Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" FOTO
Tarix: 17.04.2018 | Saat: 18:09:00
Bölmə:Sosial | çapa göndər

Avtobus yol ayrıcında tikilmiş “Atəşgah məbədi” maketinin yanından sağa burulub Bülbülə qəsəbəsinin içinə doğru irəlilədikcə ətrafda gördüyüm səliqə-səhman məni heyran edirdi. Yüksək keyfiyyətli asfalt magistralın kənarlarında salınmış yaşıllıqlar, əkilən əl-əlvan dekorativ bitkilər yazın indiki ilıq günlərində başqa bir aləm idi. Yaşıllıqlardan əlavə, yola yaxın evlərin divarları eyni rəngdə boyanıb, hasarların sökük-dağınıq yerləri bərpa olunub və sair. Hər yerdə işıqforlar yerində, piyada keçidləri rənglənib, xüsusilə qeyd etməyə dəyər ki, bütün avtobus dayanacaqlarında müasir şüşə dayanacaqlar quraşdırılıb. Hətta şəhərin mərkəzini əhatə edən bəzi rayonların küçələrində belə dayanacaq problemi Suraxanıda olduğu qədər həllini tapmayıb.

Yeri gəlmişkən, Suraxanı çox az sayda rayonlardandır ki, burada yollarda dayanacaqların quraşdırılması prosesi tam başa çatdırılıb.
Rayonda diqqətimi bir məqam da çəkdi: avtobus dayanacaqları taksilər tərəfindən zəbt olunmur. Burada taksilər dayanacaqdan müəyyən məsafədə park edilir. Bu da bütün rayonlarımız üçün örnək olası haldır.

Bülbülə, Əmircan və Yeni Suraxanı qəsəbələri ərazisində gördüyüm mərkəzi küçələrin hamısı ya yeni tikilib, ya da asfaltlanaraq bərpa edilib. Elə Rayon İcra Hakimiyyətinin ötən ilə dair hesabatında da deyilir ki, il ərzində yollara 306 min kvadratmetr asfalt örtüyü çəkilib (eyni zamanda, məhəllədaxili küçələrdə 250 min kvadratmetr asfaltlanma işi görülüb – V.T.), 95 min kvadratmetr yol da təmir olunub. Əlbəttə, o qədər də böyük olmayan (cəmi 122 kvadratkilometr) rayon üçün bu böyük rəqəmdir və nəticəsi də, qeyd etdiyimiz kimi, göz önündədir.

 

Odlar yurdunun od məbədi

 

Yeni Suraxanı qəsəbəsinin cənub-şərq qurtaracağında yerləşən Atəşgah məbədi təmir-bərpa işlərindən sonra çox dəyişib. Sanki gözlərim önündə İçərişəhərin əzəmətli qala divarları canlanırdı. Dövlətin ciddi mühafizəsi altında olan bu məbəd-kompleks hazırda turistlərin ən çox görmək istədiyi yerlərdən birinə çevrilib.

Qoşa qala qapısından içəri girəndə gördüklərimə valeh oldum: oldiqca geniş daxili meydan boyunca yerə kəsmə daşlar döşənilib, bir tərəfdə qala divarı boyunca səliqəli, əsl Abşeron memarlıq üslubunda dükanlar, turistlər üçün restoran tikilib. Məbədlə tam həmahəng tikilmiş bu hissədə dəmirçi kürəsi və emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Meydanın sağında isə 300 ildən artıqdır Azərbaycan tarixinə bələdçilik edən məbəd-kompleks yerləşir. 2012-ci ilin sentyabrından başlayaraq 7 ay ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilər abadlaşdırılıb, yardımçı binalar tikilib. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, işıqlandırma sistemi qurulub.
Qeyd edək ki, UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilən Atəşgah məbədi Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Dövlət tarix-memarlıq qoruğu elan edilib.

Gözəyarı saydım: 4 “Mercedes” markalı iritutumlu avtobus, 3 “Sprinter” mikroavtobus, 10-a yaxın şəxsi minik avtomobili vardı. Məbədin ərazisində isə çox sayda əcnəbi ilə yanaşı məktəbli heyətinin də olması diqqətimi çəkdi. Həmsöhbət olduğum "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun əməkdaşı Nərgiz Babayeva bildirdi ki, gördüyümüz kimi, son vaxtlar bura gələn turistlərin sayı sürətlə artmaqdadır. Məsələn, 2016-cı illə müqayisədə ötən il gələn ziyarətçilərin sayı 26,5 faiz artıb. “Əcnəbilərlə müqayisədə yerli turistlərin sayı çox azdır. Yerlilər də ki, daha çox məktəblilərdir. Amma sevindirici haldır ki, bura yalnız Suraxanı rayonundakı 35 məktəbdən deyil, respublikamızın hər yerindən, hətta Naxçıvandan şagird qrupları gəlir. Əcnəbi turistlərə isə söz ola bilməz: İran, Hindistan, Pakistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, hətta uzaq Argentinadan mütəmadi turistlər qəbul edirik” deyən müsahibim əlavə etdi ki, gündə təxminən 200 turist qəbul edirlər. O, məsələn, ötən il məbədi 30 mindən çox (daha dəqiq 30 751 nəfər, rayon əhalisinin 15 faizinə bərabər sayda – V.T.) turistin ziyarət etdiyini dedi. N.Babayeva onu da vurğuladı ki, ziyarətçilər arasında Latviya prezidenti Raymonds Veyonisi, Slovakiyanın sabiq dövlət başçısı Rudolf Şusteri, UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuura və sair kimi şöhrətli simalar da olub.

