Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxtın elektrik sistemində ciddi problemlər yaşanır
Tarix: 09.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Adətən payız-qış mövsümü başlayanda havaların kəskin soyuması ilə əlaqədar respublika ərazisində elektrik enerjisinə tələbatın çoxalması məlum prosesdir.
Bildirək ki, əvvəlki illərlə müqayisədə yeni yaşayış massivlərinin sayının, eləcə də əhalinin artması müşahidə olunduğundan məlum tələbat ildən-ilə daha da artır. Abonentlər tərəfindən elektrik xətlərinə əlavə qoşulmaların reallaşdırılması üzündən sözügedən xətlərdə, transformatorlarda, həmçinin elektrik stansiyalarında müəyyən problemlər yaşanır. Hətta tez-tez texniki qəzalar da baş verir. Son zamanlar isə paytaxtın bəzi yaşayış massivlərində elektrik xətlərində və transformatorlarda qəfil texniki qəzaların baş verməsi, elektrik stansiyalarında müəyyən problemlərin yaşanması ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Problem isə ondadır ki, texniki əngəllər üzündən paytaxt sakinlərinin bəzilərinin evlərindəki elektrik avadanlıqları və qurğuları sıradan çıxır. Amma olay nəticəsində dəymiş maddi və mənəvi zərərə görə zərərçəkənlərə hər hansı bir kompensasiyanın ödənilməsi prosesi reallaşmır. Bu da ictimaiyyətdə ciddi narazılıqlara və zərərçəkənlərin narahatlığına səbəb olur. Hətta zərərçəkənlər bununla bağlı aidiyyəti qurumların, müvafiq qeyri-hökumət təşkilatlarının və KİV-lərin rəhbərliklərinə çoxsaylı şikayət məktubu ünvanlamaqla, həmin kompensasiyaların ödənilməsi üçün köməklik göstərilməsini xahiş etməkdə davam edirlər.
3 binanın elektrik cihazları sıradan çıxıb
Sözügedən problemlərə aydınlıq gətirmək üçün mütəxəssislərlə və aidiyyəti qurumların rəsmiləri ilə əlaqə saxladıq. Azad İstehlakçılar Birliyinin eksperti Baba Rzayev deyilənləri təsdiqlədi. Son zamanlar sözügedən məsələlərin ciddi xarakter aldığını vurğulayan həmsöhbətimiz təmsilçisi olduğu quruma bununla bağlı çoxsaylı şikayət məktubunun daxil olduğunu da diqqətimizə çatdırdı: “Səbail rayonunun Abbas Qurbanov küçəsində yerləşən 21, 23 və 25 saylı binaların bir qrup sakini birliyimizə kollektiv şikayət məktubu ünvanlayıblar. Onlar yazıblar ki, yaşadıqları binaların həyətində elektrik “şit“i quraşdırılıb. Həmin qurğuya əlavə elektrik xətləri qoşulduğundan və elektrik enerjisindən istifadədə oğurluq olduğundan ciddi problemlər yaşanıb. Onlar günlərlə işıqsız qalıblar. Bundan əlavə, elektrik enerjisindən istifadə zamanı gərginliyin dəfələrlə artması və azalması üzündən onların mənzillərindəki televizor, soyuducu, tozsoran, radio, kondisioner, kompüter və digər elektrik cihazları, məişət texnikaları sıradan çıxaraq tamamilə yararsız hala düşüb. Üzləşdikləri problemlə bağlı dəfələrlə “Səbail elektrik şəbəkəsi“nə müraciət etsələr də, sözügedən məsələlərlə maraqlanan və onların həlli ilə məşğul olan tapılmayıb. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq kömək üçün bizim birliyə müraciət və şikayət məktubu ünvanlayıblar. Mütəxəssislərimizlə birlikdə apardığımız araşdırmalar zamanı faktların doğru olduğunu dəqiqləşdirdik. Bizə həmçinin məlum oldu ki, yerli sakinlər 3 - 4 aydır həmin problemlə üzləşsələr də, aidiyyəti qurumlar biganəlik göstəriblər. Biz məsələyə müdaxilə etdikdən sonra 1 ay ərzində haqqında danışdığımız “şit“ yenisi ilə əvəzləndi. Çünki yazışmalarımız və araşdırmaların aparılması uzun zaman tələb etdi. Bununla belə, zərərçəkən vətəndaşlara dəyən maddi və mənəvi ziyanın ödənilməsi mümkünləşmədi“.
