Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vətəndaşların məhkəmələrdən gözləntisi
Tarix: 15.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyət, hüquqi dövlətdə ən çox önəm verilən məsələ insan haqlarının qorunmasıdır. Bu dəyərlərə hörmət edən dövlətlərdə hüququ pozulan vətəndaş ilk olaraq məhkəmələrə müraciət edir. Məhkəmə qətnamələrinin yerinə yetirilməməsi isə ədalətli məhkəmə araşdırması hüququnu xəyali hüquqa çevirir.
Azərbaycanın hüquq sistemində də bununla bağlı ciddi problemlər hələ də qalmaqdadır. Bəzən isə vətəndaşlar böyük məhrumiyyətlərlə hüquqlarının bərpasına aid məhkəmə qərarlarının çıxarılmasına nail olsalar da, çox vaxt bu qərarlar kağız üzərində qalır.
Məhkəmələrlə vətəndaşlar arasında olan bir çox narazı məqamı öz gözümüzlə görmək üçün yolumuzu Yasamal rayon Məhkəməsindən salaraq “Qəbul otağı“ rubrikasının budəfəki mövzusunu sözügedən məhkəmədə gördüklərimizə həsr etdik. Əslində bütün məhkəmələr orada baş verən bir çox hadisə ilə yaddaqalan olur. Yasamal rayon Məhkəməsi də istisna deyil. Beləliklə, məhkəmənin İnşaatçılar prospektində yerləşən binasına daxil oluruq. Qaranlıq və ensiz dəhlizdən keçib məhkəmə zallarının qapısı ağzında qoyulmuş oturacaqlarda əyləşib baş verənləri müşahidəyə başlayırıq. İşıqların yandırılmaması insanda məhkəmə heyətinin enerjiyə qənaət etməsi təəssüratı yaradırdı. Qaranlıq olsa belə, istər məhkəmə binasının, istərsə də otaqların uzun illərdir təmir olunmadığı açıq-aydın görünür. Bu dəm bir müddət öncə məhkəmələrdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının, o cümlədən Azərbaycan ədliyyəsinin inkişafına dair dövlət proqramının icrası üzrə görülən tədbirlər çərçivəsində məhkəmələrdə müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələ yadımıza düşür. Bu yeniliyin tətbiqi nəticəsində məhkəmə prosesinin tərəflərinə istənilən vaxt kompüterdə iş materialları ilə sərbəst tanış olmaq üçün şərait yaradılmalı, cinayət işinin etibarlı qorunması təmin edilməklə istintaq və məhkəmə sənədlərinin saxtalaşdırılmasının qarşısı alınmalı idi. Həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulan təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta malik olmaq hüququ daha geniş təmin edilərək müdafiə imkanlarının səmərəsi artırılmalı idi. Amma Yasamal rayon Məhkəməsində yuxarıda sadalanan hər hansı yenilikdən əsər-əlamət belə yoxdur. Məhkəmə zallarındakı sınıq stollardan isə danışmağa dəyməz.
