Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölkəmiz yeni qiymətləndirmə tədqiqatına qatılacaq
Tarix: 15.03.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə şagirdlər üçün seminar-dərslərə start verilib

Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün seminar-dərslər təşkil olunur. Təhsil Nazirliyindən verilən məlumata görə, seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin, qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir.

Seminar-dərslərdə 2017-ci ilin iyun və dekabr aylarında təşkil olunmuş sınaq qiymətləndirmələrdə yüksək nəticə göstərmiş 2002-ci il təvəllüdlü şagirdlər iştirak edir. Beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslərin aprelin ilk ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulur.
Beynəlxalq qiymətləndirmə tədqiqatının elektron əsaslı olması nəzərə alınaraq məktəblilərin istifadəsi üçünwww.istedad.edu.az saytı da yaradılıb. Saytda Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə simulyativ tapşırıqlar yerləşdirilib.
Qeyd edək ki, paytaxt məktəbliləri bu ilin aprel və mayında PİSA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.
Məlumat üçün vurğulayaq ki, indiyədək Azərbaycan məktəbliləri 3 beynəlxalq qiymətləndirmə proqramında iştirak edib. Azərbaycanın 2006-cı ildən iştirak etdiyi PİSA (Program for International Student Assessment-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır.

15 yaşlıların cəlb edildiyi bu proqram kurikulum üzrə qiymətləndirmə deyil və məktəblilərin tədris proqramlarını mənimsəmə səviyyəsini deyil, beynəlxalq səviyyədə şagirdlərin əldə etdikləri biliklərdən istifadəetmə imkanlarını, problemləri həll etmək qabiliyyətlərini, dövrün tələblərinə uyğunluğunu, təhlil apara bilməsini, mühakimə yürütməsini, ünsiyyət qura bilməsini, bir sözlə “Yaşamaq üçün öyrənmək” bacarığını qiymətləndirir və 4 ildən bir aparılır.
Azərbaycan Respublikasının iştirak etdiyi PİSA-2006 tədqiqatında dünyanın 57 ölkəsindən 400 minə yaxın şagirdin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqları qiymətləndirilib. Bu reytinqdə ölkəmiz oxu və qavrama üzrə 54-cü, riyaziyyat üzrə mənimsəməyə görə 4-cü, müvəffəqiyyət göstəricisinə görə isə 32-ci yeri tutub. Toplam ortalama olaraq isə məktəblilərimiz dünya üzrə 64 ölkə arasında 54-cü yeri tutublar.
2009-cu il tədqiqatında ölkəmizin 162 ümumtəhsil məktəbi və peşə liseylərinin 4716 nəfər 15 yaşlı şagirdi iştirak edib. PİSA 2009-cu il yarışmasında isə oxuduğunu anlamaqda 362 bal (+9 bal irəliləmə), riyaziyyat üzrə 431 bal (-45 bal geriləmə), digər elmlər istiqaməti üzrə isə 373 bal (-9 bal geriləmə) toplayaraq toplam ortalama 64-cü yeri tutublar. Təəssüflə qeyd etməliyik ki, bundan sonra keçirilən PİSA2012 və 2015-ci il qiymətləndirilmələrində Azərbaycan ölkə olaraq iştirak etməyib.

Azərbaycanın qoşulduğu TIMS və PIRLS beynəlxalq qiymətləndirmə proqramı isə şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Məqsədinə və formasına görə nisbətən milli qiymətləndirməyə yaxın olduğundan onların nəticələri gələcəkdə milli qiymətləndirmənin nəticələri ilə əlaqələndirilə bilər.

TIMSS (Trends in Mathematics and Science Study)–riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramıdır. 1995-ci ildən fəaliyyətə başlayan proqram dörd ildən bir IV və VIII sinif şagirdləri arasında aparılır. Azərbaycan 2010-cu ildə TIMSS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib. 2011-ci ilin aprel-may aylarında tədqiqatın əsas mərhələsi keçirilib.
PIRLS (Progress in International Reading Literacy Study)-oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə proqramıdır. Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İEA) tərəfindən həyata keçirilir. Azərbaycan 2010-cu ildə PIRLS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib.
Bu yaxınlarda açıqlanan oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə, 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Eyni zamanda, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci illə müqayisədə 9 faizdən 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. Son tədqiqatın nəticələrinə görə, iştirakçı uşaqların hər 5 nəfərindən biri “yüksək” və ya “mükəmməl” nəticə göstərib. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 10 faiz azalıb.

Bundan başqa, tədqiqatda iştirak edən şagirdlərin 53 faizi oğlan, 47 faizi qızlar olub. Sayca oğlanlar üstünlük təşkil etsə də, qızların ümumi nəticəsi oğlanlardan daha yüksəkdir. Belə ki, 479 bal qızların, 466 bal oğlanların göstəricisidir. Birinci PIRLS tədqiqatında olduğu kimi, bu dəfə də qız şagirdlər oğlan şagirdlərdən üstün nəticələr göstərib.
Yeri gəlmişkən vurğulayaq ki, müasir dövrdə insanların keyfiyyətli təhsillə təmin olunması dünya ölkələrinin əsas hədəflərindən sayılır. Qeyd edək ki, müşahidələrə görə, son illər dünyada ümumi savadlılıq nəzərəçarpacaq qədər artıb. Belə ki, hazırda dünyada cavanlar arasında savadlılıq 89 faiz təşkil edir, halbuki bu göstərici 1990-cı ildə 83 faiz idi. Savadsız əhalinin 60 faizi isə qadınların payına düşür. Bu məsələdə ən geridə qalmış ölkə Əfqanıstandır ki, burada da qadınların savadsızlığı 87 faiz təşkil edir. Təhsilin UDM-də payı Lesoto və Kubada 13 faiz təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Misal üçün bildirək ki, ABŞ-da bu rəqəm 5,4 faizə bərabərdir.
Bundan başqa, dünya təcrübəsində qabaqcıl ölkələrin təhsil xərcləri ÜDM-in 7-8 faizini təşkil edir. Belə ki, ABŞ-da bu göstərici 5,4 faiz, Norveçdə, təxminən, 9 faiz, Finlandiyada 8 faiz təşkil edir. Azərbaycanda bu göstəricinin qiyməti 2,5 faizdir. Amma buna baxmayaraq, ölkəmizdə savadlılıq səviyyəsi kifayət qədər yüksəkdir. Qeyd edək ki, savadlılıq dedikdə oxuyub-yazmaq bacarıqları başa düşülür. Belə ki, statistik məlumatlara əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 100 faiz civarındadır. Yəni, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi demək olar yüz faizə çatıb.

Onu da deyək ki, son illər Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar ölkəmizin bu istiqamətdə mövqeyini müsbətə doğru dəyişib. Məsələn, ötən il Dünya İqtisadi Forumunun yaydığı hesabatda da Azərbaycanda təhsil sisteminin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulanıb. Həmin sənədin “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib. Təbii ki, bu sahədə aparılan siyasətin nəticəsi olaraq dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Eyni zamanda, bəzi alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Məsələn, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib. Sözsüz ki, bu göstəricilərə əsaslanaraq gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətinin daha ciddi nailiyyətlər əldə edəcəyinə inanmaq olar.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2018
19.04.2018