Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qarabağ münaqişəsi 30 - itirilənlər və qazanılanlar...
Tarix: 20.02.2018 | Saat: 13:34:00
Bölmə:Araşdırma | çapa göndər

Bu gün Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il ötür. Aktiv fazasını 1988-1994-cü illərin əhatə etdiyi münaqişə zamanı işğalçı Ermənistan silahlı bölmələri tərəfindən üç soyqırım aktı gerçəkləşdirilib. Xocalı, Qaradağlı və Ağdaban soyqırımları erməni vandalizminin əsas nümunələri kimi dünyanın soyqırım tarixinə keçib. Qayıdaq 1988-ci ilə. Hadisələrin qığılcımdan alovlanma mərhələsinə.  

1988-ci ilin fevral olayları...

1988-ci il 13 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir. 1988-ci il 19 fevralda İrəvanda antitürk mövqeli mitinq keçirilir. Mitinqdə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" tələbləri irəli sürülür.

Bakı Xankəndində erməni təxribatlarına daha hay-küylü cavab verir. 1988-ci il 19 fevralda Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilir. 1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Beləliklə Dağlıq Qarabağ münaqişəsi “rəsmən” başlayır.

İlk tələfatlar... ilk qan...

1988-ci il 22 fevralda Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən gülləbaran edilir. 2 nəfər yeniyetmə Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır. 23 fevral 1988-ci ildə Vilayət partiya komitəsinin birinci katibi B.Gevorkov vəzifəsindən azad edilir, onun yerinə Genrix Poqosyan təyin olunur. 1988-ci il 28-29 fevral tarixində Sumqayıtda ermənilər tərəfindən təxribat xarakterli qırğınlar törədilir, 26 erməni, 6 azərbaycanlı öldürülür.

1988-ci il 14 mayda Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir. 1988-ci il 16 mayda ermənilər Xankəndində bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər. 1988-ci il 16 mayda Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, Ermənistandan gələn emisarların oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir.

1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1988-ci il 24 iyunda Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir.

1988-ci il 18-21 sentyabrda Xankəndində azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir. 1988-ci il 21 sentyabrda Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur.

Bəs bütün bunların qarşısını ilk günlərdən almaq mümkün idimi? 1987-ci ilin noyabrında erməni “akademik” Aqanbekyanın “Le Humanite”yə verdiyi müsahibədən sonra başlayan narahatlıqların mitinqlər müstəvisinə keçmədən qarşısını almaq olardımı? Moskvaya bağlı olan Bakının bu məsələdə müstəqil qərar qəbul etmə imkanları nə qədər idi?

Təbii ki, suallar çoxdur. Cavablar isə müəyyən qədər pərakəndəlik təşkil edir. Çünki indi işğala məruz qalmış ölkədə 30 il sonra baxışlar yenə də fərqli bucaqlar və rakurslar üzərindədir. Konfliktoloq Əvəz Həsənov hafta.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ ictimaiyyətinin, xüsusən də Dağlıq Qarabağ Partiya İcrayə Komitəsinin belə bir qərarının qarşısının alınmaması o vaxtkı Azərbaycan rəhbərliyinin zəifliyindən və hadisələri düzgün qiymətləndirə bilməməsindən irəli gəlir:

“Yəni, həmin tarixi sənədlərə yenidən baxanda qənaətim budur ki, Dağlıq Qarabağda yaşayan əhali və Dağlıq Qarabağ Partiya İcrayə Komitəsi ilə Azərbaycan Mərkəzi Komitəsinin o vaxtkı ölkə rəhbərliyi ilə daimi təmaslarda olmayıb. Onlarla epizodik təmaslar olub. Ona görə də Dağlıq Qarabağda hadisələr bizim gözləmədiyimiz vəziyyətə gəlib çatıb. Təsəvvür edin ki, 140 nəfər Dağlıq Qarabağ Muxtar Vilayətinin Rəyasət Heyətinin üvzündən cəmi 30-u azərbaycanlı, türk idi. 110 nəfəri isə erməni. Deməzdim ki, biz həlledici səsə malik idik. Ancaq o zaman bizim Dağlıq Qarabağdakı müəyyən proseslərin qarşısını ala biləcək gücümüz var idi. Bizim o vaxtkı rəhbərliyimiz bunu etmədi”.

Əvəz Həsənovun sözlərinə görə, o vaxt bütün proseslər erməni diasporası tərəfindən qızışdırılırdı:

“Vəziyyət o haddə gəlib çatdı ki, hətta Dağlıq Qarabağa səfər edən Mərkəzi Komitənin baş katibi Kamran Bağırov belə partiya fəallarının iclasından çox biabırçı şəkildə çıxaraq Xankəndini tərk etdi. Bütün bunların hamısı baş verəndən sonra demək olar ki, erməni silahlıları daha da aqressivləşdi. Erməni diasporu çalışırdı ki, Dağlıq Qarabağ türklərə qarşı yeni təhdid forması olsun. Onlar da Dağlıq Qarabağı zəif bir yer kimi seçmişdilər”.

Niyə məhz Dağlıq Qarabağ?

Konfliktoloq Əvəz Həsənov bu suala özünəməxsus şəkildə cavab verməyə çalışır. Deyir ki, burada əsas məsələ Azərbaycan yox, məhz Türkiyə olub. Ona görə ki, “Qarabağ planı”nın müəllifi Ermənistandakı və Dağlıq Qarabağdakı ermənilər yox, xaricdəki lobbi nümayəndələri idi. Hətta müsahibim hadisələrin ilk aylarında xaricdən gətirilən erməni silahlı dəstələri ilə yerli əhali arasında münasibətlərin bir o qədər yaxşı olmadığını deyir:

“Erməni diasporu Türkiyəyə qarşı açıq mübarizədə çox zəif idi. Çünki hələ 1967-ci ildə “genosidlə” bağlı söz-söhbət başlamışdı. Ancaq türklərə qarşı onların təzyiqləri çox zəif görünürdü. O qədər də təzyiq göstərə bilmirdilər. Məhz bu səbəbə görə, Azərbaycanı zəif nöqtə kimi tapmışdılar. Demək olar ki, diasporanın böyük dəstəyi ilə, Dağlıq Qarabağdakı ermənilərin özlərinin bir o qədər həvəsi olmadan bu proses başladıldı. Ermənistandan Dağlıq Qarabağa silahlı dəstələr cəlb olunur, xaricdən hərbi komandirlər dəvət edilirdi. Ermənistanda təlim keçdikdən sonra onlar Dağlıq Qarabağa göndərilirdilər. Hətta bəzən elə olurdu ki, Dağlıq Qarabağın kəndlərində həmin o dəstələri dəstəkləməyənlər də olurdu. Sonrada həmin sadə insanlarla erməni hərbçiləri öz haqq-hesablarını “çürüdürdülər”. Ancaq Dağlıq Qarabağda həmin silahlı dəstələrə yerli əhali bir o qədər də dəstək olmayıb”.

Bütün bunlara baxmayaraq, həmin bölgələrdə ermənilərdən ibarət silahlı qruplaşmaların formalaşması sürətlə başa çatdırılır.  Ermənilərin əllərində avtomat və pulemyotlar olduğu halda, Azərbaycan əhalisindən ov tüfənglərini də yığılır. O zamankı Azərbaycan Kommunist Partiyası rəhbərliyinin qorxaqlığı və demək olar ki, hadisələri düzgün dəyərləndirə bilməməsi erməni silahlılarının azərbaycanlıları Şuşada və ətraf rayonlarda, kəndlərdə, Dağlıq Qarabağın müxtəlif nöqtələrində öldürməsinə, yaralamasına gətirib çıxarır:

“Dağlıq Qarabağda 47 minlik azərbaycanlı əhali var idi. Bu qədər əhali ermənilərin qarşısında əliyalın vəziyyətdə qaldı. 1988-ci ildən başlayaraq, Ermənistandan olan qaçqınların çoxalması, sonra baş verən hadisələr, 1989-cu ilin sonları, 1990-cı ilin əvvəllərində Bakıda baş verənlərin hamısı imkan verdi ki, Dağlıq Qarabağdakı silahlı birləşmələr oradakı Azərbaycan türklərini sıxışdırsınlar”.

Sonrakı hadisələrin ardıcıllığı məlumdur; 12 may 1994 –cü il Bişkek protokolundan sonra tərəflər arasında atəşkəs imzalandı. Atəşkəs müqaviləsindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində işlərə başlandı.

ATƏT-in Lissabon zirvəsində, eləcə də bir sıra beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə tanındı.  

30 il ərzində Azərbaycana işğalın vurduğu ziyanın həcmi nə qədərdir?

2012-ci ildə “Qaçqınkom”un sədri Əli Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş ziyanın rəqəmlərini açıqlayır. Bu rəqəmlər dəqiqləşdirilməsə də, rəsmi rəqəmlər hesab edilir. Əli Həsənovun altı il əvvəl açıqladığı rəqəmlər təxminən yüz milyard dollar həcmində göstərilir:

Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəyən ziyanın miqdarı 100 milyard dollardan artıqdır. Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində heç bir güzəştə getməyəcək. Bu, böyük həcmdə bir vəsaitdir. Əgər 10 il əvvəl bu məbləğ 60-70 milyard dollar idisə, artıq bu vəsait 100 milyard dolları artıqdır”.

Konfliktoloq Əvəz Həsənov isə deyir ki, bir neçə il bundan  əvvəl azərbaycanlı iqtisadçılar Eldar İsmayılov və Nazim İmanov bu barədə kitab çıxarmışdı. Post konflikt dövründə Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin rekonstruksiyası ilə bağlı olan həmin kitabda bütün işğal olunmuş ərazilərimizin, eləcə də Dağlıq Qarabağın bərpası üçün 30 milyard dolların lazım olacağını qeyd etmişdilər:

“Əhalinin və dövlətin itkilərini hesablasaq, bu real rəqəmlərdir. Əhalinin itkilərinin tam sənədləşdiriməsi haqda məndə məlumat yoxdur. Hər halda rekanstruksiya üçün böyük rəqəm deyil. Bundan başqa, Azərbaycan 500 milyon kvadrat metr ərazini minadan təmizləməlidir. Dünyada ən ucuz mina təmizlənməsi səhra şəraitində aparılır və bir kvadrat metri dörd–beş dollardır. Təsəvvür edin ki, çətin relyefi olan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin minalardan təmizlənməsi üç-dörd dəfə çox baha başa gələcək. Bunlar da dəymiş ziyanın bir hissəsidir. Neçə onilliklər lazımdır ki, biz həmin əraziləri minalardan təmizləyək və insanların oraya qayıtmasını təmin edək”.

Qarabağ Azadlıq Təşkilatının partizan müharibəsi təklifi

18 yanvar 2002-ci ildə  Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Qarabağ mitinqi keçirilir. Yenə də işğal olunmuş torpaqların yalnız hərbi yolla azad edilə biləcəyi ilə bağlı tələblər qoyulur. Əslində bu aksiya əvvəlki mitinqlərin davamı olsa da, kifayət qədər hərəkətli 2003-cü il üçün bir hazırlıq mərhələsi idi. Bundan bir il sonra - 22 fevral 2003-cü ildə  Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımın ildönümünə həsr edilmiş mitinq keçirilir.

13 avqust 2003-cü ildə Qarabağda partizan hərəkatını başlamaq üçün dəstə yaratmış bir qrup gənc həbs edilir.  Əslində bu Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan azərbaycanlı icmanın torpaqlarının itirilməsi ilə barışmamaq istəyinin aydın təzahürü idi.

8 may 2004-cü ildə - Şuşanın işğal günü Qarabağ Azadlıq Təşkilatı Qarabağa dinc yürüş həyata keçirir, yürüş iştirakçıları Azərbaycan əsgərlərinin səngərlərinə qədər çatır və orada mitinq keçirirlər. 22 iyun 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı erməni zabitlərinin Bakıda keçirilən NATO konfransına dəvət olunmasına etiraz olaraq, həmin konfransın keçirildiyi "Avropa" otelinin qarşısında etiraz mitinqi keçirir, mitinq iştirakçılarından bir qrup otelə daxil olur, konfransın işi dayandırılır. QAT üzvlərindən 6 nəfər həbs olunur. NATO rəhbərliyi Bakıda Ermənistan hərbçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri ləğv etmək məcburiyyətində qalır.

Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkəni hansı beynəlxalq layihələrdən kənarda qoydu?

