Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Peşə təhsili qanunla tənzimlənəcək
Tarix: 16.03.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Yeni qanun layihəsi qəbul olunarsa, gənclərin əmək bazarına çıxışının asanlaşacağı proqnozlaşdırılır

Azərbaycanda peşə təhsili ilə bağlı ayrıca qanun qəbul olunacaq. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirə zamanı komitənin sədri İsa Həbibbəyli məlumat verib ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, birinci oxunuşdan sonra, Prezident Aparatında mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub.

O qeyd edib ki, konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib: "Bütün bunlar ölkədə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir".
İclasda “Peşə təhsili haqqında” qanun layihəsinin təkmilləşmiş variantı barədə ətraflı məlumat dinlənildikdən sonra müzakirələr başlanıb.
Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar - Şəmsəddin Hacıyev, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxşəliyeva qanun layihəsi barədə müsbət fikirlər söyləyərək təkliflərini səsləndiriblər. Çıxışlarda vurğulanıb ki, peşə təhsili haqqında qanunun hazırlanmasından məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin həyatının tənzimlənməsi, əmək bazarında öz yerini tuta bilməsidir. Bu sənəd ən işlək qanunlardan biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq.
Sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müzakirədə toxunulmuş bir sıra məqamlara aydınlıq gətirib və bölgələrdə peşə təhsilinin inkişafı məqsədi ilə inşa edilən məktəblər barədə deputatları məlumatlandırıb.

Müzakirələrin yekununda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Yeri gəlmişkən, bu gün ölkəmizdə peşə təhsili sahəsində həyata keçirilən islahatlar xarici ölkələrdə də maraqla qarşılanır. Məsələn, bu yaxınlarda Gürcüstanda “Peşə təhsilində təcrübə” mövzusunda təşkil olunan konfransda xarici mütəxəssislər bildiriblər ki, Azərbaycanda peşə təhsilinə göstərilən dəstək bəzi ölkələr üçün nümunədir. Onların fikrincə, bu barədə Azərbaycanın təcrübəsini öyrənmək lazımdır.
Qeyd edək ki, "Peşə təhsilində təcrübə" mövzusunda təşkil olunan konfransda Almaniya, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Ukrayna və Latviyadan olan nümayəndələr iştirak ediblər.
Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov tədbirdə çıxış edərək ölkəmizdə peşə təhsilinin təşkili, dövlətin bu sahəyə dəstəyi barədə ətraflı məlumat verib. Bildirib ki, "Cənubi Qafqaz ölkələrində peşə təhsilinə dəstək" layihəsi üç ildir ki, Azərbaycanda uğurla həyata keçirilir. Ölkəmizdə peşə təhsili ilə əlaqədar xüsusi qanun qəbul edilib, Təhsil Nazirliyində Məşğulluq Şurası yaradılıb, sahibkarlıq barədə düşüncə və təfəkkürünün inkişafı ilə əlaqədar xeyli işlər görülüb.
Gənclərin sahibkarlığa marağının artırılması üçün müxtəlif elmi metodlar hazırlanıb, kitab və digər məlumat açıqcaları nəşr etdirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri - Sədaqət Qəmbərova və Nurlan Quliyev konfransda təqdimatla çıxış edib, ölkəmizdə peşə təhsilinin təşkili və regional inkişafa təsiri barədə layihələr barədə məlumat veriblər.
Gürcüstan, Almaniya, Latviya və Qazaxıstandan olan nümayəndələr "İş yeri axtarma, iş yeri yarat" şüarı altında Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər. Gürcüstan tərəfi yaxın aylarda nümayəndə heyətlərinin Azərbaycana səfər edəcəklərini bildirib.
Xatırladaq ki, 2016-cı ilin dekabrında ölkəmizdə"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" qəbul olunub.
Sənəddə qeyd edilib ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.

Sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.
İşəgötürənlərlə pilot peşə təhsili müəssisələri arasında əməkdaşlıq nəticəsində bazarın tələblərinə uyğun peşə standartları və təhsil proqramları (kurikulumlar) hazırlanacaq, məzunların məşğulluq səviyyəsi artacaq və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması üçün bu təcrübənin digər peşə təhsili müəssisələrində tətbiqinə zəmin yaranacaq. Bundan əlavə, peşə təhsilinin müsbət imici yaranacaq və peşə təhsilini seçənlərin sayı artacaq. Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində bu prioritetin real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.
Belə ki, 2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsinin təşkili və pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ayda 50 faizə çatdırılması nəzərdə tutulur. Məşğulluq imkanlarının artması pilot peşə təhsili müəssisələrində təhsilalanların sayının 50 faiz artmasına imkan verəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən təhsil eksperti Məlahət Mürşüdlü qeyd edib ki, peşə təhsilinin stimullasdırılması yönündə atılan hər bir addım təqdirəlayiqdir: "Bu gün peşə məktəbini bitirən gənclərin islə təmin olunması aktual problem olaraq qalır. Əslində peşə məktəbini bitirən gənclərin işlə təmin olunması tək Təhsil Nazirliyi və digər aidiyyəti qurumların üzərinə düşməməlidir. Bu işdə məsuliyyət eləcə də digər müəssisə və təskilatların üzərinə düşür. Müəssisələr peşə məktəblərinə hər hansı bir sahə ilə bağlı sifariş verməlidir. Bu sifarislər əsasında gənclər peşə məktəbini bitirdikdən sonra işlə təmin oluna bilər. Bunun özü böyük bir dəstəkdir. Gənclərin peşə məktəbinə maraq göstərməsi üçün onların islə təmin olunması məsələsinin həlli vacibdir".

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə vurğulayıb ki, hazırda texnologiyanın inkişafı peşəni daha çox kitabdan oxumaqla deyil, praktika sayəsində öyrənməyə imkan verir: "Yeni texnologiyaları özündə əks etdirən dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər aparılmalıdır. İnkişaf etmiş ölkələrdə peşə sistemində daha çox bu cür tədris texnologiyalarından istifadə olunur. Digər tərəfdən bizdə hələ də peşə-ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayından dəfələrlə azdır. Gənclərimiz unudurlar ki, peşə seçimi insan həyatının mühüm qərarlarından biridir və bu qərarın verilməsində gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır.Təbii ki, bu sahənin populyarlaşmasında işə götürüənlərin rolu daha da böyükdür. Məsələn, Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, "işçilərin 7-15faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Əgər tenderə qatılmaq istəyən şirkət həmin tələbə məhəl qoymursa onun layihədə iştirakı məhdudlaşdırılır. Yəni, bizim ölkəmizdə də peşə məktəbləri ilə bağlı bu cür stimullaşdırıcı addımların atılması vacibdir. Bu halda həyata keçirilən islahatların effekti daha yüksək olacaq".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
24.04.2018 Təhsildə İKT

Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."