Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cümhuriyyət Tarixi Muzeyi yaradılmalıdır” – Firdovsiyyə Əhmədova
Tarix: 03.04.2018 | Saat: 17:55:00
Bölmə:Müsahibə | çapa göndər

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Ölkə başçısı İlham Əliyev də Cümhuriyyətin yüzüncü ildönümünün ölkə daxilində və xaricində təntənəli şəkildə qeyd olunması üçün sərəncam imzalayıb.

Cümhuriyyət dövrü ilə bağlı araşdırma və təqdiqat işlərinin nə yerdə olması da ictimaiyyətimizi düşündürən məsələlərdəndir. Cümhuriyyət dövrü ilə bağlı hansı sahələrin az və ya geniş şəkildə araşdırılması haqqında suallarımızı isə tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının (DİA) Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova cavablandırıb. O, hafta.az-a müsahibəsində cümhuriyyət dövrü ilə bağlı samballı araşdırmalardan danışıb. Cümhuriyyət Tarixi Muzeyinin yaradılmalı olduğunu deyib.

- Firdovsiyyə xanım, cümhuriyyət dövrü ilə bağlı ötən əsrin 80-ci illərin sonlarından bu yana bir sıra təqdiqat işləri, araşdırmalar aparılıb. Bu müddət ərzində müstəqillik qazandıq və Xalq Cümhuriyyətinin dövlət səviyyəsində yubileyləri qeyd olundu. Yubileylər ərəfəsində AXC-ni əhatə edən hansı araşdırmaları, cümhuriyyətlə bağlı kitabları xatırlayırsınız? Bir sözlə, yüzilliyə qədər Cümhuriyyət dövrü ilə bağlı nə kimi yaddaqalan araşdırmalar aparılıb?

- Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı araşdırmalar dövlət müstəqilliyimizin bərpasından sonra Vətən tarixşünaslığında diqqətdə olan bir problemdir, istiqamətdir. Bu iş mütəmadi olaraq elmi tədqiqatçıların, mütəxəssislərin diqqətindədir. Amma sırf yubileylərlə bağlı fundamental işlər görülüb. Necə ki, Azərbaycan Cümhuriyyəti tarixinin sənədlərini əks etdirən toplular 1998-ci ildə Azərbaycan Cümhuriyyətinin 80 illiyi münasibəti ilə yeddi cilddə işıq üzü gördü. 2003-cü ildə 17 beynəlxalq iclası əhatə edən ümumrespublika üzrə beynəlxalq konfrans keçirildi. Həmin tədbirlərə xaricdən də mütəxəssislər cəlb olunmuşdu. Elə həmin ildə qərar verildi ki, Azərbaycan Cümhuriyyətinin tarixini əks etdirən xüsusi ensiklopediya hazırlansın. Ona görə də 2004-2005-ci illərdə “Azərbaycan Xalq Cümhuriyyəti” – iki cildlik ensiklopediyası işıq üzü görüb. Ensiklopediya üzərində təkmilləşdirmə işləri aparılıb. 2014-cü ildə onun ikinci nəşri latın qrafikası ilə işıq üzü görüb. Azərbaycan kitabxanalarına paylanılıb. Elə həmin dövrdə Fövqəladə Təhqiqat Komissiyasının materialları ilə bağlı tarixçi alim Solmaz Rüstəmova-Tohidinin Bakı, Quba, Şamaxı, Kürdəmir, Göyçə, Zəngəzur bölgələrini əhatə edən materiallardan ibarət sənədlər toplusu işıq üzü görüb. Paris Sülh Konfransı nümayəndə heyətinə göndərilmiş, 95 şəkili özündə birləşdirən fotoalbom da işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Cümhuriyyət tarixi ilə bağlı müxtəlif nəşrləri var. Xüsusən də Cümhuriyyət dövründə soyqırım hadisələri ilə əlaqəli bölgələr üzrə nəşrləri də burada xatırlamamaq mümkün deyil.

