Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lilsoran gəmilərin fəaliyyəti dayandırılıb
Tarix: 15.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Son 1 həftə ərzində Kür çayında suyun səviyyəsinin durmadan artdığı bildirilir. Qeyd edək ki, rəsmi məlumatlarda bu artım təsdiqini tapsa da, təhlükəli olmadığı vurğulanır. Kürətrafı rayonların əhalisi isə artımın nəzərəçarpacaq dərəcədə hiss olunduğunu deyir.
Bəzi mütəxəssislər isə Kürün deltasında lilsoran gəmilərin fəaliyyətinin dayandırılmasının müəyyən problemlərə yol açacağını söyləyirlər. Onların qənaətincə, şimal istiqamətdən əsən külək dəniz sahilindəki qumu təkrar deltaya qaytardığından ərazidə gəmilər mütəmadi işləməlidir. Belə olmayacağı təqdirdə, fasilələrlə aparılan təmizləmə işləri heç bir effekt verməyəcək. Yeri gəlmişkən, Kürün deltasında dərinləşdirmə işlərini Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) və ARDNŞ-in gəmiləri həyata keçirirdilər.
“Bizə tapşırıq verilsə, işləməyə hazırıq“
DXDGİ-nin gəmilərinin Kürün deltasında təmizləmə işlərini dayandırdığını adıçəkilən idarədən də təsdiqlədilər. Qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Mirsadıqovun “Həftə içi“nə verdiyi məlumata istinadən, proses iyunun sonlarına kimi davam etdirilib: “Gəmilər deltaya mayda daxil olmuşdu və onlar 5 - 6 metr dərinliyədək lili təmizləməli idilər. Bizim orada 5 gəmimiz işləyirdi. Bununla paralel olaraq ərazidə Dövlət Neft Şirkətinə məxsus gəmi də təmizləmə işini həyata keçirirdi. Biz bu işləri dövlət komissiyasının xüsusi tapşırığı ilə aparırdıq. Qeyd edim ki, həyata keçirilən işlər nəticəsində təxminən 1 kilometrə yaxın ərazi 5 - 6 metr dərinliyində təmizləndi. Təmizləmə işlərinin dayandırılmasının ciddi səbəbi yoxdur. Sadəcə, dövlət qurumu olaraq bizə tapşırılan müddətə qədər Kürün deltasında iş aparmışıq“. Qurum səlahiyyətlisi zərurət yaranacağı təqdirdə yenidən deltada işləyə biləcəklərini vurğuladı: “Biz dövlətin bir orqanıyıq. Ehtiyac yaranacağı halda, ərazidə işləməyə hazırıq“.
Aranda daşqın gözlənilmir?
Müstəqil ekoloq Telman Zeynalov isə payız mövsümündə aran bölgəsində daşqınların baş verməyəcəyi qənaətindədir. Onun sözlərinə görə, əgər ölkə ərazisində yağışlar intensiv xarakter daşıyarsa, onda hansısa təhlükədən danışmaq mümkündür: “Düzdür, hazırda bəzi rayonlarda yağıntının miqdarı normadan artıqdır. Amma bunu aran bölgəsinə şamil etmək olmaz. Çünki sözügedən zonada bugünə qədər müşahidə olunan hava şəraiti və qeydə alınan yağıntının miqdarı iqlim normasına uyğundur. Təbii ki, noyabrda yağıntıların intensiv xarakter daşıyacağı təqdirdə, müəyyən çətinliklərin ortaya çıxacağı istisna edilmir“.
Lakin ekspert öz açıqlamasında dağlıq və dağətəyi bölgələrdə daşqınların gözlənildiyini vurğuladı: “Son vaxtlar həmin istiqamətə düşən yağıntının miqdarı aidiyyəti qurumları hərəkətə gətirməlidir. Çünki artıq dağ çaylarında daşqınlar müşahidə olunur. Nəzərə alsaq ki, oktyabrın sonları noyabrın əvvəllərində yağıntılar daha da intensivləşir, onda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zəruridir“.
