Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rumın xalqı müqəddəs bayram ərəfəsində
Tarix: 05.04.2018 | Saat: 16:34:00
Bölmə:Mədəniyyət | çapa göndər

Aprel ayının 8-də Rumıniya Provoslav Pasxası qeyd olunacaq. Bu münasibətlə, Rumıniya səfirliyinin də köməkliyi ilə, rumın xalqının müqəddəs bayramı barədə maraqlı bir yazı hazırlamaq qərarına gəldik. 

Rumıniya Pasxasında vacib günlər

 

Məlumat üçün bildirək ki, Roma ilahəsi Floraya həsr olunmuş Palma Günü İsanın Qüdsə daxil olduğu günün xatirəsinə Rumıniya Pasxa bayramından bir həftə əvvəl qeyd olunan bayramdır. Bu gün insanlar bu anı xatırladan palma yarpaqlarını simvolizə edən söyüd budaqlarını müqəddəsləşdirirlər. Əfsanəyə əsasən, İsa çarmıxa çəkildiyi vaxt, anası ayağında dəmir çəkmə, əlində polad əsa ilə ağlayaraq oğlunun axtarışına çıxır. Yolda çayın sahilinə çatır və söyüd ağacından ona çayı keçməkdə kömək göstərməyi xahiş edir. Söyüd onun üçün körpü qurduğuna görə Məryəm onun odununun heç vaxt kömürə çevrilməyəcəyini və budaqlarının hər il kilsəyə götürüləcəyini bildirərək, xeyir-dua verir. Buna görə də, bu gün insanlar keşişin xeyir-dua verməsi üçün kilsəyə çiçək və söyüd budaqları gətirirlər. Baharın və bərəkətin simvolu olan söyüd budaqlarını inəklərə və kiçik uşaqlara toxundururlar ki, söyüd kimi böyüyüb, söyüd kimi püxtələşsinlər. Müqəddəs budaqlar daha sonra ikonaların yanında, ya da qapıların üstündə yerləşdirilir və bu, bütün il boyu müalicə, yaxud da təbii fəlakətdən qorunmaq məqsədilə istifadə olunur.

Müqəddəs Çümə Axşamı, Müqəddəs Həftənin beşinci günü, İsa Məsihin həvarilərinin ayaqlarını yuması anı kimi xatırlanır. Ayaqların yuyulması bir çox xristian kilsələrində adətdir. Yaxşı Cümə və ya Qara Cümə, Müqəddəs Həftənin altıncı günü, İsanın çarmıxa çəkilməsi və Kalvariya dağında ölməsi anı kimi xatırlanır. Matəmin bu günündə rumıniyalılar gün ərzində hər cür yemək-içməkdən çəkinır, həmin axşamı yalnız kilsənun müqəddəs çörəyindən yeyirlər.

 

Yaxşı İnsanların Pasxası

 

Yaxşı İnsanların Pasxası Pasxadan bir həftə sonra - Müqəddəs Tomasın bazar günündən sonrakı bazar ertəsi qeyd olunur. Rumıniya ənənəsinə görə, Yaxşı İnsanlar şənbə günü suyunun yerə töküldüyü iki dünya arasında yaşayan qədim ruhlardır. Yaxşı İnsanlar ənənələrinə uyğun olaraq dindardır və həmişə oruc tuturlar. Ancaq onlar suda boyalı yumurtaların qalıqlarını görməyənə qədər Pasxa bayramının qeyd edilməsi günündən xəbərsiz olarlar, bu isə bayramdan təxminən səkkiz gün sonraya təsadüf edər.

Əfsanəyə görə, Yaxşı İnsanlar balacaboy olublar, paltar geyinməzlər və bədənləri tüklə örtülüdür. Oğlanlar öz qayğılarına qalanadək onlara anaları qulluq edir. Bundan sonra onlar təcrid olunur, digər insanlarla birgə oruc tutur və dualar edirlər. Onlar qadınlarla yalnız ildə bir dəfə Yaxşı İnsanların Pasxası günündə görüşürlər.

Ölülərə minnətdarlıq nişanəsi olaraq, məzarları üzərinə qutularda qırmızıya boyanmış yumurta və piroqlar qoyulur, şamlar yandırılır.