 

Turistlərin gözü ilə

 

Məbədin həyətində rastlaşdığım, İranın Şiraz şəhərindən olduğunu söyləyən turist Valid Əkbəri deyir ki, tarixi abidələrə vurğundur. “Bakıya gəldiyim 4 gün ərzində iki dəfə İçərişəhərə baş çəkmişəm, Qız qalasında, Şirvanşah sarayında olmuşam, qala divarları boyunca küçəni dolaşmışam - əladır. Oteldə vərəqlədiyim broşürdə gördüyünüz bu “Atəşgah” diqqətimi çəkdi və budur, indi ailəmlə birlikdə burdayam. Çox ecazkardır, orjinaldır və sanki özümü orta əsrlərdə hiss edirəm. Hətta mənə dedilər ki, yaxınlıqdakı qəsəbələrin birində “Seyid qızı” türbəsi var, imkan olsa ora da gedəcəyəm” deyən iranlı qonaq əlavə etdi ki, kompleksə giriş üçün çox az, adambaşına cəmi 4 manat tələb olunur. Bu da turistləri sevindirir.

Halima və Amara ilə meydanın ətrafında suvenir satılan dükanların yaxınlığında söhbət elədim. Pakistandan olan bu iki xalaqızı Bakıda yaşayan qohumlarına qonaq gəliblər. Elə Atəşgaha da onları Amaranın Bakıda yaşayan qardaşı Fahad gətirib.

Halima deyir ki, burada gördükləri ölkəsinin əski tikililərinə bənzəyir. “Mən müsəlmanam, amma bu məbədi zövqlə ziyarət elədim. Qismət olsa yenə gələrəm. İxtisasca teoloqam, ola bilər bura mənə ona görə daha cəlbedicidir. İnşallah, Laxora qayıdandan sonra burada gördüklərimi rəfiqələrimə də danışacağam” deyən Halima gözünün kəsdirdiyi bir iki suvenir, o cümlədən Atəşgahın maketini alacağını da bildirdi.

 

Sakit, yaşıl, təmiz küçələr

 

Məbədin həyətindən çıxıb yol aldım Yeni Suraxanı qəsəbəsinin mərkəzinə doğru. Yanılmamışdım, küçə və meydanların təmizliyinə söz ola bilməz. Heç yanda zibil qalıqları görünmür, çünki temizlik işçiləri öz işlərini məsuliyyətlə görürlər.

Bu arada qeyd edim ki, rayon ərazisində, o cümlədən Yeni Suraxanı qəsəbəsində təmizlik və abadlıq işlərinə əməkhaqqı ödənilməklə 330 nəfərədək sakin cəlb edilib. Bu da işsizliyin aradan qaldırılması yönümündə atılmış uğurlu addımdır. Elə bu cür təqdirəlayiq işlərin nəticəsidir ki, 2017-ci ildə rayonda 4840 yeni iş yeri açılıb. Ümumiyyətlə, son vaxtlar 220 min nəfər əhalisi olan rayonda işsiz sakinlərin haqqı ödənilməklə təmizlik-abadlıq, binaların fasadlarının təmiri və sair kimi işlərə cəlb edilməsi ənənə halını alıb.

Qəsəbənin yaşıllıqları çoxdur, küçələrin kəsişmələrində, daxili məhəllələrdə, hətta hardasa balaca da olsa boş qalan yerlərdə insanların istirahəti üçün parklar salınıb, oturacaqlar qoyulub. Rəsmi məlumata görə, rayon ərazisində icra olunan “Nümunəvi abad məhəllə” proqramı çərçivəsində 20 belə məhəllə sakinlərin istifadəsinə verilib. Qəsəbə boyunca uzanan dəmir yolunun (1880-ci ildə tikilib) kənarlarına şam ağacları, müxtəlif dekorativ kollar əkilib ki, bu da yaşayış məntəqəsini ikiyə ayıran yaşıl kəməri xatırladır.

