Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın elmi reytinqi
Tarix: 23.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda ölkəmizin elmi reytinqinin həm regional, həm də dünya səviyyəsində artırılması üçün AMEA tərəfindən mühüm tədbirlər həyata keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi jurnalların nəşrinin təkmilləşdirilməsi davam etdiriləcək. Bu fikirləri AMEA prezidenti, akademik Akif Əlizadə sözügedən qurumun Rəyasət Heyətinin toplantısında bildirib. Onun sözlərinə görə, akademiyada nəşr olunan jurnalların keyfiyyətinin daha da yaxşılaşdırılması əsas hədəflərdəndir: “Bu nəşrlərin müasir tələblərə uyğun tərtibatı, beynəlxalq elmi bazalara çıxışı və beynəlxalq indekslərdə tanıdılması həlli vacib olan məsələlərdəndir”.

A.Əlizadə bu məqsədlə AMEA-nın elmi nəşriyyat şurasına elmi jurnalların nəşrinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanıb təqdim edilməsi ilə bağlı tapşırıq verib.
AMEA Rəyasət Heyəti aparatı Elm və Təhsil İdarəsinin elmi-analitik şöbəsinin rəisi Fail Kazımov akademiyanın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri haqqında təqdimatla çıxış edib. O, son illər ölkəmizin elmi reytinqinin həm regional, həm də dünya səviyyəsində artırılması üçün AMEA tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
F.Kazımov beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsi istiqamətində AMEA-nın “Clarivate Analytics” təşkilatı ilə əlaqələrindən söz açıb. Hər iki təşkilat arasında imzalanmış sazişə əsasən AMEA-nın alimlərinin “Web of Science” bazasından istifadə etmək imkanı əldə etdiyini qeyd deyib. Hazırda bu bazada AMEA-nın və onun 21 elmi müəssisəsinin vahid profilinin olduğunu deyən F.Kazımov bu profillər vasitəsilə AMEA-nın əməkdaşlarının və elmi müəssisələrinin nəşr fəallığı, h-indeksi və istinad göstəricilərinin asanlıqla müəyyənləşdirildiyini bildirib.
Müzakirədən sonra Elm və Təhsil İdarəsi tərəfindən hazırlanan, AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri haqqında hesabatı nəzərə alınıb. Bibliometrik göstəricilərin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, bu göstəricilərin müntəzəm təhlil olunmasına dair tapşırıqlar verilib.

Qeyd edək ki,“Thomson Reuters” şirkəti 1992-ci ildə həmin vaxta qədər biblioqrafik məlumat bazası və elmi istinad indeksi olan “Science Citation Index (SCI)” adlı məhsulu ilə məşhurlaşan Elmi İnformasiya İnstitutunu (Institute of Scientific Information) satın aldıqdan sonra onun təcrübəsi əsasında formalaşdırdığı “Web of Science” platforması ilə bu sahədə dünyanın qəbul etdiyi ən etibarlı və ən başlıca elmi informasiya bazasına malik olan şirkətə çevrilib. Hazırda “Web of Science” elmi platforması 7 nəhəng elektron elmi bazanı özündə birləşdirir. Bunlardan biri 150 elm sahəsi üzrə 8500-dən çox başlıca elmi jurnalı əhatə edən Genişləndirilmiş Elm İstinad İndeksi – “SCI-Expanded” (Science Citation Index Expanded), digərləri 1990-cü ildən bu tərəfə 55 ictimai elm sahəsi üzrə 3000-dən çox elm jurnalı özündə birləşdirən İctimai Elmlər İstinad İndeksi – “SSCI” (Social Sciences Citation Index), 1975-ci ildən bu günə 1700-dən çox elmi jurnalın daxil olduğu İncəsənət və Humanitar Elmlər İstinad İndeksi – “A&HCI” (Arts & Humanities Citation Index), 1993-cü ildən bu günə 2,6 milyondan çox kimyəvi tərkib haqqında məlumatları özündə toplayan Kimyaçı İndeksi – “IC” (Index Chemicus), 1986-cı ildən bu günə 1 milyondan çox kimyəvi reaksiya haqqında məlumatın əks olunduğu Mövcud Kimyəvi Reaksiyalar – “CCR” (Current Chemical Reactions), 2005-ci ildən bu günə 50000-dən çox elmi redaktorlu kitabları əhatə edən Kitab İstinad İndeksi – “BCI” (Book Citation Index), 1990-cı ildən bu günə qədər keçirilən 160000-dən çox elmi konfransın materiallarını özündə birləşdirən Konfrans Materialları İstinad İndeksi – “CPCI” (Conference Proceedings Citation Index) elmi bazalarıdır. “InCites” platforması isə “Web of Science” platformasına daxil olan elmi bazalar əsasında elmi-tədqiqat müəssisələri və tədqiqatçıların məhsuldarlıqlarını ölçməyə və müqayisə etməyə imkan verən peşəkar beynəlxalq qiymətləndirmə sistemi sayılır. Platforma “Create Citation Reports” və “Cited Reference Search” alətləri vasitəsilə tədqiqatçıların məqalələrinə verilən istinadların sayını, “Journal Citation Report” (JCR) aləti ilə də jurnalların təsir faktorlarını (impact factors) hesablamağa imkan verir. Bu platforma bütövlükdə tədqiqatçının və onun çalışdığı qurumun tədqiqat üzrə məhsuldarlıqlarına əsaslanaraq onların dünyadakı reytinqini müəyyən edir.

Məlumat üçün xatırladaq ki, 2016-cı ilin oktyabr ayında AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə ediblər. Qeyd edək ki, müqaviləyə əsasən, AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı qazanıblar. Bundan başqa müqavilə çərçivəsində “Thomson Reuters” təşkilatının mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc olunması qaydaları, elmi müəssisələrdə əldə olunan elmi yeniliklərin və alimlərin beynəlxalq aləmdə tanınması və s. bu kimi müxtəlif mövzularda mütəmadi olaraq seminar və treninqlər keçirilməsi də əsas hədəflərdən sayılır.
Bundan başqa 2015-ci ildə isə Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilən imzalanıb. Şirkət ilə əməkdaşlığın məqsədi ali təhsil müəssisələrinin rəqabətli və dayanıqlı etmək üçün alimlərə, tədqiqatçılara və tələbələrə müasir elmdə istifadə olunan bütün alətləri verməkdir.
Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science" platformasına (“Science Citation İndex Expanded" (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex" (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex" (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex" (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCite" bazasına tam çıxış əldə edib.

Yaxın gələcəkdə isə Azərbaycan alimlərinin beynəlxalq səviyyəli jurnallarda məqalələrinə tez-tez rast gəlmək mümkün olacaq. Qeyd edək ki, bu məsələ “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb. Sənəddə göstərilib ki, bununla bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirməlidir. Tədbirlər Planında vurğulanıb ki, “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin “Thomson Reuters Web of Science” platforması, “Thomson Reuters İn Cites” məlumat bazası və çap məhsullarına çıxış imkanlarının genişləndirilməsi, Azərbaycan alimlərinin elmi əsərlərinin “Thomson Reuters” bazasına daxil olan impakt faktorlu jurnallarda nəşr aktivliyinin yüksəldilməsini təmin etmək məqsədilə müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməlidir.
Eyni zamanda, Azərbaycan alimlərinin və ölkədə fəaliyyət göstərən elmi təşkilatların və şirkətlərin “Derwent Patents Citation Index”, “Derwent World Patents Index” bazalarına çıxışlarının təmin edilməsi istiqamətində mütəmadi işlər aparılmalıdır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018