Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İstedadlı məktəblilər üçün yeni imkan
Tarix: 13.03.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu ilin may ayında şagirdlər arasında mühəndislik və robototexnika yarışı təşkil olunacaq

Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” MMC-nin birgə təşkilatçılığı ilə mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçiriləcək.

Təhsil Nazirliyindən “Həftə içi”nə verilən məlumata görə,“LEGO” şirkəti və “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il ABŞ-da təşkil olunan bir yarışdır. Yarışın məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Hər il dünyanın 88 ölkəsində yarım milyon məktəblinin cəlb olunması ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq. Builki yarışın mövzusu “Hidrodinamika”dır. FLL çərçivəsində dörd məktəblidən ibarət olan 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla 4 kateqoriya üzrə gücünü sınayacaq.
İştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar. Yarışın mütləq qalibi olmuş komanda cari ilin iyun ayında Estoniyanın paytaxtı Tallində təşkil olunan FLL Yeniyetmələr üçün Beynəlxalq Açıq Çempionatında iştirak edəcək.
MDB məkanında FLL formatında ilk müsabiqə 12 mart 2005-ci ildə Azərbaycanda “Robotlar Missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 Milli Robot Yarışı təşkil olunub və Azərbaycanlı məktəblilər 2 dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.
“FLL Azərbaycan” haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün http://www.fllazerbaijan.org/ internet səhifəsinə müraciət etmək mümkündür.

Məlumat üçün onu da vurğulayaq ki, FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir. Turnirdə 4 nəfərdən ibarət və yetkin yaşlı bir və ya iki komanda rəhbərinin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli bir mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi bir təcrübədir. Məsələn, robot oyunu və dizaynı kateqoriyasında komandalar stolüstü oyun sahəsində LEGO MINDSTOMRS texnologiyasından istifadə etməklə hər hansısa bir problemin elmi əsaslandırılmış həlli yolunu tapmaq üçün müstəqil robot dizayn edir, qurur və proqramlaşdırırlar. Tapşırıqları həll etmək üçün komandalara turnir günü hər biri 2.5 dəqiqə olmaqla 1-2 raund verilir. Eyni zamanda komandalar jüri ilə 5 dəqiqəlik müsahibə zamanı öz dizayn layihələri, tapşırığı həll etmə strategiyaları, robotun struktur elementləri və s. barəsində danışırlar. Komandalar hazırlaşmaq və turnir zamanı istifadə etmək üçün LEGO MINDSTORMS dəsti olan FLL 2018 tematik dəstini və oyun masalarrını Mars Academy şirkətinə müraciət etməklə əldə edə bilərlər.

Araşdırma layihəsi çərçivəsində komandalar oyun sahəsinin mövzusuna uyğun hər hansı real bir problemi araşdırmalı və mövcud həll yollarını (əgər varsa) analiz etməlidirlər. Komandalar həmin problemin mövcud həll yollarını təkmilləşdirməli, və ya bu istiqamətdə öz yeni innovativ həllərini təqdim edirlər. Onlar öz nəticələrini bu həllərlə maraqlanan dostları, qonşu icmalar, həmkarlar ilə paylaşırlar. Müsabiqə günü komandalar 5 dəqiqə ərzində öz işlərini (model, poster, prototiplər və s. şəkildə) jüriyə təqdim edirlər.
FLL 2017-2018 mövsümü üzrə mövzusu suyun insan tərəfindən istifadəsi siklini – suyun tapılması, daşınması, istifadəsi və atılmasını əhatə edir. 2017-2018-ci ilin FLL yarışlarında 80 ölkədən məktəblilər Hidrodinamika mövsuzu üzrə problemləri araşdıracaq və həll yollarını təklif edəcəklər. FLL məktəblilərdən tədqiqatçı və mühəndis yanaşması tələb edir. Eyni zamanda, onlar Robot Oyununda missiyaları keçmək üçün LEGO® MINDSTORMS® texnologiyalarından istifadə edərək müstəqil robotlar quracaq, test edəcək və proqramlaşdıracaqlar. Komandalar bütün bunları FLL Əsas Dəyərləri çərçivəsində kəşfetmə ruhu, komanda işi və peşəkarlıq nümayiş etdirməklə həyata keçirəcəklər.

Qeyd edək ki, müşahidələrə görə, bu gün ölkəmizdə istedadlı şagirdlərin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Məsələn, 2013-cü illə müqayisədə 2017-ci ildə təkcə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb.2016-2017-ci tədris ilində azərbaycanlı məktəblilər müxtəlif beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc olmaqla 28 medal qazanıblar. Belə ki, məktəblilərimiz dünyanın nüfuzlu riyaziyyat, fizika, kimya, informatika və digər fənlər üzrə bilik olimpiadalarında iştirak ediblər. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub. Təbii ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Çünki nazirlik tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə eynəlxalq beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb və il ərzində 200-ə yaxın şagird olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanmalıdır. Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)" əsas məqsədi də respublikanın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

Digər tərəfdən, «Azərbaycanın 2020-ci ildə gələcəyə baxış» İnkişaf Konsepsiyasında da şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün müvafiq tövsiyyələr yer alıb. Sənəddə vurğulanıb ki, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunmalı, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılmalıdır.
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə isə deyilir ki, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir.

Ekspertlərin fikrincə isə istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanarkən bir neçə cəhətə xüsusi önəm verilməlidir. Belə ki, ilk növbədə, istedadlı uşaqların orta təhsil çərçivəsində bütün fənlərə dair bilikləri mənimsəmək zəruriliyi nəzərə alınmalıdır. Çünki onların istedadlı olduqları sahə və konkret təhsil məqsədlərilə bağlı biliklərin həcmi, məzmunu və s. fərqli ola bilər. Burada bir məqam da diqqət çəkməlidir. Bu, təhsilin əsas məqsədlərindən biri kimi istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018