- Cümhuriyyət fədailəri ilə bağlı hansı araşdırmalar, tədqiqat işləri var? Bu istiqamətdəki araşdırmaları yetərli saymaq olarmı?

- Bu dönəmdə ayrı-ayrı Cümhuriyyət qurucularının həyat və fəaliyyətini əks etdirən monoqrafiyalar çıxıb. Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə” ensiklopediyası işıq üzü görüb. Aydın Balayevin bu yöndə samballı monoqrafiyası var. Həmin monoqrafiyalar Məhəmməd Əmin Rəsulzadəyə həsr olunub. Ramiz Abutalıbovun və Georgi Mamulyanın Əlimərdan bəy Tobçubaşovun irsini əhatə edən Paris arxivi kimi bilinən Topçubaşovun arxivi işıq üzü görüb. Ümumiyyətlə, Cümhuriyyət qurucularının yubileyləri ilə bağlı verilmiş dövlət başçısının sərəncamlarından çıxış edərək hər il kitablar, monoqrafiyalar nəşr edilir. Məsələn, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ələkbər bəy Topçubaşov, Çeyhun Hacıbəylinin yubileyləri ilə bağlı sərəncamlar verildikdə, həmin illərdə tədqiqat işləri daha dərindən aparılıb və müxtəlif nəşrlər işıq üzü görüb.

- Bəs Cümhuriyyətin xaricə göndərdiyi tələbələrlə bağlı nə kimi araşdırma və tədqiqatlar aparılıb?

- Ədalət bəy Tahirzadənin Azərbaycan Cümhuriyyəti tərəfindən xaricə təhsil almağa göndərilən yüz tələbənin bioqrafiyalarını, cümhuriyyətdən sonrakı talelərini, aqibətini özündə əks etdirən sənədlərə əsaslanan çox fundamental bir əsər işıq üzü görüb. Kitab elə “Azərbaycan Cümhuriyyəti tələbələri” adlanır. Bu yöndəki araşdırmalarla bağlı müəlliflərin adı çoxdur. Təbii ki, cümhuriyyət dövrü ilə bağlı sadaladıqlarımdan başqa nəşrlər də işıq üzü görüb. Azərbaycan Cümhuriyyəti 23 ay yaşasa da, o demək deyil ki, cümhuriyyətin tarixi tam olaraq araşdırılıb və ya heç bir açıq səhifə qalmayıb. Bu cür yanaşmaq da düzgün olmazdı. Daha dərin qatlara enərək, daha konkret sahələr üzrə təhlil, tədqiqat və araşdırmalara ehtiyac var. Tədqiqatçılar tərəfindən bu yöndə işlər də davam etdirilir.

- Firdovsiyyə xanım, Xalq Cümhuriyyəti ilə bağlı hansı sahələrdə araşdırmaların azlığı sizi narahat edir. Ümumiyyətlə, bu dövrlə bağlı elə bir sahə varmı ki, ümumiyyətlə, araşdırma aparılmayıb?

