Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sərgi, tamaşa, bayram əyləncəsi - İnternat məktəbində Novruz sevinci - REPORTAJ
Tarix: 13.03.2018 | Saat: 19:30:00
Bölmə:Reportaj | çapa göndər

Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirilib. Hafta.az-ın məlumatına görə, şənlikdə Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və kütləvi informasiya nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olunub. Uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, 1979-cu ildə yaradılan internat məktəbi 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İnternat məktəbi 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Hazırda müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gecələyir. Uşaqların təlim tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
İnternat məktəbində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbi 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.

Jurnalistləri müəssisə ilə məktəbin baş tərbiyəçisi Təranə Süleymanova tanış edib. Məktəbdə sinif otaqları, həm oğlanlar, həm də qızlar üçün ayrıca hamam, yataq, əyləncə, istirahət otaqları var. Burada əsasən nitq qüsurlu, nevroloji uşaqlar olduğu üçün bütün şərait onların reabilitasiyasına hesablanıb.
İnternat məktəbinin direktor müavini Kərim Dadaşov 16 ildir bu uşaqlarla çalışdığını, artıq onlarla doğmalaşdığını vurğulayıb: “Uşaqları altı yaşından I sinfə qəbul edirik, ta 16 yaşına – IX sinfə qədər. Qəbul Təhsil Nazirliyinin tibbi pedaqoji komissiyasının nəzarəti altında keçirilir. Bura ancaq nitq qüsurlu, valideyn himayəsindən məhrum uşaqlar qəbul olunur. Olur ki, uşaqlar ya qəyyumluqda olur, ya da valideynlərindən biri olmur.
Uşaqlar səhər yuxudan duran kimi tərbiyəçilər onların geyimi ilə məşğul olur, sonra səhər yeməyinə gedirlər. Saat 9-da dərs başlanır, saat 2-ə qədər dərslər bitir. Sonra nahar edirlər. Dərsdən sonra isə uşaqlar istədikləri sahə üzrə məşğələlərə cəlb olunurlar. Uşaqlar buranı bitirəndə artıq normal, tam bərpa olunmuş şagird kimi yuxarı siniflərdə dərsə başlayırlar”.
Direktor müavini deyir ki, valideyni olan uşaqlar həftədə bir dəfə onlarla görüşürlər: “Hər şənbə günləri valideynləri gəlib aparır, sonra dərs günü gəlirlər. Burada uşaqlar üçün o qədər maraqlıdır ki, hətta bayramlarda belə evlərinə getmək istəmirlər. Münaqişəli, ailə-məişət problemləri olan ailələrdən də uşaqlar var. Uşaqların qüsurlu olmasının bir səbəbi də elə münaqişəli ailələrdən olmalarıdır. Ata-ana o qədər dava-dalaş edir ki, uşaqda nevrotik problemlər yaranır. Bura gəlib sağalan, lakin evlərinə döndükdən sonra yenidən psixikası pozulan uşaqlarımız olub. Biz valideynləri çalışırıq barışdıraq ki, uşaqları müalicə etməyin də faydası olsun.

 

Tələbkar valideynlər də kifayət qədərdir. Ən əsası internat məktəbi o demək deyil ki, biz o uşaqlarla istədiyimiz kimi davrana bilərik. Uşaqlarla işləməyin məsuliyyəti çox böyükdür. Validenlər uşaqlarını yoxlayır, əllərində, üzündə zədə görərsə, bizi ittiham edirlər. Ona görə onların davranışına, sağlamlığına çox diqqətliyik. Ayda bir dəfə valideynlərə 20 manat pul verilir, gəlib uşaqların baş çəksinlər deyə”.
Kərim Dadaşov deyir ki, gələcəkdə məktəbi reabilitasiya mərkəzi kimi inkişaf etdirmək məqsədi də var: “Məktəb 200 uşaq üçün hesablanıb və onların saxlanması üçün şərait var. Bunun nəticəsidir ki, məktəbi bitirən şagirdlərimizin uğurları kifayət qədərdir. Bu il 630 balla ali məktəbə daxil olan şagirdimiz oldu. Hər il buraxılışda ali məktəblərə, əsasən teznikumlara, peşə məktəblərinə daxil olan uşaqlarımız var. İstedadlı uşaqlar üçün məktəbimiz əlverişli mərkəzdir. Mahnı, rəqs, idman, dulusçuluq, xalçaçılıqla məşğul olub uğur qazanan şagirdlərimiz çoxdur. Onlar peşə öyrənməklə yanaşı, bacarıqlarını inkişaf etdirirlər.
Burada bir şagirdimiz var idi, kollecə qəbul oldu amma yenə də buradan ayırmadıq, çünki çox istəyirdik hamımız onu. İndi isə təhsil alır. Elə uşaqlar var ki, reablitasiya etmək mümkün deyil, çünki xəstəliyi genetik faktordan asılı olur. Ölkənin bütün bölgələrdən şagirdimiz var, daha çox yaxın ərazilərdəndir”.
Məktəbin uşaqları ilə də söhbətləşirik. Rəssamlıq üzrə ölkə miqyaslı müsabiqədə qalib olmuş Tarıverdiyev Vüsal V sinif şagirdidir. Müəllimləri əlaçı olduğunu deyir. Vüsal Türkan qəsəbəsində yaşadığını, I sinifdən burada təhsil aldığını bildirir: “Rəqsə, rəsm çəkməyə, ingilis dilinə böyük marağım var. Bacım da burada oxuyur o da rəqslə məşğuldur. Mənim arzum həkim ya da rəssam olmaqdır”.

Nəcəfova Səadət də V sinif şagirdidir, 4 ildir burada oxuduğunu deyir. “Müəllimlərimiz ana kimi qayğımızı çəkir, gecəni də burada qalırıq. Tarixi çox sevirəm. Böyüyüəndə pediatr olmaq istəyirəm. Uşaqlar xəstələnəndə çox pis oluram. Ona görə həkim olmaq istəyirəm, uşaqların sağlamlığını qorumaq istəyirəm”.
Vüsalə Əbilovanı atası gətirir məktəbə. Deyir iki həftdən bir gedirəm evimizə: “Atam gətirir məni bura. Ayda iki dəfə də evimizə gedirəm. Həkim olmaq istəyirəm, bütün uşaqları sağaltmaq istəyirəm”.
Bağırov Fəqan isə Qubadan gəlib. Ata-anası ayrıldığı üçün anasının himayəsindədir. “Binəqədidə yaşayıram. Anam özü xalamgildə yaşayır, hərdən də işdə qalır, məni orada saxlamaq imkanı yoxdur, ona görə gətirib məni burada qoydu. Bacım da var, Qubada yaşayır. Yayda gedib onlarda da qalıram. Amma hamısından yaxşı buradır - internat. Həm oxuyuram, həm qalıram. Ev kimi...” deyir Fəqan.
O, bildirir ki, anası ona internatı tərk edənə qədər ev alacağını və onu ora aparacağını deyib. Ümidləri kimi arzuları da böyükdür Fəqanın. Arzusu ali məktəbə qəbul olmaqdır, internatın digər sakinləri kimi...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018