Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əhməd Cavadın ata mülkünün əsl sahibi kimdir? – FOTO
Tarix: 20.04.2018 | Saat: 17:14:00
Bölmə:Gündəm Araşdırma | çapa göndər

Son zamanlar Şəmkirdə Əhməd Cavadın doğulduğu evin dağılma təhlükəsi və qəzalı vəziyyətdə olması ilə bağlı xəbərlər yayılır. Fotolar paylaşılır. Paylaşılan fotolardakı evin istiqlal şairimizə aid olduğu iddia edilir. Rayon rəhbərliyi, yerli icra orqanlarının Azərbaycan Respublikasının Dövlət Himninin sözlərini yazan bir dühaya hörmətsizlikdə qınanılır.

Məsələni araşdırmaq qərarına gəldik. Aidiyyəti orqanlara çıxdıq. Məsələni özəyindən “çözələməyə” başladıq.

Bu yerdə Əhməd Cavadın doğulduğu məkan haqqında məlumat verək. Tarixi və ədəbi mənbələrdə Əhməd Cavadın Şəmkirin Seyfəli kəndində doğulduğu bildirilir. Bəli, elədir. Amma burada bir qədər də dəqiqləşdirmə aparmaq yerinə düşər. İstiqlal şairimiz 17 tirədən (kiçik yaşayış məntəqəsindən və ya təxminən 20-30 evdən ibarət obadan-red.) ibarət olan Seyfəlinin Mehrili tirəsində doğulub. 1900-cü ilə qədər bu kənddə yaşayıb. Özü də əmisinin himayəsində. Sonra ailəsi ilə Gəncəyə köçür. Mollaxanada və Gəncə Ruhani Seminariyasında təhsil alır. Quran hafizi olur. Sözümüzün canı odur ki, Əhməd Cavad doğulduğu evə bir də 30-cu illərdə qısa müddətə qayıdır. Sonra bir müddət Şəmkirin Könüllü kəndində müəllimlik edir. Təqib olunduğu üçün Bakıya qayıdır. Professor elmi vəzifəsinə qədər yüksəlir. Sonra repressiya dövrü və güllələnmə...

İndi isə qayıdaq söhbətimizin məğzinə. Millət vəkili Sona Əliyeva ilə əlaqə saxlayırıq. O, da mediada işıqlandırılan gündən məsələnin izinə düşdüyünü deyir. Aidiyyəti orqanlara müraciət edir. Aşağıdakı qeyd edəcəyimiz məlumatları da bizə elə millət vəkili təqdim edir. Sona Əliyeva hafta.az-a açıqlamasında ona verilən məlumata əsasən bildirir ki, Əhməd Cavadın Seyfəlidəki doğulduğu və yaşadığı ev 1937-ci ildə yerli əhali tərəfindən dağıdılır:

“1952-ci ildə Qəmbər Vəliyev adlı bir partiya mənsubu Əhməd Cavadın doğulduğu evin, yəni həmin yurdun yerində şəkilləri mediada dolaşan evi tikdirir. Özü də ev kimi yox, təsərrüfat obyekti kimi... Bu tikiliş hazırda həmin Qəmbər Vəliyevin nəvəsi Amal Abdullayevə məxsusdur. Heç bir idarənin balansında deyil. Özəl mülkdür. Mənə bu cür məlumat verilib. Ümumiyyətlə, tarixi tikili də sayılmır”.

Məlumatdan da göründüyü kimi, şair cəmi on beş dəqiqəlik məhkəmədən sonra “vətən xaini” damğası ilə Nargin adasında güllələndən sonra əhalinin Əhməd Cavada bu cür münasibəti o qədər də anlaşılmaz deyil. Amma yuxarıda qeyd etdiyimiz məlumat “dumanlı” olduğundan bir qədər də təfərrüata varmaq istəyirik. Çünki bu məlumatlara əsaslansaq, qəzalı vəziyyətdə olan ev Əhməd Cavadın doğulduğu mülk, ata ocağı deyil.

Şəmkir Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi, otuz ildən artıq rayonun mədəniyyət şöbəsində çalışmış Əsgər Ələsgərovla əlaqə saxlayırıq. Həmsöhbətimiz elə 30 ildir ki, Əhməd Cavadla bağlı araşdırmalar apardığını, irsini, izini araşdırdığını deyir. Onun sözlərinə görə, Əhməd Cavadın yurd yerində nə evi, nə də ona məxsus hansısa bir irs, iz qalıb:

“Təəssüf ki, ona məxsus heç nə saxlanılmayıb. Deyirlər ki, guya həmin uçuq evdə doğulub, amma bunların heç biri təsdiqlənməyib. 30 ilə yaxın Şəmkir Rayon Mədəniyyət şöbəsində işləmişəm. Onun irsinin, evinin araşdırılması, üzə çıxması işləri ilə məşğul olmuşam. Hər kəsdən soraq almağa çalışmışıq, amma onun evi yoxdur, bu barədə heç nə tapa bilməmişik”.

