Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dəmir yolu nəqliyyatında qiymətlər artırılacaq
Tarix: 19.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Azərbaycan Dəmir Yolları“ QSC sərnişindaşıma üzrə mövcud tariflərin artırılması təklifi ilə Tarif (Qiymət) Şurasına müraciət edib.
Adıçəkilən qurumun sədri Arif Əsgərov bununla bağlı bildirib ki, bu gün dəmiryolu sərnişindaşımada ən aşağı qiymətlərlə işləyir: “Hazırda dəmir yolunda sərnişindaşımada orta qiymət 3 manatdır və dəmir yolu başqa nəqliyyat vasitələrilə müqayisədə bir neçə dəfə ucuzdur. Sərnişindaşımada qiymətlərin aşağı olması həm vaqonların saxlanması, həm də təhlükəsizliyinə mənfi təsir göstərir“. Qeyd edək ki, məlum açıqlama ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Hər il dövlət büdcəsindən sözügedən səhmdar cəmiyyətə kifayət qədər maliyyə mənbəyi ayrılmasını diqqətə çatdıranlar qiymət artımının mənfi sonucla bitəcəyini vurğulayırlar.
Qiymət artımına görə QSC məsuliyyət daşımalıdır
Deyilənlərə münasibət bildirən iqtisadçı-ekspert Əli Əlirzayevin sözlərinə görə, Tarif Şurasının qiymət artımı barədə qərar verəcəyi qaçılmazdır: “Çünki “Azərbaycan Dəmir Yolları“nın rəhbərliyi dəfələrlə vurğulayıb ki, gedişhaqlarının ucuzluğu üzündən adıçəkilən QSC-nin gəlirləri azaldığından və xərcləri çoxaldığından normal fəaliyyət göstərə bilmir. Başqa sözlə, xərclər çoxaldıqca qiymətlər də artmalıdır. Bu baxımdan da qiymətlərin artırılması ilə bağlı sözügedən şuraya müraciət edilib. Mənim fikrimcə, tariflərin artımı sərnişindaşımaya deyil, yükdaşımalara tətbiqlənə bilər. Çünki yükdaşımalar kommersiya maraqlarından irəli gəlir. Bütün bunlara baxmayaraq tariflərin artırılması iqtisadi əsaslarla əlaqələndirilməzsə, həmçinin sözügedən səhmdar cəmiyyət yarana biləcək problemlərə görə məsuliyyəti öz üzərinə götürməzsə, bütün bunlar digər sektorlarda, xüsusən də istehlak bazarında və müxtəlif xidmət sahələrində bahalaşmaya gətirib-çıxaracaq. Çünki rəqabətə və bazara davamlılıq üçün qiymət artımından başqa çıxış yolu yoxdur. Sərnişindaşımaya gəlincə isə bu sahə üzrə artımlar gerçəkləşdirilərsə, hökmən müəyyən şəxslərə mütləq güzəştlər tətbiqlənməlidir.
Məsələn, dəmir yolu nəqliyyatından istifadə etmək məcburiyyətində qalan tələbələrə, əhalinin aztəminatlı təbəqəsinin nümayəndələrinə, yoxsullara, kimsəsizlərə və digər bu kimi insanlara ya güzəştlər tətbiqlənməli, ya da müəyyən məbləğdə kompensasiya ödənilməlidir. Çünki “Azərbaycan Dəmir Yolları“ dövlətin balansında olan bir müəssisədir. Ona görə də bu barədə ciddi düşünmək və tələsik qərar vermək lazım deyil“.
