Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yer altında yaşayan şəhər
Tarix: 13.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

Ö tən yazılarda III qazıntı sahəsi haqqında müəyyən qədər məlumatlar vermişdik. Bu dəfə IV qazıntı sahəsindən söz açmaq istərdik. Adıçəkilən sahə 2200 kvadratmetr sahəni əhatə edir. Bu, indiyə qədər Azərbaycan ərazisində arxeoloji ekspedisiyalar tərəfindən nisbətən qısa zaman kəsiyində öyrənilən ən geniş sahədir. Başqa sözlə desək, indiyə qədər Azərbaycanda heç bir arxeoloji ekspedisiya eyni zamanda belə geniş ərazidə qazıntı işi aparmayıb.
Düzdür, ötən əsrin ortalarından başlayaraq Azərbaycanda orta əsr şəhərlərinin arxeoloji cəhətdən tədqiqi məsələsində xeyli təcrübə toplanıb. Mingəçevir, Gəncə, Beyləqan, Qəbələ, Şamaxı, Bakı, Şabran, Bərdə, Naxçıvan, Şəmkir və digər abidələrdə aparılan uzunmüddətli qazıntılar orta əsr şəhər probleminin dərindən və hərtərəfli öyrənilməsi baxımından kifayət qədər zəngin materiallar verib. Bilavasitə arxeoloji materiallar əsasında qeyd olunan şəhərlərin nisbətən daha müfəssəl tarixi yazılmış, bundan əlavə, orta əsr şəhər mədəniyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs edən çoxsaylı, həm də kifayət qədər sanballı tədqiqat əsərləri meydana gəlib.
(IV yazı)
Bütün bunlar isə nəticə etibarilə orta əsr Azərbaycan şəhərlərinin ümumi mənzərəsini görmək, duymaq və bu barədə düşünmək imkanı yaradıb. Nəzərə almaq lazımdır ki, bu sadalananlar IX - XIII əsr şəhər mühitini əhatə edir. Başqa sözlə, Azərbaycanda ilk orta əsr şəhər problemi hələ ki arxeoloji cəhətdən yetərincə öyrənilməyən sahə olaraq qalmaqdadır. Bu da bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Birincisi, arxeoloji cəhətdən öyrənilən orta əsr şəhərlərinin bir qismində ilk orta əsr təbəqəsi yoxdur, yaxud da bu təbəqə zəifdir. İkincisi, sırf ilk orta əsr şəhərləri azdır və onlar da yetərincə tədqiq olunmayıb.
Son orta əsr şəhər problemi ilə bağlı vəziyyət bir qədər fərqlidir. Belə ki, orta əsr şəhərlərində son orta əsr təbəqəsi olmasına baxmayaraq, uzun illər ərzində onun tədqiqinə maraq göstərilməyib. Elmi ictimaiyyət arasında belə bir yanlış fikir formalaşıb ki, guya monqol istilasından sonrakı dövrün maddi-mədəniyyəti bütövlükdə etnoqrafların araşdırma predmeti olmalıdır. Etnoqraflar da öz növbəsində daha çox XIX - XX əsrin maddi-mədəniyyətinin və ənənələrinin tədqiqi ilə məşğul olaraq XIV - XVIII əsr problemlərinin öyrənilməsinə nüfuz etməyiblər. Bu baxımdan da elmimizdə kifayət qədər geniş dövrü əhatə edən çox ciddi bir boşluq yaranır.
Son orta əsr şəhər probleminin arxeoloji cəhətdən tədqiqini çətinləşdirən bəzi amilləri də nəzərdən qaçırmamaq lazımdır ki, bunlardan ən mühümü son orta əsr təbəqəsi olan şəhərlərdə həyatın davam etməsidir. Belə abidələrdə tədqiqat üçün boş nöqtələr tapmaq elə də asan məsələ deyil. Ara-sıra tikinti və ya söküntü gedən sahələr isə tək-tək olduğundan orada nəyisə aydınlaşdırmaq çətindir. Şəhər probleminin bu və ya digər məsələlərinə aydınlıq gətirmək üçün ilk növbədə nisbətən geniş sahələrin açılmasına ehtiyac yaranır. Bunu yaşayış evləri, məhəllələr, küçə və meydanlar, su təchizatı və abadlıq məsələləri, habelə şəhər təsərrüfatının digər sahələrində olan mənzərəni aydınlaşdırmaq qeyri-mümkündür. Əlbəttə, yaşayışın davam etdiyi şəhərlərdə buna nail olmaq praktiki cəhətdən qeyri-mümkündür. Məsələn, Bakıda və Şamaxıda uzun illər arxeoloji tədqiqatlar aparılsa da, onların heç birində indiyədək geniş sahə öyrənilməyib.
