Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qələndər Xaçınçaylı - 60
Tarix: 13.04.2018 | Saat: 19:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

İlhamının nəbzi Qarabağla döyünən şair...

Söz İlahi bir güc, İlahi bir varlıqdır. Bu varlığı ancaq onu dərk edənlər, onu duyanlar, onun Tanrı böyüklüyünə inananlar anlaya bilər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub, özünü görə bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən şairlərimiz, söz adamlarımız var. Onlardan biri də tanınmış şair, yazıçı-publisist Qələndər Xaçınçaylıdır – Əhmədov Qələndər İslam oğludur...

Qələndər Xaçınçaylı – Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair - yazıçı, publisistdir, ötən əsrin 80-ci illərində ədəbiyyata gəlmiş, onun bu günədək xeyli şeirləri və kitabları oxuculara təqdim olunmuşdur. Respublika mətbuatında müntəzəm olaraq 1981-ci ildən şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", “Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub.
Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və ”Gənc şairin ilk kitabı və ilk söz” ön sözünün müəllifi isə mən olmuşam və bu istedadlı gəncə uğur diləmişəm. Görünür bir tənqidçi kimi zəndimdə yanılmamışam.İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, indi isə ilk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap prosesindədir və Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına ərməğanıdır...
Onun kitablarının adlarından da göründüyü kimi Qələndər Xaçınçaylının bütün yaradıcılığı Qarabağ prizmasından keçərək hədəflərini ümumi bir çevrədə - vətənpərvərlik və mübarizlik çevrəsində toplayır, bu bölgənin söz mühitindən pərvazlanmış qələm sahibi kimi simurqa çevrilir, öz odunda yanıb-dirilir...
Qələndərin yaradıcılığı həmişə maraqla qarşılanıb, deyim ki, yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər, qələm dostları – şair və jurnalistlər mətbuatda çıxış edərək dəyərli söz demiş, fikir söyləmişlər.

Millət vəkili, tanınmış yazıçı-publisist Aqil Abbas: “Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətən nisgili əslində gənclərimizə örnək, nümunədir. Şairin kövrək, vətən həsrəti ilə yanan poeziyası var. Onun "Qarabağın ağlar gözü", "Qarabağa gedən yollar", "Dünya mənim söz qalamdır", "Dərd ürəyimdə mamır bağlayıb" kimi kitabları Azərbaycan ədəbiyyatına daxil olan gözəl nümunələrdəndir. Ona tutduğu bu yolda uğurlar arzulayır, yaradıcılığının davamını diləyirəm. Fürsətdən istifadə edərək gənclərimizə tövsiyə etmək istərdim ki, Qələndər müəllim kimi şairlərin yaradıcılığını mütaliə etsinlər, kitaba, elmə, yaradıcılığa özlərində həvəs yaratsınlar."
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə sədri, tanınmış şair, alim-ədəbiyyatşünas Ənvər Əhməd: “80-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şairlərimizdən biri olan Qələndər Xaçınçaylının imzası oxuculara yaxşı tanışdır. Şairin yaradıcılığına nəzər yetirənlər görürlər ki, onun bütün şeirlərinin əsasını vətən dərdi, yurd dərdi, Qarabağ dərdi təşkil edir. Ona bu dərdin sona yetməsini arzulayıram."
Tanınmış şair-tədqiqatçı, filologiya elmlər doktoru İslam Sadıq : "Şair dostum Qələndər Xaçınçaylının şeirlərini oxuyub gördüm ki, onun bütün yazılarına misra-misra vətən dərdi, yurd ağrısı, torpaq sızıltısı hopub. Əsası da odur ki, Qələndər müəllimin yaradıcılığı ilə yaşamı vəhdət təşkil edir. Sanki onun həyatı yaradıcılığına yansıyıb və orada əks olunub. Mən də Qələndər müəllimin şeirlərini oxuduqca onun ürəyini gözlərimlə görmüşəm və hiss etmişəm ki, doğrudan da, dərdi onun ürəyində mamır bağlıyıb və bu mamırın dərmanı yalnız Qarabağda – Kolanıdadır."
Tanınmış şair Yusif Nəğməkar: "Qələndər müəllimin kitablarında nəcib missiya var. Bu isə ondan ibarətdir ki, şair Qarabağ dərdini sanki hamı tərəfindən ağlayır. Bundan sonrakı kitablarında Qarabağ sevincini əks etdirməsi isə ona ən böyük arzumdur."
Qələndərin jurnalist həmkarı,"Həftə içi" qəzetinin redaktoru, mərhum Ceyhun Nağının fikridir : " Biz Qələndər müəllimlə bir "səngərdəyik". Qələndər müəllim məsuliyyətli insan, məsuliyyətli jurnalistdir. Yaşına baxmayaraq, istənilən faktın arxasınca gedən, tapan, yazan və yoruldum deməyən bir insandır. Qələndər müəllim şeirlərində işğalda olan torpaqların taleyindən, övladının sabahından, özünün yerinin sabah necə qorunmasından narahatlığını ortaya qoyur. Arzu edirəm ki, Qələndər Xaçınçaylı yaxın günlərin birində bu narahatçılıqlardan qurtulmuş olsun."