 

Bayramqabağı mühüm adətlər

 

İnsanların evlərini təmizləməsi və bütün ritual yeməkləri hazırlaması şərtdir. Buna görə də təmizlik işləri Müqəddəs cümə axşamı başlayır. Tarlada və ya meşədə çalışan kişilər bu gündən etibarən evdə qalır, tullantıları atır, hasarları təmir edir, odun doğrayır, su gətirir və quzu kəsirlər. Qadınlar isə yumurta boyayır, bəzəyir, çamaşırları yuyur, ümumi ev təmizliyi işləri görürlər.

Pasxa üçün təzə paltar geyinmək yaxşı hal sayılır deyə qız-gəlinlər iki həftə öncədən özləri, həmçinin valideynləri, qardaşları, ərləri və uşaqları üçün köynək tikməyə başlayırlar.

Pasxa ağır dini əhəmiyyət daşıdığından bir çox rumınlar bayrama qədərki altı həftə ərzində müqəddəs pəhrizdə iştirak etməyə üstünlük verirlər. Bu müddətdə bir çox insan ətdən, tütün və spirtlərdən imtina edir. Məşhur inancların əksinə olaraq, Rumıniya pravoslav ardıcılları bunu tövbə şəklində deyil, daha çox Tanrının bayramı və sevgisi olaraq görürlər. Ölkədəki hər kəs bu vacibiyyatlara riayət etməsə də, adətən o vaxt əksər restoranlar oruc pəhrizinə uyğun yeməklər təklif edirlər. Bu, ölkədə "de post" termini olaraq bilinir və eyni zamanda, restoran menyusunda nə yeyə biləcəklərini bilmək istəyən vegetarian səyahətçilər üçün də faydalıdır.

 

Pasxa qaydaları

 

Yumurta boyama Rumıniyada Pasxa adətlərindən ən önəmlisidir. Bu bayram ərzində həmişə masada boyanmış yumurtalar olur və uşaqlar yumurta döyüşdürürlər. Adətlərdə deyilir ki, Pasxanın birinci günü yumurta döyüşdürən insanlar öldükdən sonra bir-birlərini görəcəklər. Yumurtanın üzərinə vuran birinci kəs "Məsih dirildi" (Rumın dilində “Adevarat a înviat”), ikinci vuran kəs isə "Həqiqətən, O dirildi" (Rumın dilində “Adevarat a înviat”) sözlərini deməlidir. İnanca görə yumurtaları qırılmayan kəs çox uzun ömür sürəcək.

Pasxanın birinci günündə yumurtaların sadəcə yuxarı başından vurulur. Bazar ertəsi onlar həm yuxarı, həm də aşağı hissələrindən vurula bilər, növbəti günlərdə isə onları istənilən üsulda vurmaq olar. Yumurtaları birinci valideynlər, sonra uşaqlar, daha sonra da digər qohum və dostlar vurur. Ənənəyə görə, yumurtası birinci qırılan kəs zəifdir və dünyasını tez dəyişəcək. O, öz yumurtasını qalibə verməlidir, əks halda o biri dünyada öz yumurtasını çürümüş halda yeyəcək.

Ənənəvi qırmızı yumurtalar haqqında bir çox əfsanə və miflər mövcuddur. Onların birində deyilir ki, Məryəm ah-nalə etmək üçün çarmıxa çəkilmiş oğlunun yanına gedir və onun ayaqlarının yanına yumurta ilə dolu səbət qoyur. İsadan damlayan qan yumurtaları qırmızı rəngə boyayır.
Adətən Pasxa yumurtaları qırmızı rənglərlə boyanır və çarmıxa çəkilmiş İsa Məsihdən tökülən qanı tərənnüm edir, lakin yumurtalar mavi, sarı və ya yaşıl rənglərdə də ola bilər. Bunların da mənası var: qırmızı - Allahın qanı kimi, mavi - səma kimi, yaşıl - otlar kimi və sarı - günəş kimi.
Lakin Rumıniyaya xas olan ənənəyə görə yumurtaları boyamaq və onları ölkənin hər bir tarixi bölgəsinə xas olan mürəkkəb ənənəvi motivlərlə bəzəmək adətdir. Bu ənənə daha çox Bukovina bölgəsində yayılıb. Belə yumurtaları ənənəvi yarmarka və monastırlarda görmək olar.

