Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Cümhuriyyət liderlərinin məzarları əsla Vətənə gətirilməməlidir” - Dilqəm Əhməd
Tarix: 04.04.2018 | Saat: 15:26:00
Bölmə:Müsahibə | çapa göndər

54 gündən sonra Azərbaycanın dövlətçilik tarixi üçün əlamətdar günlərdən biridir. Azərbaycan Cümhuriyyətinin 100 ili tamam olur. Ölkə prezidenti İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin ölkə daxilində və xaricində yüksək səviyyədə qeyd olunması ilə bağlı sərəncam verib.

Budəfəki həmsöhbətim son illər öz kitabları, araşdırmaları ilə Cümhuriyyət tariximizə töhfə verməkdə olan bir gəncdir.

Dilqəm Əhməd 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və mühacirət tarixi ilə bağlı materiallar toplayır. Bu müddət ərzində o, Azərbaycan tarixinə 50-yə yaxın yeni foto, onlarla tarixi sənəd qazandırıb. Xüsusən, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarına aid yeni materiallar, sənədlər əldə edib. Bu materialların bəziləri "Fərqlilər", “Mühacirlərin dönüşü” adlı kitabında yayımlanıb.

Dilqəm Əhməd hafta.az-a müsahibəsində AXC dövrü ilə bağlı araşdırmalarından, kolleksiyasına Cümhuriyyət dövrü ilə bağlı yeni daxil olmuş materiallardan, bu dövrün tədqiqinin hansı səviyyədə aparılmasından danışıb.

Dilqəm bəy, yeni kitabın çapına hazırlaşırsınız? Növbəti araşdırma kitabınızda Cümhuriyyət dövrü fədailəri və mühacirlərlə bağlı nə kimi yeniliklər - fotolar və məlumatlar görəcəyik?

- Yeni kitabım artıq hazırdır. “Bir ildən yüz ilə” adlı bu kitab “Mühacirlərin dönüşü” adlı kitabımızın ikinci cildidir. Bu kitabda Cümhuriyyət xadimlərindən Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədsadıq Axundzadə Aran, Xəlil bəy Xasməhəmmədli, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı, Cahangir bəy Kazımbəyli, Abbasqulu Kazımzadə və digərləri haqqında məqalələr olacaq. Kitabda İstanbulda yerləşən, cümhuriyyətçilərin dəfn edildiyi Feriköy məzarlığı ilə bağlı ayrı bir bölmə olacaq. Birinci cilddə olduğu kimi bu kitabda da ilk dəfə üzə çıxan fotolar, məktublar yayımlanacaq. Bəzi mühacirlərin övladları ilə görüşmüşəm, onlarla olan söhbətimiz və onlardan aldığımız materialları nəşr edəcəyik. Eləcə də, professor Ədalət Tahirzadə ilə birlikdə “Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oçerk” adlı kitab yazmışıq. Bu kitab Azərbaycan, İsveç və Danimarka dillərində də nəşr olunacaq.

Son aylarda Cümhuriyyət dövrü ilə bağlı kolleksiyanıza nə kimi yeni materiallar, əlyazma və fotolar daxil olub?

- Yanvar ayında Avropada yaşayan azərbaycanlıların göstərdiyi dəstək nəticəsində maraqlı fotolar aldım. Bunları yeni kitabda təqdim edəcəyəm. Məsələn, Rəsulzadənin, Miryaqub Mirmehdiyevin ilk dəfə üzə çıxan fotolarını yayımlayacağam. Eləcə də, Mirzəbala Məhəmmədzadənin fotoları, imzalı kitabları, ona yazılmış məktublar kolleksiyama daxil oldu. Cümhuriyyət tələbələrindən, mühacir Hilal Münşiyə aid bir foto əldə etdim. Mühacirlərə aid xeyli nadir kitablar əldə etmişəm ki, onların əksəriyyəti imzalıdır. Bu yaxınlarda mühacir, Azərbaycan parlamentinin üzvü Abbasqulu Kazımzadənin nəvəsi mənə xeyli maraqlı materialların surətini təqdim etdi. Onları da kitabıma əlavə edəcəyəm.