- Azərbaycan Cümhuriyyətinin xarici siyasəti demək olar ki, geniş, ətraflı və müfəssəl şəkildə araşdırılıb. Cəmil Həsənlinin, Nəsib Nəsiblinin, Musa Qasımlının bu yöndə fundamental monoqrafiyaları var. Azərbaycan–Osmanlı münasibətlərini əks etdirən sənədlər toplusu hazırlanıb. Demək olar ki, xarici siyasət sahəsi daha dərindən araşdırılıb. Fövqəladə Təhqiqat Komissiyanı, soyqırımlar məsələsi dərindən tədqiq olunub. Müxtəlif sahələr – mədəniyyət, ordu quruculuğu ilə bağlı araşdırmalar aparılıb. Mehman Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixini əks etdirən iki cildlik mükəmməl sənədlər toplusundan ibarət monoqrafiya işləyib. Ordu quruculuğu da araşdırmalarda tam əhatə olunub. Daha çox sosial tarix, yəni cəmiyyətin gündəlik yaşam tarixi yaxşı araşdırılmayıb. Həmin məsələlərin obyektiv araşdırılmasına ehtiyac var. Çünki sovet dönəmində bu sosial məsələlər daha çox sinfi ideologiya nöqteyi-nəzərindən işıqlandırılıb. Ona görə də birtərəfli tədqiq olunub. İndi obyektiv olaraq Cümhuriyyət dönəminin sosial tarixinin araşdırılmasına, Cümhuriyyət quruculuğunda adı keçən, amma haqlarında kifayət qədər məlumat olmayan şəxsiyyətlərin fəaliyyətinin araşdırılmasına ehtiyac var. Bundan başqa, Cümhuriyyət qurucularının mühacir həyatı olub. Sonrakı dövrlərin mühacirət tarixi və mühacirət ədəbiyyatı var. Doğrudur, bu sahələrdə də araşdırmalar aparılıb. Amma mühacirət irsimizin – mətbuatımızın, ədəbiyyatımızın yenidən nəşr olunması, xaricdə şəxsi arxivlərdə, ailələrdə olan mühacirət tariximizlə bağlı irsin toplanması, təqdiqi və yenidən çapı məsələlərinə diqqət ayırmaq lazımdır.

- Bakıda, Gəncədə və ya Tiflisdə Cümhuriyyət dövrünü əhatə edən muzeyin yaradılması təklifini necə qiymətləndirirsiniz?

- Bilirsiniz, bütün Şərqdə, bütün türk dünyasında Cümhuriyyətin məhz Azərbaycan Cümhuriyyəti olduğunu nəzərə alsaq, belə bir muzeyin Bakıda, Azərbaycanda yaradılması çox təqdirəlayiq haldır. Bu, həm də çox zəruridir. Çünki Azərbaycana, Bakıya çoxlu xarici əcnəbi qonaqlar və turistlər gəlir. Onların heç də əksəriyyəti bilmir ki, bir çox məsələlərdə Qərb üslubunda, Avropa nümunəsində ilk parlamentli respublika, qadınlara seçki hüququ verilməsi ilk olaraq Azərbaycan xalqının adı ilə bağlıdır. Bütün bunları əks etdirən ekspozisiyalar olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan Tarixi Muzeyi bizim tariximizi ən qədim dövrdən bu yana işıqlandırır. Sadəcə, həmin muzeyin binası, onun həcmi, məkanı imkan vermir ki, bu günə qədər bizim tariximizi əks etdirsin. Ona görə də yaxşı olardı ki, Cümhuriyyətin yüzilliyi ilə bağlı xüsusi muzey binası tikilsin. 1918-ci ildən bu günə kimi bütün tariximizi özündə əks etdirən bir Cümhuriyyət tarixi muzeyi olsun. Çünki şərti olaraq Azərbaycanda cümhuriyyətləri, respublikaları üç qrupda təsnif edirlər. Birinci, ikinci və üçüncü cümhuriyyətlər. Amma bu ictimai, siyasi məzmununa görə dəyişə bilsə də, ümumilikdə cümhuriyyətdən Azərbaycan xalqı yüz il ərzində imtina etməyib. Yəni, bizim Cümhuriyyətimiz yüzillik tarixə malikdir. Belə bir muzeyin yaradılması çox lazımlı hadisədir. Yəni, bütün hallarda bizim yüzillik tariximizi geniş şəkildə əks etdirən bir ekspozisiyanın olmasına böyük ehtiyac var. Bunun üçün də xüsusi bir binanın tikilməsi və Cümhuriyyət Tarixi Muzeyi adlandırılması gərəklidir. Orada isə kifayət qədər bizim arxiv sənədlərimiz, materiallarımız, fotoşəkillər var ki, geniş bir ekspozisiyada nümayiş etdirilə bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."