Qeyd edək ki, şair Qələndər Xaçınçaylı 1980-cı ildən - 37 ildir ki, jurnalist kimi Azərbaycan mətbuatında çalışır. "Fəryad", "Cümhuriyyət", "Meydan", "İcmal", "Ədalət" və digər qəzetlərdə fəaliyyət göstəribdir. Qələndər müəllim hazırda "Həftə içi" qəzetinin ən fəal, deyərdim ki, ağsaqqal əməkdaşıdır. Günün ən ağrılı, lazımlı, aktual problemlərini əks etdirən, dövlətçiliyimizin marağını qoruyan maraqlı məqalələrin müəllifidir.
Qələndər Xaçınçaylı yaxşı bir jurnalist kimi həmişə ağrılı məqamlara, düşündürücü problemlərə toxunur, mənəvi-əxlaqi dəyərləri qorumağa cəhd edir. Şeir yaradıcılığında da belədir! O, həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələrə toxunsun... Yazılarında səmimidir, milli ruhludur, xəlqidir, təəssübkeşdir... Mənim fikrimcə, ilk növbədə şair cəmiyyətin gözündə şair olmalı və insanların ürəyinə yol taparaq sevilməlidir və yenə də, mənə elə gəlir ki, Qələndər Xaçınçaylı bunu bacarıb, bunu əldə edə bilibdir.
İstedadlı və bacarıqlı bir jurnalist kimi çox müxtəlif yönümlü, müxtəlif səviyyəli mətbuat orqanlarında fəaliyyət göstərmiş, bişə-bişə, istidən soyuğa düşə-düşə, yaradıcılıq mühitinin ab-havsına, mətbəxinə bələd ola-ola qələmi getdikcə cilalanıb, xıltdan, bozluqdan təmizlənib... Xüsusən, Respublikanın ən sayılan, ilk müstəqil qəzetlərindən olan “Ədalət” qəzetindəki fəaliyyəti, Aqil Abbasdan ustad dərsi alması onu püxtələşdirib... İndi isə, uzun illərdir ki, “Həftə içi” qəzetində, mehriban və məsuliyyətli bir kollektivdə çalışır...
Dəyərli ədəbi, ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunubdur (2015).
O, bir jurnalist-şair kimi xalqına, ədəbiyyatına, millətinə, dövlətçiliyinə, mətbuatına namusla, gücü çatan qədərində xidmətdədir... Onun şair ömrü, şair xisləti kövrək nəğmələrdən mayalanmış, not almışdır:

Bir kövrək nəğmədir həyatım mənim,
Bir kövrək nəğməylə mən doğulmuşam.
Açılır hər yana qanadım mənim,
Həyatda bir kövrək nəğmə olmuşam...

Səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi, yurd niskili şairin yaradıcılığının ana xəttini təşkil edir. Necə deyərlər, sazlı-sözlü Qarabağ torpağında pərvazlanan şair indi yurdundan-yuvasından ayrı vətən ağrılarını çəkə-çəkə yazıb-yaradır. Onun ədəbi yaradıcılığında səmimiyyət və təbiilik ilk baxışdan özünü göstərir. Şair və yazıçının yazıb-yaratmağı onun gələcəyə baxışıdır, sabaha olan inamıdır. Onun şeirlərində sızıltı yoxdur, mübarizə, həyat eşqi, yurda qovuşmaq inamı var.
Yaxşı cəhətlərdən biri də budur ki, Qələndərin yaradıcılığında mövzu kasadlığı, lirikasında isə janr yeknəsəkliyi yoxdur. O, hissi-emosional, polifon şairdir. Ən müxtəlif mövzularda, lirik, satirik, ironik ladda, qoşma-gəraylıdan tumuş hecanın müxtəlif növlərində, sərbəstdə, modern şeir formalarında, klassik lirik janrlarda təsirli və gərəkli şeirlər qələmə alır, nəfəsi təngimir, ahəngi tıncıxmır, lətif bulaq suyu təki axardadır...
Şairlik Allah vergisidir. O, ilk öncə sənin içində, qanında, ruhunda olmalıdır. Bu da hər adama qismət olmayan ilahi bir sevgidir. Sanki, ananın bətnində şair doğulursan. Əgər bunlar yoxdursa, şairlikdən söhbət açıb, danışmağına dəyməz. Yeri gəlmişkən qeyd edim ki, ədəbiyyat çox çətin və şərəfli bir sənətdir. O sənətin ağrılarına hər adam dözə bilmir, onun yükünü hər adam çəkə bilmir. Çünki bu ruhla bədən arasında bir vəhdət təşkil edir. Gərək o mənəviyyatı, o varlığı görə biləsən. O ilahi saflığı içə-içə, durula-durula təmizlənə biləsən. Necə ki, dağların təkindən süzülüb axan bulaqlar kimi... Məhz buna görə də, bu gün hər şeir yazan adamın özünü şair adlandırması düzgün deyil. Bir sözlə, hər şeir yazana şair deməzlər. Amma Qələndər Xaçınçaylı bütün varlığı və ruhu ilə şairdir...
Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir... O, şair-jurnalist məsuliyyəti və peşəkarlığının mahiyyətinə varan və əməl edən qələm sahibidir. Onun poeziyasında milli cavabdehlik ruhundan irəli gələn kəskin, prinsipial, tendensiyalı notlar olsa da, mövqeyi pozitivdir, nikbindir, ümidi sarsılmazdır, hadisələrə münasibəti durğun və etinasız deyil, intensivdir...
Qələndərin "Qoymayırlar yaşamağa" adında bir şeiri var. "Ulduz" jurnalında dərc edilib. Çox şeirində olduğu kimi burada da, onun şair "məni" və ictimai mövqeyi səmimiyyəti və prinsipiallığı ilə özünü göstərir:

Nadanlar baş alıb gedir,
Dünyanı qış alıb gedir.
Ömür qısalıb gedir,
Qoymayırlar yaşamağa
Adam kimi bu dünyanı.

...Sabah açmır sabahını,
Heç kəs demir günahını.
Itiriblər Allahını,
Qoymayırlar yaşamağa
Adam kimi bu dünyanı.

Qələndər Xaçınçaylının şeirlərinin məzmunu getdikcə ovxarlanır, daha da bədiiləşir, müdrikləşir, ictimai-sosial motivasiya bu poeziyanın əlamətinə çevrilir, "Ağarmazdı" şeirində olduğu kimi:

Hər adamın saçlarını
El ağartmır,
El ağardan saçları da
Yel qaraltmır.
Misri qılınc paslanmazdı
Koroğlular ölməsəydi.
Vaxtsız saçım ağarmazdı,
Həmzələri görməsəydim...

Səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin yaradıcılığının ana xəttini, mənəvi qatını təşkil edir...
Bu rəngarəng, məzmunlu və təsirli yazılar silsiləsi, şeir külliyyatları , milli ədəbiyyatımızın bugününə verdiyi töhfələr onu tarixən, söz sənətimizin ön sıralarında yer almış Qarabağ ədəbi mühitinin ləyaqətli davamçılarının sırasında qərarlaşdıra bilmişdir...
Bədii yaradıcılıqla məşğul olan insanlar çox həssas olurlar. Onların qəlbi cicək ləçəyindən də zərif olur. Şair və yazıçı sevgisi bulaqların və çayların axar suları kimi təmiz və saf ourlar. İncə qəlbli olduqlarına görə hər şey onlara tez təsir edir. Həyatın hər bir çətinliyinə, onun haqsızlığına, əzab-əziyyətinə biganə deyil... Qələndər də beldir, həssasdır, sevgisində də, qəzəbində də... Həyatın şirnliyi də, ağrı-acısı da ona eyni dərəcədə təsir edir və yaxşısı budur ki, o həyatdan, gerçəklikdən aldığı bütün bu hisslərini poetik ovqatla, səmimiyyətlə, bəzək-düzəksiz şerinə yansıda bilir...
Qələndər bütün məqamlarda Vətənə, torpağa, xalqa, müstəqil dövlətçiliyimizə, milli dəyərlərimizə bağlı qələm sahibidir, ədəbiyyat adamıdır. Kürəyini dağlara dönmüş elə-obaya, haqqa-ədalətə söykəyib və "Arxamda dağlar dayanıb. Onlar qoymazlar Məni yıxılmağa..." – deyərək, bu misraların selində 60 yaşına gəlib çatıb...

Qoynunda dünyaya göz açmışam mən,
Ağdam səcdə yerim, qibləgahımdı.
Öz isti yuvamdan perik düşmüşəm,
Qabartı göz yaşım, Xaçın ahımdı,
Babamın məzarı səcdəgahımdı.

Qələndər Xaçınçaylı 1958-ci il, 15 apreldə səcdəgahı bildiyi Qarabağın Kolanı ellərində, Qaraman dağının ətəyində dünyaya gəlib, Qabartı və Xaçın çaylarının sularında cilvələnib, yaşıdları kimi orta və ali təhsil alıb, Bakı Dövlət Universitetini bitirib, əsgərlik çəkib, Neft Daşlarında fəhləlikdən, müəllimlikdən bu günlərinə gəlib... Zəngi həyat təcrübəsi qazanıb... Qəlbi yurd yanğısı ilə alışıb-yanan bu şairin indi 60 illik yubileyidir...
Qələndər Xaçınçaylı sənətin bu sirlərinə, mahiyyətinə, kredosuna bələd olduğuna görə yaradıcılığında müvəffəq olur, qələminə sehrlə yanaşır, onu müqəddəs bilir… Qələndər Xaçınçaylının qələm sehri ilə hələ keçən əsrin 90-cı illərində yaranmış, dillər əzbərinə çevrilmiş və şeirimizin böyük və qüdrətli, ustad-dədə Məmməd Arazının rəğbətini qazanmış, “Vətən sənə oğul dedi” şeirini xatırlamadan keçmək olmur. Bu beş bəndlik şeir Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim” şeirinə, aşıqların ləfzi ilə söyləsək, “qabaq” deyilmişdir:

Vətən sənə oğul dedi, ay Dədə,
Mamır olub qayasında bit, görüm?!
Ələsgəri tək qoymusan Göyçədə,
Baş çəkməyə Göyçəmizə get görüm?!

Gözəl-göyçək Qarabağım talandı,
Xan kəndində yad ocaqlar qalandı,
Neyləməli, bağrım yandı, talandı?!
Vətən sənə oğul dedi, ay Dədə,
Mamır olub qayasında bit, görüm?!

...O qayalar bir də mamır bitirməz,
Səni, məni oğulluğa götürməz,
Küsüb ellər, Ələsgəri yetirməz,
Vətən sənə oğul dedi, ay Dədə,
Mamır olub qayasında bit, görüm?!

