Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Küçəyə atılan köçkün ailəsinin şikayətinə niyə baxılmır?
Tarix: 19.04.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

“Həftə içi” qəzetində “Məcburi köçkünü küçəyə atırlar” sərlövhəli yazımız dərc olunmuşdu. Adıçəkilən məqalədə Kəlbəcər rayon köçkünü, Qarabağ döyüşçüsü Asif Kamal oğlu İbrahimovun ailəsinin baxımsızlığından, bu günə qədər ona mənzil verilməməsindən və üç ildir ki, kirayə pulunu verə bilmədiyindən mənzil sahibi tərəfindən küçəyə atılacağından bəhs edilirdi.

Bu yazının nəticəsi ilə maraqlanmaq üçün Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində məcburi köçkün, Qarabağ döyüşçüsü Asif İbrahimovun ailəsinin kirayədə qaldığı mənzilə getdik. Qapını döydük. Ailənin azyaşlı oğlu Məhəmməd qapını açdı və bizi görən kimi, tez qaçıb atasının arxasında gizləndi və hönkürüb ağlayaraq dedi: “Ata, bu əmi, bizi evdən çıxarmağa gəlib? Bəs biz harada yaşayacağıq?”. Düzü tutuldum, uşağa cavab verməkdə çətinlik çəkdim. Bu anda ŞƏHİD qardaşımın köçkün ailəsi, gözləri yaşlı iki körpə qızı gözümün önündə canlandı. Bir vaxt varıydı, onlar da doğulduğu və yaşadıqları yurd yerlərindən qovulmuşdular, evsiz-eşiksiz idilər... Göz yaşlarımı birtəhər saxlayıb, Kəlbəcər köçkünü, Qarabağ döyüşçüsü Asif İbrahimovla görüşüb dərdlərinə şərik oldum...

Qarabağ döyüşçüsü şikayətləndi ki, kosmos, kompüter əsrində yaşayırıq. Onun sözlərinə görə, bir Azərbaycan vətəndaşı olaraq, hər birimiz müstəqil ölkənin övladlarıyıq: “Ölkəmiz hər bir sahədə, xüsusilə də iqtisadi-sosial sahədə dünyanın ən inkişaf etmiş sivil ölkələri sırasındadır. Ən azı, Azərbaycan neft və təbii qazla zəngin olan ölkədir. Allah-Tala bu ölkədə yaşayan insanlara torpağın altı və üstü zəngin olan təbii sərvətlər bəxş edib. Ölkə prezidenti Azərbaycanın daha da güclü bir dövlət olması, eləcə də xalqının firavan yaşaması üçün var qüvvəsini əsirgəmir. Xüsusilə də öz doğma yurd yerlərindən, isti yuvalarından qovulmuş məcburi köçkün ailələrinə hər vaxt diqqət və qayğısını artırır. Paytaxtda və onun ətraf qəsəbələrində, eləcə də bölgələrdə salınmış müasir tipli şəhərciklər bir daha bunu təsdiq edir. Bunları yada salmaqda məqsəd odur ki, bu cür ölkə rəhbəri və inkişaf etmiş dövləti olan sakin, xüsusilə də dədə-baba yurdundan qovulmuş məcburi kökçün ailəsindən kimsə sahibsiz, evsiz-eşiksiz qalmamalı və küçələrə atılmamalıdır - bizim ailəmiz kimi”.
Qarabağ döyüşçüsü deyir ki, yerlərdə bəzi məmur özbaşınalığı, səriştəsizliyi olmasaydı, bu cür xoşagəlməz, neqativ hallar baş verməzdi və bu gün öz doğma ocağından qovulmuş Kəlbəcər köçkünü, Qarabağ əlili ailəsi küçəyə atılmazdı. Ana Vətənində sahibsiz qalmaz, ailəsi isə gözüyaşlı olmazdı.
Kəlbəcər köçkünü birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünləriin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova yazdığı şikayət məktubunun bir surətini göstərib dedi ki, alın oxuyun. Sonra bizdən xahiş etdi ki, bu müraciəti “Həftə içi”ndə çap edək, bəlkə onların fəryadını eşidən oldu.