Əsgər Ələsgərov deyir ki, 1992-ci ildə Əbülfəz Elçibəy prezident olarkən Əhməd Cavadın 100 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdı. O vaxt həmsöhbətimiz mədəniyyət şöbəsində çalışırmış. Bu iş - yəni, yubileyin keçirilməsi də ona həvalə olunur:

“Həmin tədbirin ssenarisini yazdım, hətta aparıcılığını da etdim. Hətta o vaxt Əhməd Cavadın oğlu Yılmaz müəllimlə Şəmkirdə görüşdüm. Yaxın qohum-əqrəbaları ilə əlaqə saxladım. O vaxt Seyfəli camaatından da əldə etdiyim məlumatlarda Əhməd Cavadın evinin qalmadığı qeyd olunmuşdu. Yurd yeri var, amma ev qalmayıb. Yurd yerində qəzalı vəziyyətdə olan ev kimindir, Əhməd Cavadın evi nə zaman sökülüb – bu suallara cavab tapa bilmirik. 20-30 il öncə Əhməd Cavadın ev muzeyinin düzəldilməsi məsələsi ortaya çıxır. Ev olmayandan sonra hansı ev muzeyindən söhbət gedə bilər?! O vaxt Əhməd Cavadın ailəsinə yaxın olan insanlarla söhbətləşdik. Onlar da bu mövzuda susdular. Əhməd Cavadın həmin evdə doğulmasını göstərən sənədlər olmalıdır. O da yoxdur. Seyfəli kəndində Əhməd Cavadın qohumları yoxdur. Onların qohumlarının bir qismi bizim Əliyaqublu kəndində yaşayıblar. Onlar da Şükriyyə xanımın yaxınları olub. Şükriyyə xanımın qohumlarından Telman müəllim var idi. Rayonda müxtəlif vəzifələrdə çalışıb. Sırf Əhməd Cavadın qohumları yoxdur. Yılmaz, onun oğlu, törəmələrindən başqa kimsə barəsində məlumatımız yoxdur”.

Həmsöhbətimiz deyir ki, bu günlərdə Yazıçılar Birliyindən icra başçısının adına məktub alıblar. Orada qeyd olunur ki, bu il Azərbaycanda 8-ci şairlər günü keçiriləcək. Onun da biri Əhməd Cavada həsr olunub ki, bu da 1 iyuna təsadüf edəcək:

“Həmin gün Şəmkirdə Əhməd Cavadı xatırlayacağıq. Mən Yazıçılar Birliyi ilə əlaqə saxladım. Bildirdim ki, Əhməd Cavadın Mehrili tirəsində evi qalsaydı biz oranı ziyarət edə bilərdik. Amma evi qalmayıb. Əhməd Cavadın ailəsi uşaq yaşlarından Gəncəyə köçüb. Gəncədə də onun yaşadığı ev barəsində məlumat yoxdur, evi qalmayıb. Otuzuncu illərdə şair Şəmkirin Könüllü kəndinə köçüb. Orada da evi qalmayıb. O vaxt orada şairin öz maddi imkanları hesabına tikdirdiyi ev barədə məlumatların izinə düşdük. Həmin kənd sovet dövründə indiki yerindən bir az aşağıda olub. Hətta Seyidkənd adlanan yaşayış məntəqəsindən aşağıda olub. Şükriyyə xanım uşaq bağçasında işləyir. Əhməd Cavad da burada müəllimlik edir. Axtarışlarımız isə bir nəticə vermədi. Sonradan da Bakıya köçüb. Bu günə qədər onun ev muzeyinin açılmamasının səbəbi də onun irsinin qalmaması ilə bağlıdır. Yeddi-səkkiz yaşlarına qədər əmi himayəsində böyüyüb. Sonra onu Gəncəyə - molla məktəbinə aparıblar”.

Bu arada Şəmkirdən olan mərhum araşdırmaçı-müəllim Niyaz Səfərlinin 2002-ci ildə bu rayonda işıq üzü görən “Nur qapısı” məcmüəsinin oktyabr sayında çapdan çıxmış bir məqaləsi əlimizə keçir. Niyaz Səfərlinin həmin məqaləsində qeyd olunur ki, Əhməd cavad 1929-cu ildə 1930-cu ildə Könüllü kəndində yaşayır. Burada öz maddi imkanları hesabına birotaqlı daş ev tikdirir. Şükriyyə xanım və övladları ilə bu evdə yaşayırlar. Sonradan bu ev də “yoxa çıxır”.

Təxminən iki il əvvəl yolum Yasamal qəbiristanlığından düşmüşdü. Orada şairin oğlu Yılmazın qəbrinin yanında divara istiqlal şairinin xatirə lövhəsinin vurulduğunu gördüm. Şairin bir şeiri və həyatı haqqında qısa məlumat var idi. Sonradan araşdırdım ki, bu elə Yılmaz Əhməd Cavad oğlunun vəsiyyəti imiş ki, atasının adı itib-batmasın.

Bir sözlə, məzarsız, yurd yeri ola-ola evsiz-eşiksiz, əlyazmaları oğurlanmış, NKVD cəlladları tərəfindən məhv edilmiş Əhməd Cavadla bağlı irs demək olar ki, yox səviyyəsindədir. Amma onun könül irsi Türk dünyasının qəlbində əbədi olaraq yaşayacaq. Azərbaycan müstəqil olduqca hamı onun köksündən süzülən himnimizin sözlərini ayaq üstə söyləyəcək. Ümid edirik ki, dahi şairin 130 illiyi ərəfəsində onun irsi köklü şəkildə araşdırılacaq. Ev muzeyi yaradılacaq qədər materiallar toplanacaq.

 

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019