Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dollar bahalaşmayacaq – Ekspertlər
Tarix: 16.04.2018 | Saat: 16:02:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Qonşu dövlətlərdə dollar bahalaşmaqda davam edir. Prosesin Azərbaycanda baş verib-verməyəcəyi neçə gündür müzakirə mövzusudur. Dolların bahalaşması nəticəsində qonşu ölkələrlə ticarət əməliyyatlarında yaranacaq vəziyyətin manata təzyiqləri artıracağı istisna edilmir. 

Mövzu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, qonşu ölkələrdə milli valyutaların ABŞ dollarına münasibətdə ucuzlaşması siyasi səbəblərlə bağlıdır:

“Bununla belə, bu, iqtisadi və maliyyə məsələsi olduğundan, üstəlik Azərbaycanın sıx iqtisadi-ticari əlaqələrində olduğu bir ölkələrdə baş verdiyindən təbii ki, narahatlıq doğurur. Belə ki, istər rublun, istərsə də lirənin dünyanın aparıcı valyutalarına nəzərən dəyərdən düşməsinin konkret bir həddi var. Yəni, hədsiz ucuzlaşma Rusiya və Türkiyəyə idxalı səmərəsizləşdirir. Bu ölkələrdən ixracın isə əksinə, səmərəsini artırır. Azərbaycanın isə öz ixrac potensialını genişləndirməyə böyük səylər qoyduğu bir vaxtda bunun nə demək olduğu aydındır. Odur ki, avtomatik olaraq manata da təzyiq yaranır”.

P.Heydərovun sözlərinə görə, manatın məzənnəsi ABŞ dolların nəzərən müəyyənləşdiyindən rubl və lirənin ucuzlaşması manata birbaşa təsir göstərmir:

“Məsələ bundadır ki, bizim milli valyuta nə türk lirəsiylə, nə də rus rubluyla məzənnədə əslində, birbaşa olaraq dəyər tapmır - məhz, ABŞ dollarına nəzərən münasibətə girir. Bunu da nəzərə almaq lazımdır. Yəni, ortada nə qədər geniş xarakterli mal mübadiləsi də olsa da, milli valyutalarımızın qarşılıqlı məzənnəsini son anda yenə ABŞ dollarına əsasən müəyyənlik tapır. Ona görə də, Amerika valyutasının həmin ölkələrdə bahalaşması istər-istəməz manata da təzyiqləri artırır. Ancaq bizdə manat sərbəst bazar qanunları mexanizmi şəraitində tənzimlənmədiyinə və dəyər tapmadığına görə, ucuzlaşmır. Odur ki, qeyd etdiyim təzyiqlərin nəticəsini aşkar görmürük. Ancaq müəyyən təsirləri isə hiss edirik və edəcəyik də...”.


İqtisadçının sözlərinə görə, Azərbaycan manatının dəyəri ən çox neftə bağlıdır:

“Ölkəyə dollar gətirən ən çox xam neft ixracıdır ki, pomidor-xiyar ixracı, tərəvəz ixracı bunun yanında heç nədir... Yəni, bu faktorun özü milli valyutamızı "əldə möhkəm" saxlamağa imkan yaradır. O ki qaldı bəzi banklarda ABŞ valyutasının alışının bir qədər bahalaşmasına və satışının da məhdudlaşmasına, bu, hələlik ciddi amillərə əsaslanmır. Düzdür, ilin əvvəlindən bəri, ölkəmizdə dollara tələbat artıb. Ötən 3 ay ərzində 1,310 milyard dollar satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65%-dən çoxdur. Söhbət, Neft Fondunun hərraclarda satdığı puldan gedir. Hesab edirəm ki, bu da iqtisadi aktivliyin bərpasıyla əlaqədardır. Yəni, hazırda iqtisadiyyatımızda vəziyyət keçən ilin bu vaxtı ilə müqayisədə fərqlidir, bir az da artıq canlanma mövcuddur. Ona görə də dollara tələb yüksəlib. Sözün qısası, ilin sonunadək manatın dəyərində dəyişiklik gözlənilmir. Bunu ən əsası da, neftin dünya bazar qiyməti diqtə edir... Hazırda 70 dollardan yuxarı səviyyədədir”.

İqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycanda bu proses bir neçə aydır ki, start götürüb:

“Son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub. Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar ( əvvəlki ayla müqayisədə artım: 21.7%), martda isə 647 milyon dolları (əvvəlki ayla müqayisədə artım: 77.7%) satılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdırsa bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib. Xarici valyutaya tələbin artması valyuta dəyişmə məntəqələrində də milli valyutanın kursunu cüzi olsa da azalmasına səbəb olub. Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdırlsarsa indu alış məzənnəsi 1.7025-dək dəyişib. Bu arada Rusiya və Türkiyədə milli valyutaların məzənnələri də psixoloji həddən aşağı düşüb. Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır. Proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracıtımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə idxalın artması fonunda dollara tələbin növbəti aylarda da artacağı gözlənilir. Azərbaycanda dollara tələbin artması və eləcə də qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Neft bumu dövründə inzibati metod ilə 0.78 məzənnəsi qrorumaq nə qədər məqsədə uyğun deyildisə indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı”.

Son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. 2018-ci ilin birinci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun heç bir əsası olmadığı açıq-aydın görünür. Bu fikirləri isə Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

O qeyd edib ki, birinci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub. Deputat vurğulayıb ki, ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb.

Tahir Mirkişili bildirib ki, hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır, halbuki dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur.

Azərbaycan manatının dəyərdən düşməsi ilə bağlı heç bir təhlükə yoxdur. Hazırda milli valyutamızın güclənməsini tənzimləyən faktorlar mövcuddur. Bu fikirləri isə Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov bildirib.

O qeyd edib ki, Azərbaycan manatının 2015-ci ildə devalvasiyaya uğraması dünya bazarındakı iqtisadi problemlərlə əlaqəli idi. Çünki həmin dövrdə neftin kəskin ucuzlaşması müşahidə olunurdu. Hazırda bu cür iqtisadi təhlükə mövcud deyil, əksinə, neftin qiymətində artım baş verir. Milli valyutanın güclənməsini şərtləndirən digər mühüm faktor idxal-ixrac prosesidir. Ticarət dövriyyəsində müsbət saldo yarandığını qeyd edən iqtisadçı ekspert bildirib ki, Azərbaycanın ixrac potensialında müşahidə edilən artım valyuta ehtiyatlarının artmasına da birbaşa təsir göstərir.

Aydın Hüseynovun sözlərinə görə, ixrac potensialının artmasına təsir edən amillərdən ən başlıcası loqistik nəqliyyat infrastrukturunun inkişafıdır. O, vurğulayıb ki, artıq bu istiqamətdə ölkəmizdə mühüm layihələrini icrasına başlanıb. Bu da ölkəyə valyuta axının artmasına səbəb olur.

Mühasibimiz əlavə edib ki, manatın digər xarici valyutalar qarşısında güclənməsinin ən başlıca səbəbi Prezident İlham Əliyevin apardığı dayanıqlı iqtisadi siyasətdir. Büdcəmizə turizm sektoru vasitəsi ilə də valyuta daxilolmalarının artdığını bildirən deputat diqqətə çatdırıb ki, bu ilin əvvəlində ötən dövrlə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım var. Aydın Hüseynovun fikrincə, qonşu ölkələrin valyutasında baş verən devalvasiyaya gəldikdə isə bu, iqtisadi deyil, siyasi amillərlə bağlıdır.

Azərbaycanda manatın dəyərinin itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur. Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib ki, son günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir.

Ekspert qeyd edib ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. “Əminlikdə demək olar ki, AMB yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. AMB-nin əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi uçot dərəcəsini aşağı salmazdı. MB-nin bu qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır.

Digər bir məsələ son dönəmdə neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018