Suraxanı rayonunun bütün qəsəbələrində (Yeni Suraxanı, Əmircan, Bülbülə, Hövsan, Zığ və Qaraçuxur) ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə geniş proqram həyata keçirilir. Rayon İcra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC birlikdə gerçəkləşdirdiyi həmin proram çərçivəsində yalnız ötən bir il ərzində keçirilən 16 ümumrayon ağacəkmə iməciliyində 7,6 minədək ağac əkilib.

Onu da xatırladım ki, Suraxanı rayonunda həyata keçirilən “Bir bələdiyyə - azı bir layihə” proqramının da əhalinin rifahının yaxşılaşmasında, qəsəbələrin abadlaşmasında və sair rolu müstəsnadır.

 

“Nə qaz dərdi çəkirik, nə işıq...”

 

Dörd-beş küçənin kəsişdiyi bir ərazidə çox da böyük olmayan bağ var – səliqəli, göz oxşayan. Elə bazar, yenicə təmirdən çıxmış idman kompleksi də bu bağın yaxınlığında yerləşir. 76 yaşlı Habil kişi ilə də burada kəlmə kəsdim. Deyir İçərişəhərdə doğulub, amma 58 ildir bu qəsəbədə yaşayır.

Deyir ki, təqaüdə çıxandan sonra bekar vaxtları çox olur, amma işləməyə alışdığı üçün evdə dinclik tapa bilmir, gəlir parka, burada domino, nərd oynayan həmyaşıdları ilə bir-iki saat vaxt keçirir. “Ömrümün 39 ilini Suraxanı neft mədənlərində işləmişəm, indi də dincəlirəm. Bu gördüyünüz yerlər 10-15 il əvvəl belə deyildi. Son illər qəsəbə tamam dəyişib, çala-çökək küçələr indi şüşə kimi hamardır. Görürsünüz, yerdə zibil yoxdur- tərtəmizdir. Yaşıllıqlarımıza da söz ola bilməz. Qəsəbədə çox ciddi nizam-intizam var” deyən Habil kişi onu da vurğuladı ki, neft-qaz yataqlarının üstündə yaşamalarına baxmayaraq, uzun illər qazın istisinə qızınmayıblar. Amma son illər bu problem də aradan qaldırılıb. Necə deyərlər, nə qaz dərdi çəkirlər, nə işıq, nə də su.

Haşiyə: rayonda əhalinin içməli su, qaz və işıqla təminatı sahəsində hər il ardıcıl proqramlar icra olunur. Yalnız 2017-ci il ərzində rayonda 18 min paqometrə yaxın içməli su xətti, 19 kilometrdən artıq qaz xətti çəkilib, elektrik transformatorları yenilənib, 5,4 min metrədək elektrik xətti çəkilib və sair...

Habil kişi mənə məsləhət gördü ki, yolumu icra hakimiyyəti binasının ətrafında salınmış parka salım. Çünki belə gözəl park Bakının heç bir yerində yoxdur...

Müsahibimizlə sağollaşıb haqqında danışdığı parka səmt aldım. Kəsə olsun deyə yolumu qəsəbə bazarının yanından saldım. Rayonda yaradılan qayda-qanun burda da özünü göstərirdi: ölkə bazarlarının ətrafında ənənəvi hal alan maşınların yaratdığı tixacdan, kimlərinsə məhsulunu çıxarıb bazardan çöldə, küçə kənarında və sair satması halından söhbət gedə bilməz. Kiməsə nəsə almaq lazım olsa, bazara girib piştaxtalarda sərgilənmiş istədiyi məhsulu sövdələşə bilər.

Bir azdan artıq Habil kişinin nişan verdiyi parkdaydım. Həqiqətən göz oxşayan istirahət guşəsi yaradılmışdı. İri, qollu-budaqlı ağacların qara kölgəyə bürüdüyü parkın mərkəzində Rayon İcra Hakimiyyətinin, qonşuluqda isə Heydər Əliyev Mərkəzinin binaları yerləşir. Parkın bir tərəfi çox da yüksək olmayan təpənin yamacına söykənsə də, əks tərəfi paralel uzanan şosse və dəmir yollarına açılır. Yoldan bir az aşağıda isə o qədər də böyük olmayan gölün və çox sayda buruqların göründüyü dərin dərə var.

Bu yerdə qeyd edək ki, qədim Suraxanı kəndi məhz həmin buruqların sıralandığı ərazidə olub. Amma neft yataqlarının istismarı ilə bağlı olaraq 1930-cu ildə kənd camaatı indiki qəsəbənin ərazisinə köçürülüb.

Amma bütün hallarda görünən həmin buruqlar (ümumiyyətlə, rayon ərazisindəki buruqlar V.T.) tarix boyu Suraxanı rayonunun timsalında Azərbaycanın gəlir mənbəyi olub. Məsələn, 2017-ci ildə rayon ərazisində 266,7 min ton xam neft, 232,1 milyon kubmetr təbii qaz hasil edilib.

Məqalə Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018