Şikayət məktubunda deyilir ki, Asif İbrahimov Qarabağ döyüşlərində iştirak edib, ağır döyüşlərdə 12 güllə yarası alıb: “Hələ güllə yaraları bədənimdə sağalmaz yara olaraq qalıb. 24 ildir ki, Bakı şəhərində bir köçkün kimi qeydiyyatdayıq. Hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, bina 21, mənzil 29-da kirayədə yaşayırıq. Xatırladım ki, 7 nəfər ailə üzvü ilə birlikdə 5 ildir, kirayədə qalırıq. Heç bir yerdə işləmirəm. Dövlətdən aldığımız çörəkpulu yeməyimizə və dərmanlarımıza çatmır. Artıq imkansızlıqdan üç ildir ki, kirayə pulunu verə bilmədiyimdən, mənzilin sahibi bizi küçəyə atır. Bizə 2 ay vaxt qoyub. Əgər köməklik olmasa, azyaşlı uşaqlarımla birlikdə ailəm küçəyə atılacaq. Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənova müraciət etmişik ki, bizə daldalanmağa, ya da yaşayış üçün sığınacaqla təmin etsinlər. Heç olmasa, məskunlaşdığımız Suraxanı rayon ərazisindən bir-iki sot torpaq versinlər ki, özümüzə borc-xərc edib, bir koma tikib, içinə girə bilək. Çox təəssüflər olsun ki,onu da eləmirlər.
Hörmətli Mehriban xanım, siz həmişə imkansızların arxası-dayağı olmusunuz və bu gün də o yaxşılıq, xeyirxahlıq missiyanızı şərəflə davam etdirirsiniz. Əgər səlahiyyətli nümayəndələr öz üzərinə düşən vəzifəni icra etsəydilər, bu gün mənim ailəm küçəyə atılmazdı, biz də dövlətin verdiyi imtiyazlardan bəhrələnərdik, bizi də evlə təmin edərdilər. Ən azı, dəfələrlə ünvanladığımız müraciətlərimizə baxardılar, gəlib yaşayış tərzimizlə maraqlanardılar”.
Şikayət məktubunda vurğulanır ki, “Dövlətqaçqınkom”dan gələn cavab məktublarında isə eyni şablon sözlər yazılır: “Hazırda Komitənin balansında Bakı şəhər və Bakıətrafı qəsəbələrdə boş mənzil fondu olmadığından, ailənizi mənzil sahəsi ilə təmin etmək hələlik imkan xaricindədir. “Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramında təsdiq edilmiş ”Əlavələr”in icrası həyata keçirilərkən, yaşayış şəraitiniz nəzərə alınaraq, mənzil sahəsi ilə təmin olunmağınıza qanunla nəzərdə tutulan qaydada baxılacaqdır”.

Artıq üç ildən çoxdur ki, vaxt keçib. Hələ də bizə sığınacaq verilmir, hələ də bizim məsələyə baxılmır. “Dövlətqaçqınkom”un sədri Əli Həsənova dəfələrlə müraciət etmişik. Həmişə də eyni sözü deyiblər. Halbuki bu üç il ərzində Bakı şəhərində və onun ətraf qəsəbələrində nə qədər şəhərciklər salınıb, köçkünlər üçün binalar tikilib. Görəsən, həqiqətənmi, Suraxanı rayonunda kiçik bir koma, sığınacaq yoxdur ki, bizi orada yerləşdirsinlər?
Çox hörmətli Mehriban xanım, bir Qarabağ əlili və Qarabağ döyüşçüsü olaraq ümidimizi ancaq sizə bağlamışıq. İnanırıq ki, imkansızların həmişə dayağı və arxası, yetimlərin mənəvi anası olan Azərbaycanın 1-ci vitse-prezidenti, mərhəmətli bir ana olaraq bizi küçələrə atılmağa qoymayacaqsınız. O xeyirxah əlinizi hər yerdən əllərini üzmüş, çarəsiz qalmış bizə sığınacaq verilməsində öz köməkliyinizi əsirgəmiyəcəksiniz”.
İnanırıq ki, bu dəfə məcburi köçkünün bu çağırışı cavabsız qalmayacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018