“Sərnişinlər məcburi sığortaya cəlb oluna bilər“
Qeyd edək ki, Rusiyada vətəndaşların həyatının və sağlamlığının təhlükəsizliyi üçün nəqliyyat sektorunda, xüsusilə də dəmir yolu nəqliyyatında məcburi sığorta sisteminin tətbiqinə başlanıla bilər. Hətta bununla bağlı qanun layihəsi artıq Rusiya Dövlət Dumasına təqdim olunub. Azərbaycanda da belə bir sığortanın tətbiqlənib-tətbiqlənməyəcəyi barədə həmsöhbətimizin fikirlərini öyrənməyə çalışdıq. Ə.Əlirzayev bildirdi ki, qanunvericiliklə ölkəmizdə müxtəlif sahələr, həmçinin dəmir yolu sektoru üzrə də sığorta qaydaları var: “İnsanların həyat və sosial sığortası olan həmin qaydalara əsasən, hər hansı bir qəza, yaxud digər xoşagəlməz hadisə nəticəsində vətəndaşlara dəyən maddi və mənəvi zərər ödənilməlidir. Ancaq məsələ ondadır ki, Azərbaycanda sığortanın könüllülük prinsipi və ya məcburi qayda əsasında həyata keçirilməsi dövlətin işidir. Ancaq bizdə könüllülük prinsipi daha çox formalaşıb. Bu səbəbdən də məcburi sığortanın tətbiqi asan məsələ deyil. Çünki burada sığortahaqqı və dəyən zərərin məbləği məsələsi önəmli rol oynayır. Yəni məcburi sığorta olunandan sonra sərnişinə dəyən maddi və mənəvi zərərin neçə faizinin ödənilməsi diqqətə alınmalıdır. Yalnız belə olan halda, dəmir yolu nəqliyyatında məcburi sığorta reallaşdırıla bilər ki, bu da qanunvericiliklə tənzimlənməlidir“.
“Müşahidə şuraları formalaşdırılmayıb“
Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov öncə dedi ki, hər bir səhmdar cəmiyyət kimi “Azərbaycan Dəmir Yolları“nın fəaliyyəti də Mülki Məcəllə və digər qanunlarla tənzimlənir. Həmin qanunvericilik sənədlərində nəzərdə tutulub ki, səhmdar cəmiyyətlərdə müşahidə şuraları yaradılmalıdır: “Ancaq həmin şuralar hələ də tam formalaşdırılmayıb. Əgər müşahidə şuraları yaradılsa, onlar səhmdar cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət edərlər, yaxud da məsuliyyət artar. Problemlərdən biri də həmin qurumların vergi ödəyiciləri kimi dövlət büdcəsi qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməmələridir. Bunların hamısı kompleks yanaşma tələb edir. Eyni zamanda həmin müəssisələrə beynəlxalq mühasibatlıq standartlarının gətirilməsinə başlamışıq. Bu proses mütləq başa çatdırılmalıdır. Hesab edirəm ki, beynəlxalq mühasibatlıq sistemini tətbiq etməklə kompleks yanaşma məsələsini çözə bilərik. Ancaq bu problemlər həll edilmədikcə qiymət artımları labüddür“.
Sığorta məsələsinə gəlincə isə N.Məmmədov vurğuladı ki, istənilən halda biletdən istifadə edən sərnişinlər sığortalanır. Belə sığorta təminatının dəyəri müvafiq nəqliyyat vasitəsində gediş-bilet qiymətinin 1,5 faizini təşkil edir. Ancaq inkişaf etmiş ölkələrdə bu rəqəm 50 faizə qədərdir: “Ona görə də həmin cari sığortanın icbari və məcburi sığorta ilə əvəzlənməsi sığorta şirkətlərinin fəaliyyətlərindən asılıdır. Bunun üçün maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaşlar öz sağlamlıqlarına və həyatlarına biganə qalmasınlar, özləri özlərini sığortalamaq barədə düşünsünlər“.
