Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Jurnalistika ixtisası üzrə magistratura pilləsinə sənəd qəbulu başlandı
Tarix: 20.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Vüqar Zifəroğlu: Fakültədə təhsilin bakalavriat pilləsi üzrə 317, magistratura pilləsi üzrə isə 38 nəfər təhsil alır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müraciət edə bilərlər.

DİM-dən hafta.az-a bildiriblər ki, həmin bakalavrlar 2018-ci il aprelin 20-dən 30‑dək bu qurumun internet saytında qeydiyyatdan keçməli və 2018-ci il mayın 7-dən 11‑dək qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.
Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyənlər 2018-ci il aprelin 20-dən 30-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2018-ci il mayın 4-dən 6-dək “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 2018-ci il mayın 7-dən 11-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün şəxsiyyətini təsdiqləyən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda), təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı mütləq gətirməlidirlər.
Qabiliyyət imtahanında hər bakalavra təxminən bir saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.
Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
2. Şifahi müsahibə;
3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.
İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.
Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:
1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.
2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşü səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar verə bilərlər.
3. Bakalavr ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə edir.

Bu yazılı tapşırıq Azərbaycan və ya rus dillərində verilmiş mətnin təhlilini və redaktəsini nəzərdə tutur. Bakalavr səhvləri tapır və düzəldir, etdiyi düzəlişləri izah edir, mətni redaktə olunmuş formada yenidən yazır. Mətni redaktə edərkən bakalavr ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.
Qeyd edək ki, bu gün Azərbaycanda peşəkar jurnalist kadrlarının hazırlanmasında əsas yük məhz Bakı Dövlət Universitetinin üzərinə düşür. Jurnlistika ixtisası üzrə magistratura pilləsinə sənəd qəbulunun başladığı ərəfədə BDU-nin jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu «Azərtac»a müsahibəsində fakültədə tədrisin müasirləşməsi istiqamətində hansı tədbirlər həyata keçirildiyini açıqlayıb: «Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz yeri və mövqeyi var. Jurnalistika dinamik peşədir və şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Bu səbəbdən biz, artıq yalnız auditoriya saatları ilə kifayətlənmirik, eyni zamanda, tələbələrimiz üçün müxtəlif treninqlər və kurslar, təlimlər təşkil edirik. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə, həm də praktik vərdişlər aşılamaqdır. Bunun üçün fakültəmizdə hər cür şərait yaradılıb. Jurnalist kadrlarını müasir media işçisi olaraq hazırlamalıyıq ki, bu gün dünyada gedən ciddi rəqabət proseslərində onlar özlərinə layiqli yer tuta bilsinlər. Həqiqətən də, bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanması böyük əhəmiyyət daşıyır.

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə BDU-nun jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. Həmin sazişə əsasən, “Jurnalistlər klubu” təsis edilib. Tələbələrin bilik və bacarıqlarının artırılması, yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist kadrlarının hazırlanması, yaradıcılıq müsabiqələrinin, tanınmış jurnalistlər, ictimai xadimlər və yazarlarla görüşlərin təşkili və s. məsələlər klubun əsas fəaliyyət istiqamətləridir. Fəaliyyət göstərdiyi altı ay ərzində klub iyirmiyədək peşəkar jurnalist və araşdırmaçı, ictimai-siyasi xadim ilə görüşlər təşkil edib. Daha bir maraqlı layihəmiz keçən ilin dekabrından start götürüb və hazırda davam edir. “Beynəlxalq Jurnalistika Məktəbi” adlanan bu layihənin reallaşdırılmasının başlıca məqsədi beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici və yerli informasiya agentlikləri, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və digər mövzular üzrə təlimlər keçirmək, praktik məşğələlər aparmaqdır. Bununla yanaşı, artıq bir neçə ildir ki, fakültəmizdə “Tələbədən tələbəyə” layihəsi də uğurla reallaşdırılır. Bu layihənin orijinallığı ondadır ki, təlimçilər artıq müəyyən praktik vərdişlərə yiyələnmiş yuxarı kurs tələbələrimiz olur və onlar təcrübələrini aşağı kurslarda təhsil alan gənclərlə bölüşürlər».
Dekanın sözlərinə görə, fakültənin maddi-texniki bazasının yüksək olması da çox önəmli məsələdir. Tələbələrin praktik vərdişlərini formalaşdırmaq üçün son zamanlar ciddi addımlar atılıb. Fakültədə yaradılmış tədris-teleradio studiyası BDU-nun təşəbbüsü, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmir olunub. Son bir ildə studiyada bir çox maraqlı layihələr icra edilib. Hazırda tələbələrimiz tərəfindən üç dildə universitet yeniliklərindən ibarət həftəlik xəbərlər bloku hazırlanır və “Youtube” kanalında yayımlanır. Eyni zamanda, tələbələrimiz müxtəlif müəllif proqramlarını da təqdim edirlər. 2017-ci ilin martında BDU-nun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində jurnalistika fakültəsində Barama Media Mərkəzinin açılışı olub. Mərkəzin əsas məqsədi gənclərə innovativ ideyalarını reallaşdırmaqda dəstək vermək, media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif layihələr, proqramlar reallaşdırmaqdır.

Fakültədə təhsilin bakalavriat pilləsi üzrə 317, magistratura pilləsi üzrə isə 38 nəfər təhsil alır. Bakalavriat pilləsinə qəbul bir ixtisas jurnalistika üzrə aparılır, Azərbaycan, rus və ingilis qruplarımız fəaliyyət göstərir. Magistratura pilləsində isə yeddi ixtisas var – mətbuat tarixi, publisistik jurnalistika, jurnalistikanın nəzəriyyəsi, beynəlxalq jurnalistika, teleradio jurnalistikası, televiziya və radio yayımları menecmenti, media və kommunikasiya sistemləri. Azərbaycan və rus dilləri ilə yanaşı, 2017-ci ildən artıq üç ixtisas üzrə ingilis dilində də qəbul aparılıb. Müasir jurnalistin xarici dilləri bilməsi olduqca vacibdir.
Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yenilənir. Jurnalistika daim inkişafda olan, dinamik sahədir. Bu gün ənənəvi media yerini interaktiv, rəqəmsal mediaya verir. Kütləvi informasiya vasitələrinin demassifikasiyası gedir. İyirmi il bundan əvvəl xəbərə, analitik janra verilən tələblə bugünkü tələb tamam fərqlidir. Bütün bunlar dərslikləri, dərs vəsaitlərini, tədris proqramlarını daim yeniləməyi tələb edir. Bu səbəbdən də son illərdə yeni tələblərə cavab verən müxtəlif dərsliklər, dərs vəsaitləri hazırlanıb və istifadəyə verilib. Bu istiqamətdə iş davam etdirilir».

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018