Cinayətkar məhkəmə zalına insanların müşayiəti ilə gətirilir
Dəhlizdəki insanların sayının çoxluğundan və aqressiyadan hiss olunur ki, hakimlərin işi çox gərgin keçir. Maraq xatirinə onların bir neçəsinin qapısını döyüb söhbətləşməyə qərar versək də, hakim Elçin Qurbanovun da, Fuad Talışinskinin də, həmçinin digərlərinin prosesdə olduğunu bildirdilər. Dəhlizdə isə qızğın söhbət gedirdi. Qarşı tərəfi suçlayanlar da vardı, hakimlərin insafsızlığından yana-yana gileylənənlər də. Bu dəm məhkəmə nəzarətçiləri dəhlizdə dayananları ora-bura itələyərək əlindən tutduqları qolları qandallı bir gənci məhkəmə zalının qapısından içəri saldılar. İttiham olunan şəxsin zala bu cür gətirilməsi bizi həqiqətən təəccübləndirdi və buna reaksiya özünü çox gözlətmədi. Ortayaşlı bir qadın məhkəmə zalının qapısına tərəf yürüyərək qışqırmağa başladı: “Sənin gərək meyidini gətirəydilər ki, başqalar da baxıb dərs alaydı. Sən Allah, mənə imkan verin, heç olmasa, onun üzünə tüpürüm“. Öyrəndik ki, həmin gənc oğlan oğurluqda ittihamlanır və bir neçə ay öncə paytaxtdakı mənzillərdən, o cümlədən bayaqdan qəzəblənmiş xanımın evindən oğurluq etdiyinə görə həbs olunub. Bizi isə təqsirləndirilən şəxslərin məhkəmə zalına belə açıq-aydın şəkildə insanların içərisindən keçirməklə aparılması düşündürürdü. Qeyd edək ki, bir neçə il öncə boşanmağa hazırlaşan ər və arvad arasında əmlak bölgüsü üstündə düşən mübahisə sonda ərin məhkəməyə balta gətirməsi və arvadını baltalaması ilə nəticələnmişdi. Hadisənin baş verməsinə səbəb kimi mütəxəssislər məhkəmə nəzarətçilərinin səhlənkarlığını qeyd edərək onların gözü qarşısında məhkəmə zalına balta keçirilməsini tənqid etmişdilər.
Dəhlizdə əyləşənlər arasında məhkəmə sədri Ələddin Cəfərovun qəbuluna düşmək istəyənlər də az deyildi. 2 şikayətçinin öz aralarında apardığı söhbət diqqətimizi çəkir. Şikayətçilərdən biri digərinə yaxşı “daydayının“ olmamasından gileylənir: “Qəbula yazılmaq boş şeydir. Mənim qonşumun Yasamal icra hakimiyyətində tanışı var idi. Onun vasitəsilə nazir müavini Vilayət Zahirovun qəbuluna bircə günə düşdü. İndi bizim də tanışımız olsaydı, sorğu-sualsız qəbula düşərdik. Yoxsa bu gün qəbula yazıl, gələn həftə gələrsən. Gələn həftə də bizə ya növbə çatar, ya da çatmaz. Gərək hər yerdə adamın “daydayı“ olsun“.
Maraq bizə güc gəldiyindən xanımları nazirliyin qəbul otağına gətirən səbəblərdən soruşuruq. Nəzakət Süleymanova adlı şikayətçinin sanki dərdi təzələnir: “Həyat yoldaşım 5 ildir dələduzluq üstündə 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasında saxlanılır. Ümumi ərazisi 40 kvadratmetrə yaxın olan kamerada havanın dəyişməsi üçün heç bir avadanlıq quraşdırılmayıb. Kamerada 24 çarpayı olsa da, məhbusların sayı 30-a çatır, məhkumlar növbə ilə yatmağa məcbur olurlar. Yoldaşım deyir ki, 1 mərtəbəli kameranın üstünün qırla örtülməsi, məhkumların sayının çoxluğu, onların əksəriyyətinin siqaret çəkməsi kameradakı havanı dözülməz edir. İndi istəyirik ki, onun yerini dəyişdirək. Hətta bununla bağlı penitensiar xidmətin rəisi Nazim Ələkbərovla görüşdük. O da dəfələrlə söz versə də, indiyədək nəticə yoxdur. Yoldaşımın işinə bu məhkəmədə baxıldığı üçün indi də bura gəlmişəm ki, bəlkə burada mənə kömək edələr“.
Ata malını bölə bilməyənlər...
