Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sumqayıt, Gəncə və Abşeron məktəblərində yenilik
Tarix: 12.03.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu ildən sözügedən bölgələrdə də I sinfə şagird qəbulu elektron qaydada aparılacaq

Martın 12-dən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Təhsil Nazirliyindən “Həftə içi”nə verilən məlumata görə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.
Nazirliyin məlumatında həmçinin vurğulanır ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
Məlumata görə, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 12 mart 2018-ci il tarixindən 15 sentyabr 2018-ci il tarixədək həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Uşaqların yaş həddinə gəlincə, umumi təhsil məktəblərinin I sinfinə 1 yanvar 2010 - 15 sentyabr 2012-ci il müddətində anadan olmuş uşaqlar qəbul olunurlar. Lisey və gimnaziyalara qəbul müsabiqə əsasında həyata keçirilir və 1 yanvar 2010 – 31 dekabr 2012-ci il müddətində anadan olmuş uşaqlar müsabiqəyə qatıla bilər.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə isə martın 12-dən iyunun 20-dək aparılır.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara fevralın 22-dən mayın 31-dək həyata keçirilir.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların məktəbə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi,Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılır.
Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb edilirlər.

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində,
Gəncə Şəhər Təhsil İdarəsində və Abşeron Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
Tələb olunan sənədlərə gəlincə, valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
- Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);
- Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə sənədi;
- Xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və natorial qaydada təsdiq edilmiş));
- Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- Valideynin (qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sağlamlıq imkanı məhdud uşaqların valideynlərinə də şagird qəbulu üçün
elektron qaydada müraciət imkanı yaradılıb. Belə ki, sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq aşağıda qeyd olunan sənədlərlə birlikdə həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji Komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri Pedaqoji-Tibbi-Psixoloji Komissiyaya valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surətini, tibbi arayışı, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, yaşayış yerindən arayış təqdim etməlidirlər.
Onu da bildirək ki, onlayn qeydiyyat ödənişsizdir. Yəni, elektron sistem vasitəsilə sənəd qəbulu zamanı heç bir ödəniş tələb olunmur. Əgər elektron ərizənin qeydiyyatı ilə əlaqədar valideynlərdə hansısa sual yaranarsa, şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müracət edə bilərlər. O cümlədən Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (daxili: 6076; 6124), Abşeron Rayon Təhsil Şöbəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə və Sumqayıt Şəhər Təhsil Şöbəsinə müraciət etməklə aydınlıq gətirmək mümkündür.
Bundan başqa I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə aşağıdakı məktəblərdə ərizə qəbulu üzrə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir:
- Bakı şəhər üzrə;
- Abşeron rayonu üzrə;
- Gəncə şəhəri üzrə;
- Sumqayıt şəhəri üzrə
Apelyasiya komissiyaları isə aşağıdakı məktəblərdə fəaliyyət göstərir:
Bakı şəhərinin inzibati rayonları üzrə;
Gəncə şəhəri üzrə:
Gəncə Dövlət Universiteti (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 187)
Sumqayıt şəhəri üzrə:
Sumqayıt Dövlət Universiteti (ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə)
Abşeron rayonu üzrə:

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci (ünvan: Xırdalan şəhəri, 26-cı məhəllə) Xatırladaq ki, uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdiərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər hüquqi normativ aktlara əsasən həyata keçirilir. Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının tələblərini əsas tutaraq isə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən, ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018