Ağsu şəhəri nadir arxeoloji abidədir ki, şəhər süqut edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı və təsərrüfat işləri aparılmayıb. Beləliklə, orada şəhərin əsas tikililəri, məhəllələri, küçə və meydanları nisbətən daha yaxşı qalıb.
Ağsu şəhərinin yerləşdiyi Ağsu rayonu ərazisi müxtəlif dövrlərə aid tarixi abidələrlə zəngindir. Bu dövrdə eneolit dövründən başlayaraq bu günədək intensiv həyat davam edir. Rayon ərazisindəki qədim dövr abidələri ötən əsrin 60-cı illərindən başlayaraq öyrənilir. Nüydi, Uzunboylar və Qırlartəpə abidələrindən sonra Mehrəvan, Nərgizava və Ağsu şəhər yerində də arxeoloji tədqiqatlar aparılıb.
Orta əsr Ağsu şəhərinin rayon mərkəzindən bir qədər cənubda, Yuxarı Şirvan düzündə, Ülgüc, Ağarx, Çuruqlu və Ərəbuşağı kəndlərinin əhatəsində yerləşdiyini artıq bilirsiniz. Şəhər ərazisi şərq, qərb və şimal tərəfdən tam, cənub tərəfdən isə qismən dərin xəndək, hündür torpaq val və onun üzərində tikilmiş möhtəşəm qala divarları ilə əhatələnib. Cənub, cənub-qərb və cənub-şərq tərəfdə xəndək qazılması və qala divarlarının tikintisi işi başa çatdırılmayıb. Mütəxəssislər tərəfindən abidənin dəqiqləşdirilmiş topoqrafik planı işlənərkən məlum olub ki, şəhərin ərazisi plan quruluşu etibarıilə kvadrat formalıdır. Abidənin şimal divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 632,6, cənub divarlarının uzunluğu isə 630,7 m-dir.
IV qazıntı sahəsi seçilərkən əsas məqsədlərdən biri də qala divarlarını öyrənmək olub. Beləliklə, qeyd olunmuş hissədə üst-üstə səliqə ilə düzülmüş 6 cərgə çay daşından ibarət 85 sm hündürlüyündə divar qalıqları aşkarlanıb. Daşların yalnız çöl tərəfdə qalan hissəsi çapma üsulu ilə yonulub. Qala divarlarının tikintisində Ağsu və Girdiman çaylarının daş ehtiyatlarından istifadə olunub. Tikintidə bərkidici material kimi palçıqdan istifadə edilib. Daşlar bir-birinə möhkəm bərkidilmədiyindən dağılmağa meyillilik müşahidə olunur. Diqqəti cəlb edən odur ki digər hissədə divarın üst daşları xəndəyə doğru uçub, yaxud uçmaq təhlükəsindədir.
Müşahidələr əsasında demək olar ki, qala divarlarının dağıntıya məruz qalması daha çox onun bünövrəsinin möhkəm olmamasındadır. Buradan da görünür ki, qala divarının inşası işi tələm-tələsik aparıldığından bu amil nəzərdən qaçırılıb. Artıq qeyd etdiyimiz kimi, şəhərin qala divarları mühafizə xəndəyinin torpağından ibarət val üzərində tikilib. Tökülmə torpaq üzərində tikildiyindən onun bünövrəsi də möhkəm ola bilməz. Bundan əlavə, qala divarlarının bünövrəsi adi, xırda çay daşlarından inşa edildiyindən möhkəmliyinə də zəmanət ola bilməzdi. Adətən bu tip tikililərin bünövrə hissəsi iri blok daşlardan ibarət inşa olunurdu.
