrdə mitinqlərə başladı. 1991 –c ilin fevralın 11-də Dağlıq Qarabağdakı ermənilər Azərbaycandan ayrılmaları ilə bağlı sənəd qəbul edirlər. Bakıda isə hakimiyyət davası gedirdi. Demək olar ki, Mütəllibovun bütün imkanlarını əllərindən aldılar. Ayaz Mütəllibov Dağlıq Qarabağdakı silahlı dəstələrin tərk silah edilməsinə, zərərsizləşdirilməsinə nail olmuşdu. 1991-ci ilin oktyabrında “Həlqə” əməliyyatı yekunlaşdı. 1992-ci ildə artıq AXC Ayaz Mütəllibovun istefasını tələb edir. 1992-ci ilin fevralın 14-ü və 15-də Mütəllibovun prezident postundan istefasını tələb edir. Ermənilər isə fevralın 17-də Qaradağlı soyqırımını törədirlər, kəndi işğal edirlər. Həmin vaxt bizim Mərkəzi Komitə və Xalq Cəbhəsi ermənilərin növbəti həmlədə Xocalını işğal edəcəyini dəyərləndirə bilmirlər. O vaxt heç kim bu informasiyanı dəqiqləşdirmək istəmirdi. Yəni, fevralın 18-də Mütəllibovun istefası ilə bağlı Ali Sovetin iclası keçirilir. Fevralın 26-da isə Xocalı soyqırımı törədilir və ermənilər bu yaşayış məntəqəmizi də işğal edirlər. Martın 6 da isə Ali Sovetin sədri Elmira Qafarova və prezident Ayaz Mütəllibov istefaya gedir. Yəni, Azərbaycanda bu cür çətin bir məqamda, Dağlıq Qarabağda isə strateji obyektlərin işğal olunduğu bir zamanda ölkəmizdə hakimiyyət davası bütün itkilərimizin əsasını təşkil edir. Məncə insanlarımız bilməlidirlər ki, hakimiyyət davası Azərbaycan torpaqlarının itirilməsinə ziyan vurdu. Nəticədə, 30 ildən sonra bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Bizim Dağlıq Qarabağa qayıtmaq perspektivimiz çox dumanlı görünür. Təbii ki, Azərbaycan işğal olunmuş əraziləri geri qaytarmaq üçün əlindən gələni edir və edəcək. 

- Bəs yaxın vaxtlarda soydaşlarımızın həmin ərazilərə qayıdışı təmin olunarsa, bizi Dağlıq Qarabağda nələr gözləyir?

- Təbii ki, sabah biz Dağlıq Qarabağa qayıdası olsaq belə, indi həmin ərazilərdə ermənilərin imkanları daha güclüdür. Biz artıq erməni əhalisinin qaydaları ilə barışacağıq. Ona görə də bizim böyük bəlamız odur ki, lazım olan anda özümüzü toplaya bilmədik. Halbuki, ermənilərdə tamam fərqli proseslər gedirdi. Onlar Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında hamısı o zamankı prezidentləri levon ter Petrosyanın ətrafında sıx birləşmişdi. Hətta  o, kosmopolit bir insan idi və millətçilər onu bir o qədər də qəbul etmirdi. Petrosyan millətçilər üçün maraqsız insan olsa belə, bu heç nəyi dəyişmədi. Qarabağ klanı da Petrosyanı qəbul etmirdi.

- Bunun köklü səbəbləri var idimi?

- Dağlıq Qarabağ klanında təmsil olunanlar fikirləşirdi ki, Ter Petrosyan, Dəmirçiyan Azərbaycan hökuməti ilə danışıqlara gedə bilər. Xüsusilə Heydər Əliyevlə Dəmirçiyan uzun müddət Mərkəzi Komitə tabeliyində bir yerdə işləmişdilər. Erməni millətçiləri də hesab edirdi ki, Heydər Əliyev erməni elitası ilə danışığa gedərək torpaqların qaytarılmasını tezləşdirə bilər. 1991-93-cü illərdə isə onlar Ter Petrosyanın ətrafında sıx birləşmişdilər. Çünki həmin vaxt onlar üçün Dağlıq Qarabağın taleyi vacib idi. Təssüf ki, bizdə bunu başa düşmədilər. Nə Azərbaycan milli hərəkatının fəalları, nə də mərkəzi komitənin o zamankı üzvləri bunu başa düşmədilər.

- Sizdə məlumatlar varmı, 30 il ərzində Azərbaycana işğalın vurduğu ziyanın həcmi nə qədərdir?

- Vaxtilə azərbaycanlı iqtisadçılar Eldar İsmayılov və Nazim İmanov bu barədə kitab çıxarmışdılar. Post konflikt dövründə Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin rekonstruksiyası ilə bağlı olan həmin kitabda bütün işğal olunmuş ərazilərimizin, eləcə də Dağlıq Qarabağın bərpası üçün 30 milyard dolların lazım olacağını qeyd etmişdilər. Əhalinin və dövlətin itkilərini hesablasaq, bu real rəqəmlərdir. Əhalinin itkilərinin tam sənədləşdiriməsi haqda məndə məlumat yoxdur. Hər halda rekanstruksiya üçün böyük rəqəm deyil. Bundan başqa, Azərbaycan 500 milyon kvadrat metr ərazini minadan təmizləməlidir. Dünyada ən ucuz mina təmizlənməsi səhra şəraitində aparılır və bir kvadrat metri dörd–beş dollardır. Təsəvvür edin ki, çətin relyefi olan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin minalardan təmizlənməsi üç-dörd dəfə çox baha başa gələcək. Bunlar da dəymiş ziyanın bir hissəsidir. Neçə onilliklər lazımdır ki, biz həmin əraziləri minalardan təmizləyək və insanların oraya qayıtmasını təmin edək. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA