Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar
Tarix: 22.02.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Yeni tədris ilindən onların eyni sinifdə komplektləşdirilməsi nəzərdə tutulur

Azərbaycanda 2016-2017-ci tədris ilindən bəzi orta məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Bu ildən isə ilk dəfə olaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifdə də eyni sinifdə komplektləşdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bildirilir ki, bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunacaq.
Məlumat üçün vurğulayaq ki, 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq oktyabrdan başlanır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilib. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Onu da deyək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və ““Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil edilib. Məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib. Bundan başqa mәktәbә hazırlıq qruplarında uşaqların sıxlığı belə müәyyәnlәşdirilib: qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq; şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir. Növbəti tədris ilində isə məktəbhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlı uşaqların 65 faizini təşkil edəcək.
Məlumat üçün həmçinin bildirək ki, yeni dərs ilində dövlət məktəblərində təşkil edilən məktəbəhazırlıq qruplarına 2012-ci ildə anadan olmuş və həmin vaxt 5 yaşı tamam olacaq uşaqlar cəlb edilib. Bu qrupların növbəti illərdə də yaradılması nəzərdə tutulur. Eyni zamanda, 2020-ci ilədək uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin 90 faizə çatdırılması planlaşdırılıb.

Yeri gəlmişkən, 2016-cı ilin dekabrında ölkə prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi məsələsi öz əksini tapıb. Sənəddə qeyd olunub ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir: “Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır. 85 məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək”.
Sənəddə o da göstərilib ki, məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcək: “İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir. İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər. Sadalanan tədbirlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramı hazırlana bilər”.

Bundan başqa, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda məktəbəqədər təhsilin qarşısında ciddi vəzifələr qoyulub. Sözügedən qanunda deyilir ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Sənəddə göstərilib ki, məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır. Qanunda göstərilir ki, beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir. Qanunda bunun nəzərə alınmasına səbəb odur ki, uşağın təhsilinin sonralar nə dərəcədə müvəffəqiyyətlə gedəcəyi məhz bu başlanğıcdan asılıdır. Məktəbəhazırlığın əsas məqsədi isə beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Əjdər Ağayev sovet dönəmində də belə qrupların fəaliyyət göstərdiyini və əldə olunan nəticələrin müsbət olduğunu xatırladıb: “Sovet dövründə də məktəblərdə hazırlıq qrupları vardı, məktəbəqədər yaşlı uşaqlar həmin qruplara gəlirdi, hazırlıq proqramı keçirdilər. İndi də bu ənənənin yenidən bərpası və məktəblərimizin nəzdində məktəbəqədər hazırlıq qruplarının yaradılması müsbətdir. Çünki, bu hazırlıq qruplarına gələnlər sonra elə həmin məktəbin şagirdi olur. Bunun müsbət cəhəti odur ki, uşaq gedəcəyi məktəbi artıq tanımış olur. Məktəbə bələd olur. Eyni zamanda, ona dərs dərs deyən müəllimə alışmış olur. Yəni, belə olan təqdirdə uşaq məktəbə daha uyğunlaşa bilir. Nəticədə birinci sinifə gedəndə də ciddi psixoloji gərginlik yaşamır. Bu addım həm valideynlərin, həm də müəllimlərin işini xeyli yüngülləşdirir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018