Mütəxəssislərin fikrincə, XVIII əsrin sonlarına aid rəsmlərdən göründüyü kimi, şəhərin əsas giriş qapılarından biri qərb tərəfdən olub. Həmin rəsmlərdən birində, daha doğrusu, 1795-ci ilin oktyabrında Qasım xanla Valerian Zubov arasında olan görüşü əks etdirən rəsmdə şəhərin girəcəyində körpü olduğu görünür. Bu da o deməkdir ki, həmin vaxt Ağsu çayı indiki məcrası ilə deyil, şəhərin qərb tərəfi boyunca axırmış.
Ərazinin vizual baxımdan diqqətlə öyrənilməsi nəticəsində belə qənaətə gəlmək olar ki, şəhərin qərb qapısı və körpü həmin istiqamətdəki qəbiristanlığın yanında olub. Hansı ki məhz həmin ərazidə qala qapısının olduğunu təsdiqləyən yerüstü əlamətlər indi də müşahidə olunmaqdadır. Onu da qeyd etmək yerinə düşərdi ki, güman edilən ərazi şəhərin qərb istiqamətindəki qala divarlarının orta hissəsindədir. Bu da, sözsüz ki, təsadüfi deyil. Yəni orta əsr şəhərlərinin əksəriyyətində əsas qala qapısı məhz qala divarlarının orta hissəsinə yaxın yerdə olurdu.
Ağsu şəhərinin daha bir qapısının şimal istiqamətində olduğu da bildirilir. Bu, IV qazıntı sahəsinin yanında olan ərazidir. Həmin ərazidə şəhərətrafı xəndək qırılır. Buradan da belə qənaətə gəlinir ki, burada da körpü olub, sonradan dolub. Yaxud da həmin ərazidə ümumiyyətlə xəndək olmayıb. Hər halda, xəndəyin üstündən başlayan daş döşənmiş yol şəhər ərazisinə daxil olan kimi qala divarlarına paralel olmaqla həm qərb, həm də şərq istiqamətində uzanır.
Son tədqiqatlar zamanı IV qazıntı sahəsinin 7“a“ kvadratından tapılmış XII - XIII əsrlərə aid şirli kasa nümunələri orada daha erkən yaşayış izləri olduğundan xəbər verir. Əlbəttə, tədqiqatlar bəlli bir həddə çatanadək bu barədə bir söz demək hələ tezdir. Amma əldə olunan tapıntılar özü belə bu barədə düşünməyə əsas verir.
Ağsu şəhəri uzun müddət fasiləsiz şəkildə hərbi toqquşmalar içərisində olduğundan orada şəhər infrastrukturunun ardıcıllığında və sistemli inkişafında müəyyən qədər maneələr meydana çıxıb.
Şəhər digər son orta əsr şəhərləri kimi, bütövlükdə əsas və ikinci dərəcəli küçə yollarından, irili-xırdalı meydanlardan, müxtəlif təyinatlı tikililərdən, yeraltı və yerüstü kommunikasiya şəbəkəsindən ibarət son dərəcə mürəkkəb bir kompleksdir. IV qazıntı sahəsində aparılan tədqiqatlar zamanı şəhərin bəzi məhəllələrinin müəyyən hissəsini öyrənmək mümkün olub. Şəhərin mövcudluğunun son illərinə aid edilən bu məhəllənin təqribən 700 kvadratmetr ərazisi öyrənilib. Məhəllədəki evlərin bir qismi bəzi əlamətlərinə görə elitar ailəyə mənsub olduğunu düşünməyə əsas verir.
