Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ-ın tükənməz "erməni sevgisi"
Tarix: 16.03.2018 | Saat: 20:30:00
Bölmə:Siyasət | çapa göndər

25 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar barədə danışarkən Azərbaycan cəmiyyətində, hətta 4-5 yaşlı uşaqların ilk reaksiyası "Minsk Qrupu həmsədrləri ermənilərin tərəfini tutur" ifadəsi olur.

Əslində, cəmiyyətimizdə həmsədr dövlətlərin münaqişənin həllində ədalətli mövqe sərgiləməmələri, ikili standartlardan yanaşaraq, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün ən adi hüquqlarının pozulmasına göz yummaları ilə bağlı formalaşmış fikir heç də əsassız deyil. Dəfələrlə ABŞ, Fransa və Rusiyanın "sonsuz erməni sevgisi"nin şahidi olmuşuq. Bu dəfə isə sözdə separatizmi dəstəkləmədiklərini bəyan edənlərin əlləri minlərlə günahsız azərbaycanlının qanına batmış terrorçulara necə qucaq açdığının şahidi olduq.
Özünü dünyada "demokratiyanın, insan hüquqlarının qoruyucu mələyi" kimi tanıtmağa çalışan Minsk Qrupunun ən qüdrətli həmsədri ABŞ-ın Dağlıq Qarabağdakı hərbi xunta rejiminin rəhbəri Bako Saakyana "demokratik dəyərlərin simvolu" sayılan Konqresdə necə qucaq açdığının şahidi olduq. Əslində, Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının siyasətində mövcud olan ikili standartların ən bariz nümunəsidir.
ATƏT MQ-nin həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması sadəcə nonsensdir. Bundan sonra, ABŞ və onun siyasi qurumlarının Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət tərəzisini haqlının sövqeyinə uyğun quracağını necə gözləmək olar.

Xüsusi vurğulamaq yerinə düşər ki, separatizmdən tək Azərbaycan yox, eləcə də yaxın qonşularımız Gürcüstan, Ukrayna, Moldova da əziyyət çəkir. Ancaq nədənsə, Krım, Cənubi Osetiya, Abxaziya, Dnestryanı Respublikanın və digər bu kimi münaqişələrə görə, az qala, Rusiya ilə "müharibə" həddinə gələn Qərb, xüsusilə də ABŞ Dağlıq Qarabağ münaqişəsinə tam ayrı münasibət sərgiləyir. Bu qondarma rejimin rəhbərliyinə, sanki xüsusi rəğbət mövcuddur. Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır?
Azərbaycanın bu haqlı suallarla bağlı ABŞ-a ünvanladığı etiraz notasının cavabı isə sadəcə gülünc doğurdu. Sitat:

"ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının – güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.Yekun Aktı prinsipləri — gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".
Bu cavabdan da göründüyü kimi, əslində, həqiqətən də ABŞ-ın münaqişə ilə bağlı mövqeyində heç bir şey dəyişməyib. Keçən əsrin 90-cı illərində ölkəmizə qarşı qəbul olunmuş utancverici "907-ci düzəliş"in qəbulu ilə Vaşinqton açıq şəkildə Qarabağ məsələsində hansı mövqeyi sərgiləyəcəyini ortaya qoymuşdu. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun möhtəşəm zəfərlərindən qorxuya düşən ermənilərə "müşahidə cihazları" göndərərək "dərdinizə bundan sonra da dərman olacağıq" mesajını verməklə bir daha separatizmə qarşı ikili standartlarla yanaşıldığını nümayiş etdirmiş oldu. Bu dəstəyin pik nöqtəsi isə Bako Saakyan adlı cinayətkarın Konqresdə qarşılanması, onunla müzakirələr aparılması və s. idi. Bu səfər haqlı olaraq Azərbaycanın ictimaiyyət nümayəndələrində çox ciddi etirazla qarşılanmaqdadır.

Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "başçısı" kimi özünü təqdim edən Bako Saakyanın Birləşmiş Ştatlara səfəri və ABŞ Konqresində görüşlər keçirməsi rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasında haqsızlığa, ədalətsizliyə və hörmətsizliyə yol verdiyini göstərir. O qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi deyil: “Separatçıların ABŞ-a getməsi dünən, bu gün olmayıb, 1992-ci ildən indiyə qədər bu proses davam edir. Belə olan halda, biz ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsini ədalətli şəkildə həll edəcəyinə necə ümid bəsləyə bilərik?! Təbii ki, heç cür". Millət vəkili vurğulayıb ki, B.Saakyanın ABŞ-a səfəri Birləşmiş Ştatların siyasətində ikili standartların bariz nümunəsidir.
ATƏT-in Minsk qrupunun həmsədri olan, özünü dünyada sülh və demokratiya carçısı adlandıran Amerika Birləşmiş Ştatlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibəti qəbuledilməzdir. Bu barədə isə Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfərinə münasibət bildirərkən deyib.
B.Muradova bildirib ki, bu hadisə həm təəccüblüdür, həm də narahatlıq doğurur: "Birləşmiş Ştatların oxşar məsələlərdə başqa ölkələrə də münasibətini görürük. Amma Azərbaycana qarşı bunun tam əksini görürük. Artıq dünyada beynəlxalq hüququn prinsiplərinə söykənən, bu standartlara uyğun siyasət demək olar ki yoxdur. Ona görə də bu məsələdə birmənalı fikir söyləmək çətindir. Çünki ən böyük dövlətlərin xarici siyasətindəki ziddiyyətlər imkan vermir ki, konkret fikir söyləyək. Yəni indi biz qətiyyətlə bilmirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan böyük dövlətin separatçılığa, bölücülüyə, ölkələrin ərazi bütövlüyünə münasibəti birmənalıdır".

Milli Məclisin sədr müavini qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi rəsmi Vaşinqtonun həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil: "Düşünmürəm ki, orada kimsə qondarma rejimin tanınmadığını, Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejimin fəaliyyət göstərdiyini bilməsin. Belə bir qanunsuz rejimin "rəhbəri"nin ABŞ-a dəvət olunmasının, müxtəlif tədbirlərdə, qəbullarda iştirakının, açıqlamalar verməsinin ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, beynəlxalq hüquq normalarına zidd olduğunu ABŞ anlamamış deyil. Bununla da onlar ən azından öz mövqelərini Azərbaycanda şübhə altına atır, problemin həlli üçün səy göstərdiklərinə inamı azaldır".
ABŞ-ın separatçılara nə cür dəstək verməsinin ən əyani sübutu isə təqdim etdiyimiz məlumatdır. Belə ki, Kaliforniya ştatının Qlendeyl şəhərində Meriland prospektinin adı dəyişdirilərək “Artsax” ediləcək. Bu barədə Amerika Erməniləri Milli Komitəsinin rəsmi səhifəsində məlumat verilir. Qərar şəhər şurasında səsvermə nəticəsində yekdilliklə qəbul olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub.

“Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub. ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”, - deyə XİN sözçüsü Hikmət Hacıyev qeyd edib.
"Qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri Ermənistan pasportu ilə Avropaya, Amerikaya gedir, orada qondarma rejimin təbliğatı ilə məşğul olurlar”. Bu barədə isə millət vəkili Rasim Musabəyov bildirib. O qeyd edib ki, həmin şəxslərə etiraz etdikdə cavab verilir ki, konqresmen və onun köməkçisi istədiyi şəxsi ölkəyə dəvət edə bilər: "Həmin şəxslər qondarma Dağlıq Qarabağ pasportu ilə Qərb ölkələrinə gedə bilməz. Hər halda biz buna etirazımızı bildirməliyik. ABŞ səfiri qondarma rejimin təmsilçisi Bako Saakyanın səfərinə görə, Azərbaycan XİN-ə çağırılıb, Amerikaya nota verilib. Bizim etirazımıza görə, həmin şəxsin bir də Amerikaya buraxılmayacağını deyə bilmərik. Ermənistan pasportu ilə xaricə gedən, Dağlıq Qarabağda qeydiyyatda olan şəxsi əslində buraxmamalıdırlar. Nəticə olaraq, yenə ikili standartların tətbiq olunduğunu müşahidə edirik”.
Ölkəmizə qarşı yürüdülən bu ikili standartların ən layiqli cavabını isə özümüz verməliyik. Güclü ordumuz, rəqabətədavamlı iqtisadiyyatımız, beynəlxalq aləmdə artan nüfuzumuz, xalqın və dövlətin milli maraqlarına əsaslanan müstəqil siyasətimizlə...

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2018
22.09.2018
21.09.2018