Atəşkəs dövründən sonra Ermənistanla Azərbaycan arasındakı iqtisadi fərq əks istiqamətdə dəyişməyə başladı. Rəsmi Bakı neft və qaz amilindən məharətlə yararlanmağa çalışdı. Bir sıra beynəlxalq enerji lahiyələri Azərbaycan üzərindən Qərbi Avropaya, Rusiyaya istiqamətləndi. İşğal faktı Ermənistanı çoxşaxəli layihələrdən kənarda qoydu.

Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənməkdədir, ikitərəfli, çoxtərəfli, eyni zamanda üçtərəfli formatda bizim nailiyyətlərimiz daha da artmaqdadır. Bu isə özü-özlüyündə Ermənistanın təcrid vəziyyətinin daha da dərinləşməsinə gətirib çıxarır. Ermənistanın yeritdiyi işğalçılıq siyasəti ucbatından düşdüyü blokada vəziyyəti daha da dərinləşir. Elə bir vəziyyət yaranıb ki, Ermənistan Azərbaycanın təşəbbüskarı olduğu bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Beləliklə, Azərbaycan regionda güclənir, Ermənistanın təcridi isə dərinləşməkdədir. Ekspertlər hesab edir ki, belə davam edərsə, bu ölkənin iflası son dərəcə real olacaq. Ukraynalı politoloqların fikrincə Ermənistanın əsas problemi heç də Dağlıq Qarabağ münaqişəsi deyil, onların bir nömrəli problemi bu ölkənin suverenliyinin, müstəqilliyinin əlindən getməsidir.

Ekspert Rəşad Həsənovun sözlərinə görə, işğalçı ölkə Azərbaycanla münaqişə səbəbindən həm Ankara, həm də Bakı ilə diplomatik əlaqələr qurmaq imkanını itirib. Eyni zamanda, hər iki ölkə tərəfindən iqtisadi blokada ilə üzləşib. Bu blokada ölkənin əsas ticari və iqtisadi tərəfdaşı olan dövlətlərlə iqtisadi münasibətlərini tamamilə “0” səviyyəsinə endirib:

“Bu da Ermənistanda məşğulluq probleminin həllinə böyük çətinliklər yaradıb. Həmçinin ixrac potensialına da öz mənfi təsirlərini göstərməkdədir. Nəzərə alaq ki, sovetlər birliyi dönəmində Azərbaycan Ermənistanın əsas ixrac tərəfdaşı olub. Təxminən ötən əsrin 80-ci illərin əvvəllərində Azərbaycana ixrac olunan məhsulların həcmi demək olar ki, Ermənistanın ümumi ixracının 30 faizə yaxınını təşkil edirdi. Amma bu gün işğalçı Ermənistan həmin imkanları əldən verib. Onu da qeyd edim ki, bazar iqtisadiyyatına keçid dövründən sonra Türkiyə region ölkələri – Azərbaycan, Gürcüstan üçün ən böyük xarici ticarət tərəfdaşı və iqtisadi əməkdaşı olub. İşğal faktına görə, Ermənistan bu imkanlardan da yararlana bilməyib. Türkiyə iqtisadiyyatının potensialından, investisiya imkanlarından məhrum qalıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın geostrateji mövqeyi Azərbaycanla Avropa arasında mərkəz olma imkanı yaradırdı. Amma yenə də Dağlıq Qarabağ münaqişəsi səbəbindən İrəvan rəsmi Bakının iştirak etdiyi bütün beynəlxalq layihələrdən kənarda qaldı. Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələrini də buraya daxil etmək lazımdır. 2017-ci ilin son aylarında istismara verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xəttindən kənarda qalmasını bunun üzərinə gəlsək Ermənistanın kifayət qədər tranzit gəlirlərdən məhrum qaldığını söyləyə bilərik. Bu proses fonunda tranzit gəlirlərindən ən çox mənfəəti Ermənistanın yerinə Gürcüstan əldə edib. Uzun illərdir ki, Azərbaycanın enerji layihələrindən Gürcüstan kifayət qədər mənfəət əldə edir”.

Sülh, yoxsa müharibə?