B.Rzayev onu da vurğuladı ki, haqqında bəhs edilən təzminatların ödənilməməsi ölkə qanunvericiliyinə zidd bir hərəkətdir. Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulub ki, əgər istənilən xidmət lazımi səviyyədə göstərilmirsə, onun keyfiyyəti aşağıdırsa, istehlakçıya, yaxud abonentə dəyən ziyan ödənilməlidir: “Elektrik enerjisinin verilməsində 220 volt norma sayılır. Əgər vətəndaşın evinə və ya mənzilinə ondan aşağı, məsələn, 160 volt elektrik enerjisi verilirsə, eləcə də enerji verimi kəsilirsə, aidiyyəti qurum abonentə aradakı 60 voltun və vermədiyi elektrik enerjisinin pulunu ödəməlidir. Çünki vətəndaş işıqpulu ödəyərkən onun istifadə etdiyi elektrik enerjisinə görə sərfiyyatı 220 voltla hesablanır. Digər tərəfdən 220 voltdan yüksək, yaxud aşağı səviyyədə elektrik enerjisinin verilməsi üzündən abonentə maddi-mənəvi zərər dəyirsə, bu ziyanı da müvafiq orqan ödəməlidir. Əgər sadaladığım qanunvericilik tələbləri pozularsa, zərərçəkən vətəndaş məhkəməyə müraciət etməli, kompensasiyanı isə “Bakıelektrikşəbəkə“ ASC və ya onun yerli rayon elektrik şəbəkələri ödəməlidirlər“.
Zərərçəkmişlər təzminat ala bilərlər, amma
Tanınmış hüquqşünas və vəkil Eldar Qurbanov isə sadalanan faktların ciddi qanun pozuntusu olduğunu vurğuladı. Onun sözlərinə görə, bu cür qanunsuzluqlara son qoyulması üçün zərərçəkmiş vətəndaşlar hökmən yerli məhkəmə orqanlarına və aidiyyəti hüquq-mühafizə instansiyalarına müraciət etməlidirlər: “Bunun üçün yerli mənzil-istismar sahələrindən rəsmi nümayəndələr cəlb olunmalı və onun iştirakı ilə akt tərtib edilməlidir. Həmin aktda xoşagəlməz hadisənin baş verdiyi tarix, saat, həmin olayın başvermə səbəbi, yəni elektrik enerjisinin normadan yüksək və ya aşağı verilməsi, sıradan çıxmış avadanlıqların, qurğuların, elektrik cihazlarının və məişət texnikalarının adları, markaları qeyd olunmalıdır. Sonra dəymiş maddi və mənəvi ziyan müəyyənləşdirilməlidir. Bütün sənədlər yerli mənzil-istismar sahələri tərəfindən təsdiqləndikdən sonra yekun sənədlər məhkəmələrə təqdim edilməlidir. Əgər məhkəmələr iddiaçıların xeyrinə müsbət qərarlar verərlərsə, kompensasiya problemi tamamilə çözülər“.
Hüquqşünas qeyd etdi ki, zərərçəkmiş vətəndaşlar öz aralarında akt bağlamaqla sənədləri məhkəməyə təqdim edə və kompensasiyanın ödənilməsi üçün iddia ərizəsi verə bilərlər: “Amma məhkəmələrin həmin aktları qanuni sənəd kimi qəbul etmələri zor işdir. Ona görə də aktların sözügedən sahələrin nümayəndələrinin iştirakı ilə bağlanması daha münasibdir“.
E.Qurbanov onu da vurğuladı ki, yaşızmalar və sənədlərin hazırlanması müəyyən müddət tələb etsə də, qanunvericiliyə əsasən, aidiyyəti qurumların həmin müraciətlərə baxmasının və cavablandırmasının maksimum müddəti 15 gündür: “Əgər bu müddət ötərsə və cavab verilməzsə, hüquqları pozulmuş istehlakçı-abonentlər məhkəmələrə müraciət etmək səlahiyyətinə malikdirlər. Vətəndaşlar onlara verilmiş hüquqlardan normal istifadə edə bilsələr, yerli elektrik şəbəkələri belə qanun pozuntularına yol verməkdən çəkinər. Məhkəmə proseslərinin qazanılmasına gəlincə isə zərərçəkmiş vətəndaşlara məsləhət görərdim ki, onlar savadlı vəkillərlə müqavilə bağlasınlar. Çünki yalnız bu yolla pozulmuş hüquqlarını bərpa edə və təzminatı bütövlüklə ala bilərlər“.
Yeni mexanizm yaradılmalıdır?