Məhkəmə əməkdaşı ilə söhbətləşən ortayaşlı bir kişinin dedikləri diqqətimizi çəkir. Onun bayaqdan yana-yana ünvanına ittihamlar yağdırdığı şəxs sən demə, doğmaca qardaşı imiş. Onun sözlərinə görə, qardaşı ilə ata malını bölə bilməmələri onu Yasamal rayon Məhkəməsinə gətirib-çıxarıb: “Bizim çəkişmənin bünövrəsi 1966-cı ildən, yəni atam dünyasını dəyişəndən qoyulub və bu çəkişmə indiyədək məhkəmələrdə belə həllini tapmayıb. Qardaşım həmişə bizdən ayrı yaşayıb. Lakin atam dünyasını dəyişəndən sonra mülkü bölməyi tələb etdi. Nəticədə Yasamal Məhəkəməsi tərəfindən qardaşımın iddia ərizəsi əsasında ümumi sahəsi 45,1 kv.m 2 otaqdan və sahəsi 15,1 kv.m eyvandan ibarət olan yaşayış evini bölərək, sahəsi 23,6 kv.m olan otağın mənim, sahəsi 21,5 kv.m olan otağın isə qardaşımın mülkiyyətinə verilməsi, sahəsi 15,1 kv.m olan eyvan və yardımçı tikililərin ümumi istifadədə saxlanılması, həyətyanı torpaq sahəsinin tərəflər arasında bərabər hissələrə bölünməsinə dair qərar çıxarılıb. Həmin qərararla razılaşmayaraq apellyasiya şikayəti verdim. Lakin bu instansiya şikayətimi təmin etmədi. Ali Məhkəmədə də şikayətimə baxılmadı. İndi mən qardaşımı məhkəməyə vermişəm“. O buna səbəb kimi hazırda qardaşının onun özü üçün ayrılan payı da satmaq sevdasına düşdüyünü bildirdi: “Bu məhkəmədən o qədər başım çəkib ki, bilirəm axırda yenə olan mənə olacaq. Əgər məhkəmə hər hansı reaksiya verməsə, mən küçədə qalacağam“.
“Qızın iki adaxlısı var“
Qeyd edək ki, məhkəmə dəhlizində olanlardan əksəriyyətinin problemi əmlak bölgüsü və bələdiyyələrlə bağlı idi. Söhbətləşdiyimiz növbəti vətəndaş da bu səbəbdən məhkəməyə düşdüyünü deyir: “2003-cü ildə olan-qalanımı satıb “Qanlıgöl“ deyilən yerin ətrafında bələdiyyənin sənədi ilə 3 sot torpaq aldım. Keçən il həmin torpaq sahəsində ev tikmək istəsəm də, başqa bir nəfər ortaya çıxararaq torpağın ona məxsus olduğunu bildirdi. Onun sənədlərində alğı-satqı tarixi mən torpaq alan tarixdən 2 ay sonra göstərilib. Həm məndə, həm də torpağa iddialı olan ikinci şəxsin sənədlərində bələdiyyənin möhür və imzası var. Bu baxımdan həmin adama heç bir irad bildirə bilmirəm. Bələdiyyə də müxtəlif bəhanələrlə vəziyyətin düzələcəyini söyləyir. Artıq 3-cü prosesdir nə bələdiyyədən gələn olur, nə də qarşı tərəfdən“.
Kənardan dayanıb baxan gənc xanım da dərdini danışanlara qoşulur. Məlum olur ki, onun problemi məhkəmə qərarının icra olunmaması ilə bağlıdır: “1 ildən artıqdır bu məhkəməyə ayaq döyürəm. Yasamal rayon Məhkəməsinin xeyrimə çıxardığı qərarı təmin edə bilmirəm. Qərara görə, 2007-ci ildə boşandığım həyat yoldaşım 2 uşağıma ayda 120 manat aliment ödəməlidir. Amma məhkəmə icraçıları məsələyə biganə münasibət göstərirlər və 2 ilə yaxındır məhkəmənin qərarını təmin etmirlər. Bunu da onunla əsaslandırırlar ki, guya keçmiş həyat yoldaşım imkansızdır. Halbuki o, “Sədərək“də ticarətlə məşğuldur“.
Beləcə, çıxarılan qərarları ilə kimini sevindirən, kimini kədərləndirən, kiminə də ümid verən Yasamal rayon Məhkəməsindəki müşahidələrimizə son qoyub, hakimlərə qərar çıxararkən insaflı olmaları diləyi ilə oradan uzaqlaşırıq. Ümid edirik ki, bütün suçlular qanun qarşısında cəzasız, günahı olmayanlar isə Tanrının nəzərindən uzaq olmayacaq.
Naibə, Sevinc


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019