Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elektron kitabların sayı artırılıb
Tarix: 12.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda bununla bağlı yaradılan portalda 209 elektron kitab istifadəçilərin ixtiyarındadır

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Həmin dərsliklərdə şagirdlər mövzulara uyğun video, qrafika, səs və digər multimedia vasitələri ilə öyrəndikləri bilikləri daha da artıra bilərlər.

Hazırda 187 elektron dərslik, 22 müəllim üçün metodik vəsait olmaqla portalda 209 elektron kitab yerləşdirilib. X sinif üzrə dərsliklərin yerləşdirilməsi prosesi davam edir. Dərsliklər Azərbaycan və rus bölmələri üzrə I-X siniflərə əsasən sıralanıb.
Elektron dərslik portalından indiyədək 2 915 000 dəfədən çox istifadə olunub. Ötən bir ildə isə bu rəqəm 1 021 000 dəfədən çox olub. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı hazırda 178 019 nəfərdir. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib.
Xatırladaq ki, 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodiki vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, gələcəkdə də təhsilin müasir səviyyədə qurulması əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olacaq. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul edilib.
Eyni zamanda, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası da ölkədə keyfiyyət və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
Strategiyanın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Növbəti mərhələdə təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması nəzərdə tutulub.
Strategiya təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunmasını, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Bundan başqa ölkə prezidentinin təsdiqlədiyi “Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.
Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov hesab edir ki, qloballaşma prosesinin sürətlənməsi, yüksək texnologiyaların inkişafı təhsildən də yan keçməyıb: "Məsələn, artıq Türkiyənin ümumtəhsil məktəblərində neçə illərdir ki, çox böyük strateji əhəmiy-yət daşıyan proje - "FATİH Projesi" adlı proqram həyata keçirilir. Proqrama uyğun olaraq, ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi tablet bilgisayarlar (iPad) verilməsi nəzərdə tutulub. Son dərəcə yığcam və rahat olan bu tabletlərə təlim prosesində istifadə olunacaq dərsliklər, müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları yüklənir. Bununla da şagirdlər kağız dərsliklərdən, dövlət isə hər il sərf olunan milyardlarla dollar xərcdən qurtulmuş olur".
Ekspertin sözlərinə görə, hazırda təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması prioritet məsələlərdən biridir: “Təbii ki, sözügedən portalın hazırlanmasın-da məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadə etmələrinə, dərslikləri elektron formatda oxumalarına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi ilbəil artırır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilərlər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qa-zanır. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır".

Mövzu ilə bağlı fikirlərini bildirən əməkdar müəllim Almaz Həsrət hesab edir ki, elektron resusrların sayəsində təhsil alanların informasiya əldə etmələri daha sürətli olur: “Artıq bəşəriyyət rəqəmsal aləmlə təmasdadır. İnternetin həyatımıza daxil olması təhsildə yeni bir təhsil mühitinin, məktəblərdə tədrisin tamamilə yeni üsullarının yaradılmasına səbəb olur. İnternetin mövcudluğu, yeni texnologiyalar dərslərin keçirilməsinə də təbii təsir edir. Müasir təhsil alanların əksəriyyəti məlumatları, informasiyaları artıq kağız üzərindən deyil, internetdən tapırlar. Təhsil alanların internetdə informasiya axtarışında olduqları zaman bilməyərəkdən aidiyyəti saytlara, linklərə daxil olmaqla hədəflərindən uzaqlaşmalarına səbəb olur. Məhz elə hədəfdən uzaq olmasınlar deyə, şagirdlərin internetdə axtarışı zamanı məktəbdə verilən tapşırığı, mövzularına uyğun lazımı materialları tez əldə edib oxumaq üçün milli elektron resusrların olması köməyimizə gəlir. Yaradılmış və sonradan davamlı olaraq əlavələri ilə zənginləşən milli elektron resusrlarımızın sayəsində təhsilalanların informasiya əldə etmələri daha sürətli olur. Həmçinin də lazımı materiallar artıq tam dolğun olaraq düzgün mənbədən və əsaslandırılmış mənbədən olduğu halda təhlükəsizlik baxımından da çox etibarlıdır. Çünki elə hallar olur ki, internetdə əsaslandırılmamış mövzulara da rast gəlirik. İndiki təhsilalanlar artıq əllərində ən son müasir kompüter avadanlıqları ilə daha çox çalışırlar. Ona görə də elektron resursların yaradılmasının bu yöndə də çox böyük əhəmiyyəti olduğunu xüsusi vurğulamaq lazımdır".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018