Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər
Tarix: 19.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələn həftədən həmin kadrlar ixtisasartırma təlimlərinə cəlb olunacaq

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün nəzərdə tutulur. İlk təlim 27 aprel və 1-5 may tarixlərini əhatə edəcək.

İxtisasartırma təlimlərinin təşkil olunmasında əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.
Təlimlər zamanı müəllimlərə nəzəri biliklər veriləcək və onlarda praktiki bacarıqlar formalaşdırılacaq.
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinin mərhələli şəkildə növbəti tədris ilinədək davam etdirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuran müəllimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və ““Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilindən Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil edilib. Məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib. Bundan başqa mәktәbә hazırlıq qruplarında uşaqların sıxlığı belə müәyyәnlәşdirilib: qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq; şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir. Növbəti tədris ilində isə məktəbhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlı uşaqların 65 faizini təşkil edəcək. Bundan başqa, 2020-ci ilədək uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin 90 faizə çatdırılması planlaşdırılıb.

Xatırladaq ki, 2016-cı ilin dekabrında ölkə prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi məsələsi öz əksini tapıb. Sənəddə qeyd olunub ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir: “Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır. 85 məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək”.
Sənəddə o da göstərilib ki, məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcək: “İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir. İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər. Sadalanan tədbirlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramı hazırlana bilər”.

Digər tərəfdən, “Təhsil haqqında” qanunda da məktəbəqədər təhsilin qarşısında ciddi vəzifələr qoyulub. Sözügedən qanunda deyilir ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Sənəddə göstərilib ki, məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır. Qanunda göstərilir ki, beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir. Qanunda bunun nəzərə alınmasına səbəb odur ki, uşağın təhsilinin sonralar nə dərəcədə müvəffəqiyyətlə gedəcəyi məhz bu başlanğıcdan asılıdır. Məktəbəhazırlığın əsas məqsədi isə beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
Yeri gəlmişkən, yeni tədris ilindən ilk dəfə olaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifdə də eyni sinifdə komplektləşdiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bildirilir ki, bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunacaq.

Məlumat üçün vurğulayaq ki, 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq oktyabrdan başlanır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilib. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018