Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gələn ildən elmi ictimaiyyətin xüsusi günü olacaq
Tarix: 10.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlərin fikrincə, Azərbaycanda Milli Elm Gününün təsis olunması bu sahənin inkişafına və populyarlaşmasına mühüm təsir göstərəcək

Hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Bu barədə prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd cəmiyyətin inkişafında elmin əhəmiyyətinin nəzərə alınmasıdır.

Qeyd edək ki, müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolu və əhəmiyyəti ciddi faktor kimi qəbul edilir. Dövlət başçısı son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib. Məsələn, ölkə prezidenti İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib. Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilib. Ölkə prezidentinin 2009-cu il 21 oktyabr tarixində imzaladığı sərəncamla fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu isə bu sahənin stimullaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirməkdədir.

Qeyd edək ki, Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır.
Bundan başqa, dövlət başçısının 9 avqust 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan elm tarixində ilk dəfə olaraq “Elm haqqında” qanun qüvvəyə minib. Bu qanun ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanda elmlə bağlı xüsusi günün təsis edilməsi böyük əhəmiyyət daşıyır: “İlk növbədə qeyd edim ki, Azərbaycan prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” elm sahəsində qəbul edilmiş tarixi qərarlardan biridir. Belə mühüm bir dövlət sənədinin qəbulu ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə, elm sahəsində dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da göstərildiyi kimi, hazırda ölkəmiz yüksək rəqabətqabiliyyətli, qeyri-neft sektoru və qeyri-neft ixracı sürətlə böyüyən, yüksək insan kapitalına malik və adambaşına düşən gəlir göstəricisi üzrə gəlirli ölkələr qrupuna daxil olan və iqtisadi baxımdan inkişaf etmiş ölkəyə çevrilməyi hədəfləmişdir. Bütün bunlar isə elmin populyarlaşması üçün mühüm addımların atılmalı olduğunu qaçılmaz edir. Hər bir peşə sahəsinə aid əlamətdar günlərin olması o sahəyə diqqətin artmasına, çalışanların fəaliyyətləri barədə hesabatlar verməsinə və əsas da o sahənin populyarlaşmasına müsbət mənada xidmət edir”.

Mütəxəssisin fikrincə, təhsil elmin bazası olduğu kimi, elm də təhsilin hərəkətverici qüvvəsidir: “Hazırda ölkəmizin müxtəlif ali təhsil müəssisələri və elmi təşkilatlarında 33 mindən çox mütəxəssis çalışır ki, onlardan da 11 min nəfərdən çoxu fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur. Elmi dərəcəsi olan alimlərin təxminən 55 faizi ali təhsil müəssisələrində çalışırlar. Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin təhsil prosesinə cəlb edilməsi təhsil və elmin sinerji gücünü müəyyənləşdirir. Bu qədər geniş və vacib kütlənin əlamətdar gününün olması çox vacibdir. Yəni, elm bu gün dövlətin diqqət ayırdığı prioritet sahələrdən biridir. Alimlik dərəcəsi olan tədqiqatçıların sayı 2007-2017-cü illərdə ölkə üzrə cəmi iki dəfə artığı halda, ali təhsil sektorunda bu indikator 5,8 dəfə, başqa sözlə, 386 nəfərdən 2224 nəfərə qədər yüksəlmişdir. Beləliklə, ali təhsil sektorunda elmin rolu üstün sürətlə böyüyür. Ali təhsil müəssisələrinin doktorantura şöbələri tədqiqatçı alimlərin hazırlanmasında böyük rola malikdir. Dövlət büdcəsindən elmə çəkilən xərclərin 2000-ci ildə 9,3 milyon manatdan 2017-cü ildə 126 milyon manata çatdırılması həm də ali təhsilin elm yükünün dəfələrlə artmasına gətirib çıxarmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığının həyata keçirilməsi elm və ali təhsil arasında birbaşa funksional əlaqənin olduğunu göstərir. Belə ki, 2015-2016-cı tədris ilində Milli Elmlər Akademiyasının institutlarına 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul edilmişdir. Beləliklə, AMEA-nın yüksək elmi-intellektual bazası birbaşa kadr hazırlığı işinə cəlb edilir ki, bu da yüksək səmərəliliyə gətirib çıxaracaqdır.
Bütün bu qeyd etdiyim məqamlar elm günün təsis edilməsinin vacibliyini qaçılmaz edir və bu elmin inkişafına və populyarlaşmasına mühüm təsir göstərəcək”.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov da elmlə bağlı xüsusi günün təsis olunmasının əhəmiyyətini vurğulayıb: “Bildiyim qədər bir çox ölkələrdə 10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan tədbirlər keçirilir. Məsələn dünyanın aparıcı ölkələrindən olan ABŞ-da noyabr ayı ərzində "Milli Elm və Texnologiya" həftəsi qeyd olunur. İtaliyada elmi elitanı bir araya gətirən ölkənin milli elm günü də noyabrın 10-a təsadüf edir. Qırğızıstan Milli Elm Günü də məhz 10 noyabr tarixində keçirilir. İranda10-16 noyabr tarixləri elm həftəsi elan edilir. Britaniyada "Milli Elm və Mühəndislik Həftəsi" Uels, Şotlandiya hökumətlərinin maliyə dəstəyi ilə Britaniya Elm Assosiasiyası tərəfindən təşkil olunur və s. Azərbaycan Milli Elm Gününün təsis olunması məsələsi də dəfələrlə gündəmə gətirilib. Bu barədə maddə "Elm haqqında" qanunda da nəzərdə tutulurdu. Bildirilirdi ki, elm sahəsinin və bu sahədə çalışan alimlərin, mühəndislərin, konstruktorların və digər işçilərin cəmiyyət həyatının inkişafında xüsusi rolunu və əhəmiyyətini nəzərə alaraq belə bir gün təsis olunacaq. Hesab edirəm ki, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da belə bir günün təsis edilməsi ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasına öz töhvəsini verə bilər. Hər halda, həmin gün və ərəfəsi müxtəlif nəzəri və praktiki tədbirlərin həyata keçirilməsi ilə müşayət olunacaq ki, bu da elmə diqqət çəkilməsi, bu sahənin daha da canlandırılması baxımından faydalı ola bilər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018