Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ermənilər başımı kəsmək istəyəndə "Qızıl xaç"ın nümayəndələri gəldi" - Məhəmməd Tağıyev
Tarix: 26.02.2018 | Saat: 16:55:00
Bölmə:Müsahibə | çapa göndər

Bu gün Xocalı soyqrımından 26 il ötür. Erməni vandalizminin “əl işi” olan və tarixdə misli  görülməmiş bu soyqırım aktının qurbanları yaşadıqca və danışdıqca Xocalı yarası qərtmək bağlamayacaq. Öldürülən Xocalı sakinlərindən başqa erməni əsirliyində işgəncələr görmüş soydaşlarımız da az deyil.

Qısa arayış:

Məhəmməd Tağıyev Xocalı sakinidir. Bu şəhərdə anadan olub. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqrımının canlı şahididir.  İxtisasca həkiməm deyir. Uzun müddət – 1979-cu ildən 1989-cu ilə qədər Xankəndində həkim kimi fəaliyyət göstərib. Özü də ermənilərin içərisində - xəstəxanada çalışıb. Soyqırım baş verən dəqiqələrdə Xocalıda olub. Yaralılara yardım göstərmək üçün əlimdən gələni edirdim- deyir. Ermənilərin Xocalını dörd  bir tərəfdən atəşə tutmasından sonra əlli nəfərlik bir dəstə ilə Xocalını tərk etməyə məcbur olduğunu söyləyir.

Məhəmməd Tağıyev hafta.az-a müsahibəsində soyqırım dəhşətlərindən, əsirlikdə başına gələn dəhşətlərdən danışır:

- Bildiyimizə görə, Xocalıdan çıxarkən ermənilər sizi də əsir götürüb...

- Bəli, faciə zamanı mən də əsir düşdüm. Orada başımıza minbir müsibət gətirdilər. Artıq gecədən keçirdi. Ayın 26-ı idi. Dəhraz kəndinə çatanda ermənilərin pusqusuna düşdük. Onlar bizi əsir aldılar.

- Əsir götürüləndən sonra hansı hadisələrlə qarşılaşdınız?

- Əsir götürüləndən təxminən yarım saat sonra ermənilər ciblərimizdəki pulları çıxardılar. Üzərimizdə olan qızıl-zinət əşyalarını da aldılar. Üst başımızda nə vardısa, hamısını götürdülər. Bununla da kifayətlənmədilər. Əllərindəki kəlbətinlərlə bizimlə bərabər kim vardısa ağızlarımızı açmağımızı istədilər. Kimin ağzında qızıl dişi vardısa kəlbətinlə vəşhicəsinə  çıxarırdılar. Mən belə vəhşilik görməmişdim.  Dişlərini çıxardığı adamlar çığırıb-bağırırdı. Buna baxmayaraq, ermənilərin heç vecinə də deyildi. Öz “işlərini” görürdülər.

- Yanınızda əsir düşən insanların öldürülməsinin şahidi oldunuzmu?

- Hə, əlbəttə. Dişlərimizi çıxarandan sonra bizi bir otağa yığdılar. Heç yarım saat keçməmişdi ki, bizim içərimizdən 13 nəfər cavan adam seçdilər. Bizi saxladıqları yerdən təxminən 20 metr aralıda həmin gəncləri güllələdilər. Sonra meyitlərini “Kamaz”lara yığıb harasa apardılar. Yenidən başqa bir dəstə gəldi. Əli silahlı “boevik”lər idi. Avtomatın qundağı ilə qadın, uşaq, böyük, qoca-cavan demədən hamımızı vururdular. İçərimizdə 20-25 yaşlarında Əhməd adlı bir ahıska türkü var idi. Onu bizim içimizdən çıxardılar. Gözümüzün qabağında başını kəsdilər. Sonra Əhmədin kəsilmiş başını götürərək futbol topu kimi oynatmağa başladılar.

- Ermənilər sizin özünüzə qarşı hansı işgəncələr etdilər?