Dekorativ detalların bölgədən bölgəyə fərqli olmasına baxmayaraq, bəzədilmiş yumurtaların üzərindəki bütün elementlər müəyyən məna daşıyır. Bəzilərinin izahı belədir: şaquli xətt həyat mənasını verir, üfüqi xətt ölüm mənasını verir, qoşa xətt əbədiyyət mənasını verir, düzbucaq simvollu xəttlər bilik mənasını verir, əyri xətt su mənasını verir, buruq xətt sonsuzluq mənasını verir, qoşa buruq xəttlər həyat və ölüm arasında əlaqəni bildirir.

Ən maraqlı ənənəvi yumurtalar bəzəkli olanlar hesab edilir. Onları bəzəmək üçün xüsusi alətlərdən istifadə olunur. Bunlar çox incə və dəyirmi çubuqlar şəklində olur və "chisita (bijara)", "matuf (motoc)" və ya "festeleu" adlanır. "Festeleu" fıstıq ağacından hazırlanmış iti uclu çubuqdur. Onun bir ucunda kətan və ya pambıqdan kiçik parçalar olur. “Festeleu” ərinmiş mumda isladılır və onu yumurtanın səthinə toxundurduqda onların üzərində kiçik nöqtələr yaranır.

Pasxa gecəsi rumınlar kilsələrdə şam yandırır və sonra onu evlərinə gətirirlər. Bu alov Məsihin dirilməsini və yaxşılığın pislik üzərində zəfər çaldığını simvolizə edir.

Pasxanın birinci günü insanlar əl-üzlərini təzə su ilə yuyar və ora qırmızı yumurta və reyhan qoyarlar. Deyilənə görə, bu ənənəyə riayət edənləri əbədi gözəl və sağlam həyat gözləyir.

 

Bəxti su ilə açanlar

 

Bukovina və Transilvaniya kimi bölgələrdə "islanma" adlanan bir ənənə də var. Bazar ertəsi səhərində oğlanlar bir vedrə su götürərək subay qızların evlərinə gedirlər. Onları yatmış görsələr, suyu üstünə atırlar. İnanırlar ki, bu qızlar tezliklə ərə gedəcəklər. Həmin qızlar isə onları isladan oğlanları ən gözəl bəzədilmiş yumurtalar, "paska" və ya tortla mükafatlandırırlar. Bəzi yerlərdə isə oğlanlar qızları evdən çıxarkən tutaraq isladır və hətta suya atırlar.

Bukovinada kəndlilər Pasxa gecəsində tonqal qalayaraq ətrafına yığışır və İsanın həyatından bəhs edən hekayələr danışırlar. Oğlanlar pis ruhlardan azad olmaq üçün tonqalın üstündən tullanırlar.

Sibiu bölgəsində Pasxa üçün hansısa vaza yerləşəcək qədər balaca bir ağac yolka kimi bəzənir. Şarların əvəzində ağacdan yumurtalar asılır.
Yeməklərin əsas şahı quzu ətindən hazırlanmış yeməklərdir və yanında kartof, ya da drob adlanan digər ənənəvi milli xörəklərlə birgə təqdim edilir. Pasxa süfrələrindən əskik olmayan ərzaqlardan biri də çoxlu növləri olan Pasxa çörək və tortlarıdır. Rumıniyada "paska" kimi tanınan bu dadlı çörək pendir, krem, quru üzüm, hətta şokolad və ya kakao ilə hazırlana bilər.

Xüsusi Pasxa tortu olan "Paska" Müqəddəs cümə axşamı, xüsusən də şənbə günü bişirilir ki, Pasxaya qədər tərkibini dəyişməsin. O, yumru (İsanın körpəlik bezini xatırladır) və ya düzbucaqlı formada (qəbrinin formasında) olur. Bəzi bölgələrdə "paska" həmçinin Müqəddəs George Günündə də bişirilir.

Bukovina əfsanəsində deyilir ki, "paska" İsanın öz həvariləri ilə birgə dünyanı səyahətə çıxdığı dövrlərdən hazırlanır. Onlar bir gecə hansısa kəndlinin evində qalırlar və gedəndə ev sahibi onların çantasına ərzaq qoyur. Həvarilər İsadan soruşanda ki, Pasxa nə zamandır və o, cavab verir ki, çantalarında qarğıdalı unundan hazırlanan çörək tapdıqları zaman Pasxa günü olacaq. Onlar çantalarına baxarkən, görürlər ki, kəndli onlara məhz qarğıdlı unundan hazırlamış çörəklər qoyub. Beləliklə, başa düşürlər ki, artıq Pasxa günüdür...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."