Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gənclərin ixtisas seçimi
Tarix: 18.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu ilin 3 ayında 40 mindən çox məktəbliyə gələcəkdə uğurlu karyera qurmaları məqsədilə peşəyönümü məsləhətlər verilib

Bu ilin birinci rübündə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirləri davam etdirilib. Belə ki, 2018-ci ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, həmin vətəndaşlardan 750 nəfəri əvvəllər peşə və ya ixtisasları olmayan, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmayan şəxslər olduğundan Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə onlar üçün əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə tədrisində ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim proqramları da tətbiq olunur ki, bu da müvafiq peşələrin daha asan və nəzəri biliklərlə yanaşı, praktik bacarıqların aşılanması yolu ilə qısa müddətdə öyrədilməsinə imkan yaradır.
Son üç ayda 36 nəfər sağlamlıq imkanları məhdud gənc isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul olunub. Mərkəzdə təlimə qəbul edilən gənclər burada dövlət hesabına yataqxana və yeməklə, tibbi-fizioterapevtik xidmətlə də təmin olunur və sosial reabilitasiya yönümülü tədbirlərə cəlb olunurlar.
Məlumatda həmçinin vurğulanıb ki, peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən bütün şəxslərə peşə sertifikatları da təqdim edilir və onların yeni peşələri üzrə məşğulluğunun təminatı üçün müvafiq işlər aparılır: "Yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasında onların işəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi mühüm rol oynayır. Gənclərə bu sahədə köməklik göstərilməsi üçün Dövlət Məşğulluq Xidməti tərəfindən peşəyönümü tədbirləri davam etdirilir. Yanvar-mart aylarında bu tədbirlərə əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 262 nəfər gənc cəlb olunub. Onlara mövcud əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar, gələcəkdə uğurlu karyera qurmaları məqsədilə peşəyönümü məsləhətləri verilib”.

Yeri gəlmişkən, Azərbaycanın da qoşulduğu Boloniya sisteminə görə, məzunların işlə təminatı təhsil prosesinin əsas tələblərindən biridir. Həmin tələblərə görə, hər bir universitet 3 mərhələdə məzunlarının işlə təminatını müntəzəm şəkildə izləməlidir. Birinci mərhələ təhsildən sonrakı ilk ili nəzərdə tutur və bu müddət ərzində məzunların 95 faizə qədəri öz ixtisası üzrə işlə təmin olunması ən ideal nəticə sayılır. İkinci mərhələ təhsildən sonrakı 3, sonuncu mərhələ isə 5 ildə məzunların peşə fəaliyyətinin izlənməsini nəzərdə tutur. Təhsildən sonrakı 5 ildə məzunların 3 faizə qədəri öz peşəsi üzrə işlə təmin oluna bilmirsə, universitet özünün mütəxəssis hazırlığı siyasətinə yenidən baxmalı və istiqaməti əmək bazarında ehtiyac duyulan ixtisaslara doğru dəyişməlidir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda isə qeyd olunub ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Sənəddə göstərilib ki, kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. Strategiyada iqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır.
Sənəddə qeyd olunub ki, son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Etibar Əliyev hesab edir ki, indiki şəraitdə bizim ali məktəblər çox çevik olmalıdırlar: “Dünyanın aparıcı universitetlərində hanı ixtisaslara daha çox önəm verilirsə, həmin ixtisaslara keçid yaratmalıdırlar. Eyni zamanda, işsizlik probleminin aradan qaldırılması üçün mütləq əmək bazarı öyrənilməlidir və ali məktəblər öz vəsaitləri hesabına xaricdən tanınmış mütəxəssisləri dəvət edərək problemi aradan qaldıra bilərlər. Etiraf etməliyik ki, Azərbaycanda bir çox hallarda doğrudan da mütəxəssis qıtlığı mövcuddur. Hətta deyə bilərik ki, bu gün pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığında yüksək ixtisaslı pedaqoji kadr çatışmazlığı yaranıb. Bu bizim ali təhsil sisteminin qüsurudur. Ali məktəblərimiz dünyanın aparıcı universitetlərindəki ixtisaslaşamaya böyük önəm verməlidirlər”.