Azərbaycanlı ekspertlərin Dağlıq Qarabağ münaqişəsinin kökündən həlli istiqamətində fikirləri birmənalı olmasa da, müharibə amili üstündə dayananlar daha çoxdur. Bir çox millət vəkilləri, ictimaiyyət nümayəndələri sülh danışıqlarının heç bir fayda verməyəcəyini deyirlər.  Millət vəkili Araz Əlizadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müharibədən keçir:

“Ümumiyyətlə, münaqişənin sülh yolu ilə həllini görmürəm. Münaqişə ancaq hərb yolu ilə həll ediləcək. İndiyə qədər tarixdə müharibə yolu ilə işğal olunmuş torpaqlar heç zaman sülh yolu ilə geri qaytarılmayıb. Artıq bizim güclü ordumuz var. Ali baş komandanın əmri olan kimi ordumuz öz vəzifəsini yerinə yetirəcək. Yaxın vaxtlarda müharibənin başlayıb başlamayacağını bilmirəm”.

Millət vəkili Aqil Abbasın sözlərinə görə, 30 il sonra baxdıqda görürük ki, Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb. Əhalisi, əsasən də gənclər ölkəni tərk edib. Çünki işğalçı ölkədə yaşayış imkanları çox aşağıdır:

“Amma bununla yanaşı, Ermənistan müvəqqəti də olsa 20 min kvadrat kilometr torpaq qazanıb. Əvvəl Ermənistanın ərazisi 29 min kvadrat kilometr idi. İndi işğalçı ölkənin “ərazisi” 54 min kvadrat klometrdir. İtirdikləri ilə yanaşı, müvəqqəti qazandıqları da var. Bizim bir yolumuz var. Həmin 20 min kvadrat kilometrlik ərazini geri almalıyıq. Onların nə qədər adamının ölkəni tərk etməsi, Sarkisyanın yerinə başqasının gəlməsi bizi maraqlandırmamalıdır. Bunların hamısı boş sözdür. Ermənistanda kim gəlsə, həmin işğalçılıq siyasətini yürüdəcək. Bizim də başlıca siyasətimiz itirilmiş 20 faiz torpağımızı geri qaytarmaqdır. Gücümüz və ordumuz var. Bunu 2016-cı ilin aprel döyüşləri də göstərdi. Biz öz torpaqlarımızı azad etməliyik. ATƏT və digər qurumlara artıq inam yoxdur. Bircə onu bilirəm ki, müharibə mütləq olacaq və biz itirilmiş torpaqlarımıza geri qayıdacağıq”.

Aqil Abbas başlanacaq savaşa müharibə adı verilməsinin əleyhinə olduğunu deyib:

“Buna müharibə demirlər. Müharibə iki dövlətin arasında olur. Biz terrorizmə qarşı mübarizə aparırıq. Bunun adı terrorizmə qarşı mübarizədir. Dağlıq Qarabağ və ətraf yeddi rayonu terroçular ələ keçirib. Bizim Dağlıq Qarabağdakı sadə ermənilərlə işimiz yoxdur. Azərbaycan vətəndaşlığını, konstitusiyamızı qəbul edərlər, burada da yaşayarlar. Onlar da bizim vətəndaşlar kimi yaşayarlar. Biz erməni xalqı ilə müharibə etmirik, oranı tutan separatçı terrorçularla müharibə aparırıq. Biz terrorçuları təmizləmək üçün əməliyyatlar aparacağıq. Ona görə də bu terrora qarşı mübarizədir. Müharibə isə iki ölkənin arasında olur”.

Bəli, DağlıQarabağ münaqişəsinin başlanmasından 30 il ötür. Ermənistanın elan edilməmiş müharibəsi nəticəsində 1 milyon məcburi köçkün Azərbaycanın müxtəlif yerlərinə səpələnərək işğala son qoyulacağı günü gözləyir. 30 min insan 30 il ərzində dünyasını dəyişib, yaralanıb, əlil olub, itkin düşüb...

Əhalinin itkilərinin tam sənədləşdiriməsi haqda məndə məlumat yoxdur. Bundan başqa, Azərbaycan 500 milyon kvadrat metr ərazini minadan təmizləməlidir. Ekspert Əvəz Həsənov hesab edir ki, dünyada ən ucuz mina təmizlənməsi səhra şəraitində aparılır və bir kvadrat metri dörd–beş dollardır. Çətin relyefi olan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin minalardan təmizlənməsi üç-dörd dəfə çox baha başa gələcək. Bunlar da dəymiş ziyanın bir hissəsidir. Neçə onilliklər lazımdır ki, biz həmin əraziləri minalardan təmizləyək və insanların oraya qayıtmasını təmin edək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018