Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bunu bir faciə kimi qiymətləndirirəm” – MÜSAHİBƏ
Tarix: 13.04.2018 | Saat: 19:00:00
Bölmə:Müsahibə | çapa göndər

Statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına görə, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir.

Hafta.az Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və Kliniki İmmunoloqlar Şurasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin professoru Amaliya Əyyubova ilə bu mövzuda müsahibəni təqdim edir.

- Allergiya ilə bağlı vəziyyəti təhlükəli hesab etmək olarmı?
- Mən şəxsən bunu bir faciə kimi qiymətləndirirəm.
- Səbəblər barədə nə deyə bilərsiniz? Allergiklərin çoxalmasının səbəbləri sırasında yeni amillər varmı?
- Allergik xəstəliklərin yaranma səbəbləri arasında irsilik, virus infeksiyaları, qida və ekoloji dəyişiklikləri misal çəkmək olar. Valideynlərində allergik xəstəliklər olan uşaqlara süni qida, sitrus meyvələri, yumurta, şirniyyatların verilməməsinə diqqət yetirilməlidir. Bu qidalar orqanizmin həssaslığını artırır, allergik reaksiya və ya xəstəliyin yaranmasına səbəb olur. Yeni doğulan uşaqlarda allergiya özünü bəzi hallarda büruzə verir. Misal üçün, yanaqda əmələ gələn qızartı və ya səpkilər, başda olan qartmaqlar gələcəkdə ola biləcək xəstəliyin xəbərçisidir. Allergiyanın əmələ gəlmə səbəblərindən biri də irsilikdir. Valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır.
- Körpələrdə neçə aylığından allergiya özünü büruzə verməyə başlayır?
- Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır. Əgər uşaqlarda üç yaşa qədər təngnəfəslik və ya xışıltılı nəfəsalma müşahidə edilirsə, bu, artıq obstruktiv bronxitin göstəricisidir. Belə uşaqlar bronxların bəlğəmlə tıxaclanması səbəbindən çətin nəfəs alır və mütəmadi olaraq öskürürlər. Onlar bronxlarda olan seliyi ifraz etməyə çalışırlar ki, bu da güclü öskürəklə nəticələnir.
- Bu hal artıq xəstəliyin astmaya keçmə ehtimalını artırırmı?
- Bronxial astma qəflətən və hərarətsiz başlayır, tənəffüs yollarında xışıltılı səslə müşahidə edilir. Belə uşaqlar hava çatışmazlığı səbəbindən pəncərə kənarına, hava gələn tərəfə can atırlar. Bronxlar tıxaclandıqda oksigen ağ ciyərə az daxil olur ki, bu zaman onun orqanizmə yayılması çətinləşir. Bu xəstəlik zamanında müdaxilə edilmədikdə çox ağır fəsadlarla nəticələnə bilər. Uşaqda bir dəfə belə boğulma halları müşahidə edilərsə, valideynin dərhal həkimə müraciət etməsi mütləqdir. Boğulma halları olduqda yubanmadan təcili yardıma xəbər verilməlidir. Təcili yardım gələnə kimi isə ilk yardım olaraq evdə pəncərə açılmalı, spazmaların azalması üçün xəstənin əlləri ayaqları isti suya qoyulmalı, kiçik qurtumlarla isti su içirdilməli, xəstənin üzərində olan dar paltarlar çıxarılmalıdır.Bronxitlər virus mənşəli olduqda hərarət, asqırıq, gözyaşı ilə müşahidə edilir. Allergen mənşəli olduqda isə bütün bu hallar olmur. Xəstəliyin bu iki növünü bir-birindən ayırmaq mütləqdir. Belə ki, bronxit növlərinə uyğun müalicə edilməlidir. Körpə yaşlarında obstruktiv bronxit keçirmiş insanların hər an astma xəstəliyinə tutulma ehtimalı var. Bronxial xəstəlikdən əziyyət çəkənlər özlərini qorumalı, sağlamlıqlarına daima diqqət yetirməli, həssaslığı artıran hər bir şeydən uzaq durmalıdırlar. Bəzən viruslar da xəstəliyin