IV qazıntı sahəsinin 4, 4“a“, 4“b“, 4“c“, 5, 5 “a“, 5“b“, 5“c“, 6, 6“a“, 6“b“ və 6“c“ kvadratlarında qeydə alınmış məhəllə, çox güman ki, Ağsunun əsas elitar məhəllələrindən biri olub. Buradakı əsas və aralıq küçələr kifayət qədər sıx və mükəmməl kommunikasiya şəbəkəsi, 6“b“ kvadratındakı meydan, meydanın mərkəzində kiçik çarhovuz, onun yaxınlığında içərisi xüsusi divar bəzəkləri ilə bəzədilmiş ev, otaq və nəhayət, 6-cı kvadratın boyu şərq-qərb istiqamətində uzanan möhtəşəm hamam kompleksi bu məhəllənin xarakteri və mənsubiyyətindən xəbər verir. Bütün bu əlamətlər ən azı şəhərin əsas məhəllələrindən biri olduğu haqqında fikir oyadır. Bundan başqa, ağsaqqallara mənsub evlər ki var, onlar da müəyyən qədər sübutlara əsaslanaraq digər evlərdən fərqləndirilir. Aparılan qazıntı zamanı aşkarlanmış evlərin memarlıq üslubunda olması, diqqəti çəkən məqamlardan biri də divar oyuqlarında taxçaların mövcudluğudur. Əsasən IV qazıntı sahəsindəki 2 otaqlı evdə bu kimi 7 ədəd taxça qeydə alınıb. Taxçaların 3-ü 1 saylı, 4-ü isə 2 saylı otaqdadır. Eni 0,73 m olan bu taxçalardan biri 1 saylı otağın qərb divarında, digəri isə 2 saylı otağın şərq divarındadır. Müasir divar şkafları kimi həmin taxçaların funksiyasının da müxtəlif olduğu haqda bir sıra fikir var. Lakin onlardan daha çox pal-paltar, yorğan-döşək və ev əşyalarını yığmaq üçün istifadə edilməsi daha inandırıcıdır. Başqa bir fikir də var ki, həmin taxçalar kürsü rolunu da oynamış ola bilər. Əgər bu kimi xarakter daşıyarsa, elə kürsülərə rast gəlmək mümkündür ki, həmin kürsülərdə hətta 2 nəfər də əyləşə bilər.
IV qazıntı sahəsində aparılan qazıntılar zamanı bir neçə yerdə daşdan və saxsı borulardan ibarət su xətləri də aşkarlanıb. İlkin olaraq belə bir xətt 6“b“ kvadratında qeydə alınıb. Uzunluğu 32, enli tərəfdə diametri 13, dar tərəfdə isə 11 sm olan saxsı borulardan ibarət bu xətt şimal-cənub istiqamətində olmaqla oradakı evlərin döşəməsinin altından keçir. Təmizlənərkən aşkara çıxarılmış hissədə xəttin uzunluğu 2,75 m-dir. Su xətti binanın qarşısındakı daşdöşəməli meydanın ortasındakı hovuza gedir.
IV qazıntı sahəsindən aşkarlanmış tikinti qalıqları içərisində daha çox maraq doğuran tapıntılardan biri də 6a, 6, 6“a“, 7“a“, 7, 7“a“ kvadratlarındakı hamam kompleksidir. Hamam kompleksi daş divar arakəsmələrlə ayrılan 5 bölmədən ibarətdir. 6b kvadratında 3,4 m dərinlikdə hamamın ocaqxanası akar olunub. Qazanxanadan qərb tərəfdə 2 otaqlı vanna otağı yerləşir. Sahəsi geniş olan vanna otağının qərb tərəfində ağzının diametri 1m olan quyu var. Həmin quyunun içərisi suvanıb. Ehtimal olunur ki, hamamda istifadə edilən su quyunun üstünə qoyulan iri metal tiyanlarda qızdırılıb.
Soyunub-geyinmə otağının cənub və şimal divarlarından hər birində 1 ədəd olmaqla üstü bişmiş kərpiclə günbəzvarı formada xüsusi taxça-dəliklər də mövcuddur ki, bunun da xırdavatların qoyulmasında istifadə olunması zənn edilir. Qazıntılar davam etdikcə bir-birinin ardınca daha önəmli, marqlı elementlər üzə çıxır.
Bəli, 1806-cı ildən keçən 204 il ərzində torpağın altında yatan və heç kəsin diqqətini cəlb etməyən orta əsr Ağsu şəhərinin məhəllələri, evləri, ictimai binaları, qala divarları, ayrı-ayrı küçə və meydanları, çoxlu sayda istehsalat ocaqları, mürəkkəb və çoxsaylı su təchizatı və kanalizasiya şəbəkəsinin bir hissəsi artıq üzə çıxıb. Ağsu tarixinin möcüzəsi hesab ediləcək dərəcədə sirlərlə doludur. Orada tədqiqatlar davam etdikcə bu sirlər açıqlanacaq. Əsl möcüzə də məhz onda baş verəcək.
(ardı var)
Qələndər, Pərvin,
Bakı - Ağsu - Bakı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019