“Elektrik enerjisi bahalaşmadığından qiymət artımı əsassızdır“
Dəmir yolunda tariflərin artırılmasına ehtiyac duymayan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Əkbərlinin fikrincə, qiymətlərin dəyişməsi dəmir yolundan istifadə edən sərnişinlərin sayını azalda bilər. Qlobal iqtisadi böhran qiymətlərin aşağı düşməsini təlqin edir: “Dövlət isə qiymətlərin aşağı düşməsi ilə bağlı yaranan itkiləri subsidiyalar vasitəsilə tənzimləyir. Məsələn, Bakı Metropoliten İdarəsi ziyanla işlədiyindən əlavə xərclər dövlət büdcəsindən ödənilir. Dəmir yolunda da sərnişindaşıma digər nəqliyyat növlərinə nisbətən xeyli ucuzdur. Lakin dəmir yolu sərnişindaşıma xidmətində tariflərin artırılmasını zəruri edən ciddi bir səbəb görmürəm. Çünki nə elektrik enerjisinin qiymətində artım var, nə də əməkhaqqının. Hesab edirəm ki, gedişhaqqını artırmağa ehtiyac yoxdur. Dəmir yolu tariflərinin bahalaşması digər sahələrdə qiymət artımına səbəb ola bilər“.
“Qiymətlər artmasa, cəmiyyətimizin fəaliyyəti daha da zəifləyəcək“
“Azərbaycan Dəmir Yolları“ QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə bildirdi ki, dəmir yolu sahəsində ən ucuz sərnişindaşıma Azərbaycandadır. Belə ki, Tbilisi, eləcə də Moskva, Kiyev, Riqa və sair istiqamətlərdə hərəkət edən qatarlarda müəyyənləşdirilən tariflər ölkəmizdəki qiymətlərdən xeyli bahadır: “Beynəlxalq daşımaların tariflərini isə biz yox, MDB, Baltikyanı Dəmir Yolları Şurası müəyyənləşdirir. Məsələn, şimal istiqamətindən bizə beynəlxalq qatarlar gəlir. Həmin tarifləri onlar özləri müəyyənləşdirir. Ancaq yerli istiqamətdə qiymətləri Tarif Şurası təyin edib. Demək olar ki, nəqliyyat daşımaları üzrə bütün nəqliyyat növlərindən ən ucuz daşınma tarifi dəmir yolundadır. Bakıdan Böyük Kəsiyə 1 sərnişinin gedişhaqqı 5 manatdır. Onun xərci isə bizim cəmiyyətə həmin qiymətdən bir neçə dəfə baha başa gəlir. Bu səbəbdən də qiymətlərin ucuzluğu bizə sərf etmir, fəaliyyətimizi genişləndirməyə imkan vermir. Ona görə də biz qiymətlərin artırılması ilə bağlı hələ bir müddət öncə Tarif Şurasına müraciət etdik. Lakin razılaşma əldə olunmadığından sənəd yenidən işlənilməsi üçün bizə qaytarıldı. Biz bütün detalları təkrarən gözdən keçirdik. Mütəxəssislərimizlə birlikdə müzakirələr apardıq və sənədin ən son variantını hazırlayıb yenidən adıçəkilən şuraya təqdim etmişik. Qiymətlərin nə qədər artırılacağı barədə konkret məlumat vermək istəmirəm. Çünki bu, ictimaiyyətdə çaşqınlıq yarada bilər. İndiyə qədər heç bir cavab verilməyib. Şuranın cavabını gözləyirik. Biz istəyirik qiymətlər qaldırılsın. Çünki bizim QSC təsərrüfathesablı müəssisədir, yəni öz-özünü maliyyələşdirən bir qurumdur. Qiymətlər artırılsa, bu zaman biz dəmir yolu infrastrukturunda bir sıra iş görə bilərik, həm də sərnişindaşımanın keyfiyyətini yüksəldərik“. Dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin məcburi sığortalanmaya cəlbi məsələsinə gəlincə isə N.Əzməmmədov vurğuladı ki, respublikadaxili və ölkəxarici qatarların xidmətindən bəhrələnən sərnişinlər sığorta olunur: “Bu baxımdan da yeni bir qanun layihəsinin hazırlanmasına gərək yarandığını düşünmürəm“.


Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019