Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xocalı faciəsi dərsliklərdə
Tarix: 23.02.2018 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Gənc nəslin faciələrimiz, xüsusən də Qarabağın işğalı ilə bağlı faktlar barədə məlumatsız olmaları barədə mübahisələrə tez-tez rast gəlirik. Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində mövzu yenə gündəmə gəlir. Bəzi ekspertlər hesab edir ki, gənclərin qan yaddaşımızdan xəbərsiz olmasının bir səbəbi də dərsliklərdə bu mövzuya kifayət qədər yer ayrılmamasıdır.

Tarix müəlliməsi Esmira Qasımova deyir ki, V sinif dərsliyində Xocalı faciəsi haqqında məlumat geniş verilsə də, XI sinif dərsliklərində bu faciə ətraflı verilməyib. Mütəxəssislər isə bildirirlər ki, Xocalı soyqırımı, eləcə də digər Azərbaycan həqiqətləri dərsliklərdə geniş işıqlandırılmalıdır. Bu, böyüyən gənc nəsildə vətənpərvərlik ruhunu daha da artırar. Onlar hesab edir ki, Xocalı soyqırımı dərsliklərdə işıqlandırılarkən uşaqların yaş kateqoriyası nəzərə alınmalıdır. Dərslik qisas almaq vasitəsinə çevrilməməli, şagirdlərdə tarixi düşüncə inkişaf etdirilməli, onların ölkəsini və vətənini düzgün qiymətləndirilməsi üçün dərsliklərdə mühüm məqamlar əksini tapmalıdır.
164 saylı məktəbin müəlliməsi Qafilə Əliyeva isə hesab edir ki, dərsliklərdə vətənpərvərlik mövzusuna kifayət qədər yer verilib: “Üçüncü sinif üçün yeni kurikulum əsasında hazırlanmış "Azərbaycan dili" dərsliyi bu baxımdan, xüsusilə təqdirəlayiqdir. Dərsliyin məzmununu əks etdirən 8 bölmədən 6-da cəmlənmiş mövzular demək olar ki, bilavasitə vətənpərvərlik tərbiyəsinə xidmət edir. Bu baxımdan dərsliyin "Mənəvi dəyərlər", "Sevimli qəhrəmanlarım", "Tarixi şəxsiyyətlər", "Bayramlar və tarixi günlər", "Hikmət xəzinəsi", "Mədəni irsimiz" bölmələrində verilmiş demək olar ki, bütün mətnlər vətənpərvərlik tərbiyəsi üçün əsl örnəkdir.

Tarix elmləri namizədi Kərəm Məmmədovun sözlərinə görə, orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var. Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var.
K. Məmmədov bildirib ki, xüsusilə şagirdlərə hərbi vətənpərvərlik duyğusu 9-11-ci siniflərdə öyrədilməlidir. Və bu zaman şagirdlərə əsasən hərbi quruluş haqqında bəhs etmək lazımdır. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalıdır. Milli ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir. K. Məmmədovun sözlərinə görə, yeniyetmələrə hərbi duyğuları aşılarkən fənn seçimi edilməməlidir. Hətta riyaziyyat, astronomiya dərsləri vasitəsilə belə şagirdlərdə milli ruhu artırmaq lazımdır. Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə deyir ki, dərsliklərdə ciddi qüsurlar var: “Qüsurlar əsas etibarı ilə standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin əsasən nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır. Məsələn, dil fənləri üzrə dərslik komplektlərində nəzərdə tutulan bəzi standartlar heç də hər mövzu üzrə tam reallaşdırılmır. Mövzu və mətnlərin bir qismi şagirdlərin yaş psixologiyasına tam uyğun deyil. Bəzi hallarda mətnlərin tərbiyəvi rolu qənaətbəxş olmur. Mətnlərin bir qismi vətənpərvərlik və millilikdən uzaqdır, əksər hallarda həcmcə böyükdür, lazımsız informasiyalarla yüklənilib. Verilən dil qaydaları mətnlər üzrə paralel şəkildə işlək vəziyyətə gətirilmir. Dil qaydaları üzrə verilən çalışmaların bir qismi qüsurludur”.
O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.

Ekspert Nadir İsrafilov hesab edir ki, təhsilin məzmununun təkmilləşdirilməsi, o cümlədən dərsliklərdə vətənpərvərlik qarşıda duran əsas məsələdir: “Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək”.
Çıxış yolunu birgə əməkdaşlıq və qarşılıqlı anlaşmanın nəzərə alınmasında, “Dərslikləri Qiymətləndirmə Şurası”nın fəaliyyətinin gücləndirilməsində, ehtiyat dərsliklərin hazırlanmasının sürətləndirilməsində, ən başlıcası isə dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm. Gəldiyim nəticə ondan ibarətdir ki, məlum faktları qabartmaq və tirajlamaq yolu ilə vəziyyəti daha da dramatikləşdirmək heç də yaranmış vəziyyətdən çıxış yolu deyil, əksinə...Təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir. Dərslik siyasəti isə təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018