Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəbli qızların abort statistikası - erkən nikahlar bura daxildirmi?
Tarix: 12.03.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Son günlər ciddi müzakirəyə çevrilən mövzulardan biri də məktəblilərin abort etdirməsidir. Təhsil eksperti Kamran Əsədovun son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını, abort etdirənlərin xüsusilə 9, 10, 11-ci sinif şagirdləri olduğunu söyləməsi müxtəlif reaksiyalara səbəb olub. Rəsmi qurumlar məlumatın həqiqəti əks etdirmədiyini, QHT nümayəndələri isə reallığın bu rəqəmlərdən qat-qat yüksək olduğunu söyləyirlər. Ən çox müzakirələrə yol açan məqam isə bu statistikada erkən nikahın payının olub-olmaması məsələsidir.

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, məktəblilərin abort edilməsində erkən nikaha daxil olan qızların payının üstünlük təşkil etməsi fikri ilə razılaşmır. Həmsöhbətimiz deyir ki, birinci hamiləliyin abortla pozulması sonsuzluğa yol açdığından, erkən nikahlarda ilk hamiləliyin abortla pozulması inandırıcı deyil: “Əgər məktəbyaşlı qızların abort halları varsa, mütləq bu barədə aidiyyəti qurumlara məlumat verilməlidir. Mənim fikrimcə, məktəblilərin abort edilməsi statistikasında zorlama cinayətlərinin payı var. Buraya eyni zamanda aldatma, erkən nikah, gənclərin sərbəst seksual münasibətləri də daxildir. Amma düşünürəm ki, məktəblilərin abort statistikası, əsasən, cinayətlər hesabına böyüyür. Bu mövzuda əsas diqqət göstərməli məqam, məktəblilərin abort edilməsində gizli abortların payıdır. Əgər həmin gənclər valideynlərindən xəbərsiz, gizli abort etdiriblərsə, bu, artıq cinayətdir. Yox, əgər məktəblilərin abortu valideynlərinin, qəyyumlarının razılığı əsasında aparılıbsa, bu zaman həmin məlumat barədə aidiyyəti qurumlara xəbər verilməli, həmin abortlar rəsmi statistikaya daxil edilməli idi”.
M. Zeynalova erkən nikah faktlarının məktəblilərin abort statistikasına çox az aidiyyəti olduğu qənaətindədir: “Təcrübə göstərir ki, erkən nikaha daxil olanlar aborta yox, doğmağa üstünlük verirlər. Çox az hal ola bilər ki, dölün inkişafı ilə bağlı erkən nikaha daxil olub, hamilə qalan azyaşlı aborta cəlb edilsin”.

Birlik rəhbəri məktəbyaşlı qız uşaqlarının abort statistikasında nəzarətsiz uşaqların da payı olduğunu söyləyir. Onun fikrincə, məktəblilərin abort statistikasının erkən nikaha daxil olan qızların hamiləliyi hesabına böyüməsi fərziyyədir.
Səhiyyə Nazirliyindən məktəblilərin abort etdirməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib. Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
S.Məmmədova deyib ki, Azərbaycanda 1 200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb. S.Məmmədova bu məlumatın həqiqətəuyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib: “Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.
Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir: “Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə abort etdirən məktəblilərin sayı ilə bağlı məsələnin ilk növbədə araşdırılmalı olduğunu bildirib: “İlk növbədə, bu statistikanın özü şübhəlidir, çünki heç bir rəsmi mənbəyə söykənmir. Bu rəqəmi açıqlayan şəxsdən soruşmaq lazımdır ki, haradan əldə edib bu məlumatı? Bəlkə elə bu, ancaq reytinq qazanmaq naminə söylənilən fikirdir? Bütün bunlar araşdırılmalıdır. Çünki qanunla azyaşlılar abort edilərkən bu barədə mütləq yuxarı təşkilatlara məlumat verilməlidir. Biz hələ bilmirik, bu abortlar klinikada, yoxsa klinikadan kənar aparılıb. Əgər məktəblilərin abortu onların valideyninin, yaxud qəyyumunun razılığı ilə aparılıbsa, burada həkimlərin heç bir günahı yoxdur. Hətta qanun imkan verir ki, hamiləlik ananın səhhətinə mənfi təsir göstərirsə, dölün inkişafında ləngimə və digər problemlər varsa, uşaq azyaşlının və ananın razılığı olmadan abort edilsin”.
M. Quliyev buna görə məsuliyyətin məktəblərin üzərinə düşməsi, oğlanlarla qızların ayrı təhsil alması fikirlərinin də yanlış olduğunu söyləyir: “Məktəbyaşlı qızların hamilə qalması təkcə məktəbdə baş vermir ki... Bu hallar, əsasən, məktəbdən kənarda baş verir. Nadir hallarda ola bilər ki, məktəb yaşlı qızların cinsi münasibəti məktəbdə baş versin”.

M. Quliyev də erkən nikah hallarının məktəbyaşlı qızların abort statistikasında çox az payı olduğu qənaətindədir: “İlk hamiləliyin pozulması sonsuzluğa səbəb olduğundan, erkən nikahlarda hamiləliyin abortla pozulması inandırıcı və real deyil. Olsa belə, çox az hallarda buna rast gəlinə bilər. Ona görə də ilk növbədə, bu şübhəli statistika araşdırılmalıdır. Bu rəqəmlərin ictimaiyyətə açıqlanması ilə bəzi qurumlar cinayət əməlində suçlanır. Ona görə də, həmin qurumlar aidiyyatı təşkilatlara müraciət edərək bu statistikanın mənbəsinin açıqlanmasını tələb etməlidirlər. Reytinq qazanmaq xətrinə belə məsuliyyətsiz ifadə səsləndirmək olmaz. Buna görə, məsuliyyət daşıyan qurumlar hərəkətə keçməlidirlər”.
Həkim Vaqif Qarayev bildirir ki, yeniyetmə hamiləliyi çox təhlükəli nəticələrə səbəb ola bilər: “Uşaqlığın perforasiyası (deşilməsi), aybaşı tsiklinin pozğunluğu, hormonal pozğunluqlar, sonsuzluq, növbəti hamiləlikdə uşaqsalmaya və digər mənfi hallara gətirib çıxara bilər. Bu hamiləlikdən doğulan uşaqlarda: yarımçıqdoğulma, ağır çəki defisiti, karlıq, korluq, psixi inkişafın ləngiməsi, serebral iflic, hiperaktivlik, mədə-bağırsaq və tənəffüs sisteminin xroniki xəstəlikləri kimi hallar olur. Əksər hallarda ölü doğulma, ya da uşaq həyatınin ilk ayında ölüm faizi həddindən artıq yüksək olur”.
Bütün bunlarla yanaşı, V.Qarayev deyir ki, həm ananın, həm də uşaqların sosial adaptasiyası ciddi problemdir. Yəni məsələ sağlamlıqla, mövzuya tibbi aspektdən yanaşma ilə bitmir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018