Onun fikrincə, eyni ixtisasın bir neçə ali məktəbdə paralel olaraq öyrədilməsi düzgün deyil: “Ali məktəblər ixtisasları təsis edərkən rəqabət amilinə əsaslanırdılar. Lakin hansısa sahə üzrə ixtisaslaşmış ali məktəbdə bu sahə üzrə yüksək səviyyədə mütəxəssis hazırlanırsa, deməli həmin ixtisas o ali məktəbdə qalmalıdır. Məsələn, hüquq, beynəlxalq münasibətlər, jurnalistika, tətbiqi riyaziyyat - bunlar BDU-ya determinə olunmuş ixtisaslardır. Neft və Sənaye Universitetinin öz spesifik ixtisasları var və sovet dövründən öz ənənəsi var. Həmin ixtisaslar bu universitetdə daha da inkişaf etdirilməlidir. Bundan başqa, məsələn, "iqtisadiyyat" ixtisasının bu sahə üzrə ixtisaslaşmamış ali məktəblərdə də açılması düzgün deyil. Çünki həmin ali məktəblərin bu ixtisas üzrə peşəkar kadrlar hazırlamaq potensialı yoxdur, yaxud məhduddur. İqtisadiyyat üzrə ixtisasların ən yaxşı tədris olunduğu ali məktəb bildiyimiz kimi İqtisad Universiteti UNEC-dir. Bu ali məktəbdə son illərdə aparılan islahatlar tədrisin səviyyəsini qaldırmağa imkan verib. Təsadüfi deyil ki, 2-ci ixtisas qrupunda 500-dən çox bal toplayanların çoxu bu ali məktəbi seçir. UNEC artıq iqtisadiyyat elmi üzrə böyük tədqiqat mərkəzinə çevrilir, digər ali məktəblərdə iqtisadiyyat üzrə fakültələr isə təəsüf ki, kadr hazırlığında çox geridə qalırlar. Bu baxımdan da bəzən ali məktəblərin kadr hazırlığı uğursuz alınır və əmək bazarının tələblərinə cavab vermir”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, adətən, yüksək ixtisaslı, yaxşı universitetlərdə təhsil almış gənclər iş tapmaqla bağlı ciddi problem yaşamırlar: “Amma nəzərə alaq ki, bu gün ali məktəblərdə təhsil alan gənclərin sayı həddən artıq çoxdur və bu məzunların qeyd olunduğu kimi, çox təəssüf ki, heç də hamısı işlə təmin edilə bilmir. Bu, onunla bağlıdır ki, Azərbaycanda ixtisasların iş yerlərinin sayına uyğunlaşdırılması tətbiq olunmur. Məzunların sayı iş yerlərinin sayından çox olduğu üçün gənclər iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən ölkəmizdə problem təhsilin keyfiyyəti ilə bağlıdır. Əksər yerli ali məktəblərdə təhsilin keyfiyyətinin ürəkaçan olmaması orada oxuyan gənclərin məzun olduqdan sonra qısa zamanda işlə təmin olunmasına mane olur. Üçüncü tərəfdən isə, biznes sahibləri adətən daha təcrübəli şəxslərə üstünlük verirlər ki, bunlar da adətən 25 yaşdan yuxarı şəxslər olurlar. O baxımdan bu, yeni məzun olan gənclərin işlə təmin olunmasında müəyyən problemlər yaradır. Amma problemin həlli yolu həm də birbaşa olaraq təhsilin keyfiyyətinin artırılması ilə bağlıdır. Təhsilin keyfiyyətinin artırılması, universitetlərdə daha yüksək keyfiyyətli məzunların hazırlanması imkan verəcək ki, onlar universiteti bitirdikdən sonra qısa zamanda iş tapa bilsinlər".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018