- Əhmədin başını kəsəndən bir saat sonra mənim özümü çıxardılar. Məni dəstədən ayıran erməni bizimkilərdən kimdəsə pulemyotun olmasını soruşdu. Mən də cavab verdim ki, həkim adamam, bilmirəm. Onlar mənim sözümə inanmadılar. Avtomatın qundağı ilə vurub məni yerə yıxdılar. İki nəfər idi. Onlardan birinin əlində iri bıçaq vardı. Sinəmə çöküb başımı kəsmək istədilər. Elə bu an ermənilərdən iki mülki şəxs gəldi. Öz aralarında danışdılar. Onlar gələndən sonra məni yerdən qaldırdılar. Sonradan məlum oldu ki, həmin iki nəfər Qızıl Xaç Komitəsinin üzvləri imiş. Əks halda qanım getmişdi və mən sizin qarşınızda müsahibə vermirdim.

- Xocalı faciəsinin əsl səbəbi nə idi?

- Xocalı soyqırımı bizim torpaqlarımız uğrunda apardığımız azadlıq mübarizəsini gözü götürməyənlərin, buna mane olmaq istəyənlərin bir planı idi. Bizim suçumuz müsəlman və türk olmağımız idi. Məhz bu iki amilə görə ermənilər bizi, Xocalı camaatını son nəfərinə qədər qətlə yetirmək niyyətində idi. Onlar bir şeyi unudur ki, bizim işimiz haqq işidir. Biz o torpaqlara yenidən qayıdacağıq.

- Məhəmməd müəllim, hər yerdə Xocalı soyqırımı qurbanlarının, daha doğrusu, həmin qətliamda öldürülənlərin sayı 613 göstərilir. Öldürülənlərdən başqa 150 nəfərin taleyi indi də məlum deyil. Bundan başqa 1275 nəfər əsir götürülüb. Onların da bir çoxu əsirlikdə öldürülüb. Həmin şəxslərin adları isə qətliam qurbanlarının siyahısında itkin kimi verilir. Sizcə dəqiq rəqəm 613-dür, yoxsa bundan daha böyükdür?

- Sözsüz ki, bu 613 nəfərin öldürülməsi rəsmi rəqəmdir. Xocalıda 613 nəfərdən qat-qat çox insan öldürülüb. İtkin düşən 150 nəfərdən bir xeylisini bizim içərimizdən seçib apardılar. Avtomatdan atəş səsləri eşitdik. Onların öldürülüb-öldürülmədiyini gözümlə görməmişəm. Harasa aparıldıqlarını öyrəndik. Meyidlərinimi, ya sağ şəkildə aparılmalarından xəbərimiz olmadı. Hətta öz gözlərimlə gördüyüm 13 nəfər də həmin 150 nəfər itkin düşmüş şəxslərin siyahısındadır. Çünki onların cəsədlərindən, hara aparılmalarından xəbərimiz yoxdur. Ermənilər həmin 13 nəfərin cəsədini vermədi. Qonşuluğumuzda yaşayan bir ailənin üç-dörd üzvü on dəqiqənin içərisində öldürüldü. Bir nəfər yaşlı adamı da içimizdən ayırıb apardılar. Öldürülüb –öldürülmədiyindən xəbərimiz olmadı. Mən azad edilən gün bir qrup Xocalını Xankəndinə apardılar. Onların arasında qadınlar və uşaqlar da var idi.

- Bir çox hadisə şahidləri deyir ki, ermənilər əsir götürdükləri şəxsləri qul kimi işlədiblər. Əsrlikdə bu cür hallarla rastlaşmısınızmı?

- Bizi xeyir-şər evi deyilən qapalı bir otaqda saxlayırdılar. Orada qaldığımız müddətdə içimizdən seçdikləri adamları qul kimi işlədirdilər. Odun doğratdırırdılar, su daşıtdırırdılar. Bu fakt idi. Sonrakı dövrlərdə onların qul kimi işlədilmələrini mən də uzun müddət əsirlikdə olanlardan eşitmişəm. Özüm görməmişəm. Çünki bizi dəyişdilər. Çox qalmadıq. Qısa müddət ərzində gördüklərim də çox böyük dəhşətlər idi. İndi də yadıma düşəndə özümü çox pis hiss edirəm. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018