Kürün deltasında lilsoran gəmilərin fəaliyyətinin dayandırılmasına gəlincə isə mütəxəssis bunu düzgün addım hesab etmir: “Düzdür, daşqın dövründə deltada xeyli iş görüldü və müəyyən hissələr dərinləşdirildi. Amma çox yerdə delta cəmi 1 metr dərinliyədək təmizlənib. Təbii ki, bu məsələ müəyyən problemlərə yol aça bilər. Digər tərəfdən hazırda payız mövsümüdür və yağışlar başlayıb, su müəyyən dərəcədə qalxdığından deltada lil yenidən artacaq. Yəni gələn il üçün ötən ilin yazındakı daşqın miqyası yenidən təkrarlana bilər. Digər tərəfdən sovet dövründə Kür və Araz çayının deltasında daim gəmilər işləyirdi, ərazi lildən təmizlənirdi. Əgər sözügedən istiqamətdə mütəmadi olaraq gəmilər işləsə, bu, çayın axınının sürətlənməsinə səbəb olar. Belə olan halda, hansısa daşqının baş verməsi qeyri-mümkündür“.
İşindən bezən rəis
Məsələyə münasibət öyrənmək məqsədi ilə “Meliorasiya və su təsərrüfatı“ ASC-nin su anbarları və hidroqovşaqların istismarı idarəsinin rəisi Əbdülrəhim Hacıyevlə əlaqə saxladıq. Qeyd edək ki, idarə rəisi ilə Kürətrafı rayonlarda daşqınlar baş verən ərəfədə mütəmadi əlaqə saxlayaraq hadisə bölgəsindəki vəziyyətlə bağlı ətraflı məlumat almışdıq. İnsafən deyək ki, Ə.Hacıyev həmişə suallarımızı çox təmkinlə və hərtərəfli cavablandırırdı. Amma dünən nədənsə ona açdığımız telefon zəngi zamanı suallarımızı çox aqressivliklə qarşıladı.
- Əbdülrəhim müəllim, son günlər Kürdə suyun səviyyəsinin artdığı bildirilir. Qabaqlayıcı tədbirlər kimi hansı işləri görürsünüz?
- Bu nədir eee? Zəng vuran-vuran hamısı Kürün daşdığını deyir. Daşqın-filan yoxdur, nə istəyirsiniz bizdən?.. Əl çəkin də, daha bezmişik. Biz öz işimizdəyik, plana uyğun iş görürük. Kürdə 300 kubmetr su var, deyirlər ki, daşqın olacaq.
- Bəs hansı işləri görürsünüz?
- Sizə nə var, iş bizimdir, işləsək də, işləməsək də özümüz bilərik.
- Axı, Kürətrafı rayonlarda baş verən daşqınlar insanların gözünü qorxudub. Biz də mətbuat vasitəsilə görülən işləri işıqlandırmaq istəyirik. Burda pis nədir ki?
- Gedin nə yazırsınız-yazın, heç bir sualınıza cavab verməyəcəyəm... Əslində bu dialoqa şərh vermək fikrində deyildik. Amma yaz aylarında baş verən daşqınların təkrarlanmaması üçün xüsusi tədbirlər planı həyata keçirməyə borclu olan bir qurumun idarə rəisinin məsələyə mövcud münasibəti düşünməyə əsas verir. Deməli, bu qurum Kürətrafı bölgələrdə baş verən təbii fəlakətdən hələ də nəticə çıxarmayıb. Xatırladaq ki, bu ilin aprel - mayında Kürün məcrasından çıxması nəticəsində 110 min hektar torpaq və 20 min ev su altında qalıb. Bu, son 100 ildə ən böyük daşqın idi. Ölkə ərazisində daha az daşqın isə 2003-cü ildə qeydə alınıb.
Sevinc


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019