Problemləri təsdiqləyən iqtisadçı-ekspert Vüqar Bayramov isə öncə bildirdi ki, “Bakıelektrikşəbəkə“ ilə istehlakçı arasında müqavilə bağlanarkən adıçəkilən ASC və abonent öz üzərlərinə müəyyən öhdəliklər götürməlidirlər. Onun sözlərinə görə, xarici ölkələrdə elektrik enerjisinin təchizatı və satışı üzrə satıcı ilə istehlakçı arasında bağlanmış müqaviləyə əsasən, satıcı abonentə vaxtlı-vaxtında və normal gərginliklə elektrik enerjisinin verilməsi, eləcə də yaranmış problemlər üzündən dəymiş ziyanın aradan qaldırılması üçün öz üzərinə öhdəlik götürür: “Çox təəssüf ki, Azərbaycanda belə öhdəliklər yoxdur. Bu səbəbdən də bağlanmış müqavilələrdə “Bakıelektrikşəbəkə“nin öhdəlikləri və məsuliyyətləri tam olaraq müəyyənləşdirilmədiyi üçün zərərçəkmiş vətəndaşların bu qurumdan kompensasiya tələb etmək imkanları xeyli məhduddur. Digər problem ondan ibarətdir ki, belə acınacaqlı durumla üz-üzə qalan istehlakçı-abonentlər onlara dəymiş ziyanın məhz elektrik enerjisinin normal səviyyədə verilməməsi üzündən baş verdiyini sübuta yetirə bilmirlər. Çünki bu, kifayət qədər uzun müddət tələb edir. Məhkəməyə müraciət edənlərin iddialarının təmin edilib-edilməyəcəyi öncədən məlum deyil. Digər tərəfdən bu məsələ həll olunsa belə, kompensasiyanın ödənilməsi də müəyyən zaman tələb edir. Ona görə də “Bakıelektrikşəbəkə“ tərəfindən zərərçəkmiş vətəndaşlara dəymiş maddi və mənəvi zərərin ödənilməsi inandırıcı və real görünmür“.
V.Bayramov onu da vurğuladı ki, Azərbaycan qanunvericiliyindən istehlakçıların hüquqlarının qorunması ilə bağlı maddələr olsa da, bunun konkret mexanizmləri bəlli deyil: “Yəni problemin hansı səbəbdən yaranmasının dəqiqləşdirilməsi, abonentə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi, kompensasiyanın necə ödənilməsi və digər mühüm məsələlərlə bağlı mexanizm yoxdur. Ona görə də bu cür mexanizmin yaradılmasına çox ciddi ehtiyac yaranıb. Bu baxımdan da qanunvericiliyin təkmilləşdirilməsi hökmən vacibdir. Bundan əlavə, sözügedən mexanizmdən irəli gələn tələblərin yerinə yetirilməsinə dövlət nəzarəti də həyata keçirilməlidir. Əks halda qanunvericilik təkmilləşdirilsə belə, istehlakçıların pozulmuş hüquqlarının bərpa ediləcəyi şübhə doğuracaq“.
“Bakıelektrikşəbəkə“ ittihamları qəbul etmir
Məlum prosesi təbii qarşıladığını vurğulayan “Bakıelektrikşəbəkə“nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirdi ki, bu məsələdə təmsilçisi olduğu cəmiyyətin rəhbərliyini qınamaq düzgün deyil: “Texniki qəzalar özbaşına yaranmır. Elektrik enerjisi normal qaydada paylanılır. Amma yerli əhali ondan normal səviyyədə istifadə etmir. Həddən artıq elektrik cihazları qoşulduğundan xətlərdə yüklənmə artır. Nəticədə də avadanlıq və qurğular müəyyən problemlərlə üz-üzə qalır. Ona görə də abonentlər günahı bizdə görməməlidirlər“.
Kompensasiya məsələsinə gəlincə isə T.Mustafayev dedi ki, adətən belə problemlə üzləşənlərin şikayətləri əsasında komissiya yaradılır: “Hökumətin Enerjiyə Nəzarət İdarəsinin işçilərindən və bizim əməkdaşlarımızdan ibarət komissiya məsələni araşdırır. Araşdırmada abonentlər də iştirak edə bilirlər. Sözügedən komissiya işini bitirdikdən sonra yekun qərar verir. Həmin qayda isə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları“na əsasən verilir. Bundan sonra kompensasiya probleminin çözülüb-çözülməməsi məsələsinə aydınlıq gətirilir. Yəni qeyd etdiyim məsələlərin həlli bizdən yox, komissiyadan asılıdır. Ona görə də abonentlərin bizə qarşı irəli sürdükləri ittihamların heç bir əsası yoxdur“.
Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019