Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “Qarabağ trilleri” - HƏFTƏ REYTİNQ
Tarix: 13.04.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Ötən cümə axşamı Qarabağ həqiqətlərindən bəhs edən “Son Nəfəsədək” trillerinin təqdimat mərasimi keçirildi. Filmin ssenari, müəllifi və baş prodüseri Nurəddin Aslanov film haqqında “Yeni Müsavat”a danışıb:

“Bu film Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir. Filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm... Əslində, bu film mənim ilk işimdir. Çox ağır, əziyyətli yollar keçdik... Bunun kommersiya tərəfini düşünmürəm. İstəyirəm ki, bu filmlə gənc nəslin yaddaşlarında silinməkdə olan tariximizi canlandıraq, həmin ağrılı-acılı günlərimizi heç vaxt unutmayaq. Yoxsa şəhidlərimizin ruhu bizi bağışlamaz”.
Filmdə baş qəhrəman Yavəri canlandıran aktyor İlqar Cahangir də filmlə bağlı öz təəssüratlarını bölüşüb: “Çəkilişlər təxminən 2 aya başa gəlib. Kollektivin fədəkarlığı ilə bu filmi ərəsəyə gətirə bildik. Filmin çəkilişləri Füzuli, Ağdam rayonlarında və Bakıda aparılıb. Bu cür vətənpərvərlik, Qarabağ mövzusunda filmin çəkilməsi çox sevindiricidir. Ümmiyyətlə, indi çəkilən hər iki filmdən ikisi Qarabağ haqqında olmalıdır, ta ki, bu torpaqlar azad olunana qədər...”.


Həftənin “ən böyük məscidi”


Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük məscidi tikildi.“Çamlıca” ibadət ocağının Ramazan ayında (mayın 15-dən iyunun 14-dək) açılacağı gözlənilir. Məlumata görə, məscidin tikinti işləri artıq başa çatıb və hazırda son tamamlama işləri gedir. Qeyd edək ki, məscidin sahəsi on beş min kvadrat metrdir. “Çamlıca”da eyni vaxtda 50 minə qədər insan ibadət edə biləcək. Altı minarənin dördünün hündürlüyü 107,1 metr, ikisi isə 90 metrdir. Məscidin yaxınlığında qalereya, kitabxana və konfrans salonunun da yerləşəcəyi mədəniyyət mərkəzinin açılması da planlaşdırılır.


Həftənin “ərkəsöyünü”


“ARB Ulduz” un “Virtual Həyat” verilişinin qonağı xalq artisti Flora Kərimova oldu. Müğənni qızını hər dəfə yola salanda canından can ayrıldığını deyib:“Hava limanında qızımı qarşılayanda gözlərim dolur. Anayam, qarşılayanda düşünürəm ki, 10-15 gün burdadır, sonra onu yola salacam. Mənə çox çətindir”. Flora Kərimova kövrəkliyinin övladları ilə bağlı olduğunu dilə gətirib:“Övladlarımın fikrini çəkirəm. Onları görmək istəyirəm. Çox ərkəsöyün, dəymədüşər olmuşam. Bütün varlığım övladlarıma aiddir, oğluma-qızıma, iki nəvəmə aiddir. Çox nigaran yaşayıram”.


Həftənin “ayaqyuduzduranı”


Futbolçu Arda Turanın sosial şəbəkə paylaşımı müzakirələrə səbəb oldu.
Futbolçu yenicə ailə qurduğu həyat yoldaşı Aslıhan Doğana ayaqlarını yudurtduğu yerdə çəkilən fotosunu paylaşıb və sözügedən şəklə “Yeni fizioterapevtim” sözlərini yazıb. Ardanın bu addımı çoxları tərəfindən tənqid olunub. Qeyd edək ki, ötən il azərbaycanlı aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günaya dırnaqlarını tutdurduğu an çəkilən fotosunu paylaşmışdı.
Bir müddət əvvəl isə müğənni Alişan “Evlənəcəyim qadın ayaqlarımı yuyub, başmaqlarımı geyindirəcək” sözləri ilə sosial şəbəkə izləyicilərini təəccübləndirmişdi.


Həftənin “təhsil alverçisi”


Saatlı Rayon Təhsil Şöbəsinin sabiq rəhbərinin həbsi və cinayət əməlləri barədə təfərrüatlar məlum oldu. Şamil Nurəliyev uzun illər Saatlı Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Ş.Nurəliyev saxta diplomlu şəxsləri rayon məktəblərinə işə qəbul etməkdə, rüşvət qarşılığında işə müəllim götürməkdə, məktəblərə direktor təyin etməkdə və müəllimlərin adına kredit götürməkdə ittiham edilib. Onun barəsində edilən çoxsaylı şikayətlər Təhsil Nazirliyində araşdırılıb. Məlum olub ki, Şamil Nurəliyev həqiqətən də qeyd edilən əməlləri törədib.
Nurəliyev vəzifədən azad edildikdən sonra onun barəsində cinayət işi açılıb. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən Şamil Nurəliyev barəsində hökm də çıxarılıb. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.


Həftənin “təsəlliverən ulduzu”


“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab matçından(1:3) sonra örnək addımla yadda qalıb. Portuqaliyalı ulduz rəqib komandanın kapitanı Canluicci Buffonu mətbuata açıqlama verərkən qucaqlayaraq təsəlli verib. Qeyd edək ki, ilk matçda “Yuventus”u 3:0 hesabı ilə məğlub edən Madrid klubu səfərdə məğlub olmasına baxmayaraq yarımfinala vəsiqə qazanıb.


Həftənin “insaflı oğrusu”


Şəmkirdə “insaflı” oğru peyda oldu. Həmin şəxs sahibsiz evlərə qanunsuz daxil olaraq oradan pul və qiymətli əşyalar oğurlayıb. Ancaq qarşısına çıxan qızıl-zinət əşyalarına dəyməyib. Ülvi İsmayılov (saxlanılan şəxs): “Sandığın qıfılını qırdım. Sellofan torbanın içərisində dəsmalın arasında qızıl da var idi, götürmədim. Çünki onda yanmaq ehtimalı çoxdur”. Ülvi İsmayılov rayon sakini Elçin Əmiraslanovun mənzilindən oğurluq etdikdən sonra ələ keçib. Onun İlkin İlyasovun 300 manat nəğd pulunu, eləcə də İdris İmanovun evindən 1000 manat pul və bir ədəd televizor oğurladığı da müəyən edilib.
Əvvəllər 10 il məhkumluq həyatı yaşayan Ülvi İsmayılov əldə etdiyi pulla şəxsi ehtiyaclarını ödədiyini deyib:“Evin ehtiyacını ödəmişəm. Kirayədə yaşayıram. Onun pulunu və kommunal xərcləri vermişəm”.
Ülvi İsmayılovun digər cinayətlərdə əlinin olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."