Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Beynəlxalq Elm Festivalı təşkil olunacaq
Tarix: 15.03.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Mütəxəssislər hesab edirlər ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsil arasında elmə marağın formalaşdırılmasında vacib rol oynayır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək. Qeyd edək ki, AMEA Rəyasət Heyətinin iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014-cü və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.

İclasda vətəndaşlar tərəfindən yüksək maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə oktyabrın 9-dan 30-dək növbəti Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.
Yeri gəlmişkən, bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub-saxlanılması məsələsidir. Sözsüz ki, Azərbaycan məhz dövlət müstəqilliyini bərpa etdikdən sonra, elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Məsələn, prezident İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib. Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilib. Bundan başqa, alimlərin elmi fəaliyyətində, xarici ölkələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri də dövlət başçısının 2009-cu il 4 may tarixli 255 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”dır. Eyni zamanda, 2012-ci ildə ölkə başçısının alimlərə diqqət və qayğısının nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılması, onların fəaliyyətinin yaxşılaşdırması, iş şəraitinin dünya standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə Elmi-Tədqiqat Mərkəzlərinin (ETM) fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzalanıb. Ölkə prezidentinin 2009-cu il 21 oktyabr tarixində imzaladığı Sərəncamla fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu isə bu sahənin stimullaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirməkdədir.

Qeyd edək ki, Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır. Müşahidələr onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə ölkəmizdə elmin maliyyələşdirlməsində tamamilə yeni yanaşmanın əsası qoyulub. Belə ki, sözügedən qurum fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək kimi missiyanı uğurla yerinə yetirib. Məsələn, yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, təkcə AMEA üzrə 38 tədqiqat institutlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb. Eyni zamanda, Elmin İnkişafı Fondu tərəfindən gənc alimlərin fəaliyyətinin dəstəklənməsi nəticəsində gənclərin elm sahəsinə marağı artıb. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda mütəmadi olaraq ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılmasında yeganə həlledici amilə çevrilib. Bu müsabiqələrin nəticəsində xeyli istedadlı gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçib, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edib, elmi məqalələri beynəlxalq səviyyəli jurnallarda dərc olunub.

Bundan başqa, dövlət başçısının 9 avqust 2016-cı il tarixli fərmanına əsasən isə Azərbaycan elm tarixində ilk dəfə olaraq “Elm haqqında” qanun qüvvəyə minib. Bu qanun ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Mütəxəssislər də hesab edirlər ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsil arasında elmə marağın formalaşdırılmasında vacib rol oynayır. Onların fikrincə, hazırda ölkəmizdə elmin uğurlu inkişafının təmininə səbəb olan amillər çoxdur. Çünki uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Bu istiqamətdə uğurlara nail olmaq üçünsə son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Məsələn, 2018-ci il dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur.

Eyni zamanda, 2018-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 2017-ci il səviyyəsində olmaqla 0,6 faiz təşkil edəcək. Belə ki, 2018-ci ildə elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub.

Məlumat üçün onu da vurğulayaq ki, son illər elm sahəsində həyata keçirilən islahatlar bu sahəyə marağı xeyli artırıb. Belə ki, respublikada tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. Bu müəssisələrdə elmi-tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Ümumiyyətlə, hazırda ölkəmizin müxtəlif universitet və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatla məşğul olur.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018