Cümhuriyyətimizin yüz ili tamam olur. AXC dövrü ötən əsrin 80-ci illərin sonlarından başlayaraq araşdırılmağa başlanıldı. Bu dövrlə bağlı onlarla monoqrafiyalar, dərsliklər, kitablar, araşdırmalar işıq üzü gördü. Necə düşünürsünüz, Cümhuriyyət dövrü ilə bağlı hansı araşdırmalarda çatışmazlıqlar var? Tədqiqi əsərlərə ehtiyac duyulur?

- 23 aylıq Cümhuriyyət müstəqil olduğumuz 27 il ərzində yetərli öyrənilməyib. Nəinki qonşu dövlətlərin arxivlərində, elə öz dövlət arxivlərimizdə tədqiq edilməli minlərlə material var. Bunlar da zamanla öyrəniləcək. Cümhuriyyətin Qacar dövləti ilə münasibətləri ilə bağlı ilk kitab 2017-də hazırlandı. Bu baxımdan öyrənilməli çox mənbələr qalıb. Mərhum Mövsüm Əliyev, Nəsiman Yaqublu, Ədalət Tahirzadə, Vilayət Quliyev, Nəsib Nəsibli, Firdovsiyyə Əhmədova, Solmaz Tohidi, Vasif Qafarov, Mehman Süleymanov və adını çəkmədiyim onlarla alimimiz tərəfindən çox qiymətli kitablar ərsəyə gəlib. Gənc tədqiqatçılar mütləq Cümhuriyyət mövzusunu davamlı işləməlidirlər.

Ölkə prezidenti Azərbaycan Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam verib. Sərəncama əsasən bir sıra tədbirlər keçiriləcək, konfranslar düzənlənəcək, kitablar çap ediləcək. Siz cümhuriyyətlə bağlı hansı kitabların çap edilməsini, nə kimi tədbirlərin keçirilməsini təklif edərdiniz?

- Cümhuriyyətin xalqa təbliği baxımından bəzi işlər vacibdir. Çünki Cümhuriyyəti hər kəs kitabdan öyrənməyə maraqlı deyil. Bu baxımdan yaxşı bədii və sənədli filmlər çəkilməli, abidələr qoyulmalı idi. Məsələn, şəhərin ən hündür yerində Nuru paşaya, Rəsulzadəyə heykəl qoyulmalıdır. Bu kimi rəmzlər önəmlidir. Cümhuriyyət irsi Avropanın müxtəlif ölkələrində yaşayır. Oradakı arxivlərin surətlərinin alınması işi davam etdirilməlidir. Şübhəsiz ki, çoxlu kitablar çap edilməlidir, xüsusən mənbə əhəmiyyəti daşıyan kitablar. Yaxşı olardı ki, prezidentin rəhbərliyi ilə dövlət rəsmiləri Rəsulzadənin məzarını ziyarət etsinlər.

- Cümhuriyyət fədailərinin qürbətdə olan nəşlərinin vətənə qaytarılması ilə bağlı düşüncələrinizi almaq istərdik. Onların buraya gətirilib vahid memorial kompleksdə dəfn edilməsinə necə baxırsınız və ya bununla bağlı başqa təklifiniz varmı?

- Cümhuriyyət liderlərinin məzarları əsla gətirilməməlidir. Bunun özü də bir tarixdir. Üstəlik hər məzar yeri Azərbaycan deməkdir. Məsələn, kimsə Parisə gedəndə Topçubaşovun, Ankaraya gedəndə Rəsulzadənin, Tiflisə gedəndə Xoyskinin, Ağayevin, İstanbula gedəndə Xasməhəmmədlinin, Rüstəmbəylinin, Şeyxzamanlının məzarlarını ziyarət edir. Bu məzarların qürbət ellərdə olmasının da bolşevik işğalının bir nəticəsi olduğuna görə tarixilik baxımından əhəmiyyəti var. Daha yaxşı olardı ki, qərib məzarlar təmir edilsin, həmin məzarlıqlarda abidələr qoyulsun. Feriköy məzarlığı ilə bağlı bizim İstanbuldakı Baş konsulluğumuzla bir layihəmiz var. İnşallah, həyata keçəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018