aktivləşməsinə təkan verir. Bundan əlavə onu da qeyd edim ki, yaşdan asılı olmayaraq allergiyanın bir növü digəri ilə əvəz oluna bilər. Allergiyanın dəri formasının müalicəsi dermatoloqlarla birgə aparılmalıdır. Belə ki, səpki ilə mübarizəyə başlamazdan əvvəl onun mənşəyi müəyyənləşdirilməlidir. Bu xəstəliklərdən əziyyət çəkən uşaqların qidalanması da düzgün olmalıdır. Bəzən valideynlər kriz dövrü keçdikdən sonra pəhrizi dayandırırlar. Bu, yanlışdır. Pəhriz illərlə davam edə bilər. Burada vacib olan səbəbkar allergenin qidadan uzaqlaşdırılmasıdır. Normal qidaya qayıdış mütəmadi olaraq qanda immunoqlobulinin miqdarının ölçülməsi ilə müəyyən edilməlidir.
- Allergiyalı uşaq peyvənd oluna bilərmi?
- Allergiyalı körpələrə peyvənd vurulması mübahisəli məsələdir. Ümumiyyətlə, peyvənd o körpələrə vurulmalıdır ki, onlar tamamilə sağlam olsunlar. Son vaxtlar valideynin icazəsi olmadan peyvənd edilmir. Tək-tək körpələrdə peyvəndlər ağır fəsadlara yol açır. Bu da uşağın immun sisteminin zəif olması ilə əlaqədardır. Belə körpələrə peyvənd vurulması qadağandır. Allergiyası olan uşaqlara peyvənd vurmaq olar. Lakin bunu yalnız remisiya dövründə etmək mümkündür. Uşaqlar ümumiyyətlə, peyvənddən iki həftə əvvəl buna hazır olmalıdırlar. Hətta peyvənd vurulduqdan iki həftə sonra da qoruyucu metoddan istifadəni təkrarlamaq lazımdır.
- Hazırda yaz mövsümüdür və bu allergiyanın aktivləşdiyi dövr sayılır. Nə məsləhət görürsüz?
- Yaz ayları ilə əlaqədar allergiyanın pollinoz növü aktivləşir. Bu növ allergiyaya həssas insanların evdən az-az, zərurət yarandıqda isə maska ilə çıxmaları məsləhət görülür. Onların evlərinin pəncərələrində daima tor olmalı və bu torlar gündə iki dəfə yuyulmalıdır.
- Allergiyadan ölüm halları olurmu?
- Allergiyadan ölüm hallarına çox nadir rast gəlinir. Bu hansısa bir dərman və ya qidaya olan çox yüksək allergik reaksiya nəticəsində meydana çıxan qəfləti anafilaktik şok nəticəsində baş verə bilər. Xəstəliyin müalicəsində ilk olaraq xəstəliyin virus və ya allergen tərəfindən törədildiyinin müəyyən etmək vacibdir. Allergiyaya qarşı dərmanların həkim məsləhəti olmadan istifadəsi tamamilə düzgün deyil. Bu dərmanların çox böyük ziyanı olmasa da, yan təsirləri əmələ gələ bilər.
- Bir çox xəstəliklər üçün deyilən “çarəsi yoxdur” ifadəsini allergiya və konkret olaraq bronxial astma üçün də deyirlər...
- Son illər bronxial astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır. Bu xəstəlik daha çox uşaqlar arasında artmaqdadır. Ona görə də hazırda bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab edilir. Buna baxmayaraq, astma xəstəliyindən qorxmaq deyil, onu müalicə etdirmək lazımdır. Çünki bu mümkundür. Bronxial astma xroniki xəstəlikdir. Buna görə də onun tam müalicəsindən söhbət gedə bilməz. 20 faiz halda bu xəstəlik təkrarlanmaya bilər. Belə xəstələrin 100 il də yaşaması mümkündür. Lakin onlar həkim məsləhətinə qulaq asmalı və riayət etməlidirlər. Belə xəstələr müntəzəm olaraq, ildə 1-2 dəfə müayinədən keçməlidirlər. Həkim məsləhətinə etinasız yanaşanda isə xəstəliyin təkrarlanması təhlükəsi həmişə var. Ətraf mühitdəki allergenlər, qıcıqlandırıcı amillər dəf edildikdə, allergiya törədən qidalardan imtina olunduğu halda isə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."