Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
Tarix: 19.04.2018 | Saat: 15:39:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“İlham Əliyev andiçmə mərasimində qarşıdakı yeddi ildə bütün səviyyələrdən olan islahatların daha da dərinləşdirilməsi və ölkənin iqtisadi qüdrətinin mıhkəmləndirilməsi istiqamətində atılacaq addımların anonsunu verdi. Güclü iqtisadiyyatın nə demək olduğundan bəhs edərkən o “yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” - dedi. Son 15 ildə prezidentin bilavasitə rəhbərliyi altında aparılan iqtisadi islahatlar Azərbaycanda güclü iqtisadiyyat və güclü dövlət yaratmağa imkan verdi. Aparılan bu islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrildi. İndi Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların keçirdikləri reytinqlərdə nəinki MDB dövlətlərini, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyur”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Fikrət Yusifovun sözlərinə görə, Azərbaycan hökuməti 2004-cü ildən başlayaraq yaxın 10-15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. Hökumət neft pullarının daimi olmadığını yaxşı bildiyindən iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Bir sözlə, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı prosesinə start verildi:

“2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı”.

Ekspertin sözlərinə görə, bu illər ərzində ölkənin keçdiyi iqtisadi inkişaf yolu rəqəmlərin dili ilə daha aydın görünür:

“2004-2017-ci illər ərzində ümumi ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, qeyri-neft ixracı isə 4,1 dəfə artmışdır. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 13,3 dəfə artaraq, 1,5 milyard manatdan 20,1 milyard manata çatmışdır. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə arta, bu gün 44 milyard dollara çatmışdır. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan indi dünya ölkələri arasında ön sıradadır. Ötən müddət ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə də dünya ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur.Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası vardısa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib”.

Keçmiş maliyyə naziri hesab edir ki, bu, sovetlər dönəmi də daxil olmaqla 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir:

“Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta elektrik enerjisi də ixrac edirik. Eyni uğurlar regionların qazlaşdırılması, su təchizatı və digər başqa sahələrdə də əldə olunub. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, indi bu rəqəm 93 faizi ötüb. Cari ildə ölkədə qazlaşdırmanı 95 faizə çatdırmaq nəzərdə tutulur. Hazırda Azərbaycanın ən ucqar dağ kəndlərinin qazlaşdırılması prosesi gedir. Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb – Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi dörd nəhəng su anbarı tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, keçən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilmiş və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması nəzərdə tutulub”.

Fikrət Yusifov bildirib ki, 2004-2017-ci illər ərzində ölkəmizdə ümumilikdə 12 min 300 kilometr yol çəkilib, cari ildə bu rəqəmin 15 min kilometrə çatdırılması gözlənilir. Ötən dövr ərzində Azərbaycanda yeddi aeroport tikilib istifadəyə verilib ki, onlardan da altısı beynəlxalq aeroport statusuna malikdir:

“Bu illər ərzində ölkə iqtisadiyyatının belə sürətli inkişafı dövlətimizin maliyyə imkanlarının kifayət qədər genişlənməsinə, bu isə öz növbəsində sosial məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Belə ki, 2004-2017-ci illər ərzində ölkədə əmək haqları 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,4 faizə enib. Xatırladaq ki, 2004-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi.Ötən dövrdə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilb, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi uğurlar, heç şübhəsiz, ölkədə aparılan ardıcıl və davamlı islahatların məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq işğal altındakı torpaqlarını bir neçə gün ərzində azad etmək iqtidarındadır”.

Ekspert onu da vurğulayıb ki, son 15 ildə yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə ölkəmizdə yaşayan azərbaycanlıların yox, 50 milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018