Qələndərin əksər şeirlərində olduğu kimi bu şeirin məna, mahiyyət, poetik yükü, tutumu olduqca dəyərli, çoxmənalı və dərindir, mühüm mətləblərdən xəbər verir... Poetik üslub və dilin cilası, söz duyumu, sözün alt qatının mənalarına vara bilmək bacarığı diqqətdədir. Bunlar Qələndərin şeirlərinə lakonizm, ekspressivlik aşılayır... Lirizm, sətiraltı məna, cəmiyyətimizdə olan haqsızlıq və bərabərsizliklər, torpaqlarımızın bir hissəsinin gavur düşmən tapdağı altında olması və s. bu kimi problemlər onun vətəndaşlıq mövqeyindən çıxışlarının mahiyyətini təşkil edir, onu əsasən tənqidi mövzularda da, özü də cəsarətlə çıxış etməyə sövq edir... Və bu motiv kompromissiz olduğundan oxucuları tərəfindən rəğbətlə qarşılanır…

Bir yarasan ürəyimdə,
Sinə dağım, Qarabağım!
Sən olmusan yad əlində,
Viran bağım, Qarabağım!

Pərən-pərən olmuşuq biz,
Açan gül tək solmuşuq biz,
Niyə susb, donmuşuq biz,
Yanır bağrım, Qarabağım!

Qələndərin “Şüşa da bir qaladır”, “Apar məni Qarabağa”, “İrəli, əsgər”, “Pərvizim”, “Vətənimiz Çənlibeldir” və s. şeirlərinə bəstəkar Aydın Mehrəliyevin və Şəfəqin bəstəsindəki mahnılar məşhur müğənnilər Xalq atisti Nəzakət Teymurova, Tuqay İsmayılov, Rəvanə tərəfindən ifa edilir; onun bir-çox şeirləri dillər əzbəridir, şahidi olmuşam ki, el şənlik və mərasimlərində fanatları tərəfindən fərəhlə söylənilir, coşqu ilə qarşılanır…
Bu onun şeirlərinin müasirliyindən, həyat həqiqətlərindən nəşət etməsindən irəli gəlir. Məlumdur ki, şairin hər bir şeiri müasir, ruh və hisscə yeni, təzə olmalı, həyat həqiqətlərinə arxalanmalıdır. Bir sözlə, şair köhnəliklə yenilik arasında bir körpü, vəhdət təşkil etməlidir. Onun poeziyasında keçmişdən baxanda, gələcək necə görünürsə, gələcəkdən boylanıb arxaya baxanda da keçmiş o cürə görünməlidir... Söz sonsuz bir kainata bənzəyir. Məncə, kainatın sonu olmadığı üçün sözün də sonu yoxdur. Məhz buna görə də, söz heç vaxt tükənmir. Və heç vaxt da tükənməyəcək. Mühitindən, zamanından asılı olmayaraq, şair hər zaman öz sözünü deyib və deyəcək. Şairin sözü sınmamalıdır. Sözünün sınmasındansa, özünün sınması daha yaxşıdır! Buna görə də şairlər dəryaz kimi döyülüb itilənməlidir ki, yazdıqları da kəsərli olsun. Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Rəsul Rza bulağından su içmiş Qələndərin yaradıcılığını mən bu motivdə görürəm… İnanıram ki, onun şeirləri zamanın sınağından, ələnən xəlbirindən keçəcək, dəyərli poeziyamızın zərrin zərrəsinə çevriləcəkdir…

Dərd saçımı, saqqalımı,
Saçım-saqqalım da
dərdimi ağartdı.
Fikrim sözüm üstə
yəhərlənən ağ atdı...

Qələndər Xaçınçaylı, poeziyamızın bu “ağ atlı oğlanı” altmışında da, yüksək bir enerji və ilhamla yazıb-yaradır… Onun 60 yaşını qutlayır, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram…


Qurban Bayramov,

Tənqidçi-ədəbiyyatşünas, doktor-professor; "Fədakar alim" və "Elm fədaisi" diplomantı, "Səməd Vurğun mükafatı" laueratı, 1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018